Super User
Pedaqoq, alim, hərbçi, yazıçı, tərcüməçi…
Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür
Xalqımızın bəşər tarixinə bəxş etdiyi aydınlardan biri də “Gülüstani-irəm”in müəllifi Abbasqulu ağa Bakıxanovdur. O, tarixin elə bir dönəmində yaşayıb ki, içi özü qarışıq bir ovuc insan xalqı qaranlıqdan işığa, savadsızlıqdan savada çəkib aparıb.
Onun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarına - tarixçilərə, mütəfəkkirlərə, ədiblə fayda vermiş, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.
Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Abbasqulu ağa Bakıxanovun anadan olmasından 229 il ötür.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.
Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.
Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.
Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Amma gəlin onu düşmənlərə vasitəçilik etməkdə qınamayaq.
O, Qüdsi təxəllüsü ilə şeirlər yazıb.
Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
VI Beynəlxalq Musiqi Festivalında “Muraaqam” təqdim edildi
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 20-də M.Maqomayev adına Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında təşkil olunub.
AzərTAC xəbər verir ki, "Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər.
Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub.
Konsertsən əvvəl AZƏRTAC-a müsahibə verən Xalq artisti Səkinə İsmayılova bu layihənin bir neçə illərin layihəsi olduğunu qeyd edib. O deyib: “Biz bu layihə ilə Hindistanın bir neçə şəhərində birgə çıxış etmişik. Bu gün isə öz ölkəmizdə tamaşaçılar qarşısına birgə çıxırıq. Burada Hindistan musiqiçiləri ilə yanaşı, bizim musiqimizin əsası olan muğamlarımızdan "Rast"ın üzərində qurulan bir kompozisiya təqdim edirik. Onlar Raqa, biz isə muğam ifa edəcəyik. Ümumilikdə bu, ənənəvi musiqi sintezi olacaq. Burada mənimlə birgə ifaçı kimi iştirak edən solist Vasumati Badrinathan xüsusi həssaslığı ilə seçilən çoxistiqamətli ifaçıdır. Cənubi Hindistan klassik musiqi ifaçısı Vasumathi öz oxuma üslubunda ənənə və müasirliyin gözəl vəhdətini yaradır. O, Avropa və Asiya, Sakit Okean hövzəsi ölkələrində qastrol səfərlərində çoxsaylı konsertlər verib".
Xatırladaq ki, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir? Avropa, yoxsa Asiya ölkəsidir? Qərb, yoxsa Şərq ölkəsidir? sualları ilə vətəndaşların ölkəyə baxışını öyrənib.
STM-dən a bildirilib ki, “Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?” sualına cavab verən respondentlərin 71,6 faizi onu müasir, 23,7 faizi isə ənənəvi ölkə kimi göstərib.
İctimaiyyətin Azərbaycanı Qərb, yoxsa Şərq ölkəsi kimi görməsinə aid sualın cavabları da maraq doğurur. Respondentlərin 41,9 faizi ölkəni Qərb, 38,8 faizi Şərq ölkəsi kimi görsə də, 19,3 faiz bu suala cavab verməkdə çətinlik çəkib.
Nəticələrə əsasən, ictimai rəydə Azərbaycanı müasir, yaxud ənənəvi ölkə olaraq qiymətləndirmə onun coğrafi yerləşməsinə bağlı deyil. Belə ki, Azərbaycanı Qərb ölkəsi hesab edənlərin 70,8 faizi, Şərq ölkəsi hesab edənlərin 71,1 faizi onu müasir ölkə kimi xarakterizə edir. Halbuki, Azərbaycanı Asiya məkanının bir hissəsi hesab edənlərin 59,4 faizi onu Şərq ölkəsi kimi, Qərbə aid edənlərin 67,1 faizi isə Azərbaycanı Avropa məkanının bir hissəsi kimi dəyərləndirir.
Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Ən kədərli şey insanın öz istedadını dərk edə bilməməsidir” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Gözləntilər maqnit kimidir, pis gözləntilər pislikləri, yaxşı gözləntilər yaxşılıqları dartıb gətirir.
2.İnsan həyatda dənizdəki kimidir, çabalamasa, üzdə qalmayacaq.
3.Biləndən soruşmaq öyrənməyin ən yaxşı üsuludur.
4.Həyatın ən böyük təcrübəsi sevgidir, buna görə sevməyən müdrik ola bilməz.
5.Ən kədərli şey insanın öz istedadını dərk edə bilməməsidir.
6.Həyata sevinmək xoşbəxtliyin giriş qapısıdır.
7.Tərifin gördüyü işlər cəzanın gördüyü işlərdən qat-qat çoxdur.
8.Məsləhət verəndə ehtiyatlı olun, dediyinizi edə də bilərlər.
9.İnsan maraqlı məxluqdur, yaxşı şeyləri həvəssiz, pis şeyləri isə həvəslə öyrənir.
10.Danışıq dili fikir genişliyini çatdırmaq qarşısında acizdir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Rəsm qalereyası: Sürəyyə Muğanlı, “İşıq ekspozisiyası”
Sevgilisinə Bakının ən gözəl binasını hədiyyə etdi
UNUDULMAZ SEVGİ ROMANLARINDAN PARÇALAR - VARİS, “QIRMIZI LƏÇƏKLƏR”
XIX əsrin sonlarında Azərbaycan bir neft bumu yaşamışdı, bir neçə olduqca imkanlı yerli və əcnəbi neft milyonçuları peyda olmuşdu, belələrindən biri də Murtuza Muxtarov idi. Liza adlı slavyan mənşəli xanımla ailə quran Murtuza bəy həyat yoldaşına sonsuz sevgi bəsləyirdi, addımbaşı bu sevgini isbatlamağa çalışırdı.
Təsəvvür edin, bəy öz xanımını Venesiyanı gəzməyə aparır, əzəmətli, olduqca gözəl bir binanı görəndə xanım heyranlığını gizlətmədən köks ötürərək söyləyir ki, "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər". Bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya mütəxəssis göndərib həmin binanın dəqiq çertyojunu gətizdirir. 3-4 il ərzində məşhur memar Ploşkonun layihəsi ilə qotik üslubda bina tikilir, 1912-ci ildə ərsəyə gətirilir.
Murtuza bəy gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına aparır. Heyrətindən nə deyəcəyini bilməyən Liza xanım binanın kimə məxsus olduğunu soruşur, Murtuza bəy deyir, gəl, ev sahibi ilə tanış olaq. Qapını açan qulluqçu "Bu evin sahibi kimdir" sualına "Bu evin sahibi Liza xanımdır" cavabını verir. Həmin an Liza xanımın duyduğu bəxtəvərliyi heç bir sözlə ifadə etmək olmaz. Hazırda yeni ailə quranların kabinləri kəsilən və Səadət sarayı adlanan həmin o möhtəşəm binanın sahibi olmaq, əlbəttə, qürurverici idi.
Təbii ki, hədsiz var-dövləti olan bir neft kapitalisti üçün həyat yoldaşına nəyisə hədiyyə etmək ilk baxışda adi görünə bilər. Amma bu qədər dərinə gedən, içdən gələn bir münasibət, bu qədər mümkünlükdən çıxan, qeyri-mümkünlüyün ən müxtəlif çalarlarına bürünən bir münasibət adi deyil axı!
Bu da bir "storqe" nümunəsi.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Uşaqlar üçün hekayələrdən - “Heydər zirvəsi”
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət”
Bu gün Zəhra məktəbdən çox sevinclə evə gəldi. Paltarlarını dəyişməmiş mətbəxdə anasına yaxınlaşıb ulu öndərə həsr olunmuş tədbirdən, söylədiyi şeirdən, səhnədə onu alqışlamalarından ağız dolusu danışmağa başladı. Hələ də tədbir təəssüratlarını anası ilə bölüşən Zəhra birdən nəsə yadına düşmüş kimi anasından soruşdu:
- Ana tədbirdə oxunan bir mahnıda deyilir ki:
Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Dünənim, bu günümsən, səninlədir gələcək.
- Ulu öndərin adına doğrudanmı belə bir zirvə var?
Ana: - Əlbəttə ki, qızım. Heydər zirvəsi Quba rayonunda, Qızıl Qaya silsiləsindədir.
Zəhra:- Anacan, sən kitabxanada işləyirsən, bəlkə onun haqqında mənə daha ətraflı danışasan.
Ana: - Yaxşı qızım, qulaq as danışım.
Bu zirvəni 1998-ci il may ayının 10-da Azərbaycan alpinistləri fəth etmiş və onu ulu öndərin anadan olmasının 75 illiyi münasibətilə “Heydər zirvəsi” adlandırmışlar. “Heydər zirvəsi” Qafqaz sıra dağlarının şimal hissəsində dəniz səviyyəsindən çox-çox hündürlükdə yerləşir. Həmin vaxt, yəni may ayının ilk öngünlüyündə alpinistlər bu dağın zirvəsinə qalxmış və zirvəyə Azərbaycan bayrağını, Heydər Əliyevin baralyefini sancmışlar. Demək olar ki, hər il bu zirvəyə qalxaraq xalqımızın ümummilli liderinin orada qoyulmuş barelyefini ziyarət еtmək artıq bir ənənəyə çеvrilib. Hər il onun ad günündə, yəni 10 may tarixində Heydər zirvəsinə kütləvi yürüş keçirilir. Çox maraqlıdır ki, Heydər Əliyevin adını daşıyan zirvəyə bir dəfə çıxan yenə də çıxmaq istəyir.
Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin, hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Çünki gücünü doğma torpaqdan alan dağ vüqarlı ulu öndər Heydər Əliyev ucalığı, milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyətdir. O, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına həsr edən, xalqın sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Bu gün Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti dir
Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Xalq artisti Sərxan Sərxan növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Mahnı Teatrından verilən məlumata görə, gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını ifa edəcək.
Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Multikulturalizm Mərkəzi “Əli və Nino” əsərini tat dilində nəşr edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də Azərbaycan yazıçısı Qurban Səidin “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək nəşr edilməsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində bu dəfə görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-nin tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri tat dilinə tərcümə edilərək çap olunub.
“Əli və Nino” kitabının tərcüməsinin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulladır. Redaksiya heyətinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı, Tehran Alışanoğlu və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi daxildirlər. Layihəyə məsul şəxs mərkəzin şöbə müdiri Rəşad İlyasovdur. Rafiq Səməndərin rəyçi olduğu kitabı tat dilinə Rusiya Vladimir Dövlət Universitetinin dosenti Telman Əliyev tərcümə edib.
Qeyd edək ki, “Əli və Nino” kitabı ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Kitab dünyanın 33 dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Əli və Nino” əsəri ötən illərdə udi, talış və ləzgi dillərinə də tərcümə edilərək çap olunub.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Azərbaycan Respublikasının mədəniyyət naziri Daşkənddə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekovla görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.
Səfər çərçivəsində Adil Kərimli ilə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekov arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, TÜRKSOY-un 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvətə görə təşəkkürünü bildirən Adil Kərimli iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da sıxlaşmasında, iki xalqın zəngin mədəniyyətlərinin təbliğində hər iki nazirliyin əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycan və Özbəkistan, iki dost-qardaş ölkə arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf etmək üzərədir.Mədəniyyət sahəsində də əməkdaşlığın əsaslı təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında bütün sahələrdə olan intensiv inkişaf dinamikası mədəniyyət sahəsindəki əməkdaşlığımıza da öz güclü təsirini göstərməkdədir. Ölkə rəhbəri tərəfindən bu sahəyə xüsusi önəm və diqqət verilir.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil olunan tədbirlərdə Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekovun iştirakını da məmnunluqla xatırlayan Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin, ortaq layihələrin önəmini vurğulayıb, bundan sonra daha sıx şəkildə əməkdaşlığın vacibliyini qeyd edib.
Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov da öz nöbəsində qardaş ölkə olan Azərbaycanla, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əlaqələrin qurulmasının əhəmiyyətindən söz açaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iki ölkə arasında münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində mədəniyyət layihələrinin həyata keçirilməsini təklif edən nazir azərbaycanlı həmkarını önümüzdəki aylarda Özbəkistanda təşkil olunacaq beynəlxalq festivallara dəvət edib və özünün də hər zaman Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Görüşdə cari ilin iyul ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin, oktyabr ayında isə Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin təşkili, beynəlxalq muğam müsabiqəsi, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr, ortaq mədəni mirasımızın təbliği və mühafizəsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)


