Super User

Super User

 

Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, rəssam Təranə Mustafayeva “Golden Tıme Talent” müsabiqəsinin qalibi olub. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir   ki, 68 nominasiya üzrə keçirilən müsabiqədə Təranə Mustafayeva rəssamlıq üzrə vitraj və interyer rəsmləri nominasiyalarında əsərlər təqdim edib. Müəllifin "Mələk" əsəri 1-ci, "Budda" əsəri 2-ci yerə layiq görülüb.

Qələbə sevincini bölüşən rəssam deyib: “Müsabiqə haqqında sosial şəbəkələrdən öyrəndim və istedadlı insanlarla yarışmaq istədim və qalib gəldim. Beynəlxalq dərəcəli diplom, heykəlcik və medalla mükafatlandırıldım. Bundan əlavə, İngiltərənin paytaxtı London şəhərində keçiriləcək sərgilərdə iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, 7 ildir fəaliyyətdə olan “Golden Tıme Talent” dünyada yaradıcı kollektivlər və solo artistlər arasında populyar bir müsabiqədir. Müsabiqənin əsas özəlliyi London, Gürcüstan, Suriya, Yunanıstan, BƏƏ, Rusiya olmaqla 56 ölkədən seçilən münsiflər heyətidir. Bu mövsümdə dünyanın 17 ölkəsindən 5000-dən artıq iştirakçı 68 nominasiya üzrə yarışıb.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir və “Əhməd Cavad 130” adlı məlumat bazasının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxananın mediaya məlumatına istinadən xəbər verir ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, istismara qarşı daim mübarizə aparan, milli istiqlal şairi Əhməd Cavadın bütün həyatını, canını, varlığını türkçülük və turançılıq ideyalarına həsr etdiyini söyləyib. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr etdiyini və onun tək Azərbaycan şairi deyil, Turan dünyasının şairi olduğunu vurğulayıb. Şairin yaratdığı ədəbi-ictimai ənənələrin bu günün yaddaşına, müasir gəncliyin şüur və əqidəsinə ötürüldüyünü, Əhməd Cavad ömrünün isə xatirələrdə, xalqımızın rəşadətli tarixində bu gün də yaşadığını bildirib. Onun sözlərinə bəstələnən Azərbaycan Dövlət Himninin bu gün azad olunmuş Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada səsləndirildiyini böyük qürur hissi ilə dilə gətirib. 

İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verib. Sonradan kitabxana əməkdaşları tərəfindən hazırlanan “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edərək, burada ədibin həyat və yaradıcılığını əks etdirən məlumatların, onun haqqında söylənilən dəyərli fikirlərin yer aldığını, bundan əlavə, Əhməd Cavadın müəllifi olduğu əsərlərin, dövrü mətbuatda çıxan məqalə və şeirlərinin, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələrini və digər məlumatların olması haqqında danışıb.

Cəfər Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı babasının adını daşıdığı Respublika Gənclər Kitabxanasının onun üçün çox doğma bir məkan olduğunu söyləyərək, bu tədbirin məhz mədəniyyət ocağında təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib. Qəmər xanım Əhməd Cavad yaradıcılığından bəhs edərək, Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyət göstərən, çalışan istiqlal şairimizin əziz xatirəsinin bu gün də qəlblərdə yaşadığını söyləyib.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə öz çıxışında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu, lakin təəssüf ki “Qırmızı terror”un qurbanı olaraq öz yaradıcılıqlarına vaxtsız son qoymağa məcbur edildiklərini bildirib. Əzizağa müəllim öz çıxışında Əhməd Cavadın Azərbaycan bayrağına, Turan və türkçülük ideyalarına əbədi sədaqətindən, misilsiz sevgisindən danışıb.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova Əhməd Cavad yaradıcılığı haqqında qələmə aldığı məqalədən parçalar oxunub. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında “Çırpınırdı Qara dəniz” şerinin yazılma tarixindən danışaraq, Əhməd Cavadın yaradıcılığında müstəsna əhəmiyyətə malik olan vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan, qanı, canı bahasına doğma Vətənini qoruyan, Azərbaycana şanlı Zəfər tarixini yaşadan Azərbaycan əsgərinə Əhməd Cavad poeziyasının bir yürüş marşı, vətənpərvərlik çağırışı olduğunu söyləyib. 

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva öz çıxışında Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söyləyərək, görkəmli ədibin millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etməsini və ömrünün sonuna qədər də bu ideyasına sadiq qaldığını söyləyib.

Tədbirdə BDU-nun hazırlıq kursunun türkiyəli tələbələri “Çırpınırdın Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü” nəğməsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Əhməd Cavadın “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndiriblər.

Tədbir boyunca Əhməd Cavadın sözlərinə yazılmış musiqilər səsləndirilib, kitabxana əməkdaşları tərəfindən görkəmli ədibin həyat və yaradıcılığına həsr edilən videomaterial nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Tanınmış meyxana ustadı Namiq Məna 2005-2009-cu illər arasında ABŞ dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ABŞ-a dəvət olunduğunu ilk dəfə indi mediaya açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə o, "Səhər Mərkəzi" proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, bu səbəbdən 1 ay Amerikada olub:

"Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı təmsil etdik. Bunların hamısı bizə göstərilən ehtimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm Novruz bayramlarında Prezident qarşısında çıxış etmişəm, "Tərəqqi" medalı almışam. 

Meyxanaya sevgi böyükdür. Qüsurları ona görə də çox gözə görünür. Bəzi sənətçi, bəstəkar, aparıcılar var ki, meyxanaçıları qısqanırlar. İstəyirlər ki, bu sahə üzərinə neqativ toplasınlar".

 

Türkiyədə yayımlanması planlaşdırılan "Çöp adam" serialı ilə bağlı dəyişiklik edilib.

Bu gün təqdim olunmalı olana ekran işinin yayım günü ərtələnib. Buna səbəb ehtiyat bölümlərin çəkilməməsi olub. Buna görə, serial noyabrın 30-da izləyicilərə təqdim olunacaq.

 

Qeyd edək ki, ekran işinin yeni baş rolları Engin Altan Düzyatan və Elçin Sanguya həvalə olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Noyabrın 27-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşası növbəti dəfə nümayiş olunacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır. Səhnə əsəri şən musiqilər və aktyorların uşaqlarla ünsiyyəti fonunda öz dinamikliyi ilə davam edir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

Cümə axşamı, 24 Noyabr 2022 08:00

Rejissor Hilal Baydarovdan daha bir möhtəşəm uğur

 

Balıqlara xütbə” filmi Almaniyada mükafata layiq görülüb

 

 

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi Almaniyada – 32-ci Cottbus Film Festivalının (FFC) əsas müsabiqə proqramında nümayiş olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ekran əsəri festivalın münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Nümayişdən sonra filmdə rol alan Orxan İsgəndərli tamaşaçıların suallarını cavablandırıb.

Qeyd edək ki, “Balıqlara xütbə” filmi bu ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) münsiflər heyətinin “Xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn ekran əsərinin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Film müharibələrdə, onun ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

 

Noyabrın 23-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub.

 

Təqdim edilən sənədli filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.

Təqdimatda ssenari müəllifi Faiq İsmayılov film haqqında məlumat verərək, ekran əsərində danışılan məscidin tarixindən, həmçinin erməni vandallığına məruz qalmasından bəhs edib. Bildirib ki, Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidi qala - şəhərin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir: “Məscid həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Məscidin texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana daşınıb. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub və kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb”.

Yuxarı Gövhər ağa məscidi haqqında hazırlanmış sənədli film barədə danışan F.İsmayılov qeyd edib ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib: “Bu mütəxəssislər içərisində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə də var idi. O, bu filmi Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə edilməsindən ötrü müvafiq komissiyalara göndərəcəyini vurğulayıb”.

Filmi yüksək qiymətləndirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov filmin dünya ictimaiyyətini tarixi faktlarla məlumatlandırmaq nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu vurğulayıb: “Sənədli filmdə mövzu dərindən araşdırılaraq, qəbir abidlərinə qarşı vandalizm də diqqətə çatdırılır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır. Nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazırıq”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər Ağa məscidinin erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşadığını vurğulayıb. Bildirib ki, ermənilərin işğal zamanı bu abidəyə qarşı törətdikləri vandalizmə rəğmən tikili ayaq üstə qala bilib. 

Sonda “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli film nümayiş olunub və seyrçilər tərəfindən müsbət qarşılanıb. 

 

Fotolar: AzərTAC-ındır.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

Repressiya qurbanları unudularmı? Əsla yox. Mənfur Stalin rejimi onları işıqlı dünyadan qoparsa da adları yaddaşımızdadır. Onlardan biri də Əli Nazimdir. Bu gün onun anadan olmasının 116-cı ildönümüdür.

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər. 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

 

Bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

Varis, “Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Cümə axşamı, 24 Noyabr 2022 11:00

Bu gün dramaturq Aqşin Babayevin doğum günüdür

 

Onu çoxlarımız Milli Məslisdən tanıyırıq. Aqşin  Babayev hələ uşaqlığından yazı-pozuya meyilli olub, 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı”, “Göyərçinlər öpüşür” və s. kitabların müəllifidir o, ümumilikdə onun 40 kitabı nəşr olunub. Televiziyada uzun illər çalışıb, 1975-1990-cı illərdə AzTV-də sədr müavini vəzifəsini daşıyıb. 1996-cı ildən filologiya elmləri doktoru elmi adını, 1998-ci ildən professor elmi rütbəsini alıb. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, “Bir parça həyat” əsərləri tamaşaya qoyulub, ssenarisi əsasında telefilmlər çəkilib. 1986-cı ildə “Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla nəşr olunub. 1969-1979-cu illərdə ingilis, fransız, ərəb və ispan dillərində çap olunan “Moskow news” qəzetində Azərbaycan üzrə xüsusi müxbirlik də edib. 1991-2006-cı illərdə o, Milli Məclisinin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xidmətlərinə görə Aqşin müəllim 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 1980-ci ildə “SSRİ televiziya və radio əlaçısı” nişanı, 1986-cı ildə “Əmək Veteranı” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə tətif edilib. 1987-ci ildə Azərbaycanın “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona II dərəcəli Dövlət müşaviri rütbəsi verilib. Aqşin Babayev 2020-ci il iyun ayının 10-da Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.