
Super User
Günün fotosu: Avrokomissiya ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,4 milyard avro ayırır
Avrokomissiya ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,4 milyard avro ayırır ki, bu pul da qaçqınların sağlamlığına, yaşayışına, əmək fəaliyyətinə, təhsilinə, uşaqlara qayğıya xərclənəcək.
Bu arada Euronews-un yayımladığı bu foto ürək dağlayır. Ukraynalı uşaqlar rahat evlərindən, dostlarından, məktəblərindən, bəziləri valideyinlərindən ayrılıb naməlumluğa gedirlər. Budurmu sizin insanlığınız, ey prezidentlərinin şizofreniyasına insanlığı qurban verən ruslar?
Yeva Lindström 2022-ci il üzrə Astrid Lindqren mükafatının sahibi olub
“Balaca və damda yaşayan Karlson” kitabını oxumasanız belə çoxlarınız eyniadlı cizgi filmini görüb. “Uzincorab Peppi”ni də həmçinin. Bunlar məşhur İsveç yazıçısı Astrid Lindqrenin qələmindən çıxan dünya bestsellerləridir. O Astrid Lindqrenin ki, xatirəsinə beynəlxalq mükafat təsis edilib və bu mükafat hər il uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilir.
“Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir ki, İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ilin yanvarında yazıçının ölümündən sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhunu əks etdirməlidir. Mükafat fondu böyükdür - 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük mükafatdır.
Mükafatın münsiflər heyəti Mədəniyyət üzrə Milli Şura tərəfindən formalaşdırılır, onun tərkibinə yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər, kitabxanaçılar daxil olur.
Ötən gün 2022-ci il üzrə mükafat öz sahibinə çatıb, bu, isveçli müəllif və rəssam-illüstrator Yeva Lindström olub.
Yeva Lindström 1952-ci ildə Vesterosda doğulub. 1969- 1974-cü illərdə Stokholmda Konstfak rəssamlıq kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. O özünün “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Lindströmün bənzərsiz yumoristik üslubu həm mətnlərdə, həm də şəkillərdə hiss olunur.
Lindströmün qalibiyyəti heç də asan başa gəlməyib, 2022-ci ilin laureatı mükafata iddiaçıların siyahısındakı 71 ölkədən 262 namizədi qabaqlamağı bacarıb.
Qeyd edək ki, ötən 2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız hekayəçisi Jan-Klod Murleva olub.
“Fade to black” bizi qaranlıqda itirməyəcək ki?
Xəbər verdiyimiz kimi, “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı seçilib. Ölkəmizi təmsil edəcək Nadir Rüstəmli “Fade to black” (Qaranlıqda itirik) mahnısını ifa edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təmsilçimizin çıxışının daha effektiv olması düşüncəsi ilə təşkilatçılar mahnı seçimində xarici mahnıya üstünlük vermişlər. Mahnı dörd əcnəbi bəstəkar - Thomas Stengaard, Andreas Stone, Sebastian Schub və Anderz Wrethov tərəfindən bəstələnmişdir.
Mahnının sözlərinə ingilis dilindən dilimizə sətri tərcümədə diqqət edək:
1.
Qal
Hekayə çətinliklə başladı
Qala bilməzsənmi ?
Həqiqətən bunun bir hissəsi olmaq istəmirsən?
Oh çox şirin xəyallardır
Qapıdan yavaşca geri çəkilirsən
Həmişə gedib havanı günahlandırırsan,
Havanı.
Nəqarət:
Sevginin açdığı yara
Çox tez ağrıyır
Sonuna qədər
Qaranlıqda itirik.
Mən isə hissizləşirəm hissizləşirəm,
Hissizləşirəm hissizləşirəm.
2.
Gözlə
Bunu düzəltmək üçün mənə bir az vaxt lazımdır, gözləmirsən?
Bunu əldən verə bilmərik
Qapıdan yavaşca geri çəkilirsən
Həmişə gedib havanı günahlandırırsan,
Havanı.
Nəqarət:
Sevginin açdığı yara
Çox tez ağrıyır
Sonuna qədər
Qaranlıqda itirik.
Mən isə hissizləşirəm hissizləşirəm,
Hissizləşirəm hissizləşirəm.
3.
Biz xatirələrdə yaşayırıq
Bu bədəli ödəyirəm
Qaranlıqda itirik
Qaranlıqda itirik
Biz xatirələrdə yaşayırıq
Bu bədəli ödəyirəm
(Qaranlıqda itirik)
(Qaranlıqda itirik)
(Xatirələrdə yaşayırıq)
Ooh ooh ooh
(Bu bədəli ödəyirəm) ah ah.
Nəqarət:
Sevginin açdığı yara
Çox tez ağrıyır,
Sonuna qədər
Qaranlıqda itirik.
Mahnı ritmik, xüsusi effektlərlə zənginləşmiş, oynaq və diqqətçəkəndir. Amma 1-ci olmağa layiqdirmi? Bu sayaq “diringi” mahnıları öz milli musiqimizdən seçə bilməzdik yəni? Hər halda, xarici bəstəkarlara konfet kağızı
deyil, külli miqdarda pul verilir axı.
Bu arada onu da deyək ki, Thomas Stengaard və Andreas Stone
bundan öncə də Avroviziya finalı üçün və Avroviziya milli finalları üçün mahnılar ərsəyə gətirmişlər. 2013-cü ildə debütləri uğurlu alınmış, mahnıları 1-ci olmuşdur, sonrakı illərdə hətta 25-ci yer tutan mahnıya da müəlliflik etmişlər.
Statistikaya diqqət edək:
Only Teardrops – Emmelie de Forest – Danimarka 2013 (1-ci yer)
You Let Me Walk Alone – Michael Schulte – Almaniya 2018 (4-cü yer)
Too Late For Love – John Lundvik – İsveç 2019 (5-ci yer)
El Diablo – Elena Tsagrinou – Kipr 2021 (16-cı yer)
Adrenalina – Senhit – San Marino 2021 (22-ci yer)
Sister – S!sters – Almaniya 2019 (25-ci yer)
Death of Us – Elsie Bay – Norveç milli finalı 2022 (4-cü yer)
Hero – Raylee – Norveç milli finalı 2021 (6-cı yer).
Gözləyək, görək “Fade to black” bizi qaranlıqda itirməyəcək ki?
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.
Şimali Kiprdə Novruz mərasimi necə keçirilib? - Lefkoşadan aldığımız məlumat
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Şimali Kiprin Girnə Amerika Universitetinin (GAU) dəstəyi ilə GAU-da təntənəli Novruz bayramı mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının AKDC-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Novruz tonqalı yandırılıb.
Mərasimin açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu türk xalqlarının ən qədim bayramı olan Novruz ənənələrinin milli dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.
Sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxış ediblər.
Çıxışçılar Novruz bayramının əhəmiyyətindən danışıblar, vurğulanıb ki, dostluq, qardaşlıq, sülh və səmimiyyət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanları sevindirəcək.
Ən maraqlı Novruz ayinləri icra olunub, yumurta döyüşdürülüb, dəmir döyülüb. Novruz bayramı tədbiri musiqili-əyləncəli hissə ilə davam edib. Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimova zəngin ifaları ilə iştirakçıların bayram ovqatını daha da yüksəldib.
Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyə Respublikasının Lefkoşa səfiri Əli Murad Başçəri və digər görkəmli simalar iştirak ediblər.
“Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq sənətçilərin adları açıqlanıb
“Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq sənətçilərin adları açıqlanıb.
Türkiyə mediası xəbər verir ki, “Ən yaxşı musiqi” kateqoriyasında yarışan Beyonce və Billie Eilish mərasimdə iştirak edənlər sırasındadır. Qeyd edək ki, Sebastian Yatra ve Reba McEntire kimi sənətçilər də səhnəyə çıxacaqlar.
Mükafatlandırma mərasimi martın 28-i Dolbi Teatrında keçiriləcək.
Sofiya şəhərində “Arşın mal alan” operettasının bolqar dilində premyerası keçirilib
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAC-a bildiriblər ki, operettanın bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət və ictimai-siyasi nümayəndələri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, həmçinin diaspor əməkdaşları iştirak ediblər.
Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Rusiya prezidenti böyük səhv edib” - Bu saatda Brüsseldə NATO-nun sammiti keçirilir.
Brüsseldə NATO-nun təcili sammiti keçirilir və orada Rusiyanın Ukrayna ərazisinə soxulmasına cavab olaraq gələcək tədbirlər müzakirə olunur. Sammitdə NATO ölkələrinin rəhbərləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, görüş başlamazdan əvvəl alyansın baş katibi Yens Stoltenberq mediaya bəyan edib ki, hərbi-siyasi blok bu gün sononilliklərdə ən ciddi təhlükəsizlik böhranı ilə üzləşib.
"Rusiya prezidenti böyük səhv edib, müstəqil və suveren dövlətə qarşı müharibəyə başlayıb. O, Ukrayna xalqının gücünü, Ukrayna xalqının cəsarətini lazımınca qiymətləndirməyib", - deyə Stoltenberq bildirib.
NATO-nun baş katibi bir daha vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukraynaya qoşun göndərməyəcək və səmanı bağlamayacaq: "Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsi o deməkdir ki, biz onu qurmalıyıq, o deməkdir ki, biz Rusiya, Belarus və Ukrayna səmasında hava hücumlarına qarşı kütləvi əks hücum aparmalı olacağıq, həmçinin Rusiya təyyarələrini vurmağa hazır olmalıyıq, onda NATO ölkələri ilə Rusiya arasında genişmiqyaslı müharibə riski çox yüksək olacaq və bu da böyük ölümlərə və dağıntılara səbəb olacaq".
Stoltenberq kimyəvi silahdan istənilən istifadənin münaqişənin təbiətini köklü şəkildə dəyişəcəyini və ağır nəticələrə gətirib çıxaracağını da bildirib.
Sammit bu saatlarda davam edir.
Ən çox oxunan xəbər “Ərzaq böhranı” barədə xəbərdarlıqdır
“Dünya ərzaq böhranı ilə üzləşmə riski yaşayır. Ərzaq məhsullarının qiymətlərinin artımı qaçılmazdır. Milyonlarla insanın aclıq təhlükəsi var.”
Bu manşetlər ötən gün dünya mediasında cövlan edib.
“Ədəbiyyat və incəsənət” portalı
Euronews-a istinadən məlumat verir ki, bunun səbəbi kənd təsərrüfatı bitkilərinin, xüsusən taxılın əsas dünya tədarükçülərindən biri sayılan Ukraynada gedən hərbi əməliyyatlardır.
“Rusiya artilleriyasının atəşi altında tarlaları necə əkə bilərik?"- bu yaxınlarda ölkə prezidenti Vladimir Zelenskinin dilindən belə bir sual səslənib.
Ukraynanın aqrar siyasət naziri Avropa Parlamentinin deputatları qarşısında ərzaq təhlükəsizliyi probleminin mahiyyətini açıqlayıb.
Roman Leşşenko, Ukraynanın aqrar siyasət və ərzaq naziri: "Məhsulun çatdırılmasının əsas kanalları bizim dəniz limanlarımız idi. Hazırda onlar ya qismən, ya da tamamilə dağıdılıb. Bir neçə saat əvvəl Rusiya Silahlı Qüvvələri Nikolayev taxıl terminalını darmadağın etdi. Böyük anbar avadanlıqları - hamısı məhv edilib".
Buğdanın qiymətləri, eləcə də günəbaxan yağı son günlərdə rekord səviyyəyə çatıb.
Rusiya və Ukraynadan taxıl tədarükündən ən azı əlli ölkə birbaşa asılıdır, lakin daha çox inkişaf etməkdə olan regionlar - Şimali Afrika, Asiya və Yaxın Şərq asılıdır.
Ən ağrılısı isə qiymət artımının məhz yoxsul dövlətlərə zərbə vurmasıdır. Onların bir çoxu hələ də pandemiyanın yaratdığı və iqlim dəyişikliyi problemi ilə daha da dərinləşən ciddi maliyyə çətinliklərində yaşayırlar. Ukraynadakı hərbi münaqişə üzündən ərzaq böhranı təhlükəsi iqtisadi cəhətdən ən zəif ölkələr üçün tam reallaşıb.
Müharibənin 4-cü həftəsinin acı nəticəsi belədir. Kremlin işğalçılıq siyasəti bütün dünya üçün təhlükə yaratmaqdadır.
Adamyeyən Vera Petrovna
Ukrayna yazıçılarının “Yazıçılar internet məkanında” adlanan sosial media platformasında şair Dmitriy Kolomenskinin “Vera Petrovna” adlı şeiri dərc edilib.
Əlbəttə, şairin yaratdığı obraz bizə çox tanış gəlir, şeirə aid karikaturada isə simaca da onu kiməsə oxşadırıq. Qadın obrazlı bu kişini kim tanımır ki? Bəs niyə
qadın obrazı? Çünki o, tək özünü yox, bütün ölkəni təmsil edir, ölkə isə rus qrammatikasında qadın cinsinə aiddir.
“Ədəbiyyat və incəsənət” portalı üçün şeiri Məhbub Ələsgərli sətri tərcümə edib.
Tanış olun,
bu Vera Petrovnadır,
O adamyeyəndir.
Özü də o,
deməyin ki, adamları
nahara bişirib yeyir.
Ya da, deməyin ki, onları
gecə gizlincə ovlayır,
Köpək dişlərinə çəkir,
Sümüklərindən də gübrə kimi
bağ-bostan əkir.
Yox ki yox!
Vera Petrovna fərqli birisidir,
insan əti yemək tərzi də
tam fərqlidir.
Bu qadın qanqal kimi böyüyür,
Qərb küləyi əsəndə
şərqə əyilir,
şərq küləyi əsəndə - qərbə.
Elə ki böyük, ya kiçik rəislər
Kütləvi çıxışlarında sülhdən,
xoşbəxtlikdən dəm vururlar,
Bax onda Vera Petrovnaya
sanki xüsusi siqnal ötürülür.
Bu zaman onun kürəkləri enliləşir,
gözündə qırmızı işıq yanır.
Üst-üstə qalaqlanır
milli, sinfi nifrət,
dini həqarət.
Qızlıq qüruru da
lap ayaqda dayanır.
Və o, başlayır yeməkçün
adam axtarmağa.
Düşmən baxış, zəhərli dil,
xoşagəlməz burun görəndə
Genişqəlbli Vera Petrovna
donos yazır,
qəbir qazır.
Qələmini itiləyib məqaləyə də keçir.
Məqaləsinə belə bir ad da seçir:
“Rusiyanın ayağa qalxmasına
və cənnətdə yaşamasına
mane olan siyasi cəhətdən
zərərli elementlərin adlarının
tam külliyyatı…”
Qarışdırır bir-birinə
Publisistikayla ədəbiyyatı.
Doyunca ət yemək üçünsə
Polisə, prokurorluğa, məhkəməyə
işə düzəlir.
Orda ət də təzədir,
təchizat da fasiləsizdir,
hər şey də əqillə hesablanır.
Və ümumən,
kollektivdə qidalanmaq
tək qidalanmaqdan
daha öndə dayanır.
İstənilən ölkədə, istənilən əsrdə
bu cür “mətbəxə” aid
çoxlu nümunələr olub.
İnsan ətini daha dadlı edən souslar
İnsan əti yeməyin ən uyğun zamanlarında
Normativlərə yazılıb.
Beş dəqiqəndən keç,
Bəyən və seç.
Lakin qəfildən zaman dəyişir,
Rəislər əmrlərini ləğv edirlər.
Vera Petrovna məyusluqla
çiyinlərini çəkir,
qırmızı gözü maviyə dəyişilir.
Nifrət və qəzəb dolu baxışları ilə
O adiləşir, adi adama dönür.
Elə bil arzuları da qəfil sönür.
Və bir gün də biz,
Onunla eyni avtobusda
yanaşı oturub gedirik,
Uzun yolu söhbətimizlə
yarı edirik.
Ki, bu il kartof yaxşı məhsul vermədi,
Ki, soğan məhsuldar oldu.
Ki, qış sərt keçdi,
Ki, bahar mülayimliklə doldu…
Birdən Vera Petrovna içini çəkir,
“Ət də yaman bahalaşıb”, - söyləyir.
Gözünü döyür, ağzını əyir.
Sonra hərisliklə
baxır mənim bədənimə.
Sanki baxışları deyir:
“Bu hissədən bozartma çıxar,
Bu hissədən qızartma.”
Adi insan beləmi olar?
İçinə bunca vəhşilikmi dolar?
“Gündüz çıraqla da
ət tapa bilmirəm”-
şikayətlənir bu kəs,
Ağzı sulanır,
xəyalən ətimi basıb yeyir nakəs.
Qışqırsam da,
sürücüyə səslənsəm də,
avtobus dayanmır.
Pəncərədən dibsiz çöllər bozarır.
Vera Petrovnanınsa mavi gözləri
hey qızarır, qızarır.
Günün fotosu: Çubays İstanbul aeroportunda fotokameraya tuş gəlib
Günün fotosu: Çubays İstanbul aeroportunda fotokameraya tuş gəlib
Ötən gün Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoliy Çubaysın istefa verərək Rusiyanı tərk etməsi və həyat yoldaşı ilə birgə İstanbula getməsi xəbəri bomba kimi partlayıb.
Xəbəri ilk olaraq Blumberq və Röyters agentlikləri yaymışdılar, sonradan Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləmişdir.
Peskov Çubaysın ölkədən gedib getmədiyinə aydınlıq gətirməmişdir. Amma bu arada BBC Çubaysın “Kommersant” qəzetində dərc edilmiş İstanbil aeroportunda çəkilmiş fotosunu yayımlamışdır.
Demək, Çubays - Putinin apardığı işğalçı müharibəyə ilk etiraz edən yüksək ranqlı məmur kimi tarixə düşəcək.