Super User
“Bir sarışın, bir alagöz qız idin…”
Könül, “Ədəbiyyat və incəsənət”
Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin?!
Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!
Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, - laylaladın, bələdin
Daha vaxtı ötmüşünü illərin.
Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin?
Nə qədər ki, yerişində dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəmməzsən geri sən
Ömrü talan etmişini illərin.
Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.
Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda,
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ağbirçək şairəmiz Firuzə Məmmədlinin bu gün doğum günüdür, 86 illiyidir.
Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində dünyaya göz açmışdır. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur.
Kitabları:
1. Gümüşü damla.
2. Yoluma bahar düşüb.
3. Sənin ömrün.
4. Yetkinlik.
5. Bir qarış ucalıq
6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti).
7. Məni mənlə bölən dünya.
8. “Seçilmiş əsərləri” I c.
9. “Seçilmiş əsərləri” II c.
10. “Seçilmiş əsərləri” III c.
6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab müəllifidir. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır.
2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.
O, 2008-ci ilin Prezident təqaüdçüsüdür. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
Bütün təcrübəli və istedadlı rejissorların tamaşalarında rollar oynadı…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Əjdər səhnə mədəniyyəti, gur və gözəl səsi, aydın diksiyası ilə seçilən aktyor idi. Yaratdığı obrazları həyatiliyi, müdrikliyi və mənəvi paklığı ilə fərqlənirdi” - Teatrşünas, professor İnqilab Kərimov
Bu gün geniş tamaşaçı kütləsinin məhəbbətini qazanan görkəmli sənətkar, xalq artisti Əjdər Sultanovun anım günüdür.
“Əjdər Sultanov Milli Dram Teatrında işlədiyi müddətdə bütün təcrübəli və istedadlı rejissorların tamaşalarında rollar oynamışdır. İ.Hidayətzadə, A.İsgəndərov, M.Məmmədov, A.Şərifov, T.Kazımov, Ə.Ələkbərov... onunla yaxından işləmişlər”. Professor Əzizağa Quliyev onun fəaliyyətini bu cür səciyyələndiribdir.
Əjdər Sultanov 1909-cu ilin dekabrın 8-də Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları ilə də çıxışlar edib.
Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də Gəncə şəhərinə köçürüləndə Əjdər Sultanov da kollektivlə gedib. Teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib.
Kollektivin nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov burada rejissorluqla məşğul olmağa başlayıb.
1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub.
Bu səhnədə Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz), "Aydın" (Surxay), "Almaz" (Balarza və Hacı Əhməd), "Dönüş" (Qüdrət Arslan), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun "Xanlar" (Mamuliya), "İnsan" (Şahbaz), "Xosrov və Şirin" (Şapur və Xosrov), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb.
Filmoqrafiya
- Lətif (film, 1930) - Hacı Səmədin oğlu
- Bəxtiyar (film, 1942) - alman əsgəri
Əjdər Sultanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Aktyor 53 yaşına təzəcə qədəm basanda, 10 yanvar 1962-ci ildə qəfildən, ürək xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidləri tədqiq edən
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Afad Qurbanov geniş yaradıcılıq istiqamətlərinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi…”
Bu kəlmələr Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini professor Sayalı Sadıqovaya aiddir.
Sitatı davam etdirirəm:
“O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir…”
Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmirçizadə və başqaları ilə bir sırada çəkilir.
Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olub.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanan və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır.
Əsərləri
1. Dilçiliyin sistemi
2. Dilçiliyin tarixi
3. Müasir Azərbaycan ədəbi dili
4. Bədii mətnin linqvistik təhlili
5. Azərbaycan onomastikası
6. Azərbaycan dilinin onomalogiyası
7. Ümumi dilçilik, I–II cildlər
8. Dünyanın dil ailələri
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
Xalq artisti Əli Nurun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O yaratdığı müxtəlif uğurlu rollarla qürur duya bilər.
Həm də yetişdirdiyi övladı ilə.
Azərbaycan Respublikasının xalq artist Əli Nurzadənin - Əli Nurun doğum günüdür. O həmçinin 2-ci Qarabağ müharibəsi Şəhidi, Şuşada əbədiyyətə qovuşan baş leytenant Rüstəm Nurzadənin atasıdır.
"Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi" deyir, aktyor Əli Nur.
Nurzadə Əli 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub.
Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar.
1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb.
30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.
Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə) və s.
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
İki milli qəhrəmanımızın doğum günüdür - ŞƏRƏFLƏ ANIRIQ!
Könül, “Ədəbiyyat və incəsənət”
Bizim üçün ən şərəfli mövzu.
Azərbaycanın milli qəhrəmanlar.
Hər biri barədə cild-cild kitablar yazılsa belə azdır.
Bu gün iki milli qəhrəmanımızın doğum günüdür.
Daxili Qoşunların leytenantı Fəxrəddin Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
6 noyabrda ona Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.
Allah rəhmət eləsin!
Baş leytenant Eldar Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1985–1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır.
1989–1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. O, Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir.
Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirmiş, 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür, Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı sərhəd–keçid məntəqəsi onun adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
"Sevgi ayrılıqdan güclüdür" - Baba Vəziroğlunun doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.
Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.
Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.
Bu gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, şeirləri musiqi ilə qovuşub sevilən nəğmələrə çevrilən əməkdar incəsənət xadimi, tərcüməçi, nasir, şair, ssenarist Baba Vəziroğlunun doğum günüdür.
“Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.
Mənsimov Baba Vəzir oğlu 10 yanvar 1954-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləyib və 1971-ci ildə oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilib.
1972-1977-ci illərdə Universitetin jurnalistika fakültəsində təhsil alıb.
Şair Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz" jurnalında çap etdirdiyi hekayələri ilə başlayıb.
Nasir, şair, tərcüməçi, kinodramaturq kimi fəaliyyət göstərən Baba Vəziroğlu 1 avqust 2005-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni,
11 yanvar 2024-cü ildə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "şərəf" ordeni ilə təltif olunub. O, həmçinin Azərbaycan Kinomotoqrafçılar ittifaqının idarə heyyətinin katibidir.
“Əsəbiyyat və incəsənət”
(10.01.2026)
İki xalqın qızı - Azərbaycan və Dağıstan xalq artisti Elza İbrahimova
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun musiqisi insanı öz ardınca apara bilir. O qədər ecazkardır, o qədər içdən, ruhdan gəlir ki, valeh olmaya bilmirsən
Elza İbrahimova 1938-ci ilin bugünkü günündə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.
Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılıb. Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnən "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub.
Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
Əsərləri
- "Afət" operası (əsərin müəllifi: Hüseyn Cavid)
- "Yanan laylalar" operası (libretto – Ramiz Heydər)
- Z. Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər himni"
- "Dünya sevənlərindi" kinofilminə musiqi
- R. Heydər, B. Vahabzadə, O. Qoçulu, V. Əziz, V. Səmədoğlu, R. Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar
- Maykl Ceksonun xatirəsinə "Rekviyem"
- B. Vahabzadə söz. "Gecələr bulaq başı"
- Z. Ağayeva söz. "Yoxluğunu bilə-bilə"
Bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)
yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 5 il ötür
8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Bu günə qədər Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 93 016 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunlardan 58 263 müraciət şəhidlərimizin ailə üzvlərinin, 34 753 müraciət isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)
AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib
Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza AzərTAC-a açıqlamasında bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: “Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".
Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: "Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr turizmə yeni nəfəs verir
Turizm sahəsinin inkişafı dövlət üçün prioritet istiqamətlərdən biri olmaqla, ölkəyə ciddi valyuta axını təmin edən mühüm iqtisadi fəaliyyət sahəsidir. Bu baxımdan əsas şərtlərdən biri ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a açıqlamasında Skal Baku Turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizmin dayanıqlı inkişafına xidmət edən bir sıra mühüm amillər aydın şəkildə görünür: genişmiqyaslı quruculuq işləri aparılır, ölkədə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir, turizm növlərinin və marşrutların çeşidliliyi artır.
C.Aşurov qeyd edib ki, Azərbaycan artıq bir sıra iri beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə ciddi təcrübə formalaşdırıb və böyükmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialına malikdir. O, Şahdağda irimiqyaslı tədbirlərin keçirilməsini, xüsusilə Dünya Çempionatının burada ilk dəfə təşkil olunmasını ayrıca diqqətəlayiq məqam kimi dəyərləndirib.
“İnanırıq ki, bu kimi tədbirlər Azərbaycanın turizm məkanı və turizm destinasiyası kimi daha geniş tanınmasına, yeni auditoriyalara çıxmasına xidmət edir”, – deyə təşkilat sədri vurğulayıb.
Onun sözlərinə görə, bu cür beynəlxalq yarışlar ölkəyə gələn turistlərin səfər məqsədini təkcə idmanla məhdudlaşdırmır: “Qonaqlar yarışları izləməklə yanaşı, milli mətbəximizlə tanış olur, tarixi-mədəni abidələrimizi ziyarət edir, paytaxt Bakını kəşf edir, regionun iqlim şəraiti və coğrafi xüsusiyyətləri barədə daha dolğun təsəvvür formalaşdırırlar. Bu isə gələcəkdə təkrar səfərlərin sayının artmasına və ölkənin turizm potensialının daha da güclənməsinə şərait yaradır”.
Ceyhun Aşurov bildirib ki, hazırda ölkəmizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı işlər görülür, yeni hotellər və turizm infrastrukturu qurulur.
Onun fikrincə, hotellərin sayı hazırda turizmin bütün potensialını ifadə etmək üçün yetərli olmaya bilər, lakin bu göstərici mərhələli şəkildə artırıla, stimullaşdırıla və yeni investisiyalar hesabına daha da genişləndirilə bilər: “Dövlət başçısının da vurğuladığı kimi, mövcud turist axını hələ real potensialı tam əks etdirmir. Hazırda ölkəyə gələn turistlərin sayı təxminən 2,5–3 milyon civarındadır. Halbuki bu göstəricini ən azı iki dəfə artırmaq mümkündür və 5–6 milyon turistin Azərbaycana gəlməsi real, əldəolunan hədəf kimi görünür”.
Ceyhun Aşurov vurğulayıb ki, sektor daim hazırlıqlı olmalıdır: “Burada təkcə infrastrukturun gücləndirilməsi deyil, eyni zamanda, insan kapitalının inkişafı da vacibdir. Turizm yalnız bir dövlət qurumunun işi deyil. Bu sahə bir sıra dövlət qurumlarından sıx koordinasiyalı fəaliyyət və effektiv əməkdaşlıq tələb edir. Belə bir işbirliyi təmin olunduğu halda, biz daha böyük turist axınını qəbul edə, turizmdən əldə olunan gəlirləri əhəmiyyətli dərəcədə artıra bilərik”.
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


