Super User
ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb
Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.
Fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.
Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada Qələbə Memorial Kompleksində təntənəli şəkildə baş tutub. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.
5,4 milyon dollara satışa çıxarılan xalçanın 600 yaşı var
Çinin Min sülaləsinə aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.
TASS xəbər verir ki, noyabrın 23-də Fransanın paytaxtı Parisdə keçiriləcək Christie's hərrac evində Çinin Min sülaləsinin (1368-1644) dövrünə aid olan xalça 4,8-5,4 milyon dollara satışa çıxarılacaq.
Xalçanın üzərində beş pəncəli əjdaha və onun üstündə buludlar var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça satışa çıxarılacaq.
Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie's hərracında 1,7 milyon dollara satılıb.
Amma təbii ki, 5,4 hara, 1,7 hara.
“Söz” layihəsi “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirəcək
Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Nigar Həsənzadənin rəhbərliyi altında “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçiriləcək. Şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutacaq.
Tədbir ölkəmizdə ilk dəfə olaraq qələbəmizin sevincini eşitme məhdudiyyətli şəxslərlə birlikdə belə bir formada təqdim etmək imkanı verəcək.
Poeziya gecəsi sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası və eşitmə məhdudiyyətli şəxslərin sinxron tərcüməsi ilə başlayacaq, "Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı ilə davam edəcək. Həmçinin II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən yazarların - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri eşitmə məhdudiyyətli uşaqlar tərəfindən jest dilinə tərcümə olunacaq. Şəhid leytenant Teymur Abbaslının oglu Feyruz Abbaslı da tedbirdə şəhid Hüseynov Xəyyamın şerini səsləndirəcək.
Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqların Qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşacaq.
Şuşalı qızın itirilmiş uşaqlıq hekayəsi Niderland mətbuatında
Niderlandın “FOR YOU” jurnalının oktyabr buraxılışında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə “REAL TV”nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının Şuşa haqqında real həyat hekayəsi əsasında çəkdiyi “28” sənədli filmindən bəhs edən “İtirilmiş uşaqlıq” adlı məqalə dərc olunub.
AzərTAC xəbər verir ki, məqalədə onun birinci Qarabağ müharibəsi dövründə itirdiyi uşaqlığından, 12 yaşında Şuşanın işğalından sonra zorla doğma yurdundan qovulan, 28 il sonra yenidən Şuşaya qayıdaraq uçurulmuş evini yenidən tapan, doğma şəhərində qoyub gəldiyi uşaqlığına qovuşan bir qızcığazın həyatından danışılır.
Bu gün azərbaycançılıq məfkurəsini formalaşdıran “Füyuzat” jurnalının 115 illiyidir
Bizə tarix dərslərində “Füyuzat” mürtəce bir mətbu orqan kimi təqdim olunurdu, Sovetlər dağılanda başa düşdük ki, bütün təriflənənlər mənfi, bütün pislənənlər isə müsbət imiş. “Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də çıxıb. Jurnal ictimai-siyasi xarakter daşıyırdı. “Füyuzat” mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, onlardan zövq almaq deməkdir. Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, A.Şaiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub. “Füyuzat” jurnalı milli jurnalistika məktəbi olmaqdan əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb. Çar Rusiyasının monarxizmi və müstəmləkəçiliyi əleyhinə mübarizə aparan füyuzatçılar başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə etmiş, Azərbaycanda demokratizmin qələbəsinə çalışmış, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə reformaların aparılmasını qarşılarına məqsəd qoymuşdular. Azərbaycan oxucuları ilk dəfə Tolstoy, Höte, Russo, Monteskyu kimi görkəmli simalar haqqında ətraflı və dəqiq məlumatı bu jurnaldan almışdılar. Ə.Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynamışdı.
Təsadüfi deyil ki, belə bir milli oyanış jurnalının uzun müddət çap edilməsi çar üsul-idarəsini razı sala bilməzdi. Bütün böyük işlər gec ya tez nadan basqısına qurban olur. 1907-ci ilin 1 noyabrına qədər duruş gətirən jurnalın həmin gün çıxan 32-ci sayı son sayı oldu. Həmin sayda "Pərdə eniyor" adlı son məqalə ilə jurnal öz oxucularına "əlvida!" dedi, üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etdi: “Füyuzat müvəqqəti olaraq bu gündən etibarən tətil edəcəkdir”. Zira bu “müvəqqəti” əbədi oldu.
Qranadadakı caz festivlından Mikelanceloya və “Otello”ya qədər
Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:
1 noyabr. Beynəlxalq Veqan Günü
Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki, insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.
1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı
10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.
Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...
1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər
Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.
ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.
O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo” futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1755-ci ildə dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, 32 min insan həlak olub, 100 mindən çoxu yaralanıb. 1604-cü ildə Londonun Uaytholl Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub.
Varisin “Həftənin təqvimi” yazısından
Beynəlxalq Muğam Mərkəzində “Caz səsləri” layihəsinin bir-birindən maraqlı konsertləri davam edir
Oktyabrın 26-dan Beynəlxalq Muğam Mərkəzində (BMM) start götürən “Caz səsləri” (“Jazzery Voices”) layihəsinin bir-birindən maraqlı konsertləri davam edir. Layihə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunub.
Muğam Mərkəzindən AzərTAC-a bildirilib ki, konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayıb. Nicat Aslanovun Kvarteti “Forward Azerbaijan”, Afşin Əlizadənin Kvarteti, “Qaya” ansamblı və digər gənc caz ifaçılarının cazın müxtəlif ritmlərində təqdim etdikləri ifaları paytaxt sakinlərinin payız ovqatına caz əhvalı bəxş edib. Fank, caz-rok qarışığı, fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirən konsertlər svinq, ənənəvi caz, blüzun ecazkar ritmləri, Şərq elementləri və improvizasiyalarla zəngin idi. Öz virtuoz çıxışları ilə tamaşaçıları heyran qoyan gənc cazmenlər Azərbaycanda caz sənətinin inkişafının bariz nümunəsini nümayiş etdirmiş oldular.
Qeyd edək ki, noyabrın 6-dək davam edəcək konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayacaq.
“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə yekunlaşacaq.
“Fulya” sənədli filmi təqdim olundu
Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabr ayının 31-də Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.
Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.
Xatırladaq ki, “Fulya” filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın 28-dən etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunur.
“Bu gün Halil Kahramanla Bakıda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim.”
Bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk Nizami Kino Mərkəzində "Fulya" filminin təqdimat mərasimində deyib.
"Fulya" filminin ermənilərin insanları necə qətlə yetirdiyinin sübutu olduğunu söyləyən türkiyəli jurnalist bildirib ki, Ermənistanın Bərdədə və Gəncədə törətdikləri qətliamları heç vaxt unutmayacaq: “Bütün bu faciələr gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir”.
“Böyük iyirmilik”
Dünyanın 20 aparıcı ölkəsinin lideri istirahət günlərində Romada “Böyük iyirmilik” sammitinsə iştirak edəcək. Roma şəhəri bu böyük tədbirə hazırlaşır.
Cadugərlər, forellər və böyük Fellini
Sabah bazar günü olduğundan sabaha aid olan əlamətdar günləri də xatırlatmaq fikrindəyik.
31 oktyabr. Ümumdünya Şəhərlər Günü
BMT-nin 68/239 saylı qətnaməsi ilə qeyd edilən bu gündə diqqət tarixilik və gözəllik baxımından seçilən şəhərlərə, amma həm də ucqarlarda diqqətdən kənarda qalan şəhərlərə cəm olunur. Şəhər anlayışının etimologiyası araşdırılır, maarifçilik işləri aparılır. Amma əsas məqsəd heç də bunlar deyil. Urbanizasiya, social-iqtisadi inkişaf faktorları da araşdırılır. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, 2050-ci ildə proqnozlara görə bu rəqəm 68 faizə çatacaq. Urbanizasiya – BMT-nin həyəcan təbili döydüyü bir faktordur. Şəhərlərin böyüyüb bir ucdan meqapolislərə çevrilməsi həm hədsiz əhali sıxlığı yaradır, həm də təbii resursların israflı xərcinə, enerji resurslarının çatışmazlığına, iş yerləri və xəstəxana çarpayıları qıtlığına, avtomobil tıxaclarının intensivliyinə yol açır. Elə öz ölkəmizi götürək. Əhalimizin az qala yarısı Bakıdadır. Urbanizasiya problemləri Bakının simasında aşkar görünmürmü?
Builki Şəhərlər Günündə əsas mövzu iqlim dəyişikliyinə şəhərlərin adaptasiyası olacaq.
31 oktyabr. Avtomobilçi günü
SSRİ-də yaranan bu gün hazırda postsovet ölkələrində qeyd edilir. Avtomobilçi – yəni sürücü. Dünyada sürücülər qədər həmrəy peşə sahiblərinə rast gəlməzsən. Yolda DYP işçisi olanda sürücülər bir-birinə siqnal ötürürlər, yəqin rastınıza çıxıb. İlk dəfə uşaq ikən bu halı görəndə yer üzündə bunca insan həmrəyliyinə təəccüblənmişdim. Bir də, doğulduğum Sumqayıtda sinif yoldaşlarım Mahirlə Musagilin 4-cü mikrorayonda yaşadıqları bina “şoferlər domu”, yəni sürücülərin binası adlandırılırdı, binada yalnız sürücü ailələri yaşayırdı. O binanın sakinləri bir-biriləri ilə o qədər mehriban idilər, o qədər doğma idilər ki. Bu da daha bir sürücü həmrəyliyi sübutu.
Hər avtomobil sürən həvəskar avtomobilçi olmaz, avtomobilçi - ictimai nəqliyyatı idarə edən peşəkarlardır, gəlin onları təbrik edək!
31 oktyabr. Dünya Qənaət Günü
Yəhudilərdə belə bir deyim var, pul qazanmaqla deyil, pula qənaət etməklə varlı olmaq mümkündür. Sadə bir məsələ. Əlinin 100 manatı var. Vəlinin 1000 manatı. Əli 100 manatının 50-ni xərcləyir. Vəli 1000 manatının 990-nı. Sual: Əli varlıdır, yoxsa Vəli?
World Savings Day – Dünya Qənaət Gününün maraqlı bir yaranma tarixçəsi var. 1988-ci ilin 31 oktyabr günündə Milan şəhərində keçirilən 29 ölkə Əmanət kassaları nümayəndələrinin ilk Beynəlmiləl Konqresində qərara alınıb ki, hər ilin bu gününü Qənaət günü kimi qeyd etsinlər. Maliyyəçi mütəxəssislərin təbirincə, insanın ən böyük qənaəti qazancından müəyyən hissəni əmanət kassalarında, banklarda yatızdırıb etdiyi bu qənaətin müqabilində gəlir əldə etməsidir. Bu gün BMT-nin direktivləri ilə rəsmən təsdiqlənib. Amma təəssüf ki, kasıbların da öz qənaət ölçüləri var. Bu gün üç yox, iki çörək almaq, əti və kərə yağını rasiondan çıxarmaq, nəqliyyatdan istifadə etməyib piyada getmək, bir paltarı süzülüb çırılıncaya qədər geymək və s.
Və ən nəhayət, bu gün təkcə pula qənaəti özündə ehtiva eləmir. İnsanlığa öz gücünə, zamanına qənaət etmək də təlqin olunur. Qənaət limitindən də aşağıda duran pulumuza qənaət etməyimiz absurddur, gəlin barı vaxta qənaət edək, onu boşuna xərcləməyək. Tamammı?
31 oktyabr. Beynəlxalq Qara Dəniz Günü
Beynəlxalq Qara Dəniz Gününü bu dənizin sahillərində qərarlaşmış 6 ölkə - Türkiyə, Bolqarıstan, Rumıniya, Gürcüstan, Ukrayna və Rusiya qeyd edirlər. Bilmirəm, kim Qara dənizi görüb, həqiqətən də bu dənizin suyu qaramtıl rəngə çılır, özü də nədənsə bir qədər dərinliklərdə adamı hədsiz vahimələndirir. Amma Qara dəniz dünya miqyaslı kurortları ilə şox məşhurdur. Aralıq dənizindən sonra ikinci yerdə möhkəmcə qərarlaşıb. Bir baxın, Bolqarıstanın Qızılqum, Gürcüstanın Batumi, Ukraynanın Krım və Rusiyanın Soçi kurortları Qara dəniz boyunca düzülüb insanlara rahatlıq, dinclik, sağlamlıq bəxş edir, onların zövqünü oxşayır. Rumıniya kurortları bunlar qədər dünyaca məşhur olmasalar da, hər halda Mamaya bölgəsinə gələn xarici turistlər hər il sürətlə artır. Qardaş Türkiyə isə bütün kurortlarını Aralıq və Egey dənizi sahillərində yaratdığından Qara dəniz sahillərindəki Trabzon öz limanı, Rizə öz çayı, Samsunsa qədim tarixi abidələri ilə tanınır.
1996-cı ildən bu günü qeyd etməkdə məqsəd Qara dənizi çirklənmədən xilas etməkdir. Qara dəniz Kerç körfəzi ilə Azov dəniziylə, Bosfor boğazı ilə Mərmərə dənizi ilə (Türkiyədə olub da Bosforu görməyən tapılmaz), Dardanel boğazı ilə Egey və Aralıq dənizləriylə birləşir, Atlantik okeanın daxili hovuzu hesab edilir. Bura həmçinin Dunay, Dnepr, Dnestr, Rioni, İnquri, Buq, Sakarya kimi böyük çaylar da tökülür. Qara dənizdə 2,5 min balıq və heyvan növü yaşayır, 270 növ bitki aləmi nümunəsi vardır.
Bugünkü tədbirlər sırasında çirkli suların dənizə axıdılmasının, neft və mazut daşıyan tankerlərin üzməsinin və balıq ovunun bir günlük qarşısının alınması nəzərdə tutulur.
Nə olsun ki, biz Qara dənizə aid deyilik? “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısını ki, bizim Azərin oxuyur?
31 oktyabr. Cadugərlər, forellər və böyük Fellini
Psixiki qüvvələrin artırılması günü. Lütfən, artırın öz psixiki qüvvələrinizi. Elmi ədəbiyyat oxuyun, maarifləndirici proqramlara baxın. Psixoloq ziyarətləri də pis olmaz. Sehir və cadu günü. Amanın günüdür, bu sayaq şeylərdən uzaq durun. Bu gün qış vaxtına keçid günüdür, amma biz Azərbaycan dövləti olaraq müstəqillikdən sonra bu məşğuliyyətdən vaz keçmişik. İngilislər bu gün Kornoullidə Allantid gününü qeyd edirlər. Qışın ilk gününün ərəfəsi hesab edilən bu gündə Kornoulli qrafliği böyük festival keçirir. İngiltərənin cənub-qərbində yerləşən bu bölgədə mifologiya çox güclüdür, miflərdə isə qış noyabr ayında qədəm qoyur. Ruslar bu gün həbsxana və SİZO işçiləri gününü qeyd edirlər. Deyilənə görə, dünyada ən qəddar aşağılamalar rus ordusunda və rus həbsxanalarındadır. Protestant kilsəli ölkələrdə bu gün Reformasiya günü qeyd edilir, özündə kilsə islahatlarına ehtiramı ehtiva edir. Men adasında Xop-tu-naa festival başlayır, bu bir kelt mədəni ənənələr festivalıdır. Norveçdə Rakfist festival başlayır. Rakfist forel balığının xüsusi fermentləşdirmə qaydası ilə hazırlanmasıdır ki, deyilənə görə, onu yeyən barmaqlarını yalayır. ABŞ-da? Karamelli alma günüdür.
Bəs 31 oktyabr hansı hadisələrlə tarixə düşüb? 1993-cü ildə dünyaşöhrətli, dahi italyan rejissoru, yazıçı Anarın qəhrəmanı demişkən, “Borokkodan rokokkoya keçmiş” Federiko Fellini dünyasını dəyişib. 1984-cü ildə məşhur hindistanlı qadın, ölkənin baş naziri İndira Qandi sinkxlər tərəfindən qətlə yetirilib. 1961-ci ildə Leninlə barəbər Qızıl meydandakı mavzoleydə uyuyan Stalinin nəşini “şəxsiyyətə pərəstiş” adı ilə oradan çıxarıblar. 1843-cü ildə Anri Rönye – məşhur fransız rəssamı dünyaya gəlib.
Varisin “Həftənin təqvimi” yazısından


