Super User

Super User

 

“Bu şəhərdə” komandasının Londonda konserti baş tutub. Bu barədə AzərTAC-ın xüsusi müxbiri Londondan məlumat yayıb.

 

Londondakı “Hackney Empire” teatr salonunda “Bu şəhərdə” komandasının “Bakı-London” adlı konsert proqramı təşkil olunub.

Səhnəyə Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovla yanaşı, müğənni Rəşad İlyasov da çıxıb.

Üç yüzdən çox azərbaycanlının izlədiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Britaniyada yaşayan həmyerlimiz Şahlar Əlicanlının təşəbbüsü ilə təşkil olunub.

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) “İslam dünyasında muzey bələdçisi”nin birinci cildi çapdan çıxıb.

 

Təşkilatın baş ofisindən AzərTAC-a bildiriblər ki, elektron variantda da təqdim edilən birinci nəşr “Afrika regionunda muzeylər” adlanır. Burada ICESCO-ya üzv olan səhraaltı Afrika ölkələrinin muzeyləri və İslam irs abidələri barədə məlumatlar yerləşdirilib. Bundan başqa, tələbələr, tədqiqatçılar, investorlar və mədəniyyət sahəsində sahibkarlıqla məşğul olanların stolüstü kitabına çevriləcək 178 səhifəlik muzey bələdçisinin buraxılmasında əsas məqsəd mədəni turizmin inkişafına töhfə verməkdir.

Kitaba önsöz yazan ICESCO-nun Baş direktoru Salim Əl-Malik qeyd edib ki, ilk buraxılışda 194 muzey barədə ətraflı məlumat verilib. O əlavə edib ki, yaxın vaxtlarda Yaxın Şərq və digər regionlardakı İslam ölkələrində yerləşən muzeylər və irs abidələri haqqında yeni cildlər işıq üzü görəcək.

Bir müddət idi fəaliyyətsiz qalmış  “Azərkitab - kitab təbliğatı mərkəzi” nəhayət ki, dünən yeni ünvanda fəaliyyətini bərpa etdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azərkitab”da Rusiyada yaşayan şairə  Solmaz Qəribelin “Qərib küləklər” və “Saçı ağarmış arzular” adlı kitablarının təqdimatı və imza günü keçirilib. 

Kitab təqdimatlarının, ziyalılarla görüşlərin, sərgilərin, müxtəlif ədəbi-kütləvi tədbirlərin keçirilməsi üçün Ukrayna Ticarət Evi-nin inzibati binasında yerləşən "Azərkitab - kitab təbliğatı mərkəzi” qeyd edək ki, müasir formatda üç zalı ilə fəaliyyət göstərməkdədir və bu zallardan biri gül-çiçəyə bürünərək kitab bayramına şahidlik edib.

Tədbiri tanınmış tənqidçi Əsəd Cahangir açıq elan edərək əslən Ağdərədən olan, Rusiyanın Həştərxan vilayətində həkim işləyən Solmaz Qəribeli publikaya yaxından tanıdıb, onun şeirlərinin əsas məziyyətlərimdən bəhs edib. 

Sonra tanınmış şair Balayar Sadiq, Adilə Nəzər, Rəfiqə Qasımqızı və digərləri çıxış ediblər, şairə barədə xoş sözlər söyləyiblər.

Solmaz Qəribel iştirakçılara minnətdarlıq bildirib, öz ürək sözlərini söyləyib. 

Əlbəttə, həvəskar şeiri peşəkar şeirlə eyniləşdirmək olmaz. Amma yaxşı həvəskar şeir də ruh oxşayır, qəlbi riqqətə gətirir. Solmaz xanımın vətən həsrəti bə sevgi şeirləri buna bariz misaldır. 

 

“Azərkitab” bundan sonra müntəzəm olaraq bu sayaq tədbirlər keçirəcək, bunu əməkdaşımıza qurumun rəhbəri Mirisrafil Həsənov söyləyib. 

“Azərkitab”ın yeni ünvanını diqqətinizə çatdırırıq: Nərimanov rayonu, A.Salamzadə küc. 65B(Atatürk prospektində, Gənclik metrosundan Ayna Sultanova abidəsi istiqamətində gedən yolda yerləşən “Zivella” mebel evinin arxası)

Əlaqə: 050 260-90-20, 050 661-11-33

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir ki, ABŞ-da yaşayan müxtəlif xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin və mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkənin (ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri) nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər icma fəallarımız yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat verib.

Amerikalılarda böyük rəğbət doğuran Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı və Azərbaycan mətbəxinin ləziz təamları ilə yanaşı, mətbəximizə dair ingilis dilində kitablar, suvenirlər də nümayiş etdirilib.

 

Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) kiçikyaşlı uşaqların rəngli dünyasına qucaq açmaqla teatrın, səhnənin ecazkar gücünü bir də şirin-şəkər fidanların simasında isbat edib. Mərasim “Bağçam” uşaq bağçaları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq teatr festivalı”nın yekununa həsr olunub.

 

Uşaqların bədii təfəkkürünün, ünsiyyət və özünüifadə bacarığının, eləcə də estetik yaradıcı təxəyyülünün inkişaf etdirilməsi məqsədilə reallaşan festivala ümumilikdə 6 tamaşa təqdim olunub. Altı ay ərzində ərsəyə gələn bu tamaşaların nümayişçiləri 4-6 yaşlı uşaqlardır.

Bütün səhnə nümunələrinin quruluşu Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Elşad Rəhimzadə tərəfindən aparılıb. Nümunələr ATXİ-də təşkil olunan münsiflər heyəti tərəfindən baxış keçirilərək qiymətləndirilib.

İlk festivalın mükafatlandırma mərasimi uşaqların rəngarəng ifaları ilə də yadda qaldı. Seçilən nümunələrin hər birindən ən yaddaqalan səhnəciklər ittifaqın foyesində göstərilib.

Sonra tədbir seçilən qrupların və onların yetirmələrinin mükafatlandırılması ilə davam edib.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov və başqa çıxış edənlər balacaların teatra, sənətə sevgi ilə böyüməsində, teatra maraqlı tamaşaçı kimi yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu dedilər, təşkilatçılara təşəkkür etdilər.

Sonra müvafiq nominasiyalar üzrə qiymətləndirmə oldu. “Ən yaxşı tamaşa nümayişi”, “İlin aktyoru”, “İlin aktrisası” nominasiyalarında kollektivlər və azyaşlılar fəxri fərmanlarla təltif olundular.

Bir sözlə, ən yaxşılar müəyyənləşdirildi.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi bu il ərzində həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur. 

 

AzərTAC-ın xüsusi müxviri Elgün Niftəli Vyanadan xəbər verir ki, görkəmli bəstəkarın 100 illik yubileyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. 

AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti tədbir dünya klassik musiqisinin beşiyi sayılan Vyana şəhərində keçirilib. Şəhərin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi Fikrət Əmirovun əsərlərindən ibarət proqramla çıxış edib. Konsertdə F. Əmirovun balet, simfoniya, konsert və romans kimi rəngarəng yaradıcılıq əsərlərinə müraciət olunub. Konsertdə ilk olaraq “1001 gecə” baletindən Şəhrizadın bayramı“ ifa edilib, gənc ifaçı Mərziyyə Hüseynovanın səsləndirdiyi “Azərbaycan elləri“ romansı isə xüsusi maraqla qarşılanıb. 

Fikrət Əmirovun yaradıcılığında simfonik əsərlərin əhəmiyyətini nəzərə alaraq, proqramda bəstəkarın dahi Azərbaycan şairi Nizaminin xatirəsinə ithaf etdiyi simli orkestr üçün “Nizami“ simfoniyası səsləndirilib. Əsər tamaşaçıların sürəli alqışlarına səbəb olub.

Fikrət Əmirovun Elmira Nəzirova ilə həmmüəllif olduğu Fortepiano və orkestr üçün ərəb mövzularına konsertdə Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova (fortepiano) solist kimi çıxış edib. Əsərin musiqi dili, melodik çalarları, milli musiqi intonasiyalarının müasir musiqi texnikaları ilə mükəmməl vəhdəti, solist və orkestrin ifası uğurlu musiqili axşamın zirvə nöqtəsini təşkil edib. Bədii rəhbər və dirijor Fuad İbrahimovun dahi bəstəkarın repertuarından seçdiyi əsərlər və orkestr ilə mövzulara peşəkar yanaşması bir daha Avropa dinləyicilərinə Azərbaycan klassik musiqisinin özünəməxsus ifadə zənginliyi, texniki və bədii keyfiyyətlərini nümayiş etdirib.

Belçikanın Şarleroi şəhərində qəddar seriya qatili və təcavüzkar Mark Dütranın qurbanlarının saxlandığı binanın sökülməsinə başlanıb, bu xəbər media manşetlərində dolaşır. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hal hazırda Dütran ömürlük həbs cəzası çəkir. 1996-cı ilin avqust ayında bu evdə 12 və 14 yaşlı iki təcavüz qurbanı olan qız tapılmışdı, bundan sonra Dütran həbs olunmuşdu. Bütün bu illər ərzində də insanlar bu evə qorxu hissləri ilə baxmışdılar. 

Evin yerində bağ salınacaq və Dütranın qurbanlarına abidə qoyulacaq.

Bəli, bəşəriyyət zorakılığı yox, humanizmi dəstəkləyir.

Metyu Makkonahi - tanınmış aktyor amerikalı qanunvericiləri doğulduğu Texasın Yuvalde şəhərində baş vermiş faciədən sonra odlu silahın dövriyyəsinə nəzarəti sərtləşdirməyə çağırıb. 

Xatırladaq ki, Yuvaldedə mayın 18-də bir manyak 18 şagirdi və 2 müəllimi güllələmişdi. 

Co Baydenin dəvəti ilə Ağ evdə çıxış edən aktyor Amerika prezidentinin 21 yaşdan kiçik insanlara hücum tüfənglərinin satışını qadağan etmək təklifini də dəstəkləyib.

 

Foto: AP

Cümə axşamı, 09 İyun 2022 12:03

“Rossem”də Azərbaycan baxışı

 

İstedadlı Azərbaycan karikatyraçı rəssamı Soltan Soltanlı ölkəmizi dünya miqyasında uğurla təmsil etməkdədir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Malayziyada nəşr olunan aylıq "Rossem Cartoon House" sənət dərgisinin iyun sayında onun iki əsəri yer alıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin (TAİB) rəhbərliyi adından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədova Təşəkkürnamə verilib.

 

Təşəkkürnaməni AzTV sədrinə TAİB rəhbərliyində təmsil olunan Elnur Eltürk təqdim edib. 

Qeyd edək ki, Azərbaycan Televiziyası Türk Ağsaqqalları Birliyi yarandığı gündən birliyə öz informasiya dəstəyini əsirgəməyib. 

Rövşən Məmmədov bundan sonra da birliyin ümummilli, Türk dünyası ilə bağlı təşkil etdiyi tədbirlərinin işıqlandırılacağını bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.