
Super User
Uşaqlara “Günəşim” kukla teatrının bayram töhfəsi var
1 iyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü münasibətilə Sumqayıtda fəaliyyət göstərən “Günəşim” kukla teatrı “Teatrallaşdırılmış şou proqram” la balaca dostlarımızın görüşünə gələcək.
Teatr əməkdaşları uşaqları əmin edirlər ki, hər şey onların ürəyincə olacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə Musiqili Teatrda Qırmızıpapaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca teatrsevərləri “Qırmızıpapaq və Redmuzi” müzıklı ilə sevindirəcək.
Mayın əvvəllərində premyerası uğurla nümayiş olunan bu tamaşa teatrsevərlərin xahişi ilə həmin gün iki seans olmaqla, saat 12:00 və 14:00-da bir daha oynanılacaq.
Məşhur “Qırmızıpapaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızıpapaq və Redmuzi” tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızıpapaq).
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.
Uşaqların müasir dünyagörüşünə, maraq dairəsinə daxil olan elektronlaşmış həyat hadisələrini əhatə edən bu qeyri-adi tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Bayramınız mübarək, əziz uşaqlar!
Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa çatıb
Konyada keçirilən 14-cü “Min nəfəs bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi (DT) tərəfindən keçirilən festivalın son günündə Qazaxıstanın Nur-Sultan Akimat Jastar Teatrının quruluşunda “İnadkar qız” tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, türkdilli ölkələrin teatrlarını bir araya gətirən festivalda Azərbaycan, Kosovo, Qaqauz Yeri, Hollandiya və Qazaxıstan teatrları iştirak edib.
Festival çərçivəsində İstanbul Dövlət Teatrı “Professional”, Kosovo İncəsənət Teatrı “Parkda gözəl bir gün”, Azərbaycan Dövlət Yuğ Teatrı “Kloun Z”, D.Tanasoğlu adına Qaqauz Milli Teatrı “Korlar dünyası”, Qazaxıstan Dövlət Kukla Teatrı “Maqbet”, Van Dövlət Teatrı “Keçmişdən gələn qadın”, Hollandiya NY Prodakşn “Yerli yersiz”, Qazaxıstan Nur-Sultan Akimat Jastar Teatrı “İnadkar qız” tamaşaları teatrsevərlərə təqdim edilib.
Festivalda 2-si Türkiyədən, 6-sı isə digər türkdilli ölkələrdən olmaqla ümumilikdə 8 müxtəlif tamaşa yer alıb.
Maddi-mənəvi, tarixi mədəniyyət abidələrinin yeniyetmə və gənclər arasında tanıdılması vacibdir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.02.2022-ci il və 01.06.2022-ci il tarixini əhatə edən «Maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizin yeniyetmə və gənclərimiz arasında tanıdılması” layihəsi Nərimanov, Binəqədi, Quba inzibati bölgələrində öz işini başa çatdırıb.
Altı tədbir və seminara, Nərimanov rayon, S.C.Pİşəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında, Binəqədi rayonunda fəaliyyət göstərən Füzuli rayon, 48 saylı tam orta məktəbində və Quba rayon, Aynəddin Babayev adına Susay kənd tam orta məktəbində 190 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşlar. Layihə çərçivəsində sosial şəbəkələr üzərindən maddi-mənəvi, tarixi mədəniyyət abidələrimiz mövzusunda yaradılmış qruplar, tədbirlərdə və seminarlarda paylanmış bukletlər və s. 3500 nəfərdən çox yeniyetmə və gəncin dolayı yolla maariflənməsinə zəmin yaratmışdır.
Tədbir və seminarlarda himnimiz oxunduqdan və cəmi şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra “Zirvə” mədəniyyət və incəsənət ictimai birliyinin sədri, «Maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizin yeniyetmə və gənclərimiz arasında tanıdılması layihəsinin rəhbəri Şahin Qədirov, yuxarıda adı qeyd edilən layihəni dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını ifadə etdikdən sonra layihə haqqında məlumat verərək maddi - mənəvi, tarixi mədəniyyət abidələrimizin qorunması, bərpasının hər bir ölkə vətəndaşının vətəndaşlıq borcu olduğunu qeyd etmiş, başda Şuşa şəhəri olmaqla dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası, təbliği üçün bütün cəmiyyətin səylərini bir araya gətirməkçün lazımi işlərin görüləcəyini bildirmişdir. Əlavə olaraq hər bir vətəndaş, yeniyetmə, gənc mədəniyyətimizin, mədəni abidələrimizin qorunmasında, təbliğində tərəfdaşlıq prinsiplərindən irəli gələn qarşılıqlı, faydalı dialoq, maarifləndirmə qərarların qəbul edilməsində bərabərlik, könüllü əməkdaşlıq prinsiplərinə riayət etməli olduğunu keçirilən tədbirlərdə və seminarlarda xüsusi vurğulamışdır.
Ekspertlər çıxışlarında mədəniyyət mərkəzlərinin, mədəni icmaların tərəfdaşlıq prinsiplərini düzgün təşkil etmək üçün bütün münasibətlərin müqavilə ilə tənzimlənməsinin zəruri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq yeniyetmə və gəncləri indidən milli-mənəvi, tarixi sərvətimizin daşıyıcısına çevirməyin vacibliyini qeyd etmişdir, 44 günlük Vətən Müharibəsində əsgər və zabitlərimizin Vətən sevgisindən danışaraq, döyüşçülərimizin düşmən üzərinə milli musiqimizi ifa edə-edə yeriməsində mədəniyyətimizin də əhəmiyyətli rolu olduğunu xatırlatmışlar.
Tədbir və Seminarlarda yeniyetmə və gənclərin müvafiq sahədə birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar və dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, mədəni abidələrimizi əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlar müsbət qarşılanmışdır.
Yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirilmişdir.
Yerlərdə təhsil müəssisələrinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür maarifləndirici görüşlərin yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətini qeyd etmiş, belə maarifləndirici tədbir və seminarların bu sahəyə təkan verəcəyinə inandııqlarını bildirmişlər.
Bukletlər, dəftərxana ləvazimatları, qovluqlar paylanmış, tədbirlər və seminarlar çay, şirniyyat süfrəsilə sona çatmışdır.
İnsanlarda həyəcan və təşviş pozuntuları nədir?
Həyəcan pozuntusu insanda hər hansı bir qorxu və qayğı anında meydana çıxan güclü daxili sıxıntı halı olaraq ifadə edilir. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq, özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Bunlardan pis xəstəliyə tutulma qorxusu, ölüm qorxusu, yaxınların başına bir iş gəlmə qorxusu, öz üzərində kontrolu itirərək səhv bir iş etmə, gülünc vəziyyətə düşmə qorxusu, özünə və uşağına zərər vermə qorxuları daha çox rast gəlinənlərdəndir.
Həyəcan və təşvişin əsas əlamətləri bunlardır:
Səbəbsiz yerə qorxu və panik hiss etmək
Daimi yuxusuzluq və əsəbilik
Ürək döyüntüləri
Ağız quruması
Əllərin içinin tərləməsi
Daimi pis bir şey olacağını fikirləşmə və s
Bunların yaranmasının bir çox səbəbləri vardır: keçmişdə baş vermiş hər hansı hadisəylə əlaqədar olan qorxu, narahatlıq kimi emosional reaksiyaları gələcəkdə həyəcan pozuntusuna səbəb ola bilər. Həyəcan pozuntusu olan şəxslər duyğusal narahatlıqlar və izah edə bilmədiyi bəzi səbəblərə görə qorxu və qayğı yaşayırlar, şüuraltı mərkəzdə olan hadisələri normal həyatda xatırlaya bilmirlər və ona görə qorxu və narahatlıq keçirdiklərini bəzən ifadə edə bilmirlər.
Uşaqlarda həyəcan yaradan səbəblərin qaynağı bəzən təxmin olunur, bəzən də heç gözlənilməz bir şey ola bilər.
Valideynlər uşaqlarında həyəcanın səbəblərinivə nə edə biləcəklərini bildikləri təqdirdə uşaqlarına çox yaxşı dəstək ola bilirlər.
Uşaqlarda həyəcan, təşviş pozuntusunun bir çox səbəbləri vardır:
Valideynlər arasındakı mübahisə ilə bağlı həyəcanlar
İtkilərə görə yaşadıqları həyəcanlar
Tərk edilmə qorxusuyla bağlı həyəcanlar
Fiziki fəaliyyətlərə müdaxilə edilməsilə bağlı həyəcanlar
Müstəqilliyə müdaxilə olunmasilə bağlı həyəcanlar
Günahkarlıq hissinə bağlı həyəcanlar
Valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Onlarda hər hansı səbəbdən olursa olsun həyəcan, təşviş hiss edirlərsə , onu aradan qaldırmağa çalışmalıdırlar. Övladlarını dinləməyi, anlamağı, dost olmağı bacarmalıdırlar. Lazım gəlsə, psixoloqa müraciət etməlidirlər.
Ülviyyə Əfəndiyeva
Psixopedaqoq, loqoped
“Gedibsən, yalqızlıq kafesindəyəm” - Güney Azərbaycandan Səhər Xiyavinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan üzrə nümayəndəsi Əli Çağla Təbriz şəhərindən növbəti şairin təqqdimatını yollayıb. Bu dəfə sizləri “Güney Azərbaycan ədəbiyyatı” rubrikasında şairə Səhər Xiyavi ilə görüşdürəcəyik.
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav (və ya Meşgin) şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Bunlar “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabını Azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
SÜRGÜN GÜNƏŞ
Yadındadırmı sevgilim?
Demişdim: "Bir dərin mağara var içimdə,
Heç nə ilə dolmur."
Milyonlar yaşı olan
Sönükmüş ulduzların
Mağarasından qoca və dərin!
Bu duyğu hələ də mənimlə var.
İti dişli mişar kimi
Gecə-gündüz dartır ruhumu.
Bütünsüz pazzeləm,
Yarımçıq roman!
Nə ilkim bəllidir, nə sonum.
Başımı itirmişəm dəhşətli dumanlarda
Gecə yarıları lapbadan düşünəndə
Dərin tənhalığımı,
Qışa dönürəm yay günü.
İnsanın tənhalıq duyğusu
Ətrafında olan adamlara deyil.
Cəmiyyətdə tənhalıq,
Yalqızlığın ən pis üzüdür.
Düşünmüşəm,
İnsan sonsuz bir yalqızlıqdır
Ucu-bucağı bilinməz.
Nə sevgi, nə həvəs
Doldura bilməz boşluğunu
Yalnız keçəri uydurmadır bunlar.
Naçar nərdivan qoyub,
Pillə-pillə içimdəki
Qırx qat dolanbaca enirəm.
İnanmazsan;
İllər boyu
Qapı-qapı axtardığım sürgün günəşi
Ürəyimin tən ortasında tapıram!
İsinirəm, tamamlaşıram.
Özümə sarılıb,
Özümü qucaqlayıram
Sən haqlı idin;
İnsanın dərin yalqızlığını
Özündən başqa kimsə doldura bilməz!
Sən də yalqızlığıma ortaq ol!
NİYƏ ÇIXDIQ YOLA BİZ?!
Gedirdik qasırğalı havada,
dağ-dərəli, uçurumlu yollarda.
Töküllürdü başımıza xəzəllər,
Beynimizdə püskürən volkan
Ürəyimizdə dəlisov dəniz.
Gedirdik tuzanaqda,
başı havalı, sərsəm.
Çör-çöp gözlərimizdə,
Ayaqlarımız qabar-qabar.
Açarkən gözlərimizi
Çıxılmaz küçələr idi.
Açarsız qapılar
Hər yer divar-divar...
Biz idik peşman ayaqlar
Hüzünlü baxırdıq arxamıza.
Gəldiyimiz qanlı-qadalı yollara!
Axıtdığımız qan tərə!
Qaranlığa axışan sonuclara!
Gecənin dərisi daha qatılaşmışdı
Zavallı əllərimiz qısır,
Kal arzularımızın boyu əl çatmaz.
İndi qurtarmaz gecələrdə
Sivrilmiş hulqumlarla
GÜNƏŞ bağırırıq,
SƏHƏR çığırırıq.
Görəsən günəş bir də
Qonaq gələcəkmi,
Nəmiş dustağımıza?!
ISLAQ ANILARIM
Islaq anılarımı
Sərmişəm cansız qış günəşinin şəritinə.
Anılarım küf gedir şəritdə,
Könülsüzcə
Divar üstündə bir pişik,
Hüzünlü başını tovlayır mənə.
Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,
Qurumur göz yaşlarım,
Tökülmür köksümü ağırladan daşlarım
Aslaq qalmışam anılarımdan,
Islaq qalmışam fəsillərin yol ayrıcında
Boşluqdan doludur yaşam.
Saxtadır...
Saxtadır...
Bu günəş,
İsindirmir məni
Gözlərinin qovuran günəşi olmasa.
DARIXMA, XANIM
Qadın oturmuşdu ayna önündə,
Özündən getmişdi, özündə dalğın.
Keçmiş xatirələr keçir önündən
Mat qalıb özünə, üzündə dalğın.
Əl çəkib üzünün cizgilərinə,
Ah çəkib içindən şivən qopardı.
Xəyalı bir ləhzə, bir an içində,
Gəlinlik, gənclik çağa apardı.
Kremlə gizlətdi cizgilərini,
Dodağa nar rəngi matiki yaxdı.
Gözünün altına çəkib midadı,
Birazca sevincək üzünə baxdı.
Nə vaxtdan süzürdü qadını əri,
Xanımın düşünüb gəldi arxaya.
Dedi: "Boş ver, xanım, bu şey-şüyləri,
Bunlarsız bənzirsən canımçün, aya.
Yaşayış yolunun çal-çuxurunda,
Ağaran saçının olum qurbanı.
Üzündə cizginin qadasın alım,
Səni bəyənmişəm hər halda yəni.
Üzülmə, darıxma, ömür ilində,
Hər anın, hər fəslin gözəlliyi var.
Xınalı payız da gözəldir, gülüm,
Payızın başqa bir özəlliyi var.
Darıxma, darıxma, ana köksünü,
Hazırla körpəcik nəvəli çağa.
Gülümsə, gülümsə bütün ömrünü,
Bircə gülüşünə verim sadağa.
Anamsan, bacımsan, həm də yoldaşım,
Bütüncə həyatım üzünə qurban.
Gözündən başlandı ömür təqvimim,
Ağlama, yaşarma, gözünə qurban."
Sarıldı boynuna, aldı qadını,
Kişi qollarının çərçivəsinə.
Qadının qəlbinə dinclik gəldi,
Başını dayadı sol sinəsinə...
Tapbatap vururdu ikicə ürək,
Dodaqlar qovuşmaq üçün yanırdı.
Nağılın sonunda çəkildi pərdə,
Ulduz yaşmaq çəkib ay utanırdı.
YALQIZLIQ KAFESİ
Ax... Nə təmtəraqlı dünyam var mənim,
Dinc bir kafedəyəm qaynayır çayım.
Yalqızlıq dünyamın padişahıyam,
Bəsimdir dünyadan bu şirin payım.
Min əlli ələyir qar dışarıda,
Pəncərəm yaş tökür, ağlayır sıcaq.
Közərir odunlar şominə içrə,
Nə gözəl, nə şirin yanır bu ocaq?
Çay töküb gətirrəm nabatlı bir çay,
Oturram masanın çarpayısında.
Həsrətim ürəkdə, yalnız masanın,
Kaş ki oturaydın sən o tayında.
Deyəydik, güləydik, qar-soyuq nədir?
Əllərin əlimi sığallasaydı.
Sənsizlik zəhərdir, zəhərdir yaşam,
Gözlərin gözümlə bir ağlasaydı.
Gedibsən, yalqızlıq kafesindəyəm,
Tənhalıq dünyamın padişahıyam.
Sanki qar-yağışlar içimdə yağır,
Bütün hicranların nisgil ahıyam.
Yox, mənə şirinlik day gərək deyil,
Nabatsız çayımı sənsiz içirəm.
Gül əkdik doyunca sevgi bağında,
Nədəndir bu gün mən, tikan biçirəm?!
Gedibsən, heç kimlə dolmayır yerin,
Dövrəmi adamlar alsa da belə.
Sən yoxsan dünyada, qəribəm gülüm,
Milyonlar adamlar olsa da belə.
Diskinib ansızın gəlib özümə,
Görürəm nə çay var, nə kafe, masa!
Yadımdan çıxıbdır, sobam da yanmır,
Yoxluğun qəmində batmışam yasa...
Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasından 160 il ötür
Bu gün - mayın 30-da böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümü tamam olur.
Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.
Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxıda anadan olub. Ələkbər kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb. Lakin o dövrün mollaxana məktəblərinin sərt rejimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı “Tutdum orucu irəmazanda” şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.
Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənib, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərib.
Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlada səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynayıb.
M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi “Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm” sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.
Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirib.
Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu alıb. Bundan az sonra onun Şamaxıda açdığı “Ümid” adlı ibtidai məktəbdə təxminən 60-a qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.
Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.
Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.
Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
Ədalət axtarırsansa, planeti səhv salmısan - Hümbət Həsənoğlunun 10 aforizmi
1) Dəlləyin keçəl dostu olmur.
2) Cütlüyün xoşbəxt olması üçün tərəflərdən birinin sadəlövh olması şərtdir.
3) Özünə inamı olmayan kişi sapı olmayan balta kimidir.
4) Həyat dükan kimidir, çox vaxt istədiyini yox, olanı almalı olursan.
5) Yalançıları bir yerə yığmaq istəyirsənsə,
“ Düz Danışanlar Cəmiyyəti” yarat.
6) Stadion insanların futbolu bəhanə edib rahat qışqıra bildikləri yerdir.
7) Axmağa şans verən nəticəyə görə özü cavabdehdir.
8) Dəbdəbə dəb olan yerdə ədəb dəbdə olmaz.
9) Ədalət axtarırsansa, planeti səhv salmısan.
10) İtlər etibarsızlıqdan danışanda insanları misal gətirirlər.
Ərəb şeyxinə ünvanlanan qiymət statistik azərbaycanlı üçün keçərlidirmi, yaxud turizm sənayesi yay mövsümünə hazırlaşır
Yay mövsümünə sayılı günlər qalır. Birigün təqvimdə iyun ayıdır, iyunun ilk günüdür. Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə bu yaxınlarda keçirilən görüşdən sonra belə qənaətə gəldik ki, bu yay vətəndaşlarımız, eləcə də xarici turistlər ürəkləriycə istirahət edə biləcəklər. “Ədəbiyyat və incəsənət” portalı da buna əminliyini bildirir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə pandemiyadan sonra turizmin canlanmağa başladığını və bu ilin ilk 4 ayı ərzində gələn xarici vətəndaşların ötən illə müqayisədə 103 faiz çox olduğunu qeyd edib.
Agentlik sədri gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarlarda təbliğat işini gücləndirməyin əhəmiyyətini diqqətə çatdırıb.
O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu vurğulayıb.
Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub.
Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanla həftədə 13 dəfə, BƏƏ ilə həftədə 36 dəfə, Küveyt və Qətərlə həftədə 7 dəfəyədək olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.
Fuad Nağıyev pandemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün sənayeni birgə fəaliyyətə, hər zamankı kimi tolerant yanaşma, keyfiyyətli xidmət və yüksək biznes etikasına əməl etməyə çağırıb.
Qeyd edək ki, turizm agentlikləri, hotellər və turizm assosiasiyalarından olmaqla 60-dan çox sənaye nümayəndəsinin iştirak etdiyi görüşdə sənaye nümayəndələri ilə müzakirələr aparılıb, onların aidiyyəti sualları cavablandırılıb. Hamı külüngü bir yerə vurur ki, ortada yaxşı bir nəticə olsun!
Yeganə problematik görünən şey istirahət guşələrində qiymətlərin od tutub yanmasıdır. Düzdür, bu qiymətlər ölkəmizə təşrif buyurmuş ərəb şeyxləri üçün keçərli ola bilər. Amma orta statistik azərbaycanlı üçün bu qiymətlər astronomikdir. Bəzi ölkələrdə (elə qardaş Türkiyədə də) turizm sektorlarında ikili qiymət standartları hökm sürür. Yerlilərə ucuz, əcnəbilərə baha. Bəlkə biz də bu üsuldan istifadə edək?
Birincilərdən Əziz Səncər
Etibar Əbilov yazır
Bakıda keçirilən “Teknofest Azərbaycan" festivalında Nobel mükafatı laureatı Əziz Səncərin möhtəşəm çıxışı məni sözün hər mənəsında riqqətləndirdi.
Türk dünyasının bu böyük oğlu ilə bir daha qürur duydum. Əziz bəy öz çıxışında gənclərə müraciət etdi. Sadə cümlələrlə, bəlağətsiz ən böyük həqiqətləri dilə gətirdi. Vətən sevgisinin, elm sevgisinin nə olduğunu nəinki gənclərə, hər yaşdan olan insanlara elə gözəl anlatdı ki. Bu böyük insan qibtəyə layiqdir. Həm Türkiyə, həm Azərbaycan Prezidentləri onu öz ölkə gənclərinə nümunə kimi göstərdilər...
Əziz bəy öz fəaliyyəti, şəxsiyyəti ilə buna haqq edən Dahidir.”