Super User
“Nağılın şirinliyi içərisindəki yalanlardadır” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Təqvim ilinə heyvan adı qoyub insandan adam kimi yaşamağı tələb edirlər.
2.İstedadlı oxucu olmasa, heç bir yazarın istedadı bəlli olmaz.
3.Nağılın şirinliyi içərisindəki yalanlardadır.
4.Ən yaramaz adam başqasını sənin qədər tərifləyəndir.
5.Yazıçının ən böyük imtiyazı odur ki, öz əsərində özünü arzuladığı kimi öldürə bilir.
6.Ağ kağızda qara işini görən insana yazar deyilir.
7.Sevgini sözlə ifadə etmək yalnız qara karandaşla göy qurşağı çəkməyə bənzəyir.
8.Ləyaqətini qorumaq üçün ləyaqətlilərlə dostluq et.
9.Ümidinə çox da ümid bağlama.
10.Hər sözün məğzində bir hekayə yatır.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Bu gün Gəncədə Şapito-sirki fəaliyyətə başlayır
Azərbaycanda sirk incəsənətinin inkişaf etdirilməsi məqsədilə və ölkənin Qərb regionunun istəklərini nəzərə alaraq, Gəncə şəhərindəki GƏNCLAND istirahət mərkəzində ölkədə beynəlxalq standartlara cavab verən ən böyük stasionar şapito-sirki quraşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” Bakı Dövlət Sirkinə istinadən məlumat verir.
Gəncədəki şapito-sirki fəaliyyətinə bu gün - 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 7-dək şapito-sirkinin yeni səhnəsində keçiriləcək “Yeni il sərgüzəşti” beynəlxalq sirk proqramı ilə başlayır. Proqramda dünyaca məşhur sirk artistləri çıxış edəcək. Klounlar, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar və tutuquşuları hər gün bayram ab-havası və unudulmaz emosiyalar bəxş edəcəklər.
Təşkilatçıların qeyd etdiyinə görə, “Yeni il sərgüzəşti” sirk incəsənəti ustalarının sadəcə olaraq gözəllik və ən mürəkkəb tryukları nümayiş etdirəcəyi peşəkar şou deyil. Bu, Azərbaycan sirk incəsənətinin şanlı tarixinin davamına çevrilən yerli sirkin yeni səhifəsini açan regionda ilk tam sirk tamaşasıdır. Üstəlik, daimi əsasda şapito-sirkinin açılışı ideyasının ibarət olduğu vəzifələrdən biri Azərbaycanın qədim şəhərlərindən birinə diqqətin cəlb edilməsidir. Təşkilatçılar və şəhərin məsul şəxsləri ümid edirlər ki, o, Gəncənin təkcə sakinlərinin deyil, həm də şəhərin qonaqlarının marağını cəlb edən ünvanlarından daha biri olacaq.
“Yeni il sərgüzəşti” premyera bayram proqramı artıq formalaşmış ənənəyə uyğun olaraq dekabrın 19-da valideyn himayəsindən məhrum olmuş ailələrdən olan, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid övladları və müharibə veteranları üçün nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“Ədalət” - HEKAYƏ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Universitetimizdə gənc yazarlar arasında yarış keçiriləcəkdi. Münsiflər heyətinin verdiyi mövzuya uyğun gənc yazarlar öz düşüncələrini esse janrında yazmalı idi.
Biz bilirdik ki, Ülkər hər zaman bu cür yarışmalarda yüksək yerlərdən birini tutur. Lakin Ülkər hər yarışqabağı o qədər həyəcan keçirirdi ki, zarafat üçün deyirdik: "Ay, Ülkər, elə bil, ölüm-qalım məsələsidir".
Ülkər çox məsuliyyətli və ağırxasiyyətli bir qız idi. Uzun qara, ipək saçları Günəş işığında Günəşi belə qısqandırırdı. Qara qaşları "yeni doğulmuş "Aya bənzərdi, qara gözləri isə üzündə lap buta naxışına bənzəyirdi. Lakin çox az adam bu butavari gözlərin içindəki dərinliyi görmə şərəfinə nail olardı. Ülkər qaş-qabaqlı və yol gedərkən belə başını qaldırmayan biri idi. Sadəcə, desək, Ülkər əlçatmaz və alınmaz bir qala idi. Bu qalanı isə hər tərəfdən yeddibaşlı əjdahalar mühafizə edirdi. Ülkəri sevənlər çox idi, amma Ülkər üçün sevgi kitablar idi... Elə olurdu, Ülkər bir kitabı bir gecəyə oxuyub qurtarırdı. Hətta bəzən biz onu "Vunderkind Ülkər" çağırırdıq.
Yarışa qatılanların içərisində Filologiya fakültəsinin dekanının qızı Aytəkin də vardı. Aytəkin də savadlı bir qız idi. Amma biz Ülkərə daha çox inanırdıq. Bəziləri məlum səbəblərdən bu dəfə Ülkərin birinci yer tutmayacağı proqnozu ilə pıçıldaşırdı. Bir anlıq mənim də fikirlərim qarışdı. Düşündüm ki, münsiflər bəzi səbəblərdən Ülkəri yox, Aytəkini seçə bilərlər. Amma qəlbimin dərinliyində yenə də Ülkərin layiq olduğunu düşünürdüm. Dekanımız çox mərhəmətli və insani keyfiyyətlərlə zəngin bir xəzinə idi. Bu xəzinə sahibi yalnız ədalət prinsipin rəhbər tutardı...
Aytəkin isə eqolu qız idi. Qalib olacağına tam əmin idi. Hətta mətnaltı cümlələrlə, sanki qalibin o olacağını vurğulayırdı...
Ülkər isə buna heç fikir vermirdi. Ülkər üçün əsas yarışda iştirak etmək və mövzu barədə öz fikirlərini bölüşmək idi.
Artıq yarışın nəticələrinin elan edilməsinə bir gün qalmışdı. Hamımız həyəcanlı idik. Dalğalanan dənizə dönmüşdük. Həyəcan və maraq daxilimizdə öz cığırını açmışdı. Aytəkin isə heç həyəcan belə keçirmirdi. Sanki o, əmin idi ki, yüksək yerin sahibidir.
Aytəkinin özünü belə aparması isə Ülkərdə ruh düşkünlüyü yaratmırdı, əksinə Ülkərin gözlərində adının mənası kimi ulduz görünürdü və işıq saçırdı.
Ülkər dekanımızı - Gülnarə müəllimi çox sevirdi. Gülnarə müəllim də Ülkəri savadına və gözəl mənəviyyatına görə çox istəyirdi.
Bu yarış bizim üçün digər yarışlardan daha da maraqlı olmuşdu. Sanki ədalət mövzusunda olan bu yarışın xüsusi nə isə daha çox önəmi vardı.
Mən Ülkər ilə artıq iki ildir ki, tanış idim. Ülkərin həyatı heç də yaxşı keçməmişdi. O, çox uşaqlar kimi rahat həyat sürməmişdi. Anası öz halal zəhməti ilə Ülkərə həm ana, həm ata olmuşdu. Ülkərin atası avtomobil qəzası zamanı dünyasını dəyişmişdi. Bu hadisə Ülkərin yaddaşında dərin bir iz buraxmışdı. Ülkərin anası əsl fədakar bir Azərbaycan qadını idi. O, Ülkəri min-bir əziyyətlə böyütmüşdü. Ən əsası, Ülkər ailədə tək uşaq olsa da, ərköyün, nadinc bir qızcığaz olmamışdır. Davranışları, həyata baxışı onu öz yaşıdlarından fərqləndirirdi. Məhz, bu cəhətlərinə görə o çox sevilirdi.
Ülkərgilin maddi vəziyyəti ürəkaçan olmasa da, o həmişə gözütox, əliaçıq idi. Xanım xala qızına-Ülkərə zəngin mənəviyyatından pay vermişdi. Bu miras Ülkərin ruhunda qorunub saxlanmışdır. Ülkər həmişə söyləyirdi ki:- “Ən böyük zənginlik saf mənəviyyatın zənginliyidir. Bu elə bir zənginlikdir ki, ömür boyu xərcləsən belə tükənməz".
Ülkər üçün dilənçi üstü-başı çirkli, köhnə pal-paltarlı, maddi sıxıntı çəkənlər deyildi, mənəviyyatı kasıb olan varlılar əsl dilənçi sayılırdı. İnsani keyfiyyətlərdən uzaq düşmüş adamlar Ülkərin ən qəddar düşmənləri idi. İnsani hissləri dəfn edib, heyvani hisslərlə qidalananlar Ülkərin gözündə "cinayətkarlar" idi.
Mənəviyyatı saf, təmiz olanlar isə açıq mavi səmanı xatırladırdı Ülkərin təxəyyülündə... O səma ki, yalnız mərhəmətli insanların duaları ilə nur saçır. O səma ki, sevgidən və məhəbbətdən rəngini alır. O səma ki, cismin ruhuna, ruhun cisminə alqış deyir.
Ülkərin elə gözəl fəlsəfəsi, dünyagörüşü vardı ki, onu saatlarla dinləməkdən yorulmazdım. Onun çox xeyirxah qəlbi və mərd xasiyyəti vardı. O qədər qətiyyətli xarakterə malik idi ki, tələbə dərnəyində ilk türk qadın hökmdar -Tomris rolunu məharətlə oynamışdı. Kirə dediyi sözləri elə ustalıqla səsləndirmişdi ki, biz tələbə yoldaşımıza az qala bir il Kir adı ilə səslənmişdik. Doğuluşdan istedadlı idi Ülkər.
O bir dəfə yaşadığı hadisəni mənə danışdı. Bu hadisəni eşidəndə Ülkəri var-gücümlə sıxıb qucaqlamışdım. Söyləmisdim ki;-"Nə yaxşı səni tanıdım".
Ülkərgilin maddi vəziyyəti yaxşı olan bir qonşuları vardı. Çox təəssüf ki,
Ülkərgilin maddi vəziyyəti elə də yaxşı olmadığından o qonşu onlara yuxarıdan-aşağı baxırmış. Amma Ülkər onlara elə bir xəzinə vermişdi ki, özləri belə Ülkərdən etdiklərinə görə üzr istədilər.
Bir dəfə o varlı qonşunun üç yaşında oğlu həyətdə oynayarkən topu bir az uzağa düşür. Uşaq topun arxasınca qaçan zaman həyətə bir maşın daxil olur və əyilib topu götürən uşağı görmür. Ülkər bunu hiss edib irəli atılır. Uşağı maşının altından çəkərkən özü yüngül xəsarət alır. Səs-küyə yığışan qonşular Ülkərə alqış edirlər.
Ülkər olmasaydı, Allah bilir, o uşağın taleyi necə tamamlanacaqdı. Bu hadisədən sonra həmin o qonşu Ülkərə minnətdarlıq bildirib. Hətta, səhərisi gün zərfdə Ülkərə:"Pis başa düşmə"- deyərək bir miqdar pul uzadıb. Ülkər isə “bu pulu uşaq evinə köçürün” deyib.
............
Hamının həyəcandan ürəyi sürətlə döyünürdü. Üç qalib adı çəkiləcəkdi. Ülkər isə nədənsə, sakit görünürdü. O, dekana-Gülnarə müəllimə etibar edib güvənirdi. Çünki dekanımız müdrik qadın idi. O, tələbələrə haqq-ədalətdən danışarkən necə ədalət prinsipin poza bilərdi ki. Müəllimlik peşəsi işıqlı yolları göstərən bir peşədir. Müəllimlər həyatımızda işıq saçan mayakdır. Hər bir peşənin öyrədicisi müəllimdir. Ulu Öndərimiz, Ümumilli Liderimiz Heydər Əliyev necə gözəl söyləmişdir: - "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır".
Gülnarə müəllimimiz qaliblərin adlarını çəkməzdən əvvəl belə söylədi:
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət.
Nizami Gəncəvi.
Bundan sonra qaliblərin adı müəyyənləşdi.
Hamımızın gözlədiyi oldu-Ülkər birinci yerə layiq görüldü. Gülnarə müəllimin qızı-Aytəkin isə öz ədalətli yerində-üçüncü idi.
Ülkər sevincli idi. Aytəkin Ülkərə yaxınlaşıb: "Sən, həqiqətən, layiqsən"-dedi.
Yarışa qatılan iştirakçıların yarış mövzusu "Ədalət" olduğu kimi yarışın nəticəsi də ədalət prinsipi ilə tamamlandı.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“Dilənçi qadın” - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ
Hər gün küçənin tinində rastlaşırdıq bu qarıyla. Beli donqar, üz-gözünü qırış basmış, yırtıq, sökük paltarından bədəninin bütün əzaları görünən çəlimsiz, qarayanız bir qadın idi. Səsindən siqaret çəkənə oxşayırdı. Bura onun qazanc yeriydi. Dilənmək üçün buranı seçmişdi. İnsafı olanlar qəpik-quruş tullayırdılar ovcuna. Hərdən manatlıq, hətta beşlik də verən olurdu. Baxırdı yoldan keçənin səxavətinə. Mən də ara -sıra bu qadının mənə uzanan əllərini boş qaytarmırdım. O da hamıya etdiyi dualardan mənə də edirdi. Hərdən elə bilirdim ki, bu qadının duaları da boğazdan yuxarıdı. Bəlkə də yanlış düşünürdüm. Bəlkə elə ürəkdən edirdi dualarını. Mən səhv fikirləşirdim bəlkə də. Şəhərin küləyi, yağışı da qorxutmurdu bu qarını. Xəstələnmirdi də deyəsən. Çünki hər gün eyni yerdəydi. Qınayanlar da olurdu. Söyüb söylənənlər də, ölüm arzulayanlar da. Özü də qulağı eşidə- eşidə. O isə heç kimə və heç nəyə məhəl qoymurdu. Hər gün eyni vaxtda, eyni yerdə dayanıb intizarla gəlib gedənlərdən nəsə qoparmağa çalışırdı. Hərdən fikirləşirdim ki, bu qadına bir sahib çıxan yoxdumu, bu yaşda özünü küçələrə vurub? Yəqin ki, oğuldan, uşaqdan kimisə var. Olmamış olmaz. Yer yarılıb yerdən çıxmayıb ki, bu qarı. Hərdən qınayırdım da bəziləri kimi. Düşünürdüm ki, bir qarın çörək tapmırsanmı ömrün, günün bu vədəsində düşmüsən çöllərə? Sonra da tezkən özümü qınayırdım. Belə düşündüyümçün. Heç kimin heç kimdən xəbəri yoxdu. Hamı ağrıları, dərdləriylə təkbətəkdi. Elə bu qadın kimi. Bu qadına bu vaxtı isti yuva, bir qab da xörək lazımdı. Vəssalam.
Bu qadına rəhmim gəlirdi. Əlimdən heç nə gəlməsə də narahat olurdum. Evə gətirə bilməzdim. Nə uşaqlar, nə yoldaşım heç cür razı olmazdı onun bizimlə yaşamağına. Deyərdilər ki, nə tanıyırıq bu qadını. Bəlkə elə oğrunun, psicopatın biridi. Bu qadına ancaq dövlət sahib çıxa bilərdi. Ağlıma rəfiqəm Nərgiz gəldi nədənsə. Qərara gəldim ki, bu barədə onunla danışım. Necə olmasa jurnalistdi. Əli də, dili də uzundu məndən. Elə hökmü də var. Zəng etdim. Görüş təyin etdik. Şəhərin sakit, səssiz kafelərinin birində görüşdük. Uzun zaman görüşmədiyimizdən hətta bir-birimizi qınadıq da. Axı zaman su kimi axıb gedir. Ömrümüz qovhaqovda, qaçaqaçda keçir. Bir də oyanıb görürük ki, ömür bitib və biz də yarımçığıq. Nə arzularımıza, nə də bir- birimizə yetmişik. Eləcə zamanı üfürmüşük havaya. Axı zamana hakim olmaq da olar. Bu boyda vaxtdan özümüzə niyə ayırmağa hünərimiz çatmır. Manaton, bir- birini təkrarlayan günlərdən niyə qaçıb qurtara bilmirik? Nəticədə hər şeyə, hər yerə gecikirik. Sevgiyə, yaşamağa, sevincə- özümüzə gecikirik. Nə qazanırıq, nə itiririk, bilmirik.
Nərgizlə son görüşümüzdən 1 il keçirdi.
-Eyni şəhərdə vaxtlı-vaxtında görüşməyə də imkan etmirik. Halbuki bir-birimizi bir gün görməyəndə dəli olurduq.
-Qayğılar, problemlər başımızı elə qatıb ki, vaxtın keçməyindən xəbərimiz belə olmur. Səhərdən axşama qaçırıq. Heç nəyə də yetmirik.
-Hə vallah. Düz deyirsən. Görməyəli bir xeyli kilo almısan. Amma yaraşır. Narahat olma. Məktəb vaxtı balaca, ətsiz-qansız qız idin. -Nə tez keçdi o illər, ay Nərgiz. De görüm işin, gücün necədi?
-Həmişəki kimi. İş gücdü də. Uşaqlar oxuyur. Həyat öz axarıyla gedir. Səndə vəziyyət necədi?
-Şükür. Hər şey bildiyin kimi. Məktəbdən evə, evdən məktəbə. Bilirsən də müəllim işləmək də necə çətinləşib. Bizim vaxtımıza xəyalın getməsin. Şagirdlərin psixologiyası çox dəyişib. Biz müəllimə ilahi varlıq kimi baxırdıq. İndiki uşaqlara söz demək olmur. Abırımızı gözləyə-gözləyə işləyirik. Aytən bitirdi universiteti. Orxan hələ oxuyur. Ramiz də ayın 15 gününü dənizdə olur. Yoldaşınla görüşüb edirsən? Yəni keçmiş?
-Yox, ay qız. İlan vursun onu. Onlardan yaxamı güclə qurtarmışam. Mənimki onunla qurdla qiyamətə qaldı.
-Heç o da maraqlanmır? Necə olmasa uşaqları var. Atadı axı.
-Yox. Eh boş ver e onu. De görüm mənimlə nə işin vardı.
Mən dilənçi qadından danışdıqca hiss edirdim ki, o da kövrəlir. Gözləri dolmuşdu. Qarşısındakı çay soyuyub buza dönmüşdü.
-Sən danışdıqca anam yadıma düşür. Bilirsən də onu hələ orta məktəbdə oxuyarkən itirdik. Adamınkı əvvəldən gətirə gərək. Anasız qalanda nə yaşım vardı. Sonra ailəm də belə çıxdı. Yarımadım bir sözlə. Taxtım olunca baxtım olaydı.
-Allah anana rəhmət eləsin. Amma elə demə. Şükür, Allah sənə iki ağıllı övlad verib. İşin, gücün, karyeran.
-Eh.
Hiss edirdim ki, bir az da söhbət uzansa Nərgizi ağlamaq tutacaq. Özünü zorla tutub saxlamışdı. Bir də ki, xasiyyətinə bələd idim axı. Göz yaşı ovcunun içindəydi. Amma eyni zamanda da güclü qadın idi. Həyatı ürəyincə olmasa da ayaqları üstə durmağı bacardı. Bütün çətinliklərə sinə gərdi. Yıxılmadı. Sevdiyi ilə ailə qursa da elə ilk günlərdən anladı ki, tamam fərqli adamlardı. Bununla belə var gücüylə bu ailəni qoruyub saxlamağa çalışdı. İki övladları oldu. Bıçaq sümüyə dayananda ayrılmaq qərarına gəldi. Can şirindi axı. Bildi ki, belə davam etsə ya öləcək, da dəli olacaq. Beləcə ayrıldılar. Məhkəmədə heç bir təmənnası da olmadı qarşı tərəfdən. Qol çəkib boşandılar. Vəssalam. Uşaqlarını da götürüb çıxdı ərinin evindən. Uzun müddət kirayələrdə yaşadı . Sonra çətinliklə də olsa özünə iki otaqlı bir mənzil aldı. Elə bildi dünyanı ona veriblər. İşinə, gücünə sarıldı. Respublikanın sayılan, seçilən jurnalistlərindən oldu. Sözünün hökmü vardı. Elə onunla bu günkü görüşümün də səbəbi bu idi. Bilirdim ki, bir işi öhdəsinə götürdümü, axıracan gedəcək. -Sən o qadını götür, yanıma gəl. Əlimdən gələni edəcəm ki, dövlət ona bir sığınacaq versin.
-Yaxşı.
Kafedən çıxanda gördük ki, əməllicə yağış yağır. Həm də küləkli yağış. İstər- istəməz qadını düşündüm. Üşüdüm. Qayıdanda qadını əvvəlki yerində görmədim. Düzü, bir az da narahat oldum. Səhər qadına yaxınlaşıb olanları ona danışacaqdım onsuz da. Buna görə bir xeyli sakitləşmişdim. Nərgizlə danışandan sonra çiynimdən yük götürülmüşdü sanki. Nəhayət ki, bu qadına da sahib çıxacaqdılar və bu işdə mənim də payım olacaqdı. Hər şey səhər həll olacaqdı. Amma səhəri də qadını yerində görmədim. Fikirləşdim ki, yəqin başına bir iş gəlib ki, iki gündü gözə dəymir. Ya xəstələnib, ya da bir başqa nəsə var. Hər halda, yaxşı heç nə düşünmədim. Özümü də danladım ki, niyə bu vaxtacan heç bir köməkliyim dəyməyib qadına. Axı bu fikirləşdiklərimi əvvəlcədən də edə bilərdim. Bu minvalla aradan təxminən bir həftə keçdi. Dilənçi qadın da yavaş-yavaş unudulmağa başladı. Daha əvvəlki kimi nigarançılığım qalmamışdı. Yoldan keçəndə arada ətrafa göz gəzdirirdim. Vəssalam. Bir gün Nərgizdən zəng gəldi. Hal əhval tutduqdan sonra qadını soruşdu. Qadını bir neçə gündü görmədiyimi və bundan bərk narahat olduğumu dedim.
-Narahat olma. Bəlkə yaxınlarından kimsə sahiblənib qadına. Niyə ancaq pis fikirləşirsən. Əvvəlki xasiyyətin başındadı. Həmişə neqativə yüklənirsən.
-Təki sən deyən olsun. Yox. Sadəcə qoca arvaddı deyə narahat oldum bir az. Yazığım gəldi nəsə. Bəlkə də sən deyəndi. Yaxınlarının, doğmalarının yanına sığınıb bəlkə də. Səndə nə yenilik var?
-Hər şey öz yolundadı. Bircə...
Nərgiz sözünə bir az ara verdi. Görünür verəcəyi xəbərin mənə pis təsir edəcəyindən qorxurdu. Bilirdi ki, ürəyim xəstədi. Hər şeydən narahat oluram .
-Nəsə olub? Uşaqlar yaxşıdı?
-Həə. Hamı yaxşıdı şükür. Qulağın xeyir xəbərlər eşitsin. O rəhmətə gedib.
-Kim?
-O da. Uşaqların atası.
-Aaa. Niyə? Xəstə idi ki? Sən hardan bildin?
-Seymurun( həyat yoldaşının) xalası qızını gördüm bayaq. Təsadüfən. Salamlaşıb görüşdük. O dedi. Bir ilmiş ki, yataq xəstəsiymiş. İflic olubmuş. İkinci dəfə ailə qurmuşdu axı. O da atıb gedibmiş bunları. Anasının ümidinə qalıbmış. Qahmar çıxanları da yox imiş. Bilsəydim mən kömək edərdim. Bilirsən də mənim ürəyim yoxdu. Belə vaxtda incikliyi də unuduram. Bir də necə olsa uşaqların atasıdı. Baxmayaraq ki, bizdən heç vaxt xəbər tutmadı. Mən yenə də əlimdən gələn köməyi əsirgəməzdim.
Nərgizin böyüklüyünə mat qalmışdım. Bu ürəyin sahibini necə tək-tənha qoymaq olardı? Yanımda olsaydı qucaqlayıb öpərdim onu. Sakitcə: -Allah günahlarını bağışlasın. Nə etmək olar. Bu da onun qismətidi. Allah bilən məsləhətdi- dedim.
Hiss etdim ki, bu sözləri boğazdan yuxarı deyirəm. Ürəyim ayrı şey deyirdi. Fikirləşirdim ki, insanın ən böyük düşməni elə özüdü. Seymur həm özünün, həm də Nərgizin həyatını alt-üst etmişdi.
Cəzasını da çəkdi. Amma onu nə qədər günahlandırsam da əməllicə dolmuşdum. Bir himə bənd idim. Hönkür-hönkür ağlamaq istəyirdim. Nərgizlə sağollaşıb paltomu əynimə keçirdim. Divarlar üstümə gəlirdi. Onsuz da neçə gün idi ki, dilxor idim. Bir yandan dilənçi qadının yoxa çıxması, bir yandan da Nərgizin verdiyi xəbər məni bərk sarsıtmışdı. Evdən çıxıb fikrimi dağıtmaq istəyirdim bir az.
Küçənin tinində yumulub yumağa dönmüş bir qadın gördüm. Gözlərim işıqlandı. Qadın sakitcə dayanıb əllərini gəlib gedənə uzadırdı. Arada dilinin ucunda bildiyi duaları təkrarlayırdı. Ən əziz adamımı görmüş kimi sevincək qadına yaxınlaşdım:
-Salam.
Qadın başını qaldırıb üzümə baxdı. Yerimdə donub qaldım.
Bütün sevincim uçub getdi. Bu o qadın deyildi. Amma dilənçi qadın deyəsən mənim ərklə "salam" verməyimdən ürəklənmişdi. Dua edirdi mənə. Özü də elə içdən edirdi ki, bu duaları. Kövrəldim. Çantamı açdım və pul qabımdan bir xeyli pul çıxarıb qadına verdim. Qadının gözləri işıqlandı. Əlimdən öpmək istədi. İmkan vermədim. Qadının yanından uzaqlaşdım. Hara getdiyimi də bilmirdim. Birdən… Ani qərarla Nərgizə zəng etdim:
-Nərgiz, dilənçi qadın burdadı. Dediyim ünvana gələ bilərsən ?
Telefonun o başında hiss etdim ki, Nərgiz də sevinir.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Əbasət Purhəsənin “Səndən sonra” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
SƏNDƏN SONRA
Qəlbimin ağrısı toxtamaq üçün,
Darıxmayacağam səndən ötəri.
Özümə toy tutub ögey şəhərdə,
Kefləndirəcəyəm bekef şəhəri.
Elə sevəcəyəm aldığım qızı,
Döyünə-döyünə giciyin gələ.
Verdiyim ürəyi qaytardığına,
Özünün özündən acığın gələ.
Yəqin gözlərindən damcı axacaq,
Bir vaxt həsrət idin bir damcıya sən!
O gün yaxşı olar dərinə getsən,
Bilərsən nə çəkdim dünənlərdə mən.
Dünənlər sovuşdu, bu gün sovuşur,
Dünənlər bu günə bəhanə imiş.
Qürurum qüruru, quru qürurun,
Bilmədim bu qürur səndə nə imiş?!
Nə deyim, bilmirəm, bəlkə də bir gün,
Yenidən doğuldum səni sevməyə.
Bilmirəm bəlkə də son dünyamızda,
Tanrı gəldi bizə kəbin kəsməyə.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“Barmaq izindən tanıyar əllərim yar əllərini” - Elvin İntiqamoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan gənc şair Elvin İntiqamoğlunun yeni şeirlərini təqdim edir.
HALALLIQ
Keçmişimlə hesablaşmaq vaxtıdı -
bu günəcən
heç kimi gözləmədiyim
yad məkanda
gözləmədiyim anda
bir zamanlar
halıma ağlayanları,
gülənləri gözləyirəm...
Açıq qapının ağzında
gedənlərlə halallaşıb
tək-tək yola salıram,
gələnləri gözləyirəm...
Mən burdayam -
cəhənnəmlə cənnətin
kəsişdiyi nöqtədə
sağ-salamat qalanları,
ölənləri gözləyirəm...
HAÇANSA...
Sağlam ol deyə-deyə
yaşatdın mənə həsrətin
tək səbirli illərini
Haçansa...
Uzaq qohumlar qədər
yaxın etmişdim sənə mən
qonşu bağın güllərini
Haçansa...
Bir toxunuş da bəsdi -
barmaq izindən tanıyar
əllərim yar əllərini
Haçansa...
Sən də xoşbəxt olarsan -
göyün mübarək əlləri
sığallayar tellərini
Haçansa...
QİYAMƏTDƏN ƏLAMƏT
Daş yağacaq başımıza:
Dünyanın yığdığı daşlar
ətəyindən düşəcək -
Gözündən düşməyənlər
ürəyindən düşəcək...
Od yağacaq başımıza:
Günahlar dönəcək külə,
yer yanacaq həmin gün -
Şeytan qır qazanından
bir qab alov çəkəcək
acından ölənlər üçün...
Qan yağacaq başımıza:
Şəhidlərlə mələklər
gözləri yaşlı-yaşlı
yaxamızdan tutacaq -
Şəhidlər qərənfilləri
əməl dəftərimizin
başdaşına atacaq...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Çarpayı”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Çarpayı” şeirinin növbəsidir.
Siz heç çarpayının edam kötüyü olduğunun fərqinə varmışdınızmı?
Bu ipək örtük altda
zolaqlı döşəyin
qırçın ləpələri var,
Neçə qadın kürəyinin
neçə qız ürəyinin
ləpirləri var...
Bu çarpayı hop-hop kimi
oxuya bilir,
Bu çarpayı
taksi sayğacıtək
saya bilir,
Qadınların ağırlığından
onların firavanlığını
duya bilir.
Bu çarpayı
qoşa ovuca bənzər,
dilənçi ovcuna,
Qadınlar pul kimi
atılırlar bura;
Çırpınırlar balıq kimi
polad torlarını qıra-qıra...
Balışın içindən
qarət olmuş toyuqların
libası hönkürür.
Çarpayıdan döşəməyə
ipək libas tökülür.
Divardan Cakonda gülümsünür
Çılpaq Afroditaların
yalançı hay-küyünə,
Bu çarpayı ağrı çəkir
deyinə-deyinə...
Cakonda qadına baxır,
Elə bil qəhqəhəylə güləcək;
Bu qadın hər şeydən xəbərsizdir,
İndi...
hər şeyi biləcək...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Novruz Aslan: “Bütün ömür, әslindә, özünüdәrk yoludur”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib bəstəkar Novruz Aslandır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.
“MAHNILARIMI İLHAM ANLARINDA BƏSTƏLƏYİRƏM”
Novruz Aslanov 1963-cü ildə Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. “Azərağackağız” Səhmdar Cəmiyyətinin prezidentidir. Biznes və sahibkarlıq məsələlərinə həsr olunmuş “Varlı olmaq istəyirsənsə”, cəmiyyət və mənəviyyat problemlərinə aid “Xeyir və şər” kitablarının müəllifidir. O, atası, mərhum şair və yazıçı Davud Aslanın yaradıcılığının naşiri və davamçısıdır. Novruz müəllimin çoxcəhətli fəaliyyətinin mühüm bir qolunu da bəstəkarlıq təşkil edir.
-Novruz müәllim, bәstәkarlıq fәaliyyәtinizә nә vaxtdan başlamısınız?
-Musiqini uşaqlıqdan çox sevirәm. Musiqi mәktәbinin qarmon şöbәsini bitirmişәm. İlk maһnımı bәstәlәyәndә 12, ilk maһnımı üzә çıxaranda isə 35 yaşım var idi. Yәqin sizә dә mәlumdur ki, әn gozәl maһnıların müәllifi olan Әlәkbər Tağıyev dә bir bәstəkar kimi 33 yaşdan sonra məşhurlaşmışdı.
-Deyilәnlәrә görә, Әlәkbәr Tağıyevi o vaxt Azәrbaycan Bәstәkarlar İttifaqının sәdri olan Qara Qarayev İttifaqa üzv qəbul etmirmiş ki, sәnin professional musiqi tәһsilin yoxdur.
-Belә bir mәşһur söz var ki, әn yaxşı һakim zamandır. Fakt budur ki, onun ölümündәn keçәn bu 20 ildә maһnıları daһa geniş yayılıb. Qara Qarayevin onun yaradıçılığını “qara tәbәqәnin” zövqünü oxşayan musiqi parçaları һesab etmәsinә gəlincә isә, görünür, sәһv etmәyәn yalnız Allaһdır, һәtta daһilәr dә sәһv edә bilәrlәr.
-Ümumiyyәtlә, bәstәkarların һәvәskar vә professional kateqoriyalar üzrə bölünmәsinә münasibәtiniz necәdir?
-Bu bölgüyә mәnim һeç bir etirazım yoxdur. Mәnim fikrimcә, bәstәkarlar üç qrupa bölünürlәr: һәvәskar bәstәkarlar, bәstәkarlar vә professional bәstәkarlar. Hәvәskar bәstәkarı professionaldan fәrqlәndirәn odur ki, һәvәskarın çörәyi musiqi bәstәlәmәkdәn çıxmır. Mәsәlәn, mәn özümü һәvәskar bәstәkar һesab edirәm, yəni ruһ yüksәkliyi duyanda, ilһam gәlәndә musiqi bәstәlәmәklә mәşğul oluram. Mәn öz maһnılarımı professional bәstәkarlardan fərqli olaraq müğənnilərə satmıram. Musiqi mәnim hobbimdir.
-Professional bәstәkar, sizcә, һansı xüsusiyyәtlәri ilә seçilir?
-Professional bәstәkar professional musiqi tәһsili alır, musiqinin һәm nәzәriyyəsi, һәm dә praktikası ilә mәşğul olur, gənc musiqiçilәr nәslini yetişdirir. Әn çox tәәssüf doğuran odur ki, bәzәn Xanım İsmayılqızı, Әntiqә Әlәkbәrova, Cabbar Musayev kimi bәstәkarları da sәһvәn “һәvәskar" adlandırırlar. Nazpәri Dostәliyevanın böyük mәһarәtlә ifa etdiyi “Nә olar, Allaһım, ayırma bizi" maһnısını Cabbar Musayev bәstəlәyib. Bәyәm belә bir maһnının müәllifini bәstәkar һesab etmәmәk olarmı? Bәzәn Rauf Mәmmәdovu һәvәskar bәstәkar adlandırırlar. Halbuki, onun maһnılarını Zeynәb xanım Türkiyәdә, Әrәbistanda oxuyub. Bizim xalq maһnılarımızı, tәsniflәrimizi, muğamlarımızı yaradanlar sözün müasir mәnasında һeç bir professional musiqi tәһsili almamışdılar. İndi onları “һәvəskar" adlandırmalıyıqmı? Hәr bir yeni yaranan musiqi әsəri bizim milli sәrvәtimizdir. Odur ki, hər yeni maһnının yaranmasına ancaq sevinmək olar.
-Maһnı necә yaranır?
-Mәn ancaq ilһam anlarında musiqi bәstәlәyirәm. Çox sevdiyim on yaşlı qardaşım oğlu dünyasını dәyişib, mәn onun xatirәsinә göz yaşları içindә maһnı һәsr etmişәm. Qızıma olan sevgim “Leyli“ maһnısında ifadә olunub. Heç vaxt sifarişlә musiqi bәstәlәmәmişәm. Mәn bununla, әlbәttә, yubileylәr, rәsmi tәntәnәlәr üçün sifarişlә yazılan musiqinin әһәmiyyәtini inkar etmirәm. Sadәcә olaraq, bu, mәnim yaradıcılıq tәbiәtimә uyğun deјil.
-Son vaxtlar televiziyada һәvәskar bәstәkar vә müğәnnilәrә qarşı 70-80-ci illәrdәki mәһdudiyyәtlәr lәğv olunub.
-Bunun әsas sәbәbkarı Nizami Xudiyevdir. O, ümumiyyәtlә, sәnәti başa düşәn alicәnab bir insandır. O, telestudiyanı sözün һәqiqi mәnasında bir cənnət bağçasına döndәrib, özü dә lap axırda öz kabinetini düzәltmәk şәrtilә. Amma tәәssüf ki, Nizami müәllimin bu xidmәti qarşılığında bәzilәri onu ironiјa ilә “bağban" adlandırırlar. Bәyәm, telestudiyanın tәmirinә sәrf olunan pul kiminsә cibinә dolsaydı, yaxşı olardı? Görürsәn deyәnlәr tapılır ki, niyә Heydәr Әliyevin adına çoxlu parklar salınıb? Parkı saldıran kimdirsә, onun da adını daşımalıdır. Burada qәribә nә var ki? Bir dә sevinmәkdәn ki, şәһәrdә yaşıllıq artır, başlayırlar dedi-qodu ilә mәşğul olmağa. Mәsәlәnin maһiyyәti qalır bir tәrәfdә, onun adını söz-söһbәt movzusuna çevirirlәr. Bizim Prezidentimiz әlindә Qarabağın xәritәsi bütün dünyanı gəzir. Bunları qiymətləndirməmək naşılıqdır.
-Hansı müğәnninin ifası sizi daһa çox qane edir?
-Sәnәtdә öz sözünü demiş müğәnnilәrdәn Zeynәb Xanlarova, Flora Kәrimova vә Elmira Rәһimovanın ifası daһa çox xoşuma gәlir. Amma arzu edәrdim ki, bütün gözәl müğәnnilәrimiz mәnim maһnılarımı alıb oxuyaydılar.
-Deyilәnlәrә görә, müğәnnilәrin çoxu sizi şәxsәn tanımırlar.
-Mәn özüm incәsәnәt alәmi ilә tәmasdan çәkinirәm. Çünki bu һәdsiz sayda söz-söhbətlərin, dedi-qoduların yaranmasına səbəb olur.
-Bəs, müğənnilərlə necə əlaqə saxlayırsınız?
-Çox vaxt telefonla. Ya da çox vaxt Reyһan Müslümova vә Xanım İsmayılqızı maһnılarımı müğәnnilәrә tәklif edirlәr.
-Nə kimi yaradıcılıq planlarınız var?
-Nisә Qasımova sentyabrda Moskvadan qayıdaçaq. O, mәnim maһnılarımdan ibarәt "Salam, ey әziz Vәtәn” adlı disk buraxacaq. Sonra müğәnnilәrdәn Nurlan Әzizbәyli vә Faiq Ağayevlә dә birgә iş planlarımız var.
-Gәnc müğәnnilәrdәn kimә üstünlük verirsiniz?
-Nurlan Әzizbәyliyә. Mәncә, o, gәlәcәkdә Azәrbaycan musiqi sәnәtinә böyük şöһrәt gәtirәcәk. Onun üzә çıxmasında Nailә Mirmәmmәdlinin böyük әməyi olub. Mәn istәyirәm ki, bu işdə mәnim dә rolum olsun, odur ki, onunla yaradıcılıq ünsiyyәtindә olmaq istәyirәm.
-Bir neçә il әvvәl bәstәkar kimi mәşһurlaşacağınızı tәsәvvür edirdinizmi?
-Mәn “Xeyir vә şәr” kitabında da yazmışam ki, һәr insan dünyaya bir mәqsәd üçün gəlir. Amma insan bunu yaşadıqca tәdricәn dәrk edir. Bütün ömür әslindә özünüdәrk yoludur. Mən әvvәlllәr öz һәyatımı indiki kimi tәsәvvür etmirdim. İllәr keçdikcә özümdə һansı cәһəti görürәmsә, onu reallaşdırmaq istәyirәm. Kim bilir, bәlkә bir ildәn sonra һeç musiqi bәstәləmәdim, tamam ayrı işlә mәşğul oldum.
-Hәyatdakı missiyanızı nәdә görürsünüz?
-Xeyirxahlıqda.
-Təsəvvür edin ki, sehrli xalçaya minib başqa planetə gedirsiniz. Bir daha geri qayıtmayacaqsınız. Sizə özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
-Bir çinar ağacı götürərdim?
-Nə üçün?
-Kölgəsində oturub, mahnılarımı bəstələmək üçün.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Yerdə gəzən göy adamı...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
https://youtu.be/8mI2Ti58p54?si=G4bvpr-zqGzArPu-
Bu gün yaratdığı obrazlardan başqa, şeir qiraətləriylə, şeirlərə bəstələdiyi və ifa etdiyi mahnılarla, səhnədə sazla olan ifalarıyla bir başqa sevilən, illər keçsə də zərifliyindən, gözəlliyindən heçnə itirməyən, Azərbaycanın teatr və kino aktirsası, Respublikanın xalq artisti, Prezident mükafatçısı Mehriban Zəkinin növbəti doğum gününü qeyd etdik.
Mehriban Mürvət qızı Zəki 1966-cı il 18 dekabrda Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakultəsini bitirib.
Müxtəlif illərdə "Yuğ" Dövlət Teatrında, "İBRUS" Teatrında və "Milli Akademik Dram" Teatrında fəaliyyət göstərib.
O, "Azərbaycanfilm" kinostudiyasının və digər kino şirkətlərinin istehsalı olan bir çox bədii filmlərə çəkilib. Jurnalist qız filmində Ümid, Otel otağı filmində Lətifə, Ailə filmində Elmira, Məkanın melodiyası filmində Gülya, Küçələrə su səpmişəm filmində Teybə, Əlvida, cənub şəhəri filmində Maya, Düyün filmində Nara, Yalançılar filmində Nərmin, Axınla aşağı filmimdə Leyla, İçəri-Şəhər filmində Səbinə, Əli və Nino filmimdə Sultan xanım obrazlarını yaradıb.
Çox gözəl səs tembrinə malik olan aktrisa bəzi filmlərdə mətn oxuyan və vokalçı kimi də çıxış etmişdir.
1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskovada və Bakıda keçirilən UNESCO-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.
Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına və müxtəlif vaxtlarda Prezident Mükafatına layiq görülüb.
O, həmçinin Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və incəsənət universitetində Aktyor sənəti və səhnə danışığı üzrə pedaqoji fəaliyyət göstərib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
14-cü hissə
Yenidən də sevmək olarmış
Sevgi nədir? Odur ki, səni sənin özündən alır, uzaqlara aparır. Heç özündə olmursan, əvvəlki səndən əsər-əlamət qalmır. Tam dəyişirsən, başqa birisi olursan. Yaşamağı daha çox sevir, həyata daha çox bağlanırsan, bütünrənglər əl-əlvan olur, bütün qoxular xoş rayihəli olur. Günəş əvvəlkindən də gur işıq saçır sanki. Sevgi ən maraqlı kitab, ən gözəl tablo, ən mənalı musiqidir.
Ülkər sevmişdi, sevginin dadını görmüşdü. Rüfətli günləri ömrünün ən xoşbəxt günləri olmuşdu. Amma qorxa-qorxa, hürkə-hürkə Rüfətlə ayaqüstü söhbətləri, bir ömür onun həsrəti ilə yaşamaq, kama çata bilməmək öz işini demişdi. Əlləri əllərinə dəyməmiş, dodaqları dodaqlarına toxunmamış, əsla maddi yaxınlıqsız bir yeniyetmə sevgisi olmuşdu bu sevgi. İndisə Rasimlə heç bir maneəsiz görüşürdülər, kinoya, teatra gedir, kafedə, restoranda əyləşir, bulvarı gəzirdilər.
Bulvar gəzintisi onları xüsusən xoşbəxt edirdi. Əl-ələ tutub uzun məsafə qət edirdilər. Avqustun bürküsündən sonra sentyabrın sərini, oktyabrın yağışlı-küləkli havası dəyişmişdi, onlarsa bu sevimli məşğuliyyətlərindən qopmaq fikrində deyildilər, bir hiss vardı ki, qışda da, sərt şaxtalarda da bura gələcək, əl-ələ verərək gəzəcək, ətrafı seyr edəcək, qağayılara simit yedirdəcəklər.
Ülkər əsla mahiyyətinə varmırdı ki, Rasim ondan beş yaş kiçikdir. Əsla mahiyyətinə varmırdı ki, Rasim subaydır. Rasimin özündən beş yaş böyük, yanı uşaqlı bir qadınla sevişdiyini ailəsi bilərkən nələrin baş verəcəyini əsla düşüncələrinə yaxın buraxmırdı. İçində yığılıb qalan sevgi hissləri korşalmışdı, onların yenidən itilənməsinə, parlamasına ehtiyacı var idi. Nəvazişə və əzizlənməyə, üstəlik tumara ehtiyacı vardı, bədən əzaları tam olaraq Rasimə təslim olmuşdu, onun adıcə toxunuşu ilə məst olurdu, həzdən dünyaya sığmırdı.
Bir dəfə bulvarı gəzəndə Nazəndə xanımla da rastlaşmışdılar, aqil insan özünü görməzliyə vurub yan keçmiş, Ülkər növbəti dəfə Aylini onunla görüşdürməyə gətirəndə bircə kəlmə “Ciddi məqsədləmi yaxınlıq edirsən o oğlanla, ailəmi quracaqsan?” deyə soruşmuşdu. Ülkər də bir-birini dəli kimi sevdiklərindən, evlənəcəklərindən, bəslədiyi hisslərdən, keçirdiyi həyəcandan, sevgi adlı qonağın tam hökmranlığındanuzun-uzadı bir hekayət söyləmişdi.
Nazəndə xanımla evlərində gəlin olarkən həmişə fikir mübadiləsi aparırdı. Tələbələrə filologiyadan dərs deyən bu qadın yüzlərcə bədii ədəbiyyat nümunəsi, fəlsəfi traktatlar oxumuşdu, əsl xəzinə idi. Onlar bəzən saatlarca qarşılarına iri fincanlarda çay qoyub söhbətləşərdilər, həyatın qayda-qanunlarını, insanlıq prinsiplərini, yaxşı ilə pisin, xeyirlə şərin amansız mübarizəsinin xırdalıqlarından bəhs edər, mütləq də sözü Madarın üzərinə gətirərdilər. Bəzən Nazəndə xanım etiraf edərdi ki, həyatında cəmi bir səhv buraxıb, o da Madarı düzgün tərbiyə etməməsidir. Nazəndə xanım həyat yoldaşı Ərəstunun sayəsində Madarın bu cür harın, düşüncəsiz, eqoist, qəlbsiz və vicdansız biri olmasını dilə gətirər, deyərdi ki, Ərəstun pulları uşağın başına səpib onu yolundan azdırmışdı, ana nə qədər müdaxilə etmək istəsə belə, ata “Tək balamın heç zaman xiffət çəkməsini qoymaram” deyə ananı geriyə itələmişdi.
Hətta atsı uşaqkən Madara deyərmiş ki, anana söy, sənə pul verim, o da söyər, pulunu alarmış. Guya bu, bir zarafat imiş, həqiqətən, Ərəstun bunu bir zarafat kimi edirdi, əslində isə uşaq xarakterini tərbiyəsizliyə və asan qazanc qazanmağa kökləmiş bir hal idi bu.
Nazəndə xanım söhbətlərində deyərdi ki, gələcək ailənin fundamenti kişi deyil, qadındır. Ailə düzgün qurulmursa, bir nəsil bədbəxt olur. Deyirdi, valideynlər heç vaxtqızlarını zorla ərə verməməlidirlər. İkrah hissiylə “Biznesmen Ərəstunla Qələndərov dedi, qurtardı” kəlmələri ilə Ülkəri də, hətta bəlkə Madarı da bədbəxt edən bu iki şəxsi o dünyada olsalar belə yamanlayırdı. Onlar bir dəfə nərd atanda, sonra yeyib-içəndə bu söhbəti salmış, dostluq tellərini möhkəmlətmək üçün iki gənci bədbəxt etmişdilər.
Nazəndə xanım deyirdi: “Bəlkə Madarın da öz istədiyi olubmuş, bəlkə sizi zorla evləndirəndə onun da könül yurdunu viran qoymuşuq? Sizlərə imkan verilsəydi, sərbəst seçim şansınız olsaydı, bəlkə hər ikiniz indi xoşbəxt idiniz...”
Ülkərsə Madarın əxlaqının bu hala çatmasını yalnız pulda görürdü, deyirdi ki, pul çox olanda adam məzə axtarır. Başından pul yağdıqca Madar kamilləşmək əvəzinə içkiyə, siqaretə, hətta narkotiklərə meyil salmış, əxlaqsız qadınlarla yataq bölüşmüşdü. Nəticəsi də bu cür olmuşdu.
Nazəndə xanım ürək ağrısı ilə Ülkərə söyləyirdi ki, qızların sənin kimi erkən ərə verilməsi, özü də rəyi soruşulmadan ərə verilməsi faciədir, deyirdi, mental qanunların buxovundan azad olmaq, qıza seçim azadlığı vermək lazımdır, ailədə qızın hüquqsuzluğuna son qoyulmalıdır mütləq. Deyirdi, Azərbaycanda savadlı, elmli, o cümlədən tam azad bir yeni nəsil formalaşmalıdır.
Rasimə Ülkərin meylinin ötəri olmadığını da duyurdu qadın. Deyirdi, qurban sənə, bir dəfə oxun daşa dəyib, ikinci dəfə bu, təkrarlansa, altını çəkmək sənə lap ağır olacaq, əminsənmi ki, o oğlan sonadək səni tərk etməyəcək? Soruşurdu, oğlanın ata-anası bu izdivaca razılıq verməsə, bəs nə edəcəksən, əvvəlcədən zəmanət almadan niyə onunla bu qədər yaxınlaşırsan?
Sevgi gözlərini kor, qulaqlarını kar, dilini lal etmişdi Ülkərin. “Rasim sonadək mənimlə olacaq” deyə təkrarlayır, ona özünə güvəndiyi kimi güvənirdi. Hətta Nazəndə xanım ondan icazə istəyəndə ki, qoy mən gedib o Rasimlə danışım, onun məqsədini öyrənim, buna qəzəblənmişdi də, qadını bu münasibətlərə qarışmamağa çağırmışdı.Hətta yersiz halda ona səsini də ucaltmışdı, onun bu insanlığını “Bəlkə oğluna görə bu canfəşanlığı eləyirsən, oğlunu xoşbəxt eləmədim deyə başqasını xoşbəxt eləməyimi qəbul edə bilmirsən” kimi yozub qadını göz yaşlarına qərq olmağa məcbur da etmişdi.
Ülkərin hədsiz şənliyini, özünə hey bəzək-düzək vurmasını, bəzən evə çox gec gəlməsini görən anası da məsələyə qarışmış, qızının görüşdüyünü eşidəndə qayğılanmış, “kimdir, nəçidir” suallarından sonra aldığı cavabdan mütəəssir olaraq hıçqırmışdı. Çünki özündən beş yaş kiçik olan subay oğlanın yanı uşaqlı bir qadınla evlənməsinə ailəsinin narazı olacağı qadının düşüncələrinə hakim kəsilmişdi.
“Başına dönüm, ağıllı qızım, bizi el içində xar eləmə, camaat bilsə ki, sən nişansız, kəbinsiz bir ana uşağı ilə gəzirsən, nə deyər? Sabah qardaşın eşidər, aləm bir-birinə dəyər” deyə anası xəbərdarlıq etmişdi. Amma Ülkər də əvvəlki Ülkər deyildi, anasına “Məni bir dəfə bədbəxt elədin, indi çəkil kənarda dur” söyləmiş, qardaşı haqda isə “Qələt eləyər Xəyal ki, mənə nəsə deyər” hökmünü vermişdi.
Oktyabrın yağışlı bir günüydü, Rasim onu evlərinə dəvət elədi, evdə kimsə yox idi.
Rasimin, sən demə, musiqi istedadı da var imiş, ionikasında bir mahnı ifa elədi:
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.
Sonra bir-birinə sarmaşdılar, Rasim onu yataq otağına çəkib apardı, ilk dəfə beləcə yataq bölüşdülər. Bir-birindən doymadılar, dalbadal bir neçə gün ardıcıl görüşdülər, birində hotel otağında, birində hətta Rasimin iş yerində, pasiyent kreslosunda.
Noyabrın çiskinli bir günündə Ülkər Rasimdən növbəti dəfə münasibətlərini rəsmiləşdirməyi xahiş etdi və onu sevindirəcəyini zənn etdiyi bir xəbəri söylədi, dedi, səndən uşağa qalmışam. Amma bu xəbər Rasimi açmadı, dedi:
-- Mən indi buna hazır deyiləm, evdə ailəmizdə problemlər var, atam kredit götürüb, ödəyə bilmir, hər gün söz-söhbətdir. Onlara evlənmək istədiyimi desəm, razılaşmayacaqlar, uşaq məsələsini qəti qəbul etməyəcəklər. Azacıq səbir eləyək.
Ülkər hiss etdi ki, qanadları qırılıb yanına düşdü. Rasimin sevinəcəyini, onu öpüb bağrına basacağını düşünürdü, bu cür qorxaqlıq və acizlik göstərəcəyini əsla gözləmirdi. Amma sevirdi axı, sonradan sevgilisini yamanlamaq hissləri təəssübkeşliklə əvəzləndi, hətta kaş ki, maddi imkanım yaxşı olaydı, ona yardım göstərəydim kimi fikirlər də keçdi beynindən.
Qadın üçün ən ağır şey bətnindəki körpəsini tələf etməsidir. Bu, cinayətdir. Ani bir ehtirasdan, sonu düşünülməmiş bir yaxınlıqdan sonra dünyaya gəlmək amacında olan bir canlının məhvinə qərar vermək cinayət deyilmi? Bəlkə də o, öz Elvinini tələf edirdi. Bu fikirdən dəhşətə gəldi, amma nə edə bilərdi ki, Rasim uşağa yaxın durmurdusa, kəbin kəsdirməyi uzadırdısa, bic övlad kimi dünyaya övladmı gətirmək olardı? Bura Avropa, Amerika deyildi, bura Azərbaycan idi, el tənəsinə, el nifrətinə tuş gəlib necə duruş gətirə bilərdi axı?
Aborta getdiyi gün göz yaşlarına əsla hakim ola bilmədi.
Rasim onun qayğısına qalır, qan itirdiyinə görə şokolad yedirdirdi. Amma Ülkər heç cür özünə gələ bilmirdi.
Abortdan sonra bir müddət hər gecə ağladı, yuxusuna qan içində çabalayan oğlan uşağı girdi.
Sanki zəncirvari bir silsilə idi, səhv səhv gətirirdi. Bəlkə də insan büdrəyəndə ehtiyatlanmalıdır ki, sonradan yıxılmasın. Bəlkə də yıxılanda durmağa ehtiyatlanmalıdır ki, birdən yenidən yıxılaram. Amma yıxılıb-durmağa heç bir halda alışmaq olmaz. Bu, insanı səhvlərə öyrəncəli edir.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)


