
Super User
Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi
Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi” adlı məqaləsini təqdim edirik.
Prezident İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamında deyilir: “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.
Doğrudan da, hələ XII əsrdə Nizami Gəncəvinin yaratdığı əsərlər bu günədək dünyanın müxtəlif xalqları tərəfindən sevilərək oxunur və yüksək dəyərləndirilir. Yazdığı əsərlərlə yalnız Şərqin deyil, eləcə də dünya ədəbiyyatının görkəmli simalarından birinə çevrilmiş Nizami Gəncəvinin adı həqiqi mənada xalqımız üçün böyük qürur mənbəyidir. Bu günlərdə Nizami Gəncəvi ruhuna ehtiram ifadəsi olaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı mədəniyyət xadimlərinin Bakıya gəlişi və böyük mütəfəkkirin 880 illik yubiley tədbirlərində iştirak etməsi bir daha Nizami şəxsiyyətinin qlobal miqyasını və universal dəyərini göstərməkdədir.
Nizami Gəncəvinin həyatı ilə bağlı olan bilgiləri əsasən onun yazdığı əsərlərdən əldə etmək mümkündür. Nizaminin doğum tarixi dəqiq bilinməsə də, doğum ili 1141-ci il olaraq göstərilir. UNESCO da onun doğum tarixini məhz 1141-ci il olaraq qəbul etmiş və 1991-ci il Nizaminin anadan olmasının 850 illik yubileyi şərəfinə UNESCO tərəfindən “Nizami İli” elan edilmişdi. Nizaminin vəfat tarixi ilə bağlı da müxtəlif rəqəmlər göstərilsə də, onun 1209-cu ildə dünyadan köçdüyü ehtimal olunur. Mənbələrdə şairin əsl adının İlyas, ata adının Yusif, baba adının isə Zəki olduğu qeyd olunur. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmiş və bu adla da məşhurlaşmışdır. Nizami Gəncədə doğulub və ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Onun yaşadığı dövrdə Gəncə şəhəri Böyük Səlcuq imperiyasının (1077-1307-ci illər) və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin hakimiyyəti altında idi. Nizaminin yaşadığı dövrdə bu coğrafiyada fars mədəniyyəti hakim olmuş və o da əsərlərini məhz bu dildə yazmaq məcburiyyətində qalmışdır. Əsərlərini fars dilində yazmasına baxmayaraq, Nizami Gəncəvi Azərbaycan şairidir və bütün dünya tərəfindən də belə tanınmışdır. Nizami yüksək təhsil almış, ərəb və fars ədəbiyyatına dərindən bələd olmuş, riyaziyyat, astronomiya, astrologiya, əlkimya, tibb, botanika, teologiya, Quranın təfsiri, xristianlıq, iudaizm, İran mifləri və əfsanələri, tarix, etika, fəlsəfə, musiqi, təsviri sənət sahələrini də mükəmməl öyrənmişdir. Nizami dünyanın məşhur filosoflarının əsərlərini oxumuş və onlardan ciddi şəkildə bəhrələnmişdi. Nizami yaradıcılığının gücü həmin filosofların zəngin fikirlərini gerçək həyatla əlaqələndirib ədəbi üsullarla təqdim edə bilməyindədir.
Nizami yaradıcılığını bütövlükdə Şərq intibahının zirvəsidir. Onun əsərlərində ümumbəşəri ictimai-siyasi ideyalar aparıcı xəttə çevrilmiş, qlobal humanizm ideyaları üstünlük təşkil etmişdir. Nizami dühası bu gün də yaşayır, o, sərhədləri keçir, dünyanın ayrı-ayrı xalqlarının dillərində ciddi söz sənətinə çevrilir. 2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək, Nizami Gəncəvini yüksək qiymətləndirdi və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırdı, onun yaradıcılığının Azərbaycan xalqına xidmətlə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğuladı. Bu gün doğma vətəni Azərbaycanda Nizami Gəncəvi adı ilə fəaliyyət göstərən çoxsaylı qurumlar mövcuddur. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin adını daşıyır. Nizami adına Ədəbiyyat Muzeyi də Bakının mərkəzindədir və bu muzeyin yaxınlığında isə böyük şairin heykəli ucalır. 2012-ci ildə yaradılan Beynəlxalq Nizami Mərkəzinin fəaliyyəti özünün beynəlxalq səviyyədə geniş təsir dairəsi və fəaliyyəti ilə diqqəti cəlb edir. Dünyanın tanınmış şəxsiyyətlərinin bu mərkəzdə toplaşması və Azərbaycan naminə faydalı işlər görməsi olduqca əhəmiyyətlidir. Nizami dünyası intəhasız bir dəryadır. İllər keçir, əsrlər dəyişir, amma Nizami Gəncəvi fəlsəfəsinin əsasını təşkil edən dəyərlər dəyişmir və beləcə Nizami Gəncəvi şəxsiyyətinin özü də milli sərhədləri aşaraq universal bir dəyərə çevrilir. Azərbaycan xalqının xoşbəxtliyi də məhz belə bir dəyərə sahib olmasındadır.
Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.
AzərTAC xəbər verir ki, Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi ilə bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.
Xatırladaq ki, cari ilin noyabrında UNESCO səviyyəsində Azərbaycanla bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.
“Ulduz” jurnalının noyabr nömrəsi dərc edilib
“Ulduz” ədəbiyyat jurnalının noyabr nömrəsi işıq üzü görüb. Jurnal Adilə Nəzərin özüylə söhbəti və şeirləri ilə açılır.
Şair Qulu Ağsəsin “4+4: rəqəmsal namə”si 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr edilib. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdimatında Xalq şairi Məmməd Arazın 49 il öncə qələmə aldığı “Aşıq Ələsgər yüksəkliyi” adlı yazısı ustad sənətkarın 200 illiyi münasibətilə dərc edilib. Dərginin “525-ci qəzet”lə ortaq layihəsi olan "Ustad dərsləri" oxucuları bu dəfə də yazıçı-dramaturq Əli Əmirli ilə görüşdürür.
“Tərcümə saatı”nda Səlim Babullaoğlunun tərcüməsində XX əsr Ukrayna şairlərinin seçmə şeirləri ilə tanış olacaqsınız.
Dərgidə, həmçinin Vüsal Oğuzun “Əyalət şairinin bir günü”, Babək Göyüşün “Adam öldürmək istəyirəm”, Ənvər Çingizoğlunun “Buynuzsuz qoçun qisası”, Rizvan Nəsiboğlunun “Səksəninci döngə” kimi hekayə və esseləri də yer alıb. Çinarə Nüsrətlinin “Şuşaya məktub”, Fərid Hüseynin Dostoyevskinin “Cinayət və сəza” romanından bəhs edən “Ləkə yaddaşı”, Təranə Turan Rəhmlinin “Qəlbin gözü ilə görünən Yaponiya” kimi publisistik yazıları xüsusi maraq doğurur.
Dərginin əməkdaşı Taleh Mansurun “Xəzər sahillərindən Amudərya sahillərinə...” başlıqlı yazısı müəllifin Özbəkistan səfərindən bəhs edir.
İlham Abbasovun təqdimatında Nobel mükafatı laureatlarının ən parlaq nümayəndələrindən olan Perl Bakın həyat və yaradıcılığına nəzər salınır.
Bundan əlavə, oxucular dərginin bu nömrəsində Mücirəddin Mübarizin, Elvin İntiqamoğlunun, Reyhan Kənanın, Elvin Nurinin və Elvin Əlizadənin şeirləri ilə də tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, “Dərgidə kitab”da mərhum şair Əhməd Oğuzun şeirləri, “Sərgi” bölməsində isə rəssam Yaşar Səmədovun rəsmləri yer alır.
Black Friday
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Black Friday
Bu ənənə 1952-ci ildən başlayıb, vətəni ABŞ-dır – qara cümə günündə misligörünməmiş ticarət endirimləri etmək dünya mağazalarının dövriyyəsini xeyli artırır, insanlar böyük izdihamla mağazalara yüyürürlər. Təsəvvür edin ki, kişilərin böyük əksəriyyəti necəsə həzz almaq barədə düşündükləri zamanda qadınların 74 faizinin fikrini məhz alış-veriş məşğul edir, odur ki, endirimlər hətta 80 faizə çatan qara cümə günü qadınların əsl bayramıdır.
ABŞ-da 2013-cü ilin qara cümə günündə 61,4 milyard dollarlıq mal satılıb. Tək elə bu fakt qara cümə anlamının nə qədər populyar olduğuna bir işarədir.
Heç nə almamaq günü
Buy Nothing Day-in təşəbbüskarı reklamçı Ted Deyvdir, o, cəmiyyətə aşılamağa çalışır ki, hər gün nəsə almaq bizi xoşbəxt edə bilməz, dünyada pulla satılmayan həzzlər də var, təbiətin qoynuna çıxmaq, özünü idmana, incəsənətə həsr etmək, dostlarla ünsiyyətdə olmaq və s. Bu günün başqa bir anlamı da insanların ildə bircə gün bərabərləşməsidir, imkanlıların hər gün hətta lazımsız şeylərə belə milyonlar xərclədiyi, kasıbınsa bir kömbə çörəyə pul tapmadığı ədalətsiz cəmiyyətdə bir gün hamını eyni – sıfır büdcəsində saxlamaq da az iş deyil.
Təqvimə görə bu gün hər il noyabrın sonuncu cümə günündə qeyd edilir, bu da gəlib Black Friday günü ilə üst-üstə düşür. Bəli bu məhz Black Fridey-in əksinə yönəli bir təbliğatdır. Deyv reklama aldanıb insanları pullarını yelə verməməyə çağırır.
Beynəlxalq piylənmə ilə mübarizə günü
Qarnını irəli verib üzərində dumbul çalan kişilər, irəli çıxın, sizin gününüzdür, artıq çəkiyə görə depressiyaya düşsələr belə bir oturuma bütov bir tortu aşıran kök qadınlar, sizin gününüzdür. Bir gün iradəyə təslim olub artıq kalori yığmasanız nə olar ki? Sonra daha bir gün, daha bir gün, bir də görərsiniz ki, əməlli-başlı arıqlamısınız.
Ürək-damar sisteminin, hipertoniyanın, diabet xəstəliyinin səbəbkarı olan piylənmə ilə niyə axı yoldaşlıq edəsiniz ki?
Digər əlamətdar hadisələr
Qadınlar üçün daha bir özəl gün: Beynəlxalq qadınların hüquqlarının müdafiəsi günü. Tarqovıya feministlər axışacaqmı görən? Polisin qorxusundan çətin axışalar.
Monqollar Respublika, hindistanlılar konstitusiya, ukraynalılar logist gününü qeyd edirlər. Amerikalılarda isə bu gün milli tort günüdür.
1970-ci ilin bu günündə Qvadelupada yağan leysan tarixə rekordçu kimi düşüb, 1 dəqiqəyə 38,10 mm yağıntı! 1890-cı ildə bizim neftdən xalq olaraq götürdüyümüz gəlirlə müqayisə olunacaq dərəcədə sudan gəlir götürən gürcülər böyük bayram yaşayıblar – “Borjomi” mineral su yatağı aşkara çıxarılıb. 1939-cu ildə sevilən amerikalı rok müğənni Tina Tyorner dünyaya gəlib. 1894-cü ildə kibernetikanı yaradan amerikalı riyaziyyatçı Norbert Vinner doğulub. 1607-ci ildə ingilis missioneri Con Harvard doğulub ki, məşhur universitet məhz onun adınadır. 1516-cı ildə də məşhur italyan rəssamı Covanni Bellini dünyasını dəyişib.
Varisin “Həftənin təqvimi” yazısından
Bu gün xalq rəssamı Fərhad Xəlilovun 75 yaşı tamam olur
1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan... Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.
Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür. Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.
Bu gün Ümumdünya informasiya günüdür, tərs kimi, ANS-in ad günü də bu günə düşür
26 noyabr Ümumdünya informasiya günüdür. İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir. Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.
İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.
26 noyabr həm də ANS günüdür. Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.
Beynəlxalq forumun fəxri qonaqlarına “Nizami Gəncəvi – 880” xatirə nişanı təqdim olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir.
24-26 noyabr tarixini əhatə edən forum çərçivəsində noyabrın 25-də Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı beynəlxalq tədbirin fəxri qonaqlarına təqdim olunub.
Xatirə nişanını forum iştirakçılarına mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Elnur Əliyev çıxışında xatirə nişanının dahi şairin yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb, onun beynəlxalq aləmdə Nizami irsini tərənnüm edən simvol kimi qiymətləndirib, foruma qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.
Qeyd edək ki, xatirə nişanı Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.
Özbək dilində Nizami “Xəmsə”nin təqdimatı keçirildi
Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirildi.
Təqdimatda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamladı və çıxış üçün sözü mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə verdi.
Nizami Gəncəvi yaradıcılığını türk xalqları arasında mənəvi körpü kimi səciyyələndirən Elnur Əliyev bildirdi ki, böyük şair həmçinin bu bölgədə yaşayan türk və farsdilli xalqları da birləşdirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsində Nizami Gəncəvi yaradıcılığına böyük maraq və sevgi olduğunu dedi. Qeyd etdi ki, 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışı zamanı bildirdi ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında dahi Nizami “Xəmsə”sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və “Xəmsə”yə bütün poemalar orijinaldan tərcümə edilir.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırdı ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə “Xosrov və Şirin” poeması ilə başlanıb. İndi Nizaminin dahiyanə fikirləri özbək dilində dolğun şəkildə tərcümə olunur. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir. Akademik vurğuladı ki, “Kainatda hər şey cəzbə bağlıdır” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürüb. Bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq edib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə çıxışlarında vurğuladılar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunu, onun tutduğu yolu tərcümə edir. O, insanın haradan gəlib, haraya gedəcəyini öyrədir.
Daha sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim etdi.
Professor Nigina Şirmuhammedova öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş vaza və xalqlarımızın tarixindən bəhs edən kitabları Elnur Əliyevə hədiyyə elədi. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim etdi.
Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb
Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb.
AzərTAC xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışına həsr olunan tədbirin iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərgi haqqında məlumat verib, bir sıra məsələlərə də toxunub. Milli Məclisin deputatı 200 illiyi keçirilən Dədə Ələsgərin - Aşıq Ələsgərin illərdir erməni işğalında qalan qərib məzarından da danışıb. Deyib ki, işğal edilən torpaqlarımızda ermənilər barbarlıq əməlləri törədiblər: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni barbarlığının qurbanı olub. Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi mədəniyyət siyasətinin bir hissəsidir”.
Qənirə Paşayeva xatırladıb ki, Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Komitə sədri Xalq rəssamı Arif Hüseynovun yaradıcılığı haqqında da danışıb. Bildirib ki, tədbirdə Türkiyədən və Özbəkistandan da qonaqlar iştirak edir. “Bu, aşıq sənətinə verilən önəmdən irəli gəlir, - deyə Qənirə Paşayeva bildirib.
Tədbirdə Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı bildirib ki, miniatür sənəti XIII əsrdən inkişaf etməyə başlayıb. Xalq rəssamı Arif Hüseynov müasir dövrdə bu sənəti yaşadan sənətkardır. Bugünkü sərgi bunun bariz nümunəsidir.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib ki, Arif Hüseynov öz yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunur.
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Rəssamlara dəstək olmaq lazımdır. Bu, çox önəmlidir. Aşıq sənəti türk dünyası üçün çox vacibdir”.
"Dədə Ələsgər" İctimai Birliyinin sədri Xətai Ələsgərli isə qeyd edib ki, Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir: "Hər zaman dövlət ona dəstək olub. Yubileyləri təntənə ilə qeyd olunub. Sərginin təşkilatçılarına təşəkkür edirəm. Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur".
Tədbirdə, həmçinin "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Milli Məclisin deputatları Sahib Alıyev, Ülviyyə Həmzəyeva və başqaları çıxış ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın 20 əsəri nümayiş olunub.
Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar. “Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir... Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza - aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.
Sadıq Qarayevin “Sarvansız Zamanlar”ı
Sadıq Qarayevin “Sarvansız Zamanlar” adlı hekayə və esselərdən ibarət 3- cü kitabı işıq üzü görmüşdür.
Kitaba Akademik İsa Həbibbəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazmışdır.