
Super User
Natəvan klubunda mühacir publisist Hüseyn Baykaranın kitablarının təqdimatı keçirilib
Ötən gün növbəti kitab təqdimatı baş tutub. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda milli azadlıq hərəkatının nəzəriyyəçisi, tarixçi, publisist və şair Hüseyn Baykaranın türk dilindən Azərbaycan və rus dillərinə tərcümə edilmiş üç kitabının təqdimatı olub.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi nəzdində “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilib. Qeyd olunub ki, “Şuşa İli” tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimi Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Hüseyn Baykaranın ideoloji mübarizəsinə həsr edilib. “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri professor Tofiq Məlikli Azərbaycan milli azadlıq hərəkatının görkəmli nümayəndəsi, alim, publisist, tarix, ədəbiyyat, mədəniyyət, erməni və bolşevik təcavüzü mövzusunda çoxsaylı məqalələrin, Azərbaycan azadlıq mübarizəsinin tarixinə, İranda inqilaba dair bir neçə kitabın müəllifi Hüseyn Baykaranın həyat və yaradıcılığı barədə məlumat verib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğulayıb ki, həyatını Azərbaycanın azadlıq mübarizəsinin və müstəqilliyinin tarixinə həsr etmiş hər kəsin bu işə töhfəsinin öyrənilməsi həm bizim üçün, həm də gələcək nəsillər üçün çox vacibdir.
Qeyd etmək lazımdır ki, Hüseyn Baykaranın kitablarının Azərbaycan və rus dillərinə tərcüməsi onun yaxın qohumu, Bakı Dövlət Universitetinin dosenti Azelma Həsənovanın səyləri sayəsində reallaşıb. Təqdimat mərasimində çıxış edən A.Həsənova öz adlı-sanlı qohumunun tərcümeyi-halı barədə söhbət açıb.
Qara Hüseynbəyli (Hüseyn Baykaranın əsl adı və soyadı belə idi, lakin sonradan onun ailəsi bu soyadı bir neçə dəfə dəyişməli olub) 1904-cü ildə Şuşada Şirinbəyovlar nəslindən olan bir ailədə doğulub.
Onun ulu babası Şirinbəy Ənnağıoğlu Qarabağ xanlığının paytaxtı Şuşa şəhərinin təməlini qoyanlardan biri olub. 1830-cu ilə aid Rusiya mənbələrində göstərilir ki, Şuşada 56 bəy ailəsi yaşayırmış. Şirinbəyovlar və ya Şirinbəylilər nəsli həmin ailələrdən biri olub.
Hüseyn Baykara Azərbaycanın azad hərəkatı haqqında bir neçə elmi əsərin müəllifidir: “XIX əsrdə Azərbaycanda reformizm hərəkatı” (1966-cı ildə türk mədəniyyət araşdırmaları institutu tərəfindən nəşr edilib), “İran inqilabı və azadlıq hərəkatı” və “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” (1975-ci ildə İstanbulda nəşr edilib).
XX əsrin əvvəlində Azərbaycan ziyalılarının bir sıra başqa nümayəndələri kimi Hüseyn Baykara da mühacirət etməyə məcbur olub. Onun adı uzun illər boyu ədalətsizliklə unudulub.
Hüseyn Baykara bolşevizmə qarşı ideoloji mübarizəni heç vaxt dayandırmayıb. Sovet imperiyasının sarsılmaz hesab edildiyinə baxmayaraq, Hüseyn Baykara böyük uzaqgörənliklə inanırdı ki, vaxt gələcək, Azərbaycan yenidən azad olacaq.
Hüseyn Baykaradan miras qalmış kitablarda müəllif imkan daxilində müstəqillik uğrunda mübarizənin tam mənzərəsini yaradıb, ölkədə iqtisadi və siyasi vəziyyəti təhlil edib. Bütün bu işləri görərkən o, xaricə yaşayırdı və zəruri materiallar əlçatan deyildi. Bununla belə o, öz fikrini əsaslandırıb ki, Azərbaycan müstəqil dövlət kimi mövcud olmaq iqtidarındadır. Bundan ötrü Azərbaycanın iqtisadi imkanları, savadlı, yetkin siyasətçiləri, yüksək mədəniyyəti və resursları vardı.
“Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” əsərində Hüseyn Baykara Azərbaycanın ən yeni tarixi, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qısa müddətdə görülmüş işlər, ölkənin üzləşdiyi fəlakətlər haqqında maraqlı söhbət aça bilib. Müəllif Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini fürsətdən istifadə edən ermənilərin törətdiyi vəhşilikləri, qardaş Türkiyənin hərbi köməyini və digər hadisələri tarixi faktlar əsasında işıqlandırıb.
Hüseyn Baykara yazır ki, onun “Azərbaycan mədəniyyətinin tarixi” və “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin tarixi” kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır.
Hüseyn Baykaranın təqdim edilən kitablarını İndi tərcüməçilər – professor D.Yusifli və V.Rzayevanın (Azərbaycan dilinə), filologiya üzrə fəlsəfə doktoru S.Əliyevanın (rus dilinə) sayəsində bizim oxucular üçün əlçatandır.
Ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Hüseyn Baykara Vətənə qayıtmaq arzusu ilə yaşayırdı. Lakin bütün həyatı boyu səbirsizliklə gözlədiyi Azərbaycanın müstəqilliyi gününü görmək ona nəsib olmadı. O, 1984-cü ildə İstanbulda dünyasını dəyişdi.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Günay Əfəndiyeva: Şuşa Türkiyənin Azərbaycanın yanında dik duruşu, gerçək qardaşlıq nümunəsidir
İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada keçirilən “Şuşa Günləri” tədbirlərinin açılış mərasimindəki çıxışı zamanı deyib: “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşıyan Bursa yaxınlaşmaqda olan növbəti ilin başlanğıcına doğru estafeti Azərbaycan mədəniyyətinin beşiyi Şuşaya təhvil verməkdədir. Bu xüsusda türk xalqlarının çoxəsrlik dəyərlərini öyrənən, qoruyan, dünya miqyasında təbliğ edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Bursada Şuşa Günləri”nin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təklif Türk ölkələrinin rəhbərləri tərəfindən dəstəklənərək, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində qəbul olunan Səmərqənd Bəyannaməsində də öz əksini tapdı. Bu, həm də yeni və gözəl bir ənənənin başlanğıcı da sayıla bilər”.
Günay Əfəndiyeva keçirilən tədbirlər vasitəsilə Azərbaycanın incisi, Qarabağın baş tacı, Türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin ətrinin Bursada duyulacağını, eləcə də türk xalqlarının Şuşanı daha geniş miqyasda tanıyacağını nəzərə çatdırıb.
Fondun prezidenti, Qarabağ xanı Pənahəli xanın 270 illik yadigarı, təbii gözəlliklərin məskəni olan Şuşanın azad edilməsini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qazanılan “Müqəddəs Qələbə”nin zirvəsi adlandıraraq qeyd edib: “Şuşa - 30 illik həsrətin sona çatdığını bildirən ən gözəl müjdədir. Milli hisslərin, qürurun, ləyaqətin təntənəsidir: “8 Noyabr”ın Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə Zəfər Günü kimi həkk edilməsidir”.
Günay Əfəndiyeva 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsinə diqqəti çəkərək, vurğulayıb: “Şuşa bəşəri irsə təkrarsız əsərlər bəxş etmiş görkəmli ziyalıların, şairlərin, yazıçıların, bəstəkarların, sənətkarların dünyaya göz açdığı məkandır. Vaqifi, Natəvanı, Mir Möhsün Nəvvabı, Nəcəf Bəy Vəzirovu, Qasım Bəy Zakiri, Üzeyiri, Bülbülü, Xan Şuşinskini, Cabbar Qaryağdı oğlunu, Rəşid Behbudovu və daha neçə-neçə böyük şəxsiyyətləri qoynunda yetişdirən, bağrına basan Anadır”.
Fondun prezidenti 2 il öncə Qarabağ uğrunda haqq savaşında Türkiyənin Azərbaycana mənəvi dəstəyindən bəhs edərək, bildirib: “Şuşa, gerçək qardaşlıq nümunəsidir. Türkiyənin Azərbaycanın yanında dik duruşudur. Doğmalığın nümayiş etdirilməsidir. İki böyük liderin imzaladıqları tarixdir. Şuşa Türküstandır, Bursadır, Oşdur, Səmərqənddir, Mərvdir. Türk dünyasının ayrılmaz parçasıdır. Bizi birləşdirən amildir”.
Günay Əfəndiyeva “Şuşa Günləri” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək diqqətə çatdırıb: “Bu il 190 illiyi qeyd olunan Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş, Fond tərəfindən hazırlanmış sənədli filmin və Azərbaycanın muğam triosunun müşayiəti ilə gözəl sənətçimiz Mehriban Zəkinin ifasında ədəbi-musiqili kompozisiyanın, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının “Şuşada ürəyim qaldı” tamaşasının, dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin, Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın “Qarabağ Milli Geyim Kolleksiyası”nın nümayişi ilə Türk Dünyası Şuşanın zəngin mədəni irsi, eyni zamanda, Azərbaycanın tarixi həqiqətləri ilə daha yaxından tanış olacaqdır. Həmçinin, Fondun himayəsində yaradılan və Səmərqənd Zirvəsi çərçivəsində uğurla çıxış edən, 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertində türk xalqlarının mənəvi aləmini tərənnüm edən musiqilər səslənəcək”.
“Fond tərəfindən göstərilən bu təşəbbüsün məqsədi bu gün azad olan Şuşanın - Qarabağın tarixi və mədəni irsinin tanıdılması ilə yanaşı, həm də Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi, türk xalqlarının daha da yaxınlaşması, onların həmrəyliyinin gücləndirilməsidir. İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir”, - deyə Günay Əfəndiyeva bildirib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
İncəsənət və mincə sənət
Port İncəsənət Mərkəzinin açılması “mədəniyyət” faktoruna diqqət deməkdir
Yeni mədəniyyət mərkəzlərinin açılması diqqətçəkəndir. Belə hadisələr günümüzün nadir hadisələri sayılır.
Belə bir nadir hadisə yaşadıq. Bakı Dəniz Vağzalında Bakı limanının 120 illik yubileyinə həsr edilən Port İncəsənət Mərkəzinin açılışı olub.
Bəri başdan, yeni mərkəzdə rəsm sərgisi təşkil edən və incəsənət sözünü mincəsənət variasiyasında özünə ad kimi götürən Rəsm Qalereyaaına sənətsevərlər adından təşəkkürümüzü bildiririk.
İndi isə keçək tədbirə. Təbii ki, qonaqları öncə ev sahibi qarşılayıb - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov açılışa gələn qonaqlara incəsənət mərkəzi və ümumən Bakı Limanı barədə məlumat verib.
Bildirib ki, Bakı limanının 120 illik yubileyi qeyd edilsə də, əslində limanın tarixi 500 ildən çoxdur. Bu gün belə bir mərkəzin açılışı, "Mincə Sənət" Rəsm Qalereyasının dəstəyi ilə keçirilən sərgi Bakı limanının yubileyinə həsr olunan ən gözəl hədiyyədir.
Baş direktor qeyd edib ki, burada 37 rəsm və 16 heykəltəraşlıq nümunəsi sərgilənir. Mərkəzdəki sənət əsərləri arasından 3 ən yaxşı rəsm və heykəltəraşlıq nümunəsi səsvermə yolu ilə seçilib və onların müəlliflərinə sertifikatlar verilib.
Daha sonra "Mincə Sənət" Rəsm Qalereyasının direktoru Fidan Bədəlova, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko sərginin əhəmiyyətindən danışıblar, Bakı limanını 120 illik yubiley münasibətilə təbrik ediblər.
Sonra sərgi ilə tanışlıq olub, qaliblərə sertifikatlar təqdim edilib. Tədbirə 30-dan çox ölkənin səfirləri, diplomatlar, incəsənət nümayəndələri dəvət almışdılar.
Bizim əməkdaşların diqqətini isə iki heykəltaraşlıq və iki rəsm əsəri cəlb edib.
“Süni intellektli kəllə”, “Balıqçı və balıq”, habelə “Qız portreti” və “Payız natürmortu”.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
“Son illər Bakıda ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir”
Maraqlı açıqlamadır, deyilmi? Daycest bölümündə Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin fikirlərini diqqətinizə çatdırırıq.
“Bir Bakı sakini olaraq, son illərdə ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir. Bu heykəllər Bakı şəhərinə yaraşan formada deyil. İlk olaraq, onu deyim ki, heykəllər memarlığa aid deyil, buna Rəssamlar İttifaqı cavab verə bilər. Amma bir Bakı sakini olaraq, o heykəllər mənim də xoşuma gəlmir. Müəlliflərin çoxunu tanıyıram, özlərindən soruşanda ki, niyə belə oldu? Deyir, nə bilim, belə alındı. Lakin bir məsələ var ki, bu axı kiminsə bağı, yaxud həyəti deyil, orada ucaldılmır. Bakı bizim paytaxt şəhərimizdir, cəmiyyətin etirazı normaldır”.
Elbay Qasımzadə bugün açılan Memarlar qurultayı barəsində isə seyib:
“Builki qurultayda ilk dəfə olaraq, Ağsaqqallar Şurası yaradılacaq və ona üzv seçimi olacaq. Bizdə Gənclər klubu var, indi onların Ağsaqqallar Şurası ilə müştərək işi olacaq və ciddi təcrübə əldə etmiş olacaqlar”.
Bu açıqlamanı Elbay müəllim APA-ya edib.
Sonda qeyd edək ki, bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlarının XX qurultayı keçirilib.
Qurultayda Elbay Qasımzadə yenidən İttifaqın İdarə Heyətinin sədri seçilib.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Bülbülün 125 illiyi Moskvada qeyd olunub
Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli Musiqi Muzeyində qorunub saxlanılan Bülbülə aid eksponatlardan ibarət sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. Bildirib ki, İtaliyada məşhur "La Skala" Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub. O, 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, Bülbül adına vokal müsabiqəsinin yaradılmasından bəhs edib. Polad Bülbüloğlu Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.
Polad Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışları və opera tamaşalarının proqramlarının nümayiş etdirildiyini və sərginin eksponatlarının musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini əks etdirdiyini və sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə olduğunu bildirib.
Daha sonra Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Nazirlik “Şuşa yaradıcılıq emalatxanası” layihəsini yekunlaşdırıb
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə birlikdə reallaşan “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsinə yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin yekun tədbiri Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Əvvəlcə qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış olublar. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənib. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri maraqla qarşılanıb.
Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.
Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini diqqətə çatdırıb: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini bildirib: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk yutuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası maraqla qarşılanıb.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində gerçəkləşən “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəliblər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Rəsm qalereyası: Nailə Əhmədova, “Yay mənzərəsi”
Prezident İlham Əliyev: Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
AzərTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 9-da Bakıda işə başlayan Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Rejissor Lətif Səfərovun anım günüdür
Azərbaycan kinosunda öz dəst-xəti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daim düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də, hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərovun anım günüdür.
Bu gün unudulmaz kinorejissorun vəfatından 59 il ötür.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. Yeddi yaşında olanda rejissor Leo Murun “Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlayıb. 1928-1931-ci illərdə “Sevil”, “Lətif”, “Qızıl kol” filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə “Bəxtiyar” filmini ekranlaşdırır. “Bəxtiyar” filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif Səfərovun ekranlaşdırdığı “Leyli və Məcnun”, “Qızmar günəş altında” bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişir. Kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
“Şuşa, sən azadsan” filmi bu dəfə Qaradağda göstərilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.
Baş İdarədən verilən məlumata görə, filmin nümayişində 106, 139 nömrəli tam orta məktəblərin, habelə 166 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücaət və mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan film Zəfər bayramı ərəfəsində çəkilib. ikinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)