Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında bu dəfə müsahibimiz Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərlidir. Sənubər xanımla Bahəddin Salman söhbətləşir.


-Salam, Sənubər xanım. İlk olaraq, “Ədəbiyyat və İncəsənət” portalının bütün heyəti adından sizi 25 oktyabr doğum gününüz münasibəti ilə təbrik edir, sizə cansağlığı, uzun və mənalı ömür, teatrımızın, televiziyamızın səhnəsindən daima səsinizin gəlməsini arzu edirəm.

 

-Salam. Bu xoş təbrikə görə sizə, saytınızın bütün yaradıcı heyətinə təşəkkür edirəm.

 

-Çox sağ olun, Sənubər xanım. Siz bu gün ən mütaliəli aktrisamız hesab olunursunuz. Bu məsələdə aktrisalıq fəaliyyətinə başlamadan əvvəl kitabxanada işləməyinizin rolu olubmu?

 

-Yox, qətiyyən.Bu məsələdə məndən iyirmi yaş böyük qardaşımın rolu çox böyük olub. O, həddən ziyadə mütaliəli bir insanıydı və daxilində cahil insanlara qarşı çox qəzəbliydi. Jurnal, ya da kitab çox az hallarda əlindən düşərdi. Çox böyük kitabxanası var idi. Dənizdə işləyirdi. Dənizə işləməyə gedəndə Turgenevin, Tolstoyun romanlarını, Yeseninin şeirlərini, başqa-başqa rusdilli ədəbi kitabları qarşıma düzüb, geri dönənəcən onları oxumağımı tapşırırdı.  O ərəfələrdə səhv etmirəmsə, dördüncü, ya da beşinci sinifdə oxuyurdum və həmin kitabları oxuyacaq, anlayacaq dərəcədə rus dilini bilmirdim. Deyirdim, “Bu kitabları necə oxuyum? Axı, heç nə anlamıram!”  Beləcə, o, işdən  evə qayıdanda hər dəfə kitabları hissə-hissə mənə izah edib, analiz elədikcə məndə davamlı kitab oxumağa xüsusi maraq oyandı. Bir müddət sonra mən həmin əsərlərə yenidən qayıtdım və bu dəfə kitabda bütün yazılanları daha yaxşı dərk etməyə başladım, çünki artıq gənc qız idim. O dövrün tələblərinə görə rus dilini bilmək vacib idi. Beləliklə, qardaşımın qarşıma düzdüyü kitablar zamanla rus dilini yaxşı öyrənməyimə, kitaba qarşı marağımın, sevgimin artmasına, geniş mütaliəyə sahib olmağıma kömək etdi. Amma onu da deyim ki, birinci sinifdə oxuyanda özümün böyük sevgi ilə oxuduğum kitab Mirzə Ələkbər Sabirin “Hopopnamə”si idi. Atamın adı da Sabir olduğu üçün həmin kitaba xüsusi rəğbət, sevgi bəsləyirdim. “Hophopnamə”ni əzbər bilirdim. Hə, bir də ki Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini əzbər bilirdim. Bununla yanaşı, Bits Trupun karikaturaları üçün ürəyim gedirdi... Həmin karikaturalar kitabı dayım qızımın evində idi. Hər dəfə onlara gedib böyük maraqla, saatlarla o kitabı vərəqləyirdim. Bax, belə.

 

-Sənubər İsgəndərli Hüseynağa Atakişiyevi  bir rejissor kimi necə xatırlayır?

 

-O, mənim üçün təkcə müəllim deyildi, həm də  sənətin qapıları, sənətin işığı idi. Hüseynağa müəllim rəhmətə gedəndə də o işıq mənim üçün sönmədi. Bu vaxta qədər bir dəfə olsun qəbrini ziyarətə getməmişəm. Heç bilmirəm ki, hansı qəbiristanlıqda yatır. Özümü onun ölümünə inandırmaq istəmirəm. Hüseynağa Atakişiyev mənim üçün bu yolu açan, mənə sənətin üzünü göstərən, sənəti tanıtdıran və bu yolda əlimdən tutub gəzdirən insan olub. Belə bir möhtəşəm insanı başqa cür necə xatırlaya bilərəm?!

 

-Gənclər teatrında Leyli, Tomris, Yelena, Aqreppina rollarını ifa etmisiniz. Bu rollardan hansında özünüzü daha çox müvəffəq olmuş sayırsınız?

 

-Yenə də Hüseynağa müəllimi misal gətirəcəyəm. Hansı tamaşada oynasaq da, tamaşa bitəndən sonra onun heç bir emosiyası olmazdı. Biz – gənc aktrisalar, aktyorlar onun gözlərinin içinə baxırdıq ki, bəlkə, nəsə xoş, tərifəuyğun bir söz deyəcək. Amma o, dayanıb bir nöqtəyə baxaraq, “Keçin, keçin...” deyib ötüşdürərdi. Bir neçə il sonra Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri tamaşaya qoyuldu və mən həmin tamaşada Yelena rolunu oynadım. İlk dəfə onda hiss elədim ki, Hüseynağa müəllimin gözləri güldü. Ürəklənərək proqramı aparıb qarşısına qoydum və nəsə bir şey yazmasını istədim. O da yazdı ki, “Bax, sən  indi başladın gözəlləşməyə!” O gecə sevincimdən yata bilmədim. Beləcə, Hüseynağa müəllim “Yelena” rolumun uğurlu olduğunu düşündü və mən də ona inandım.

 

-Akademik Milli Dram Teatrına gəlişiniz nəylə bağlı oldu?  Bu teatrda Bəhram Osmanov, Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Rövşən Almuradlı və digər bu kimi rejissorlarla işləmisiniz. Bu rejissorlardan  hansı sizin yaradıcılıq potensialınızın açılmasına daha çox kömək olub?

 

-Siz birinci sualınızda kitabxanada işlədiyimi dediniz, elə həmin kitabxana bu teatrın kitabxanası idi. Universitetin ikinci kursunda oxuyurdum və artıq Lütfi Məmmədbəylinin “Kimin sualı var” televiziya tamaşasında Ağgül obrazını canlandırmışdım. Həmin ərəfələrdə Akademik Teatra gəldim, amma teatrın ştatında yer yoxuydu və məni kitabxana müdiri kimi işə götürdülər. Əmək kitabçamda da elə yazılıb. Ara-sıra teatrın səhnəsində kiçik rollar ifa eləyir, bir yandan da kitabxanada müdir kimi öz işimi icra edirdim. (Gülür). Sonralar Hüseynağa müəllim Gənclər Teatrını açdı.  Böyük səhnədə qalıb sənətin nəhəngləri ilə rol paylaşmağa bir gənc aktrisa kimi səriştəmin çatmayacağını düşündüm. Elə o düşüncə ilə də Gənclər Teatrına getdim. Əslində, düzgün qərar vermişdim, çünki, Hüseynağa müəllim həmin teatrın səhnəsində sənəti bizə əlifbasından öyrətdi. Aktrisa kimi özümü tam yetişdirdikdən, yəni səkkiz il sonra yenidən Akademik teatrın səhnəsinə geri döndüm.

 

-Bir rejissorla işləmək daha yaxşıdır, yoxsa müxtəlif rejissorlarla?

 

-Müxtəlif rejissorlarla. Mən daha çox gənclərlə işləmək istəyirəm. Çünki gənclərin hal-hazırkı dünyagörüşü bizim dünyagörüşümüzdən fərqlidir. Mənim ən çox qorxduğum sənətdə konservator olmaqdır. Yerində saymaq mənə görə ölümə bərabərdir. Mən hər eksperimentə açığam. Mən “Pantomim”, “Yuğ”, “Üns”  teatrlarında da oynamışam. Bütün bunlar mənə çox maraqlıdır. Səhnədə sözün yox, hərəkətin vurğunuyam.

 

-Milli Teatrın səhnəsində Burla xatun, Nisə xanım, Aysel, Gertruda, Falçı, Klara Veşer və digər obrazlarla çıxış etmisiniz. Sadaladığım bu obrazların içərisində milli və əcnəbi, tarixi və müasir qadın surətləri var. Hansı kateqoriyada olan qadın obrazlarını özünüzə yaxın hesab edirsiniz?

 

- Şəxsiyyət olaraq soruşursunuz, yoxsa xarakter?

 

-Xarakter olaraq.

 

-Belə deyim də, ümumiyyətlə mən müsbət obrazlardan daha çox mənfi obrazları canlandırmağı sevirəm. Məsələn, bu dediyimə ən yaxın olan və sevərək oynadığım obrazlar Klara Veşer və Falçı obrazlarıdır. Təbii ki, bütün rollarım mənə əziz, doğmadır, amma sualınıza uyğun gələni bu iki obrazdır.

 

-İfa etdiyiniz ən maraqlı obrazlardan biri də fikrimcə “Dəli yığıncağı” tamaşasında Lalbyuz obrazıdır. Sizə qədər bu obrazı kişilər oynayıb. Rejissor bu rolu nəyə görə sizə həvalə edib?

 

-Yeri gəlmişkən, onu deyim ki, müsahibədən sonra səhnədə canlandıracağım obraz Lalbyuz obrazıdır. (Gülür). Əlbəttə ki, bu bir rejissor yozumudur. Bu suala daha dolğun cavabı tamaşanın rejissoru verə bilər. Amma bu cür dəyişiklik ilk dəfə deyil. Məsələn, Hamlet rolunu qadın aktrisa Sara Bernar oynayıb. Bilirsiniz, əgər bu gün klassik əsərlər səhnəyə qoyulursa, əsərin ideya xəttinə xələl gətirmədən nəsə yenilik edilməlidir. Bugünkü Lalbyuz ümumiləşdirilmiş bir obraz şəklindədir.

 

-Teatr sizə yaxındır yoxsa televiziya?  Özünüzü hansında daha uğurlu hesab edirsiniz?

 

-Mənə elə gəlir ki, teatral insanlar ruslarda çoxdur. Həm ədəbiyyat sarıdan, həm də teatr baxımından uğurlu bir millətdirlər. İlk olaraq bu barədə söhbət açmağımın səbəbi budur ki, hətta orda da bu sualı sənət adamlarına versəniz, sənətin mexanizminə uyğun şəkildə sizə “teatr” cavabını verəcəklər. Mən də bu cavabı verirəm.

 

-Müasir kinomuzda canlanma olmasına dair fikirlə razısınızmı? Razısınızsa, hansı canlanma gedir, razı deyilsinizsə, əksik tərəflər nədir?

 

-Əksik tərəfi odur ki, nailiyyətləri yoxdur. İstəsək də, istəməsək də, əgər maliyyə yoxdursa, ortaya heç bir keyfiyyətli iş çıxarmaq olmaz. Amma istedadlar tərəfindən dünya heç vaxt xali deyil! Əsas da bu, bizim millətə aiddir. Bu millətin istedadlı insanları dünən də var idi, bu gün də var. Məsələn, son baxdığım yeni film “İkinci pərdə”dir. Filmin mənası cəmiyyət arasında ikimənalı qarşılansa da, mənim çox xoşuma gəlir. Rejissor işi, operator çəkilişi, aktyorların oyunu yerli-yerindədir.

 

-Sənubər xanım, sizcə nəyə görə istər kinoteatrlarda, istər yerli telekanallarda, istər internet kanallarında nümayiş edilən filmlərimiz əksərən komediya janrındadır?

 

-Sözügedən filmlərə baxmıram. Təbii ki, nə vaxtsa bir aktrisa kimi nəzər salmışam, orda nəyin baş verdiyini anlamaq marağım olub. Nəzər salmamış olsaydım, indi tam fikir bildirə bilməzdim. Amma çox təəssüf... Həmin filmlərdə boş gülüşə gedirlər! Mövzu yoxdur, ağırlıq yoxdur, gülüşün hədəfi, mənası, çəkisi yoxdur! Bu gülüşlərin əksəriyyətinin  yalnız bir adı var – lağlağı gülüş. Baxıb öz-özümə sual vermişəm ki, “axı, burda nəyə güldülər?!” Axı, gülüş də savadlı, intellektual olmalıdır. Məsələn, Mixail Zadornova böyük bir məmnuniyyətlə qulaq asırdım, çünki onun intellektual yumoru var idi.

 

-Respublikanın əməkdar artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatısınız. Sizcə, əməyinizə layiqincə qiymət verilirmi?

 

-Tamaşaçı məni çox istəyir... (Gülür)

 

-İki gün əvvəl ustad ədəbi tənqidçi Əsəd Cahangirin sizin haqqınızda yazdığı kiçik bir məqaləni oxudum. Əsəd bəy həmin məqalədə sizi “altıncı mərtəbənin aktrisası” adlandırır. Mən də həmin gözəl bənzətmədən yola çıxıb sizə belə bir sual vermək istəyirəm. Adınız teatr aktrisaları arasında geniş yayılan intriqalarda hallanmır. Sanki, siz beşmərtəbəli evin altıncı mərtəbəsindəymiş kimi bu intriqaların fövqündə durursunuz.  Bu intriqalardan qaçmağa necə nail olursunuz?

 

-Sonra da soruşursunuz, “əməyinizə qiymət verən var?” Bu bənzətmələrdən böyük qiymət? (Gülür). Mən deyib-gülən, çox istiqanlı, səmimi insan olmaqla yanaşı, həm də məsafəli biriyəm.

 

-Bildiyim qədər işiniz bitən kimi həmin yerdən tez uzaqlaşırsınız.

 

-Anında uzaqlaşaram! Tamaşa bitən kimi yaradıcı heyətdən birinci mən çıxaram teatrdan. Düzdür, arada elə olur ki, məşqlərdən, tamaşadan sonra oturub söhbət edirik, yaxud qrimim çətin silinirsə, gecikə bilərəm, amma çox vaxt dediyim kimi olur. Mən heç vaxt heç kəsə artıq sual vermirəm ki, sabah o da mənə artıq sual versin. Bitdi, getdi!

 

-Sənubər İsgəndərli təkcə istedadlı yox, həm də gözəl xanımdır. Ola bilməz ki, bu iki keyfiyyəti daşıyan aktrisa qısqanclıq ilə üzləşməsin.

 

-Vecimə də deyil!

 

-Dünya kino və teatr aktrisalarından kimlərdən təsirlənmisiniz?

 

-Meril Strip mənim ikonamdır! Vudi Qoldberqi, Keyt Blanşeti bir aktrisa kimi çox bəyənirəm. Bu, sadəcə, aktrisalıq güclərini bəyəndiyim və onları izləyəndə “əla” dediyim insanlardır. Həyatım boyu heç bir aktrisadan təsirləndiyim olmayıb! Mən kiminsə aktrisalığına baxıb, təsirlənib səhnəyə gəlməmişəm.

 

-Tərəf müqabillərindən kimlərlə eyni səhnəni bölüşmək, eyni tamaşada rol oynamaq sizə daha rahatdır?

 

-Teatrda ən çox tərəf müqabili olduğum aktyorlar Nurəddin Mehdixanlı, Fizuli Hüseynov olub. Əslində, mənə bütün aktyor və aktrisalarımız ilə tərəf müqabili olmaq rahatdır .Çünki mən heç vaxt heç bir tərəf müqabilimə səhnədə mane olmamışam.

 

-Müasir teatrımızın repertuarı sizi qane edirmi?

 

-Yox, qane eləmir!

 

-Arzu elədiyiniz rol var?

 

-Artıq yoxdur!

 

-Gənc və müasir dramaturqlara teatrda şans verilmir. Sizdəmi gənclərin bu sahədə qeyri-peşəkar olduğunu düşünürsünüz?

 

-Müasir və gənc dramaturqların teatra yeni əsərlərini təqdim elədikləri, guya teatrın qəbul eləmədiyi haqda söz-söhbətlər mənim də qulağıma çatır. Ancaq işin dərinliyi mənim kompetensiyamda olmadığı üçün dəqiq söz deyə bilmərəm. Hər halda, gənclərin teatrlara təqdim elədikləri pyeslərin hamısı uğursuz ola bilməz. Əgər sizin dediyiniz məsələdə aşkar faktlar təsdiq olunarsa, bu, əlbəttə, yanlış yanaşmadır. Ümumiyyətlə, teatrın repertuarı yalnız klassik əsərlərdən ibarət olmalı deyil! Bu, teatrı məhvə sürükləyə bilər. Teatra müxtəlif mövzularda, janrlarda əsərlər gərəkdir. Məsələn, mən daha çox sürrealist səpkidə yazılmış əsərləri sevirəm. Gənc yazıçılarımız da bu cür yazırsa, nə gözəl!

 

-Gözəl xanımlar adətən “nənə” sözünə o qədər də asanlıqla uyğunlaşmırlar. Nənə olmaq Sənubər İsgəndərli üçün necə məna daşıyır?

 

-Ancaq onu deyirəm ki, “Ay Allah, çox sağol!”

 

-Sizi bəzən türk kinosunun simvolu, gözəllik sultanı Türkan Şoraya bənzədirlər. Bu məsələyə münasibətiniz necədir?

 

-(Gülür) Mən şəxsən elə düşünmürəm. Türkan xanımla həyatda qarşılaşmışıq. O vaxtlar ANS kanalında Sevil Nuriyeva ilə veriliş aparırdıq. Verilişin bir bölümünü Türkiyədə Türkan Şoraya həsr elədik. Yanbayan əyləşdik, veriliş boyu söhbət elədik, şəkil çəkdirdik. Xatırlayıram ki, Sevil Nuriyeva dedi, “Türkan xanım, Sənubər xanımı Azərbaycanda sizə oxşadırlar.” O da, “Tamam, tamam... Benziyormuş” kimi sözlər dedi. Yəqin nəzakət xətrinə bu cür demişdi. (Gülür)

 

-Məhəbbət həyatınızda necə bir yer tutur?

 

-Məhəbbət həmişə insanı ruhən uşaq, xaricən gözəl, daxilən təmiz saxlayan bir hissdir!

 

-Leyla Şixlinskaya televiziya müsahibələrindən birində “Yeşo ne osen” (hələ payız deyil) demişdi. Bəs, Sənubər İsgəndərli necə deyər?

 

- Dlya menya postoyanno vesna (mənimçün həmişə bahardır). (Gülür)

 

-Sənubər İsgəndərli üçün həyatın maraqlılıq çəkisi hələ də ağırdır?

 

-Mənim üçün Allahın yaratdığı hər bir şey həmişə aktualdır, gözəldir və maraqlıdır. Hətta həyatın gözəlliyindən bir yarpaq qopsa belə, bu yanaşma tərzim dəyişməz qalır! Mən qaranlıqda işıq axtaran adamam. Bir insan kimi mənim də həyatımda çətin anlar olub, amma mən özümü öz külümdən doğmağı bacarıram. Həyatdı da...hər şeyi ciddi qəbul eləmək olmaz. Bu gün çörəyin olmaz, sabah olar... Mənim üçün ciddi olan məsələlər doğmalarımın sağlığı, vətənimin bütövlüyüdür! Bunlardan ciddi məsələ yoxdur!

 

-İşğaldan azad olunmuş torpaqlarımızdakı  təmir olunacaq teatr binalarında ilk olaraq hansı rolu ifa etmək istəyərdiniz?

 

-Mən rol oynamaq istəməzdim! Bilirsiniz, mən heç vaxt pafoslu şeirlər deməmişəm. Vətən, millət...qışqıra bilmirəm! Mən bunları içimdə qışqırıram! Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu. Sadəcə, Şuşaya, o torpaqlara getmək istəyirəm...( Susur)

 

-Maraqlı müsahibə üçün təşəkkür edirəm.

 

-Siz də sağ olun.

 

 

 

Müsahibədən dərhal sonra Akademik Milli Dram Teatrının səhnəsində Mirzə Cəlilin “Dəli yığıncağı” tamaşası nümayiş olundu, Sənubər xanım  Doktor Lalbyuz obrazını sevə-sevə ifa etdi, növbəti alqış payı qazandı. Əməkdaşımız fotonu da həmin tamaşadan çəkib.

 

 


Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdədir.  
Mədəniyyət Nazirliyinin məlumatına görə, oktyabrın 26-da iclasdan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və Komissiyanın Xorvatiya tərəfinin həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətək görüşü keçirilib, Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Sonra mədəniyyət naziri Anar Kərimov və iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricin həmsədrliyi ilə Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib. İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirlikləri, Azərbaycanın Xorvatiyadakı Səfirliyi, Ələt azad iqtisadi zonası, Dövlət Neft Şirkəti,  Qida Təhlükəsizliyi və Turizm agentlikləri, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak edib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasındakı münasibətlərdə bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.
Anar Kərimov Azərbaycan və Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayan nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb.
Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın minatəmizləmə sahəsində ölkəmizə göstərdiyi dəstəyi vurğulayan nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib, növbəti mərhələlərdə enerji və İT sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini bildirib.
İclasda dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.
İclasda iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Sonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - A.Kərimov və T.Coric imzalayıblar.  
Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.
İclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib, iclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sorğuları cavablandırılıb.

Frankfurt kitab sərgisində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin stendində tədbir keçirilib.
AzərTAC xəbər verir ki, beynəlxalq “İrs” nəşriyyatının görkəmli Azərbaycan publisisti Musa Mərcanlının ideyası və rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş “Qobustan - minilliklərin yaddaşı”, İçərişəhər tarixi haqqındakı “Qədim qalanın yuxuları”, Təbriz miniatür məktəbinə həsr edilmiş “Təbrizin sehrli nağılları” kitablarını yazıçı Vüqar Dəmirbəyli tədbirdə iştirak edən qonaqlara təqdim edib. Ardınca isə V.Dəmirbəyli “İrs” nəşriyyatının Qarabağa aid çapdan buraxdığı kitablardan danışıb, bu sıradan olan “Qarabağ - əsrlərin salnaməsi”, “Qarabağın qara kitabı” və Qarabağın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasına həsr edilmiş “Zəfər salnaməsi” kimi nəşrlərini sərgi iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra məruzəçi Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının tarixindən və hazırkı inkişafından bəhs edən Matthias Dornfeldt və Enrico Seevaldın “Deutschland und Aserbaidschan” kitabından danışıb, ölkəmizin maarifçilik ənənələrini tanıtmaq məqsədilə Cəlil Məmmədquluzadənin Bakı kitab klubunun Azərbaycan və alman dillərində dərc etmiş olduğu hekayələrini nümayiş etdirib. Sonda isə “İrs” nəşriyyatı V.Dəmirbəyli “İrs” jurnalının əsasən Qarabağ mövzusuna həsr olunmuş sonuncu nömrəsini gələnlərə təqdim edib.
Tədbirdə tanınmış muğam ustası Zahid Quliyevin oğlu Atəş Quliyevin kamançada müşayiəti ilə ifası sərgi iştirakçılarını valeh edib. Alman müğənnisi Dagmar Kuhn isə Azərbaycan dilində bir neçə mahnı ifa edərək, ölkəmizin necə zəngin mədəniyyətə malik olmasını bir daha vurğulayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbəri Akif Maarifli, onun müavini İslam Məmmədov, şöbənin aparıcı baş məsləhətçisi Lalə Məmmədova tədbirin təşkilinə və keçirilməsinə böyük dəstək verib, həm də burada yaxından iştirak ediblər.

Gənc bəstəkar Ayaz Qəmbərli Avstriyanın Qrats şəhərində keçirilən “Musikprotokoll” müasir musiqi festivalında iştirak edib.
AzərTAC xəbər verir ki, bəstəkar festivalın təşkilat komitəsi tərəfindən sifariş olunmuş “Kiçik dəniz küçəsi” adlı iki saylı simli kvartetini təqdim edib. Əsərin festival çərçivəsində premyerası ukraynalı musiqiçilərdən ibarət “Danapris” simli kvarteti tərəfindən Giorgi Ligeti zalında gerçəkləşib.
Qeyd edək ki, “Musikprotokoll” festivalı 1968-ci ildən keçirilir. Bu konsert Prezident mükafatçısı olan Ayaz Qəmbərlinin Avstriyada ikinci uğurudur. Bəstəkar 2015-ci ildə Qrats şəhərində keçirilən “Frans Şubert və müasir dövrün musiqisi” müsabiqəsində “Elementlərin müqaviməti” (bir saylı piano trio) əsəri ilə birincilik əldə etmişdi.

Çərşənbə, 27 Oktyabr 2021 12:28

Ümumdünya audiovizual irsiyyət günü

 

Bu günə təsadüf edən əlamətdar günləri və tarixi hadisələri nəzərinizə çatdırırıq:

 

27 oktyabr. Ümumdünya audiovizual irsiyyət günü

 

World Day for Audiovisual Heritage. Bu günün məğzi odur ki, keçmiş barədə xatirələri qoruyub saxlamağın necə vacib olmasını hamı bilsin. Əgər əvvəllər keçmiş barədə informasiyanı insanlar yazılı şəkildə qoruyub saxlayır, nəsildən-nəsilə çatdırırdılarsa hazırkı texniki tərəqqi əsrində bunu yeni, unikal vasitələrlə edirlər, bu vasitə rəqəmsal texnologiyalardır. Bu epoxanın əvvəlində isə ilk səsyazma qurğusunun – fonoavtoqrafın kəşfi dayanır ki, bu kəşf də 1857-ci ilə aiddir. Sonradan qrammafon, fonoqraf, patefon, elektrofon yaranıb. Eşitmə cihazlarından görmə cihazlarına keçid isə inkişafın pikindən xəbər verib. Video qurğular tarixi yaddaşı görüntülü çəkildə daşımağa yardımçı olmaqla bəşər irsinin qorunub saxlanılması yolunda əsl inqilab sayılıblar.

 

27 oktyabr. Beynəlxalq qaynanalar günü

 

Bizim qaynana barədə ən gözəl sözümüz rəhmətlik Nəsibə Zeynalovanın canlandırdığı obrazla deyilib. Sanki bu qaynana bütün qaynanalarımızın simvoluna, ümumiləşdirilmiş obrazına çevrilib. Amma orta statistik azərbaycanlı kişisi qaynanasevən olur, orta statistik azərbaycanlı qadınından fərlənir bu cəhətdən. Gəlin bir ağızdan qaynanaları təbrik edək. Və sizi inandırım ki, həqiqətən Bakıda Olimpiya stadionuna 100 min insan doldurub futbol matçı keçirərkən fasilədə “kimin cibində qaynanasının şəkli varsa ona maşın hədiyyə ediləcək” elanı verilsə, təşkilatçılar bankrot olarlar, çünki azı 200-300 azərbaycanlı mobil telefonundakı rəsm albomundan qaynanası ilə şəkdirdiyi  silsilə şəkillərini üzə çıxarıb maşına iddia ortaya qoya bilər.

 

27 oktyabr. Türkmənistanda pitbul saxlamazlar

 

Bu gün əmək terapiyası günüdür. Məğzi nədir? İş yerlərində sağlam atmosfer yaratmaq. Pitbulları tanımaq günüdür. Bu qorxunc itləri tanısaq nə olar, tanımasaq nə olar? Deyək ki, onlar iki yerə bölünürlər, teryer tipi və buldoq tipi. Buddanın enməsi günü. Deyilənə görə, Budda məhz 27 oktyabrda daş-qaşla bəzənmiş üç pilləli pilləkənla aşağı – insanların içinə enmişdir. Yunanlar bayraq gününü, əlcəzairlər isə ağacəkmə gününü qeyd edirlər. Dünyanın ən totalitar ölkələri reytinqində liderlərdən biri olan Türkmənistan bu gün müstəqillik gününü qeyd edir. Sent-Vinsent də həmçinin. Konqoda 3 Zair günüdür. Bəs bu nə deməkdir? Konqonun qabaqkı adı Zair olub, 3 Zair deyəndə ölkə, onun pul vahidi və Zair çayı nəzərdə tutulur. Əlbəttə ki, sualınızı eşidirəm, soruşursunuz bəs Amerikada bu gün hansı mətbəx bayramı qeyd ediləcək? Düz buyurursunuz, bugün onlarda növbəti mətbəx günüdür, Amerika Pivəsi Günü. Amerikalılar bəs deyincəyə qədər bu gün pivə içəsidirlər.

 

1984-cü ildə Baykal-Amur magistralı tikintisinə başlayıblar.  1982-ci ildə Çinin əhalisi 1 milyarda çatıb. 1858-ci ildə məşhur Teodor Ruzvelt – 26-cı ABŞ prezidenti doğulub. 1855-ci ildə rus bioloq İvan Miçurun, 1811-ci ildə məşhur Zinger tikiş maşınının sahibi Ayzek Zinger, 1728-ci ildə isə məşhur ingilis səyyahı Ceyms Kuk doğulublar.

 

27 oktyabr. Ən nəhayət, Qara pişiyə minnətdarlıq günü

 

Böyük Britaniyada keçirilən bu gün çox ibrətamizdir. Necə yəni, Qara pişiyə minnətdarlıq günü? Məgər qarşımıza çıxdı deyə nəhs gətirən işlərə görə hamımız onu lənətləmitik? Mövhumatçı adamlar hətta tale əhəmiyyətli iş dalınca gedəndə belə qara pişiklə rastlaşma səbəblərindən pişiyi lənətləyərək bu işi təxirə salırlar. Hətta qara pişikləri kütləvi qıran xalqlar da var.

 

Britaniyalılar isə məsələyə başqa cür yanaşırlar, qara pişik qarşıdakı təhlükələr barədə xəbərdarlıq edir deyə ona minnətdarlıq etməyi zəruri bilirlər.

 

Nə deyə bilərik, ya zəlzələdən olsun, ya vəlvələdən, təki qarşımızdan qara pişik keçməsin.

 

Taleyindən qara pişik keçənlərə isə Allahın rəhmi gəlsin.

 

 

 

Varisin “21-27 oktyabrın təqvimi” yazısından

 

 

 

Belçikanın paytaxtında Azərbaycan xalqının mədəni irsini təbliğ edən növbəti konsert olub.
AzərTAC xəbər verir ki, vokal sənətinin avropalı sərraflarının qarşısında Azərbaycanın Xalq artisti Alim Qasımov çıxış edib. Onu instrumental alətlərdə Müfadel Adhami, Matiaş Sədai, Vinsent Noiret və başqaları müşayiət ediblər.
Tamaşaçılar orta əsr sufi poeziyasının nümunələri ilə tanış olublar. Tam anşlaq şəraitində keçən konsert Şərq lirikasının belçikalı biliciləri arasında böyük maraq doğurub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev Türküstan vilayətinin akimi (qubernatoru) Umirzak Şukeyevlə görüşüb.
AzərTAC xəbər verir ki, görüş zamanı Bağdad Amreyev Türküstanda baş verən dəyişiklikləri, görülən işləri müsbət qiymətləndirərək Türk Şurası çərçivəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirməyə hazır olduğunu bildirib.
Baş katib bildirib ki, hazırda Türk Şurasına üzv dövlətlər arasında sahibkarlığın dəstəklənməsi üçün ümumi investisiya fondunun yaradılması istiqamətində iş aparılır.
O, həmçinin Türküstanın təkcə tarixi-mədəni deyil, həm də iqtisadi rolunun artırılması istiqamətində Şura çərçivəsində əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Umirzak Şukeyev Türk Şurasının investisiya fondunun rəsmi qərargahının Türküstanda açılmasını təklif edib. O, Türküstanda azad iqtisadi zonanın açılması, Türküstanda türk dövlətlərinin sahibkarlarının forumunun keçirilməsi üçün logistika məsələlərinin həllində maraqlı olduğunu da vurğulayıb.
“Türküstanı türk dünyasının mərkəzi etmək bizə tapşırılıb. Eyni zamanda hesab edirəm ki, qardaş ölkələr üçün ortaq olan beynəlxalq təşkilatlardan birinin baş ofisi Türküstanda yerləşməlidir. Biz Türk Şurası ilə birlikdə irimiqyaslı layihələri həyata keçirməyə hazırıq, - deyə vilayət başçısı bildirib.

 

Oktyabr ayının 28-də, saat 17:00-da “Azərkitab” kitab mərkəzində olduqca maraqlı bir tədbir keçiriləcək. “İncəsənət sərhəd tanımır” adlanan bu tədbirin əsas qəhrəmanları bir fotoqraf və bir rəssam olacaq. Yəni ki, onların fərdi yaradıcılıq sərgiləri açılacaq. Fotoqraf meksikalı, rəssam azərbaycanlı.

 

Çoxunuz üçün gözlənilməz olacaq bu xəbər: Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores öz ölkəsində kifayət qədər tanınan fotoqrafdır. Onun tədbirdəki tərəf müqabili isə istedadlı gənc rəssamımız Arzu Əhmədli olacaq.

 

Layihənin rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün İsgəndərovadır.

 

Rəsm və foto sənətlərinin, ümumən incəsənətin vurğunlarını sərgiyə dəvət edirik, çox maraqlı olacaq.

 

Çərşənbə axşamı, 26 Oktyabr 2021 11:20

“Brilyant əl”də çəkilən aktrisa itkin düşüb

Rusiya KİV-i xəbər verir ki, “Brilyant əl” filminə çəkiıməklə məşhurlaşan aktrisa Svetlana Svetliçnaya Moskvada evindən yoxa çıxıb.
“1940-cı il təvəllüdlü aktrisa Svetlana Svetliçnaya oktyabrın 21-dən heç kimlə əlaqəyə çıxmır. Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Hazırda Moskva milisi onu axtarır.

Xalq yazıçısı Elçinin BakuPost.az saytına müsahibəsini “Daycest” bölümündə oxucularımıza təqdim edirik. Müsahibəni Günel Musa götürüb.

"O vaxtlar məndən anonim məktublar yazırdılar"

- Söhbətimizə yaradıcılığınızdakı yeniliklə başlamaq istəyirəm. Bu yaxınlarda Rus Dram Teatrında "Stalin" pyesiniz səhnələşdirilib. Niyə Stalin? Nə üçün illər sonra yenidən Sovet rejimi mövzusuna müraciət etmək gərəyi hiss etdiniz?
- Mənim ömrümün çox hissəsi Sovet İttifaqında keçib və mən bu mövzuya ancaq üzdən baxmaq yox, bir az dərinə getmək istəyirəm: Bu necə ölkə idi? Lenin, Stalin, Trotski, Zinovyev, Dzerjinski, Kamenev, Buxarin, Molotov, Yaqoda, Yejov, Malenkov, Beriya, Jukov, Xuruşşov, Brejnev, Qorbaçov və başqaları - Sovet İttifaqını quran, onu nəhəng bir imperiyaya çevirən, sonra da şərəfsiz bir süquta aparan bu adamlar kim idi? Onlarla tanış olduqca qəhrəmanlıq və satqınlıq da görürsən, inqilabi fanatizm və karyerizm də, mədəniyyət və mədəniyyətə qənim kəsilmək də, əqidə və riya, əqidə uğrunda yox, hakimiyyət uğrunda ölüm-dirim mübarizəsini də, bir sözlə, xislətin hansı təzadlarına desən, rast gəlirsən. Sovet İttifaqı bir tərəfdən qururdu, yaradırdı, o biri tərəfdən, güllələyirdi, insanın azadlığını əlindən alırdı, qapalı bir cəmiyyətin sərhədlərini cidd-cəhdlə qoruyurdu. Bir sözlə, Sovet İttifaqı paradokslar imperiyası idi. Düzdür, rus dili hakim dilə çevrilmişdi, "böyük qardaş" siyasəti aparılırdı, ancaq Sovet İttifaqı rus imperiyası olmaqdan daha artıq dərəcədə, Sistem imperiyası idi, xalqlar rusun müstəmləkəsi yox, rusların özləriylə də bərabər, sistemin müstəmləkəsi idi. Stalinə gəldikdə isə, o, dərin dərrakəli və bacarıqlı nəhəng bir tarixi sima idi. İndi dahi sözünü yeri düşdü-düşmədi işlədirlər, Stalin isə həqiqətən dahi idi, ancaq qəddar, rəhmsiz, hətta cəllad dahi idi. Stalin, ətrafı və dövrü haqqında Əsəd bəyin (Qurban Səid), əsl soyadı Bronşteyn olan  Lev Trotskinin "Stalin"lərindən üzü bu tərəfə, bəlkə də yüzdən çox kitab oxumuşam. Mən bu fikirdəyəm ki, Stalin bəşəri tarixin ən qüdrətli, ağıllı, bacarıqlı və qorxunc diktatoru olub. Onun Şou, Romen Rolan, Uells kimi Qərb intellektuallarıyla söhbətlərinin stenoqramını oxuyanda, adam mat qalır ki, universitet görməyən, əməlli-başlı orta təhsili də olmayan, həyatın dibindən çıxan bu adam nə qədər savadlı və məlumatlıdır.


- Sovet dövrü sadə vətəndaşların bir çoxu üçün ideal rejim hesab olunurdu. Çünki onlar  ziyalı təbəqə kimi o rejimin arxa planındakı çirkinlikləri görmürdü. O dövrün pis tərəflərini bilirik. Bəs sizə görə Sovet hakimiyyətinin yaxşı tərəfi nə idi?
- Sovetin aldığı aydındır və faciəlidir: güllələmə, Sibir, azdırılmış istedadlar. Ancaq verdiyi də mühümdür: yeni janrların yaranması və formalaşması, Azərbaycan ədəbi-bədii dilinin sürətlə inkişaf etməsi, bədii və ictimai fikirdə milli mənliyin güclənməsi. Bütün bunlar həmin dövrün böyük, taleyüklü hadisələridir. Hətta XX əsrin əvvəllərində belə "Leyli və Məcnun" kimi sırf milli bir operanın türk dilində yox, Azərbaycan dilində yox, "müsəlman dilində" olduğu deyilirdi. Yaxud siz XX əsrin elə 40-50-ci illərdəki ədəbi dilimizi "Füyuzat"ı demirəm, hətta "Molla Nəsrəddin"in belə dili ilə müqayisə edin, nə qədər inkişaf var.


- Sizinlə bağlı tez-tez səslənən bir fikir var: Elçin Azərbaycanda teatrları monopoliyaya götürüb. Niyə sizin haqqınızda bu düşüncə formalaşıb?
- Teatr satılıb-alınan bir şey deyil ki, monopoliya yaransın. Teatra yad və teatrdan bixəbər olanda, bəlkə bir az kobud deyirəm, teatra kartof-pomidor meyarları ilə yanaşanda bu cür dedi-qodu yaranır. Mən bir-iki dəfə bu barədə demişəm, daha uzatmaq istəmirəm. O başqa məsələ ki, ümumilikdə götürəndə, bir janr kimi bizim dramaturgiyada durğunluq var. Əli Əmirov, Firuz Mustafa, Elçin Hüseynbəyli... daha kim? Olsun ki, daha iki-üç ad da çəkmək olar, bəsdir? Əlbəttə, yox. Ancaq elə bilirəm ki, bu, müvəqqəti bir durğunluqdur. Mən  "YUĞ"da Mehriban Ələkbərzadənin çox maraqlı quruluşunda İlqar Fəhminin Nəsimi haqqında yazdığı pyesin tamaşasına baxdım. İstedadlı, maraqlı əsərdir, istedadla da tamaşaya qoyulub, xoşuma gəldi. Bir qeydim də var idi, İlqarın özünə dedim. Bir müddət əvvəl Mirmehdinin hekayələrini oxumuşdum. İstedadlı qələmi var. Bu cavan yazıçıda aşkar dramaturji potensial hiss etdim. Ancaq bu, əlbəttə, mənim hissiyatımdan asılı bir şey deyil. Gərək onun özündə dramaturgiyaya təbii bir istək, daxili bir ehtiyac yaransın. Bunsuz "zorən təbiblik" olar. Cavan bir qız var, Ülviyyə Heydərova. Əlyazmasında pyesini vermişdi, oxudum. İstedadlı qızdır. Və yəqin, belə gənclər az deyil. Hər halda, ümid edirəm ki, belədir. Mən bir dəfə demişdim, ədəbiyyat okean kimidir, çəkilməsi və qabarması var. Ədəbiyyatda da belədir, durğun və coşqun dövrlər bir-birini əvəz edir. Mən inanmıram elə bir teatr olsun ki, gənc, ya yaşlı bir müəllifin istedadlı pyesini geri qaytarsın. Əgər elə bir teatr varsa, ora heç pyes vermək də lazım deyil.


- Siyasət və ədəbiyyat bir-birinə bənzədiyi üçün təmsilçilik paradoksları ilə həmişə mübarizə aparmaq məcburiyyətindədir. Ədəbiyyatın siyasi sərhədləri varmı?
- Ədəbiyyatla siyasət həmişə bir yerdə olub. Yalnız bu mənada yox ki, ədəbiyyatın yaratdığı bir çox qəhrəmanlar var ki, Markesin patriarxı kimi siyasət adamlarıdır. Eyni zamanda, tarix boyu bir çox yazıçılar olub ki, əsərləri bilavasitə öz siyasi düşüncələrinin, istəklərinin, arzularının ifadəsi olub, yəni siyasi mövqelərini ifadə ediblər. Mən hələ Qazi Bürhanəddindən, Osmanlı sultanlarından, Baburdan, Xətaidən tutmuş, bir çox Şərq şahlarını, sultanlarını, vəzir-vəkillərini demirəm. Avropada da klassiklərdən müasir dövrümüzə qədər bir çox yazıçılar var ki, həm də tanınmış siyasi-ictimai xadim olublar. İndi yadıma düşür ki, 60-cı illərdə Andre Malro həvəslə oxuduğum və izlədiyim fransız yazıçılarının sırasındaydı, uzun illərdə De Qoll hökumətində mədəniyyət naziri işləmişdi. Əlbəttə, daha çox yazıçılar var ki, heç bir vəzifədə işləməyiblər, siyasətlə də araları olmayıb.
Ədəbiyyatda yazıçının yerini onun siyasi mövqeyi, harda işləyib-işləmədiyi, necə adam olduğu, xəsisliyi, ya əliaçıqlığı, alicənablığı, ya xudbinliyi, neçə dəfə evlənib-boşandığı və ilaxır yox, əsərlərinin səviyyəsi müəyyən edir. Klassik nümunələr: kommunist Şoloxov və faşizmə rəğbət bəsləyən Hamsun. İkisi də XX əsr dünya ədəbiyyatının böyük nümayəndələridir.


- Belə çıxır ki, siyasət ədəbiyyatdan istifadə edir?
- Əlbəttə, istifadə edir. Uzağa getməyək, elə Sovet İttifaqında ideoloji siyasət ədəbiyyatı özünün təbliğat vasitəsinə çevirmək istəyirdi və bir çox hallarda buna nail də olurdu. Sistem siyasəti ilə birlikdə iflasa uğradıqda isə həmin təbliğat məmulatını da özü ilə aparır. Konyunktura həmişə ədəbiyyatla yanaşı addımlayıb. Bizim Sovet dövrü ədəbiyyatımız da bunsuz deyildi. Bəzən də o ideoloji siyasət istedadı şikəst edib. Bax, bu, faciədir. Sovet İttifaqında, o cümlədən, elə bizim öz ədəbiyyatımızda belə bədii faciələr az olmayıb.


- Ədəbiyyatda erotizm mövzusu da həmişə aktual və müzakirəyə açıq mövzulardandır. Ədəbiyyatda erotizm mövzusunu necə işləmək lazımdır ki, bayağı görünməsin?
- Erot, Kupidon, Amur, nə bilim, Eros, kim necə adlandırır adlandırsın, geniş mənada ədəbiyyatın yarandığı dövrdən etibarən onun əsas mövzularından biridir. Elə ancaq Apuleyi xatırlasaq, kifayətdir. Sadəcə, əvvəllər də bunu demişəm, erotika erotika naminə qələmə alınarsa, bayağı və vulqarcasına yazılırsa, bunun ədəbiyyata dəxli yoxdur. Erotika, yazdığın əsərin bədii məntiqindən doğmalıdır. O yerdəki, əsərin bədii məntiqi bunu tələb edir, əlbəttə, yazmalısan. Erotikanı əsərə yamaq kimi yamamaq olmaz. Emil Zolyada naturalist təsvirlər çoxdur, ancaq onlar dediyim həmin bədii məntiqdən doğur. Elə rus ədəbiyyatını götürək, Mixail Şoloxovun təsvir etdiyi erotika bədiiyyatın yaratdığı erotikadır, Eduard Limonovun, ya da Nataliya Medvedevanın təsvir etdiyi erotika isə, mənim fikrimcə, antibədii erotikadır. Erotika həssas mövzudur, onu gərək qatı yağlı boyalarla yox, akvarellə işləyəsən.


- Bilirəm ki, "məmur" sözündən xoşunuz gəlmir. 25 il Baş nazirin müavini vəzifəsində olmusunuz. Məmur sözünə qarşı antipatiyanızın xüsusi bir səbəbi var?
- Elədir, xoşum gəlmir. "Məmur" deyəndə mənim gözümün qabağına Qoqolun, ya Çexovun məmurları gəlir. Ancaq bu o demək deyil ki, bütün məmurlar o cür tiplərdən ibarətdir. Şərəflə işləyən və şərəflə də vəzifədən ayrılan məmurlar da az deyil.


- Vəzifə, şöhrət sizə nə vaxtsa istəmədiyiniz şeyləri etdiribmi?
- Yox. Mən özümlə bağlı elə bir şərait yaratmamışam ki, istəmədiyim nəsə olsun.


- Vəzifədə olanda ən çox nədən qorxmusunuz?
- Heç nədən. Sadəcə, tutduğum vəzifələrdə həmişə səlahiyyətlərim daxilində işimi yerinə yetirməyə çalışmışam. Məsuliyyəti də həmişə hiss etmişəm, eyni zamanda da tələb etmişəm.


- "Özümü niyə bu şeydən məhrum etdim" dediyiniz anlarınız oldumu?
- Hansısa xırda məsələlər yəqin ki, olub. Yəni misal üçün, filankəsə gərək o cür bozarmayaydım, ya filankəsin xahişini gərək yerə salmayaydım, filankəsin, deyəsən, ürəyinə dəydim və s. Bu cür anlar olub, ancaq qlobal mənada yox.


- Yazıçı üçün zaman nə deməkdir?
- Yazıçı üçün vaxt ən mühüm anlayışlardan biri, bəlkə də birincisidir. Hər halda mənim üçün həmişə vaxt çatışmazlığı olub. O biri tərəfdən isə, məndə elə bir təəssürat var ki, vaxtın sürəti əvvəlki dövrlərə nisbətən çox artıb. Səhərin açılması ilə axşamın düşməsi bir olur. Bəlkə mənə belə gəlir? Ola bilər.


- Deyirlər, insanın yaşı artdıqca darıxma hissi də böyüyür. Ən çox nə üçün, kim üçün darıxırsınız?
- Günel, gəl belə edək: bu suala mən yaşlanandan sonra cavab verərəm (Gülür).


- Yaşlanmaqla bağlı kompleksiniz var?
- Məndə heç bir kompleks yoxdur. Yaş yaş üstünə gələndə sağlamlıq nöqteyi-nəzərindən bir az dəyişiklik olur orqanizmdə. Bu da təbii bir şeydir. Mən daxilimdə heç vaxt öz yaşımla barışmamışam və barışmaq fikrim də yoxdur (gülür). O xatirələr ki, məndə var, onların aurası yenə də mənim içimdədir.


- Əkrəm Əylisli bu yaxınlarda müsahibə verib. Deyib ki, bizi Elçin və Anarla zaman ayırdı. Bir də bir ifadəsi məni çox təsirləndirdi. Deyir ki, uzun illər Anar və Elçinlə çox şeyə gülmüşdük. Amma heyif ki, sonralar heç nəyə birlikdə ağlaya bilmədik.
- Günel, mən bir müddət əvvəl bu barədə sözümü demişəm, yenə də o fikirdəyəm. Gəl, bu söhbəti təzələməyək. Oldu?

- Əkrəm Əylislinin söylədiyi bir fikrə də münasibətinizi alım, sonra bağlayaq bu mövzunu. Əkrəm Əylisli deyir ki, Anar da, Elçin də, mən də, heç birimiz arzuladığımız kimi böyük yazıçı ola bilmədik. Bu sözdə həqiqət payı varmı?
- Dünya çapında məşhur olmaq üçün sən gərək dünya ədəbi prosesinə daxil ola biləsən. Dünya ədəbi prosesinə daxil olmaqdan ötrü isə gərək sənin əsərlərin yüksək səviyyədə orijinaldan tərcümə olunsun. Mənim xaricdə 45-50, bəlkə də çox kitabım çıxıb, amma onlardan 3-4-ü orijinaldan tərcümə olunub. Dörd romanımdan yalnız biri, "Baş" romanı bəzi dillərə orijinaldan tərcümə olunub, qalan dillərə isə rus dilindən. Eləcə də "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", hekayələr, povestlər, pyeslər türkcədən savayı, başqa dillərə orijinaldan yox, rus dilinə tərcümədən tərcümə olunub. Bu, ciddi problemdir. Azərbaycan dili bir çox tarixi səbəblərə görə dünya səviyyəsində özünü hələ göstərməyib. Bizim Mirzə Cəlil, Axundov kimi yazıçılarımızı Avropada mütəxəssislərdən başqa tanıyan yoxdur. Halbuki Axundovun "Dərviş Məstəli Şah" pyesi dünya səviyyəli bir pyesdir. O ki qaldı arzuladığım əsərlər məsələsinə, mən nəyi istəmişəm, onu da yazmışam. Amma ədəbiyyatdır da, yazdıqca yeni istəklər yaranır, bütün istəkləri yazmağı çatdırmırsan. Bu, mümkün deyil. Bu mənada Əkrəmin dediyində hardasa həqiqət də var. Amma  eyni zamanda bu fikri təkzib edən səbəblər də çıxır ortaya.


- Dünyada bir neçə böyük yazıçı Nobel mükafatından imtina edib. Maraqlıdır, sizə bu mükafat verilsə alarsınız, yoxsa imtina edərsiniz?
- Nobel mükafatı özlüyündə çox gözəl hadisədir. Əgər mənə sabah zəng gəlsə ki, Nobel mükafatı almısınız, niyə istəməyim (gülür). Böyük yazıçılar Nobel mükafatı alıblar, amma bununla bərabər, Nobel mükafatı ədəbiyyatın keyfiyyət göstəricisi deyil. Hələ 10-15 il əvvəl yazmışdım ki, Nobel mükafatı alanlarla almayanların siyahısına baxanda  bunu daha yaxşı görmək olar. Mən "Tarixi-Nadiri" yarısına kimi oxumuşam, Muratovun rus publisistikasında, jurnalistikasında sanballı bir yazısını görməmişəm. Amma təəccüb də etmirəm. Putinin əleyhdarısan, ala, bu da sənə Nobel mükafatı. Bax, belə. Builki mükafatçı Abdulrazak haqqında isə heç nə deyə bilmərəm, çünki heç bir yazısını oxumamışam. Ümumiyyətlə, onu tanımıram. Təkcə o yadımda qalıb ki, Nobel xəbərini alanda deyib, elə bildim mənimlə zarafat ediblər.


- Ədəbiyyatda nəsillərin toqquşması məsələsinə də toxunmaq istərdim. Bu gün yeni nəsil yazıçıların, şairlərin sizin nəsil ilə ulduzu barışmır. İllərdir Azərbaycanda aqressiv bir ədəbi mühit formalaşıb. Bu sizi narahat edirmi?
- Qətiyyən narahat etmir. Əgər söhbət konkret olaraq məndən gedirsə, mən ədəbiyyatda öz yerimi görürəm və heç nədən də narahat deyiləm. Hansısa bir namərdlik mənə ötəri təsir edə bilər, tez də keçib gedər. Ancaq obıvatel mülahizəsinin, cürbəcür komplekslərin yaratdığı qərəzliyin, dedi-qodunun təsiri mənim üçün sıfırdan artıq deyil. O başqa məsələ ki, indicə dediyim kimi, dünyanın aqressivləşməsi təhtəlşüur olaraq insanları, o cümlədən, gəncliyi də aqressivləşdirə bilər. O aqressiyanın alt qatında istedad varsa, keçib gedəcək, istedad yoxsa, həmin mənəvi aqressiya, kin-küdurət də həmişə onlarla bir yerdə olacaq, mənəvi şikəstliyə çevriləcək. Belələri indi də göz qabağındadır. Mən indi deyirəm, amma həmişə belə olub. Uzağa getməyək, Mirzə Fətəliyə, Sabirə, Mirzə Cəlilə, Üzeyir bəyə, Ərəblinskiyə hələ sağlıqlarında nələr deməyiblər? Mən bunu elə həmin 60-cı illərdən üzü bəri görə-görə gəlmişəm. O vaxtlar məndən anonim məktublar yazırdılar, indi isə o komplekslərin ifadəsi mətbuata adlayır. Bayaq dediyin o monopoliya dedi-qodularının da səbəbi elə bununla bağlıdır.


- 60-cı illərdən söhbət düşmüşkən, illər əvvəl Rasim Qaraca "60-cılar" ədəbi nəslini ədəbiyyat tarixi baxımından ən cinayətkar nəsil adlandırmışdı. Mənim üçün maraqlıdır, siz də gənclik illərinizdə özünüzdən əvvəlki nəsillə bağlı bu cür kəskin düşüncələrdə olmusunuz?
- "Cinayətkar nəsil"? O zaman prokurorluğa şikayət etmək lazım idi (gülür). "60-cılar"dan əvvəlki nəsil yazıçılarının Azərbaycan ədəbiyyatının inkişafında, yeni janrların yaranmasında, nəinki yaranmasında, Azərbaycan ədəbiyyatının milli faktoruna çevrilməsində böyük xidmətləri olub. Ötən əsrin yazıçılarına bugünkü dövrün tələbləri ilə baxmaq olmaz. O zaman çox güclü hakim ideologiya var idi. Bu ideologiyaya inananlar, inanmayıb da o ideologiyanı tərifləyənlər və inanmayıb heç nə yazmayanlar var idi. Əsas budur ki, "60-cılar" yalan yazmadı. Bu çox mürəkkəb bir məsələdir. O ki qaldı bizim münasibətimizə, mən öz münasibətimi deyirəm. Misal üçün, İsa Hüseynov bizdən əvvəlki nəslin nümayəndəsi idi. Mən həmişə İsa Hüseynovun əsərlərini yüksək qiymətləndirirdim və bu gün də qiymətləndirirəm. O zaman ki, İsa o kiçik povestləri yazırdı, Çingiz Aytmatov da "Cəmilə"ni yazırdı. Amma bədiilik baxımından İsanın povestləri Çingizin əsərindən daha güclü görünürdü. Bu barədə əvvəllər yazmışam, təkrar etmək istəmirəm. Mehdi Hüseynin, Əbülhəsənin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun romanları, başqa əsərləri çox zaman ideoloji cəhətdən bu günlə uyuşmur. Bədii çatışmazlıqlarla rastlaşırıq. Amma bu gün o romanların üstündən xətt çəkmək olmaz. O romanlar Azərbaycan dilini inkişaf etdirib, dediyim kimi, janr yaradıblar. Bir şeyi deyim ki, məndə, güman edirəm ki, digər qələm dostlarımda da bizdən əvvəlki nəslə kin-küdurət olmayıb. Bəyənib, bəyənməmək olub. Biz ədəbiyyatda özümüzü axtardıq, tapdıq və təsdiq etdik.


- Bəlkə səbəblərdən biri də sizin nəslin nümayəndələrinin uzun illər yüksək vəzifələrdə olmasıdır? Belə deyək də, haqlı olaraq ədəbiyyatın məmurlaşmasını qəbul edə bilmirlər.
- Günel, bu, düzgün yanaşma deyil. Bizdən əvvəlki nəsillər arasında vəzifə sahibləri daha çox idi. Qıcıqlanırlarsa, bunun səbəbi yəqin odur ki, onlar özlərini təsdiq etməkdə çətinlik çəkir. Elələri var ki, artıq özlərini təsdiq ediblər. Elələri də var, özlərini bədii cəhətdən təsdiq edə bilmədiklərinə görə təqsirkar axtarırlar. Bəziləri istədikləri səviyyədə olmadıqlarını təhtəlşüur olaraq başa düşərək, başqalarını inkar etməklə özlərini sakitləşdirirlər. Ədəbiyyatda inkar yalnız zamana bağlıdır. Zaman ədəbiyyatı ələkdən keçirir. Hansını saxlayırsa saxlayır, hansını atırsa atır. Bizim yazı-pozularımızın zamanın süzgəcindən keçib keçməməsi dediyin həmin qıcıqlananların kin-küdurətindən, "obıvatel" söz-söhbətindən, giley-güzarından asılı bir şey deyil. Biz ədəbiyyatda özümüzü təsdiq edə bildiyimizə görə o dövrün məşhur, nüfuzlu yazıçıları da artıq bizim yazı-pozularımıza qiymət verməyə başladılar. Təsəvvür elə, mən cavan oğlan idim, ilk kitablarım çıxırdı, Akademiyanın vitse-prezidenti Məmməd Arif mənim haqqımda məqalə yazmışdı. Eləcə də Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Həmid Araslı, Mirzə İbrahimov, Abbas Zamanov və başqaları.

- Əminliklə deyə bilərsinizmi sizin yaradıcılığınıza bu diqqət atanıza olan münasibətdən doğmurdu?
- Sənin deməyindən belə çıxır ki, İlyas Əfəndiyevə görə mənim haqqımda yazırdılar (gülür). Bizim cəmiyyətdə belə bir fikir var ki, sən yazıçı ailəsində böyüdüyünə görə yazıçı olmusan, ona görə də məşhursan.

- Elə deyil?
- Elə deyil və bu, çox səhv düşüncədir. Heç bir ailə heç bir qələm sahibini yazıçı edə bilməz. Yazıçılıq istedaddır. Mən bunu əvvəllər də demişəm, indi də deyirəm, dünyadakı böyük yazıçıların 99 faizinin atası yazıçı deyil. Sadəcə, Azərbaycanın payına, deyəsən, çox düşüb. Səməd Vurğunun uşaqları şairdir, yazıçıdır. Rəsul Rzanın oğlu yazıçı, İlyas Əfəndiyevin oğlu yazıçı, Əbülhəsənin oğlu yazıçı. Amma bu tək ədəbiyyatla bağlı deyil. Musiqidə də, rəssamlıqda da, teatr, kino sahəsində də var. Amma görünür, ədəbiyyatda daha güclü hiss olunur.


- Sizin ədəbi mühitdə dəstək olduğunuz qələm adamları çoxdur?
- Günel, mənim elədiklərimi bir-bir sadalamaqla aram yoxdur. Ancaq onu deyim ki, bu gün tanınan bir çox yazıçıların, tənqidçilərin ilk yazıları, ilk kitabları Bakıda da, Moskvada da mənim təqdimatımla, ön sözümlə, redaktəmlə çap olunub.

- Xalqımızın yaşadığı faciələr qarşısında bir yazıçı olaraq aciz qaldığınız zamanlar olub?
- Yazıçı kimi yox, ancaq bir insan, bir vətəndaş kimi 30 illik erməni işğalı ilə bağlı acizliyimi, bəli, bəzən hiss etmişəm və bu, mənə baha başa gəlib.

- Həmişə soyuqqanlı və sərtsiniz?
- Baxır kimə qarşı və nə üçün.

- Şəxsi həyatınızda və ictimaiyyət arasında nə qədər səmimisiniz?
- Sən elə bir adam tanıyırsan özü haqqında desin ki, "mən səmimi deyiləm"? Bəzən də səmimiyyətsiz adamlar özləri haqqında deyir "mən çox səmimiyəm". Belə çıxmasın ki, mən qeyri-səmimiyəm (gülür). Qeyri-səmimi olmağım üçün münbit zəmin olmayıb, yəni ehtiyac olmayıb. Mənim xasiyyətim belədir ki, kim xoşuma gəlməyibsə, onunla oturub-durmamışam. Heç vaxt qeyri-səmimi olmamışam. Hər-halda bu suala məni tanıyanlar daha dolğun cavab verə bilər.


- Gəncliyinizdə Nazim Hikmətlə görüşmüsünüz. Nazim Hikmətin Azərbaycan sevdası və azərbaycanlıların Nazim Hikmət sevgisi barəsində nə deyə bilərsiniz?
- Türkiyədə Nazim Hikmətə dünən də, bu günün özündə də Azərbaycanın məhəbbətini düzgün qiymətləndirmirlər. Vaxtı ilə Türkiyədə sağa meyilli olanlar deyirdi ki, Nazim Hikmət xəyanət edərək Sovet İttifaqına qaçdığına görə, sola meyillilər isə deyirdi Nazim Hikmət kommunist olduğu üçün Azərbaycanda məşhur idi. Əslində isə elə deyildi. Azərbaycan xalqının daxilində Türkiyə həsrəti var idi.
Sovet İttifaqı kapitalist ölkələrini düşmən hesab edirdi. Türkiyə də bu ölkələrin sırasında öndə gedirdi. Nazim Hikmət Azərbaycana gələndə, tribunaya qalxıb orda gözəl türk dilində şeir oxuyanda ki:
 Mən bir ceviz ağacıyam Gülhanə parkında
 Nə sən bunun farkındasan, nə polis farkında...
Ona qulaq asan Azərbaycan xalqı bunun fərqində deyildi ki, Nazim Hikmət sağçıdı, ya solçudu. Onun fərqində idi ki, yaraşıqlı bir türk insanı çıxıb tribunada doğma türk dilində gözəl bir şeir oxuyur. Buna görə Nazim Hikməti sevirdilər və Nazimin yaradıcılığı da bu sevgiyə layiq idi.

- Nazim Hikmət qadınlarla bağlı verilən "gözəl qadın, yoxsa intellektual və zəkalı qadın" sualına belə bir cavab vermişdi ki, "qadın at deyil ki, saçının uzunluğu, qısalığı mövzu olsun. Heç birinə qapılmadım". Siz bu suala necə cavab verərdiniz, maraqlıdır?
- Təbiətin gözəlliyinə biganə ola bilərik? Əlbəttə, yox. Gözəl qadın kimdir? O da təbiətin bir parçası, bir hissəsidir. İntellektuallıqdan asılı bir şey deyil. O ki qaldı intellektuallığa, zəkaya, mənim ümumiyyətlə, kal adamla aram yoxdur.

- Anarla münasibətlərinizdə bir ara soyuqluq yarandığı deyilirdi. İndi vəziyyət necədir, əvvəlki kimi davam edirmi münasibətiniz?
- Anarla münasibətimiz, bəli, əvvəlki kimi davam edir. Tədbirlərdə, məclislərdə görüşürük. Hərdən zəngləşib, görüşüb, ikilikdə nahar edirik, bir-iki qədəh də qaldırırıq. Gözəl bir hadisə də o oldu ki, Şuşaya da bir yerdə getdik, Orda başqa dostlar da bizimlə idi, Şuşanı birlikdə gəzdik. Bu 30 ildə Şuşa haqqında, Qarabağ haqqında danışdıqlarımızı bir yerə yığsan, bəlkə də neçə kitab olar. Bu Şuşa səfəri əvəzsiz səfər idi. Bilirsən, dostluğun, isti münasibətin yaşı 55 ilə gəlib çatanda, əlbəttə, bu qədər illər boyu umu-küsü də mümkündür, bir də görürsən arada soyuqluq  yaranır. Bu da təbii bir işdir. Dost olmaq müqəvva olmaq deyil ki. Ancaq mühüm məsələ odur ki, dostluğun düz ortasında qırmızı bir xətt də var, onu keçmək olmaz. Keçərsən, hər şey bitər.

- Sizin pəncərənizdən dünya bu gün necə görünür?
- Doğrusunu deyim ki, qorxulu görünür. Dünyada aqressivlik çox artıb. Cəhalət, nadanlıq azalmaq əvəzinə, daha da çoxalıb. Böyük dövlətlərlə kiçik dövlətlər arasındakı qradasiya daha da böyüyüb. İkili standartlar dünyanı idarə etməyə başlayıb. O biri tərəfdən də gözümüzün qabağında yeni rəqəmsal sivilizasiya yaranır. Bunun axırı hara gedib çıxacaq? İnsani istəklər, arzular, insani hisslər elə bil ki, insandan uzaqlaşmağa başlayıb. Belə olacaqsa, ədəbiyyatın aqibətini nə gözləyir? Ədəbiyyatın yerini nə əvəz edəcək? Və sair və ilaxır.


- Mətbuatımızın hazırkı vəziyyəti sizi bir yazıçı və ictimai şəxs olaraq nə dərəcədə qane edir?
- Söz azadlığı bizim mətbuatda bir bum yaratdı. Qəzetlər çıxmağa başladı, yeni telekanallar açıldı. Amma bir sual verək özümüzə ki, Azərbaycan mətbuatı söz azadlığı sınağından çıxdımı? Bayağılıq, primitivlik, dedi-qodu, şayiəçilik, kin-küdurət müqabilində bu sualın cavabı necə ola bilər?

- Söhbətimizi möhtəşəm Şuşa səfəri ilə bağlı təəssüratlarınızla yekunlaşdırmaq istəyirəm. 30 il sonra yenidən Şuşada olmaq necə bir hiss idi?
- Günel, sən yaxşı dedin də: "Möhtəşəm Şuşa səfəri". Hissiyyat da eləcə möhtəşəm və zəngin idi. Şuşa, şübhəsiz ki, çox gözəl bir şəhər olacaq. Nəinki Azərbaycanın, ümumiyyətlə dünyanın mədəni mərkəzlərindən biri olacaq. Amma mənim Şuşam o Şuşanın yanında bir az ibtidai Şuşa idi. Tutaq ki, sənin uşaqlığın bir məhəllədə keçib. Altında oturduğun ağac, oynadığın, dostlarınla gəzdiyin, söhbətləşdiyin yerlər daha yoxdur. Sənin gözəl xatirələrinin məkanı dağıdılıb. Əlbəttə, yerində gözəl müasir binalar tikiləcək. Mən çox sevinirəm ki, bu gün gələcək nəsillərin Şuşası tikilir. Gələcək nəsillərin çox gözəl Şuşası olacaq. Ona görə də nostalgiyaya qapılmayaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.