Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Anar Məmmədxanov şən və hazırcavab oğlan kimi tanındı, sevildi, ətrafına istedadlı gənclər topladı, MDB məkanında bu sahədə əsrin çempionu oldular. Milli Məclisə üzv seçildi, ictimai-siyasi fəaliiyəti ilə də diqqət mərkəzində oldu. Cəmiyyətdəki nöqsanları üzə çıxaran böyük bir hərəkata başçılıq etdi. Hələ gənc idi, perspektivli idi, kim gözləyərdi ki qəfil və müəmmalı bir ölümlə sıralarımızı tərk etsin?
Qayıdaq onun adlı ulduzunun açılışı mərasiminə. “Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında baş tutdu adlı ulduzun açılışı. Tədbirə Anar Məmmədxanovun anası Səidə İbrahimova, oğlu İslam Məmmədxanov, həyat yoldaşı İradə Məmmədxanova, bacısı Naidə Məmmədxanova, qızı Məryəm Məmmədxanova, nəvələri Əlişa və Leyli Hacıhəsənovlar iştirak edirdilər. Qonaqların arasında Azərbaycanın Xalq artisti, iş adamı,un sahibi “Sea Breeze Resort” Emin Ağalarov, Xalq artisti Tünzalə Ağayeva, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Xalq artisti Ənvər Sadıxov, əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvləri də qatılmışdılar. Anar Məmmədxanovun çoxşaxəli istedadı, tamaşaçıların qəlbini fəth edən xüsusi yumor hissi, təkrarolunmaz aktyorluq məharəti və insani cazibəsi haqqında xoş sözlər söylənildi.
Mərasimin açılışında Anar Məmmədxanovun oğlunun çıxışı çox diqqətçəkən idi. O qeyd etdi ki, bu tədbirdə iştirak etmək onun üçün böyük şərəf və sevinc mənbəyidir, qeyd etdi ki, atası bütün həyatı boyu sevincini ətrafdakı insanlarla bölüşüb, nur, təbəssüm, hərarət bəxş edən bir insan olub, artıq 14 ildir ki, aralarında yoxdur, amma yenə də onlara işıqlı və sevincli anlar bəxş etməkdədir.
Anar Məmmədxanovun həyat yoldaşı kövrələrək qeyd etdi ki, bura, sadəcə, bir məkan deyil, həm də Emin Ağalarovun və digər insanların səyləri ilə təcəssümünü tapan “canlı xatirə məktubu”dur”. Anar kimi ləyaqətli insanın xatirəsini əbədiləşdirdiyinə görə təşkilatçılara və həyat yoldaşı ilə uzun illər səmimi münasibət saxlamış insanlara təşəkkür etdi.
Azərbaycanın Xalq yazıçısı, Anardan bəhs edən “Kapitanın taleyi” kitabının müəllifi Elmira Axundova dedi: “Anar hələ uşaqlıqdan - məktəbdə, universitetdə, KVN-də, parlamentdə ulduz olub. “Birinci” sözü ona yaraşırdı. O, hər şeydə birinci olub - ən gənc deputat, elektron portalını ilk yaradan insan kimi xatırlanır. Anar olduqca istedadlı publisist idi və çox şeyi, hətta bizim Qarabağdakı Qələbəmizi belə görürdü və uzun illər bu günü gözlədi. Hər dəfə Şuşaya gedəndə, onu xatırlayıram”.
“Bakılı oğlanlar” KVN komandasının keçmiş bədii rəhbəri, ssenarist, rejissor, NTV kanalının baş prodüseri Timur Vaynşteyn belə söylədi: “Anar həmişə parlayan ulduz olub. Mən bir neçə insan tanıyıram ki, Anarı ömründə bir-iki dəfə görüb, amma onu həmişəlik xatırlayır. Təsəvvür edin, illərdir ətrafda olanlar deyil, sadəcə, təsadüfən öz nuru ilə işıqlandırdığı insanların yaddaşında qalmaq üçün onun cazibəsi kifayət idi. O, həqiqətən diqqət, təbəssüm, mehribanlıqla insanlara qarşı səxavətli olmağı bacarırdı, hamını xoşbəxt etməyə çalışırdı, hətta bəzən, sadəcə, onların yanında olmaqla. Anar burada olsaydı, “Sea Breeze”ə pərəstiş edərdi. O, istedadla və can-başla görülən hər işi yüksək qiymətləndirirdi”.
“Xəzər” telekanalının baş direktoru, Xalq artisti Murad Dadaşov da Məmmədxanovla bağlı xatirələrini bölüşdü, Azərbaycanı Anarsız təsəvvür etməyin çətin olduğunu qeyd etdi: “Bunu dəfələrlə və çox ucadan təkrar edərək vurğulayırıq: onun yoxluğu dözülməz bir vəziyyətdir. O, ölkənin mədəni şüurunun bir hissəsinə, onun daxili işığına çevrildi. Sabah Anarın ad günüdür. Nə qədər çətin olsa da, yenə də sevincli bir gündür. Bizim üçün ilham mənbəyinə çevrilən bir insanın dünyaya gəldiyi günü qeyd edirik”.
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov çıxışında qeyd etdi: “Anar hələ də böyük plakatdan bizə baxıb gülümsəyir. O, həmişə parlaq və pozitiv insan olub, yaddaşlarda da belə qalıb. Eminə belə bir tədbiri təşkil etdiyi üçün minnətdaram”.
Sonra Anar Məmmədxanovun adlı ulduzunun təntənəli açılışı bu görkəmli şəxsiyyətin qohumlarının, dostlarının və yaradıcılığının pərəstişkarlarının gurultulu alqışları altında baş tutdu.
“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında artıq 28 əfsanəvi şəxsiyyətin – Müslüm Maqomayev, Vaxtanq Kikabidze, Devid Foster, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Vaqif Mustafazadə və bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin adlı ulduzları təqdim olunub.
Mənsə bu təntənəli mərasimdən yol alaraq Anar Məmmədxanov barədə avtobioqrafik məlumatları qeyd etməyi lazım bilirəm:
Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — tanınmış azərbaycanlı dövlət və ictimai xadim, KVN komandası kapitanı və jurnalist, siyasətçi idi.
1987-ci ildə 160 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika‑riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə məzun olmuşdu.
1991-ci ildə KVN-in məşhur “Bakılı oğlanlar” komandasını təsis edərək kapitanı olmuşdu; həmin komanda 1992, 1993, 1995-ci illərdə MDB çempionu, 2000-ci ildə “XX əsrin çempionu” adını qazanmışdı.
1995‑2005-ci illər arası, I, II və III çağırış Milli Məclisin deputatı (Suraxanı dairəsi üzrə) oldu — Azərbaycanın ən gənc millət vəkillərindən idi.
“Day.az” xəbər portalının və Ultra Production şirkətinin qurucusuydu, ilk bitərəf media platformalarından birini yaratmış, həm iqtidar, həm müxalifət təmsilçilərinə keyfiyyətli tribuna verilməsini təmin etmişdi.
Atası Camal Məmmədxanov — BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru idi.
17 yaşında ilk eşqini yaşayıb, gündəmə gəlmiş bu sevgi ona qarşı çox erkən evlilik fikri doğurub, ancaq ailəsi razılıq verməyib. Bununla belə yenə də çox erkən - 23 yaşında ailə qurub, 3 övladı var — 2 qız, 1 oğul
23 aprel 2011-ci ildə, 40 yaşında qəfil kəskin ürək çatışmazlığından vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Haqqında 2018-ci ildə Elmira Axundovanın yazdığı “Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı çap olunub; həmçinin “Kapitan” adlı sənədli film çəkilib.
Onun həyat prinsipindən biri belə idi: “İslama qəşəngliyimi, Məryəmə ağlımı, Mədinəyə isə xarakterimi verdim”
Anar Məmmədxanov Azərbaycan tarixində həm gənc, enerjili deputat, həm də xalqla bağlı, hazırcavab komanda rəhbəri kimi unudulmaz rol oynadı.
Ədəbiyyat, media və siyasət sahələrində izləri daimidir, vaxtsız ölümünə baxmayaraq xatirəsi yaşamaqdadır.
Qeyd: fotolar AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(21.07.20250