Super User

Super User

 

Söhbət Özbəkistandan gedir. Dekabrın 9-da Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinın açılışı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Özbəkistan Mədəniyyət Nazirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.

Daşkənd Dövlət Pedaqoji Universitetin mərkəzi foyesində nümayiş etdiriləcək sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə aid tarixi xəritələrinin surətləri nümayiş etdiriləcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Toplantısı çərçivəsində Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu və Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən Türkistanın unikal xəritələri və tarixi fotoşəkillərinin də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində nümayişi nəzərdə tutulub. Bu xəritələr məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edilmiş və türk xalqlarının tarixini və yayılmasını əks etdirir.

Türkistan və Qafqazlara dair tarixi xəritələrin sərgisinin keçirilməsi barədə təklif Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla keçirilən görüş zamanı irəli sürüb. Görüşdə Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən “Yustinian hakimiyyətinin sonlarına doğru Avropa” (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Samir Abbasov görüş zamanı xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyanın bir sıra muzeylərində yanlış xəritələrin sərgiləndiyini bildirib. O, regiona dair saxtalaşdırılmamış və həqiqəti əks etdirən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Əhməd Cavadın 130 illiyi musiqi axşamı ilə anılıb. Günün ilk xəbəri bu barədədir. 

 

Dünən axşam saatlarında Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə musiqi axşamı keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley tədbirində AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblı çıxış edib.

Görkəmli ədibin nəticəsi Cavad Axundzadə Əhməd Cavad və Şükriyyə xanımla bağlı fikirlərini bölüşərək deyib: “Ulu babam Əhməd Cavadın adını daşımaq mənim üçün şərəfdir. O adı mənə Əhməd Cavadın acı taleyi ilə bölüşmüş yoldaşı Şükriyyə xanım verib və mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm”.

Bildirib ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən Əhməd Cavad “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün türk dünyasının birlik simvoluna çevrilib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin himninin sözləri də ulu babası tərəfindən yazılıb.

Cavad Axundzadə tədbirin təşkilinə görə BMM-in rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsi Zivər Ağayevanın sözlərinə bəstələnmiş “Yaşa, mənim xalqım” mahnı ilə başlayıb. Musiqi axşamında Əhməd Cavadın yazdığı şeirlər və şeirlərinə bəstələnən mahnılarla davam edib.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Zalda şəhərimizin qonaqları, müxtəlif səfirliklərin əməkdaşları da var idi, şagird və tələbələr də çox idi. Əlbəttə ki, ingilis dilində tamaşaya baxmaq onlara maraqlı idi.

 

Mədəniyyət Nazirliyinin yeni layihəsi olan “Anamın kitabı” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanmış tamaşada əsas məqsəd ana dilimizin təbliğatı istiqamətinə yönəlib. 

Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, ana övladları ilə mübarizəyə başlayır. 

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə və rejissor Zaur Əliyevə aiddir. 

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dekabr repertuarını tamaşaçılara təqdim edirik. 

 

Beləliklə, dekabrın 9, 10, 11–də teatrın səhnəsində “Xurşidbanu Natəvan”, 16-da isə “Qətibə İnanc” tamaşaları nümayiş olunacaq. 

Həmçinin dekabrın 17-də “Qürbətdən gələn məktublar”, 18-də “Ah, bu uzun sevda yolu” tamaşaları göstəriləcək.

Sənət ocağı hər zaman olduğu kimi, bu dəfə də dekabrın 24, 25, 27, 28, 29, 30 və 31- də Yeni il şənlikləri ilə balacaları sevindirəcək.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının dekabr ayı üçün nəzərdə tutulan repertuarı ilə tanış olun:

 

2 dekabr – “Qoğal”

3 dekabr – “Qar kraliçası”, “Şəngülüm, Məngülüm”

4 dekabr – “Göyçək Fatma”

9 dekabr – “Oyaq gözəl”

10 dekabr – “Məlikməmməd”

11 dekabr – “Karlson”

16 dekabr – “Maşa və Ayı”

17 dekabr – “Durna balığı”

18 dekabr – “Ağca və 7 cırtdan”, “Çipollino”

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

23 dekabr – “Əlibaba və 40 quldur”

24 dekabr – “Ağ babanın nağılı”

25 dekabr – “Qırmızıpapaq”

30-31 dekabr - “Qar kraliçasının Yeni il sərgüzəştləri”

Çərşənbə, 30 Noyabr 2022 14:30

ANONS: Netflix plagiatda günahlandırılır

 

Braziliyadan olan bir yazıçı Netflix-i “1899” serialında müəllif hüquqlarını pozmaqda günahlandırır. 

Yazısı tezliklə “Ədəbiyyat və incəsənət” portalında.

 

Xalq artisti Vaqif Mustafayevin Vətən müharibəsindən bəhs etdiyi “Həyat, deyəsən, gözəldir” filminin işçi materialı yayılıb. Bu isə, bildiyiniz kimi cinayətə bərabər bir haldır. 

 

Ötən gün bununla bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda bu istiqamətdə araşdırma gedir.

“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, sözügedən  mövzu ilə bağlı “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və material şəbəkədən sildirilib. 

 

“Amma həmin pirat nüsxənin ilk olaraq kim və ya kimlər tərəfindən yayıldığı məlum deyil, bu istiqamətdə işlər aparılır. İstənilən halda, bu, əməyə hörmətsizlikdir. Əgər bu istiqamətdə vəziyyət gərginləşərsə, əlbəttə, istehsalçının, hüquq sahibinin öz hüququndan istifadə etmək məsələsi yarana bilər və məhkəməyə müraciət edilə bilər. Əlbəttə, hazırkı vəziyyət özü bizi məyus edir. Çünki bizim mühitdə əməyə hörmətin, mülkiyyət və müəlliflik hüququna sayğının səviyyəsi artmalıdır. Bu isə mədəni səviyyədən xəbər verir”, - o deyib.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Ən çox oxunan xəbər: Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “İskender Büyük” obrazı ilə tanınan Musa Uzunlar uzun illərdən sonra yenidən ekranlara qayıdır.

 

Ustad aktyor “Həyatımın şansı” serialına çəkilib. “Ədəbiyyat və incəsənət” Snob Magazin-ə istinadən xəbər verir ki, sonuncu dəfə “Bir ananın günahı” serialında rol alan Uzunların çəkildiyi yeni layihə Fox TV-də yayımlanacaq.

Baş rollarda Alican Yücesoy və Şifanur Gülün oynadığı serial kiçik qızı ilə həyatda qalmağa çalışan Yunqanın ətrafında cərəyan edəcək.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

“Ədəbiyyat və incəsənət” portalı türk mediasına istinadən bildirir ki, C.Yılmaz oğluna verdiyi 10 min dollar alimenti məhkəmə qərarıyla 70 min lirəyə endirmişdi.

Aktrisanın apellyasiya məhkəməsinə etirazından sonra isə hakim alınan qərarı ləğv edib. Yılmazın 10 min dollar ödəməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Həm yerli çayın, həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilir. Bahalaşmanın səbəbləri, qiymətlər, idxal-ixrac məlumatları aşağıdakı materialda.

 

Azərbaycanda ötən ay çayın qiyməti kəskin qalxıb və bahalaşan ərzaqlar içərisində çay lider olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktyabr ayında aylıq müqayisədə çayın qiyməti 6,3 faiz qalxıb. Həm yerli çayın, həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilib.

Keçən ay sentyabr ayı ilə müqayisədə 500 qramlıq yerli çayın orta aylıq pərakəndə satış qiyməti 7 faiz bahalaşaraq 12,17 manat olub. Xaricdən gətirilən 500 qramlıq çayın orta qiyməti isə 5,8 faiz artaraq 11,66 manat olub.

 

"Yerli çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır"

Bahalaşma ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə yerli çay istehsalı azdır:

"Mağazalarda yerli markalar adı altında satılan çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır. Satılan çayların 90 faizə yaxını xaricdən gətirilib burada qablaşdırılan çaylardır. Ölkədə qablaşdırıldıqdan sonra yerli çaylar adı altında bazara çıxarılır".

 

Bahalaşmanın səbəbləri...

O bildirib ki, son zamanlar logistikanın bahalaşması, hava şəraiti ilə əlaqədar Şri-Lankada, Hindistanın bəzi yerlərində məhsuldarlığın azalması qiymətlərə təsir göstərir. Çay idxal etdiyimiz ölkələrdə məhsulun azalması və qiymətin artması müşahidə edilir deyən iqtisadçı dünya bazarlarında da çayın qiymətinin artdığını dilə gətirib. Qeyd edilib ki, xaricdən aldığımız çayın qiyməti artdıqca ölkədə qablaşdırılan çayın da qiyməti artır:

"Bahalaşmanın əsas səbəbi bunlar ola bilər".

Ekspert bildirib ki, Azərbaycan çayı topdansatış qiyməti ilə açıq şəkildə xaricdən alır və burada qablaşdırır:

"Sonra yerli marka adı altında xaricə də satırıq. Yəni biz ancaq çayı idxal edib, qablaşdırıb və ixrac etməklə məşğuluq. Bu addım sərfəlidir, gəlirli biznesdir. Çünki topdansatış qiymətə açıq şəkildə çay almaq daha ucuz başa gəlir. Məhsulu qablaşdırıb satanda isə daha çox gəlir gətirir. Bundan sonrakı dövrdə qiymətlər dünya bazarlarındakı qiymətlərdən asılı olacaq. Dünyada çay bahalaşdıqca avtomatik olaraq Azərbaycanda da çay bahalaşacaq".

O diqqətə çatıdırb ki, cənub bölgəsində indiki istehsal həcmindən 2-3 dəfə artıq çay yığılması mümkündür:

"Lakin çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır. Bir çay kolunun əkilib-becərilməsi, məhsul verməsi 6 ilə başa gəlir. Azərbaycanda isə uzunmüddətli biznes layihələrinə maraq yoxdur. Əgər bankdan kredit götürüb çay kolu əksəniz 6 ilin sonuna götürdüyünüz məbləğin iki qatını faizlər şəklində ödəməli olacaqsınız. Bu da heç kəsə sərf etmir. Belə şəraitdə də çay kollarının sayı azalır".

"Xaricdən gətirilən çayların çoxu ən ucuz, 4-cü növ çaylardır. Burada sadəcə emal olunur, müəyyən komponentlər əlavə edilir və qablaşdırılır", - deyə o əlavə edib.

 

Çay bazarında araşdırma aparılıb

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb.

Xidmətin yaydığı məlumata görə, araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan "Sun Tea Çay Fabriki" MMC, "Sun Food" MMC, "Veysəloğlu" MMC, "Qida XXI" MMC və "Best-Tarım" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti araşdırma apararkən "Antiinhisar fəaliyyəti haqqında" qanuna və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli Sərəncamına əsaslanır.

 

Çayın idxalı da ixracı da artıb

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycana çay idxalı artıb. Belə ki, ölkəyə 61 milyon 492 min dollar dəyərində 11 min 930 ton çay gətirilib. Bu da həcm baxımından 0,4 faiz, dəyər baxımından isə 19,1 faiz çoxdur.

Cari ilin 10 ayında Azərbaycanın çay ixracı da kəskin artıb. Belə ki, 10 milyon 153 min dollar dəyərində 1626 ton çay ixrac edilib. Bu da həcm baxımından 81 faiz, dəyər baxımından isə 49 faiz çoxdur.

Sahələrdən yığılan çay isə azalıb. 2022-ci il noyabr ayının 1-nə kimi sahələrdən 954,2 ton (15,5 faiz az) yaşıl çay yarpağı yığılıb.

 

"Azərbaycanda çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı"

Onu da bildirək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:

* çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;

* toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;

* çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;

* çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;

* mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;

* çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

 

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcək.

 

Yaşıl çay yarpağı yığımı 8,5 min tona çatdırılacaq

Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.