
Super User
95 saylı məktəbdə “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib
Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon 95 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir təşkil edilib.
Baş İdarədən bildirilib ki, tədbirdə AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, qiraətçi Xəzər Süleymanlı, AMEA kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı, ADNSU-nun dosenti Vəfa Abbasova, Vətən müharibəsi veteranı, tarzən Fərid Atazadə, gənc xanəndə Həmzə Həsənov, Cəbrayıl rayon Böyük Mərcanlı kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin aparıcısı Təranə Quliyeva bildirib ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə də, repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilib.
Sonra Baba Vəziroğlu qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük müharibədə torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Bu gün ana dilimiz vüsalına yetişdiyimiz Qarabağımızda səslənir və daim səslənəcək.
Tədbirdə çıxış edən ziyalılar dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğu bildiriblər.
Daha sonra şeirlər oxunub, mahnılar ifa olunub.
Qarabağ – tarixi-mədəni irsimizdən” kitabının təqdimatı olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı kitabın təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov kitabın gözəl diyarımız olan Qarabağın dünya miqyasında tanınmasında xüsusi rol oynayacağını deyib: “Kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ən qədim və zəngin tarixə malik olan ilk insan məskənlərindən biri olan Qarabağın tarixini, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq, dulusçuluq, milli geyimləri, bədii metal və zinət əşyaları haqqında ətraflı və dərin məlumatlar yer alıb. Qarabağın tarixi zəngin mənbələr əsasında tədqiq olunduqca “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar üzə çıxıb. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir. Əminəm ki, bu kitab alim, tarixçi və xüsusilə, gənc nəslin maarifləndirilməsində əhəmiyyətli yer tutacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək qeyd edib ki, nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan bu kitabla Azərbaycan Qarabağşünaslığı daha da zənginləşəcək. Bildirilib ki, kitabda Qarabağın xristian və İslam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb.
Daha sonra kitabın müəllifləri, tarix elmləri doktoru Vəfa Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva, eləcə də professorlar Qafar Cəbiyev, dosentlər Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd çıxış edərək kitab haqqında öz təəssüratlarını bölüşüblər.
Çıxışçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi hazırlanan və nəşr olunan bu kitabın mühüm əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.
Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur. Kitabda, həmçinin ilk insan məskənlərindən biri kimi Qarabağın adı çəkilir və onun tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.
Tarixi əsərdə insan həyatında önəmli faktor olan pulaqədərki mübadilə vasitələrinin növləri, eynilə ərazidə yaşayan yerli tayfaların digər xalqlarla iqtisadi-mədəni münasibətlərinin inkişafı haqqında məlumat verilib.
Kitabda Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunub.
Qeyd edək ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı nəfis əsərdə, həmçinin 44 günlük haqq savaşımızın təfərrüatları da əks olunub və bu əsər erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqının mədəni irsinə edilən soyqırımına qarşı bir cavabdır və mədəni irsin bərpası istiqamətində yardımçı vəsait ola bilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsviri incəsənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsviri incəsənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməkdədir. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər sırasında rəssamlarla görüşlərin təşkili prioritet məsələlərdəndir.
Bununla bağlı, 18 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva və həmin şöbənin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə Xalq rəssamı Cəlil Hüseynov, rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanalarını ziyarət ediblər.
Nəzərinizə çatdırırıq ki, 8 aprel 2022-ci il tarixində Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş "Ağ kölgə" adlı fərdi sərgi təşkil ediləcəkdir. Görüş zamanı sərginin təşkili ilə bağlı bir sıra məsələ ətrafında fikir mübadiləsi aparılmış, emalatxananın fəaliyyəti ilə bağlı müzakirələr edilmişdir.
Daha sonra rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanaları ziyarət edilmiş, rəssamların gələcəkdə fərdi sərgilərinin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
Bildiririk ki, bu kimi görüşlərin keçirilməsi planlı şəkildə davam etdiriləcək, rəssamların istəkləri nəzərə alınaraq daim diqqətdə saxlanılacaqdır.
“Şuşa mədəniyyətinin inciləri” layihəsi üzrə növbəti təqdimat Vaqifin məqbərəsinə həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələrə dair təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimat Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də sovet Azərbaycanına rəhbərlik edən xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məhz bu səfər çərçivəsində ulu öndər lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib, və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilib.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb, Azərbaycanın qülləvarı türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu.
1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Ötən il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Mustafa Sandal özündən 19 yaş gənc qızla nişanlanıb
Bu həftəsonunun Türkiyədə nömrə bir xəbəri Mustafa Sandalla bağlı olub.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən xəbər verir ki, öz sosial şəbəkə akkauntlarında məşhur müğənni Mustafa Sandal sevgilisi Melis Sağarkı ilə nişanlandığını elan edib və bildirib ki, nişanlısı ondan 19 yaş gəncdir.
İnstagramda bu anları paylaşaraq
ünlü müğənni “İndi o mənim nişanlımdır, amma o, mənim bundan sonra həyat üçün sevgilim olacaq" yazıb.
Təntənəli mərasimdə Mustafa Sandalın geydiyi paltar sosial şəbəkələrdə gündəmə də düşüb.
Nikah yolunda ilk addım atan Mustafa Sandalın mərasimə idman maykasında qatılması təəccüb doğurub.
Rəsm qalereyası: Sakit Məmmədov, “Klounlar”
Günün fotosu: Ottavadakı antihökümət mitinqi dağıdılıb
Günün fotosu:
Ottavadakı antihökümət mitinqi dağıdılıb
Yüzlərlə ottavalının qoşulduğu və bir neçə gün davam etmiş antihökumət mitinqi dağıdılıb. Onlarca fəal həbs olunub.
Foto: Euronews
ANONS: Amerikada və Avropada casusluq etmiş rus Andrey Bezrukovun dünyanı lərzəyə salan “Netvorkinq” kitabından seçmələrlə tezliklə portalımızda tanış olacaqsınız.
ANONS: Amerikada və Avropada casusluq etmiş rus Andrey Bezrukovun dünyanı lərzəyə salan “Netvorkinq” kitabından seçmələrlə tezliklə portalımızda tanış olacaqsınız.
İsveç təkcə Nobel mükafatı vermir ki
Danimarkalı yazıçı Naya Mari Eyt İsveç Elmlər Akademiyasının Şimal Mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, yazıçının layiq görüldüyü Şimal mükafatı İsveçin bədii ədəbiyyat sahəsində ən böyük mükafatı sayılır. Bu həm də İsveç Elmlər Akademiyasının Nobel mükafatından sonra ən vacib mükafatı olması ilə məşhurdur.
"Mənim üçün fərqli bir dildə müəllifliyimin bu cür mühüm və xüsusi mükafatla tanınması çox vacibdir”, - deyə Naya Mari Eyt bildirib.
Mükafatın məbləği 400 min İsveç kronu (təqribən 42 min 575 ABŞ dolları) təşkil edir və o, yazıçıya yaxın aylarda təqdim olunacaq.
Qeyd edək ki, Naya Mari Eyt 1991-ci ildə yazıçı qismində debüt edib və çoxlu sayda şeir və hekayə kitablarının müəllifidir. 2017-ci ildə yazıçının oğlunun faciəvi ölümü ilə bağlı yazdığı “Ölüm səndən bir şey götürəndə, geri ver” kitabı böyük marağa səbəb olmuşdu və mükafata layiq görülmüşdü.
Bu gün Heydər Əliyev Sarayında şanson gecəsi olacaq
Bu gen, fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış şanson müğənni Cəlal Abbasovun solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək.
Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.
Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının (“Vostoçnıy Bazar”, “Türksoy”, “Qulyay duşa”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir.
Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox Azərbaycan, rus, ingilis, italyan və başqa dillərdə ifalar vardır.