“Ədəbiyyat və incəsənət” portalı tanınmış telejurnalist, Çölçü Birliyinin qurucusu, dəyər yaradıcısı Eltən Törəçinin uşaqlar üçün yazdığı ibrətamiz hekayəsini təqdim edir
Deyəcəksiniz, su necə dərs öyrədə bilər. İndi mən ərz edim, siz də dinləyin.
Həmin gün sinfə daxil olanda Canturan müəllim həmişəkindən daha gülərüz və şən görünürdü. Amma bu dəfə bir dəyişiklik daha vardı—masanın üstünə üzəri örtüklə bağlı iki böyük əşya qoyulmuşdu. Əlində isə iki torba var idi.
Hamımız maraqla bir azdan nə baş verəcəyini gözləyirdik .
Canturan müəllim bir-bir biz şagirdləri gözdən keçirib gülümsədi:
— Uşaqlar, bu gündən sonra sizə şagird yox, oxucu deyəcəm. Çünki "şagird" bizim sözümüz deyil. Dərs də keçməyəcəyik, çünki "dərs" də bizə yad sözdür. Mən sizə öyrəncə verəcəm! Bilirsiniz niyə? Çünki biz həm əylənirik, həm də öyrənirik.
Biz bir-birimizə baxıb gülümsədik. Maraqlı bir şey olacağını hiss edirdik.
— Siz isə mənə müəllim yox, Öyüdçüm və ya Öyrədən deyə bilərsiniz. Çünki "müəllim" də bizə aid deyil.
Sinifdə gülüş səsləri eşidildi. Bu yeni sözlər qəribə, amma maraqlı idi. Öyrədən əlini üstü bağlı əşyaların üzərinə qoyub dedi:
— Bu günkü öyrəncəmiz çox maraqlı olacaq. Hətta bu dəfə bilik öyrətmə işində mənim köməkçim də var! Bilirsiniz kimdir? Hazırsınız tanış olmağa?
Hamımız xorla "bəli" dedik.
Öyrədən örtüyü yavaş-yavaş açdı. Qarşımızda iki böyük su qabı peyda oldu. Onların içlərindəki su duru və aydın idi.
Öyrədən dedi:
— Tanış olun, Su!
Hamımız gülüşdük. Su bizim üçün adi bir şey idi. Kimsə hətta “nə olsun, adi sudur da” deyə söz də atdı. Amma mən diqqətlə baş verənləri izləyirdim, bilirdim ki, Öyrədən boşuna danışmaz. Görəsən, bu gün bizə bu adi su nə fərqlilik öyrədəcəkdi?
Öyrədən suya baxaraq davam etdi:
— Tələsməyin. Su bu gün mənə kömək edəcək. Bilirsiniz necə? Qulaq asın, deyim!
O, özüylə gətirdiyi torbanın birini açıb bir ovuc torpaq çıxardı, ikinci qabın içinə tökdü. Su bir az bulanıqlaşdı, amma hələ də nisbətən aydın görünürdü. Sonra Öyrədən torbadan qaba xeyli qum, kül və boya əlavə etdi. Su yavaş-yavaş qaraldı, tam bulanıqlaşdı və içindəki hər şey görünməz oldu.
O biri qab isə hələ də duru idi.
Öyrədən sual etdi:
— İndi deyin, bu iki su bir-birindən nə ilə seçilir?
Hamımız bulanıq suya baxıb düşündük. Öyrədən izah etməyə davam etdi:
— Bu duru su bizim dilimizin təmizliyidir. İçində hər şey aydın görünür, hər şeyi rahat görmək və başa düşmək mümkündür. Amma ikinci qabdakı bulanıq su isə başqa dillərdən alınmış yad sözlərin dilimizə təsirini göstərir. Dilimiz yad sözlərlə bulandırıldıqca, düşüncəmiz də qarışır. Biz fikirlərimizi doğru ifadə edə bilmirik, başa düşməkdə çətinlik çəkirik.
Öyrədən digər torbanı açdı, içindəki, deməzsənmiş, oyuncaqlar imiş, bir neçə oyuncaq götürdü—bir maşın, bir kitab, bir quş, bir qələm, bir ulduz, bir çiçək və bir ayı. Onları bir-bir duru suyun içinə atdı. Oyuncaqlar dərhal göründü, sanki su onları gizlətmək istəmirdi.
Sonra eyni oyuncaqlardan bulanıq suya da atdı. Bir anlıq suyun səthi titrədi, amma oyuncaqlar tez yox oldu. Onları görmək mümkün deyildi.
— İndi bu oyuncaqları sudan çıxarmalısınız. Görək, hansı sudan tapmaq asan olacaq?, -deyə sual etdi.
İki qrupa ayrıldıq. Duru su olan qabın qarşısındakı qrup oyuncaqları təbii ki, dərhal tapdı. Həm gözləri ilə gördülər, həm də toxunaraq hiss etdilər. Onlar nə axtardıqlarını bilirdilər.
Bulanıq su ilə işləyənlər isə çətinlik çəkirdi. Oyuncaqları görə bilmədikləri üçün yalnız toxunaraq tapmağa çalışırdılar. Bəzən səhv edirdilər, eyni oyuncağı iki dəfə götürürdülər, bəzən də heç tapa bilmirdilər. Üstəlik, əlləri suyun içindəki torpaq və boyadan qarlmışdı.
Sonda duru sudakı qrup oyuncaqları tez tapıb düzdü, amma bulanıq su ilə işləyənlər hələ də axtarırdılar.
Öyrədən suya baxaraq dedi:
— Gördünüzmü? Təmiz dildə anlayışları tez mənimsəyirik. Həm görürük, həm də toxunaraq hiss edirik. Amma dil yad sözlərlə bulandıqda, hər şey qarışır, biz isə yanılırıq.
O an hamımız anladıq ki, bu, sadəcə bir oyun deyildi—bu, gerçək idi. Dilimiz "duru" qaldıqca, düşüncəmiz də açıq olur. Yoxsa bulanıq su kimi beynimiz də qarışır, doğru ilə yanlışı ayırd etmək çətinləşir.
O gündən sonra sinifdə hamı danışığına fikir verməyə başladı, yad sözlər işlətdikdə bir-birimizə gülümsəyərək deyirdik:
— Suyu bulandırma, dili çirkləndirmə!
Bax su bizlərə belə bir dərs verdi.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)