Super User

Super User

Bazar ertəsi, 12 Sentyabr 2022 11:00

“Yogev Şetrit” triosu Bakıda konsert verəcək

 

Bir neçə gündən sonra XVII Bakı Beynəlxalq Caz Festivalı başlayır. Builki festivala dünyaca məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Yogev Şetrit” triosu da var.

 

Sentyabrın 29-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas), Devid Şitrit (fortepiano) ilə “Madrid Restobar”da çıxış edəcək.

Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. “Yerusəlim İvrit Universiteti”ndə Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.

Bazar ertəsi, 12 Sentyabr 2022 10:00

Növbəti Milli Kitab Sərgisinin vaxtı bəlli oldu

Növbəti Milli Kitab Sərgisi ilə bağlı tarix bəllidir. 24 sentyabr -1 oktyabr. Ünvan dəyişməz qalır, yenə Bakı İdman Sarayı.

 

Bu dəfə təşkilatçı - “Qanun” nəşriyyatı bizi daha möhtəşəm bir sərgi görəcəyimizə əmin edir. “Ədəbiyyat və incəsənət” portalı nəşriyyatın rəhbəri Şahbaz Xuduoğluya istinadən xəbər verir ki, sərgidə izləyiciləri bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, kitab imzaları, kitab oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları gözləyəcək. 

Şahbaz Xuduoğlu deyir:  “Əziz dostlar,

Bilirəm, Sərgi və Sərgidəki mühit üçün, kitab ətrafında olan söhbətlər üçün darıxmısınız. Kitab sərgiləri məhz bu cəhətinə görə digər sərgilərdən fərqlənir. Bu sərgidə çox böyük endirimlər olacaq. 30%-dən başlayaraq. Bütün axtardığınız kitabları məhz Milli Kitab Sərgisində tapacaqsınız;  köhnə, yeni, hər növ janrda və hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə... 

Milli Kitab Sərgisinə hazırlıq başladı. Milli Kitab Sərgisi Azərbaycan kitabının hərəkətverici qüvvəsi, mədəniyyətimizin qovşağıdır. Milli Kitab Sərgisinə dəstək verək, təbliğ edək, kitabımız hər yerdə oxunsun!”

 

İtaliyanın Venesiya şəhərində keçirilən dünyanın ən nüfuzlu kino festivallarından biri - 79-cu dəfə təqdim edilən Venesiya Kinofestivalı  başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı İnterfax agentliyinə istinadən xəbər verir ki, festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun ən  yeni əsərləri ictimaiyyətə təqdim olunub. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.

Lido adasında keçirilən mükafatlandırma mərasimində Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb. İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.

Məşhur iranlı rejissor Cəfər Pənahi bu dəfə də əliboş qalmayıb. Dahi rejissorun “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilər, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlar arasında “Volpi” kubokunu qazanıb.

Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.

Qeyd edək ki, Ukrayna təcavüzünə görə Rusiyanın cəzalandırılması səbəbindən rus kinematoqrafiyası festivala buraxılmamışdı. 

 

Xatırladaq ki, festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.

Film uğur qazanmasa da, iştirak özü diqqətçəkən idi.

 

İnternet həyatın bütün sahələrinə hakim kəsilməsinə baxmayaraq, kitablara hələ də qalib gələ bilmir. 2021-ci ildə qlobal kitab bazarının həcmi 138,35 milyard dollar olub. Hər il bazarın həcmi təxminən 1.9% artır və bu trendin ən azı 2030-cu ilədək davam edəcəyi proqnozlaşdırılır. 

 

Sevindirici haldır ki, nə elektron formatların, nə də audiokitabların geniş yayılması insanları klassik kağız kitablardan soyutmur və uzaqlaşdırmır. 

Qardaş ölkə Türkiyədə 2020-ci ildə 433 milyondan çox kitab istehsal edilib. Bu, adambaşına təxminən 5-6 kitab deməkdir. Müqayisə üçün belə bir rəqəm gətirim: Rusiyada həmin il təxminən 260 milyon kitab nəşr olunmuşdu.

Ümumiyyətlə, hazırda dünyada kitab bazarının tənəzzüldə olduğu yerlərdən biri Rusiyadır. Bu il orada kitab satışının ötən illə müqayisədə 6%, pandemiyadan əvvəlki vəziyyətlə (2019-cu il ilə) müqayisədə isə 12% azalacağı gözlənilir. Bunun iki əsas səbəbi var. Sanksiyalar üzündən əhalinin gəlirlərinin azalması və mətbəələrdə kağız, rəng, yapışqan və s. materialların qıtlığının yaranması. Nəticədə Rusiyada kitabların qiyməti durmadan bahalaşır ki, bu, əhalinin sosial vəziyyətinin pisləşməsi fonunda kitab satışının azalmasına gətirib çıxarır.

Azərbaycan hökumətinin kitab idxalını ƏDV-dən azad etməsi gözəl və müdrik addım idi. Amma Rusiyanın kitab sənayesində qıtlıq və bahalaşma qiymətlərə elə təsir göstərir ki, bizim bazarda da bahalaşma qaçılmaz olacaq. Çünki ölkəmizin kitab idxal etdiyi yerlərdən biri məhz Rusiyadır. Azərbaycanın kitab bazarında idxalın payı çox böyükdür. Buna əmin olmaq üçün heç bir statistikaya ehtiyac yoxdur – sadəcə istənilən kitab mağazasına girin və ətrafa boylanın. Xüsusilə də Türkiyənin kitab bazarındakı trendlər Azərbaycana ciddi təsir göstərir.

Amma bizdə başqa bir məqam da var: kitab piratçılığı. Xırda mağazaların əksəriyyətində məşhur kitabları sadəcə götürüb vərəqləmək kifayət edir ki, keyfiyyətindən onların kontrafakt olduğunu anlayasan. Qeyri-leqal kitab məhsulları həm birbaşa ölkədə nəşr olunur, həm də Gürcüstan və Türkiyədən gətirilir. Ona görə də, bazarın real vəziyyətini tam olaraq anlamaq mümkün deyil. Gürcüstandan gətirilən ingilis dilindəki kitablar orijinallarından bir neçə dəfə ucuz olurlar.

Hazırda həm qlobal, həm də lokal kitab bazarlarında vəziyyət belədir ki, rəsmi satış azalır, amma ümumi dövriyyə artır. Çünki bütün məhsullar kimi kitabların da qiyməti bahalaşır. Sənayenin ümumilikdə hansı istiqamətdə gedəcəyi dünya iqtisadiyyatı sabitləşəndən sonra daha aydın olacaq. Amma geniş mənada vəziyyət aydındır: Kitab biznesinin gələcəyi var! O, mətbuatdan fərqli olaraq, internetə uduzmayıb, əksinə, çox uğurlu konvergensiya yaradıb: Bütün dünyada “yutub”, “instagram”, “TikTok” ulduzları, məşhur blogerlər kitablar yazır, öz onlayn nüfuzlarından real kitablarını satdırmaq üçün istifadə edirlər. Üstəlik, onlayn mağazalar kağız kitabların satışına əlavə yardım edirlər. 

Bu vəziyyət kitabın fundamentallığını bir daha təsdiqləyir. Texnologiyanın hansı həddə inkişafından asılı olmayaraq, kitab var və olacaq. Bu, hər şeydən əlavə, bir kitabsevər və müəllif kimi məni də çox sevindirir. 

 

Əlibala Məhərrəmzadə

İqtisadiyyat elmləri doktoru, professor

Ukrayna Ticarət Evinin direktoru

 

“Balıqlara xütbə” filmi Cənubi Koreyada nümayiş olunacaq

 

İstedadlı Azərbaycan rejissoru Hilal Baydarovun “Balıqlara xütbə” filmi “Busan” Beynəlxalq Film Festivalının "Asiya Kinosuna Pəncərə" bölümündə nümayiş olunacaq.

 

Sözügedən festival oktyabrın 5-dən 14-dək Cənubi Koreyanın eyniadlı şəhərində keçiriləcək.

Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Asiyanın ən əhəmiyyətli film festivallarından biridir.

(Daha ətraflı növbəti buraxılışlarımızda)

 

Sentyabrın 10-11-də Bakıda Uşaq musiqi və incəsənət məktəblərinin Xalq çalğı alətləri şöbəsində ifa edən şagirdlərin iştirakı ilə “Kids Festival”ı keçiriləcək. Festival “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən “Ustad dərsləri” layihəsi əsasında reallaşacaq.

 

Bu festivalda, eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin “Nağara” ansamblı, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin “Saz” Ansamblı, Şüvəlan qəsəbə Mədəniyyət Evinin və Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Səma” rəqs ansamblı iştirak edəcəklər.

Bundan əlavə, animasiya şousu, teatr tamaşaları, nağıl saatı, uşaqlar və böyüklər üçün ustad dərsləri də festival proqramına daxildir.

Şənbə, 10 Sentyabr 2022 10:30

Günün fotosu: Britaniya matəm içindədir

Günün fotosu: Britaniya matəm içindədir

 

Böyük Britaniyada Kraliça  II Yelizavetanın vəfatı ilə bağlı matəm davam edir.

Foto: Euronews

Şənbə, 10 Sentyabr 2022 18:00

Mən heç müğənni olmaq istəmirdim".

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Özəl" verilişinə qonaq olarkən deyib.

İfaçının əsl istəyi başqa imiş:

“Diktor olmaq, xəbərlər oxumaq istəyirdim. "Sən gəlməz oldun" klipimdə televiziya aparıcısını canlandırıb, içimdəki o arzunu az da olsa, yaşamış oldum", - deyə, F. Ağayev bildirib.

Şənbə, 10 Sentyabr 2022 13:00

Anam həyatın ağır zərbələrinə dözüb

“Ədəbiyyat və incəsənət” moderator.az saytına müsahibə verən Cahangir Novruzovun bəzi cavablarını oxucularına təqdim edir. Xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov anası haqda xatirələrini də bölüşüb.

 

“Anam həmişə deyirdi ki, "sənət bir dənizdir, dəniz ölü balıq saxlamaz". Əgər sən sənətdə heç bir şey etməsən, ölü sənətkar olsan sənətin dalğası səni bir tərəfə atacaq. Anam mənə uşaqlıqdan işimdə tələbkar olmağı öyrədib.”

 

“Türkiyəyə əslində gedib qayıdacaqdım. Fikirləşirdim ki, 4-5 il gedib qalım, sonra geri qayıdım. Qoymadılar geri dönüm, mənə burada yuva tikdilər. Burada pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrim məni çox istəyirlər, universitet kollektivim mənə dəyər verir. Türkiyədə teatr sənətinin inkişafına, tədrisinə çalışıram. Həqiqətən də vətəni qardaş ölkədə təmsil etmək qürurvericidir"

 

"Mən evin tək övladıyam. Anam evdə hər zaman ciddi olub. Düzgünlüyü və dürüstülü var idi. Etdiyim səhvə görə ondan üzr də istəyirdim, bəzən heç gözümün yaşına da baxmazdı. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşam. Bəzən söz yadımdan çıxırdı. Nəsibə xanım deyirdi ki, söz yadından çıxmamalıdır! "Qaynana" tamaşasında söz yadımdan çıxmışdı, amma vəziyyətdən yaxşı çıxdım. O vəziyyəti bir anam bildi, bir də ki, mən.”

 

“Nəsibə xanım mənim həyatımda böyük rol oynayıb. O mənə həm ana, həm də müəllim olub. Atam rəhmətə gedəndə 40, anam rəhmətə gedəndə isə 50 yaşım var idi. Hər dəfə keçmişdən danışanda gözləri dolardı. Ona görə də söhbəti tez kəsirdim. Anam həyatın ağır zərbələrinə dözüb" 

 

"Bizim Cəbiş müəllim" filmində deməzdim ki, çəkilmişəm, sadəcə görünmüşəm. Anamla birlikdə ekran işində sadəcə iştirak etmişəm. Meyxana epizodunda və bir neçə səhnədə dostlarımla birlikdə görünürəm. Həmin meyxana səhnəsində mənə bir dəftər verdilər. Dəftərin içərisində 7-8 meyxana var idi. Həsən müəllim dəftəri açıb baxdı, dedi ki, filan meyxananı oxuyarsız. İlk dəfə idi ki, Həsən Seyidbəyli meyxana janrını filmdə istifadə etdi. Həsən Seyidbəylini mən həqiqətən də çox istəyirdim. Allah onun ruhunu şad etsin. Bu film Azərbaycan kinematoqrafiyasının şah əsərlərindəndir. Üstündən 50 il keçsə də film baxılır və baxılacaq"

 

Dekabrın 25-də İsrailin Hayfa şəhərində görkəmli Azərbaycan bəstəkarı, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, konsertin proqramına Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə birlikdə bəstələdiyi “Ərəb mövzusunda fortepiano və simfonik orkestr üçün konsert” əsərinin daxil edilməsi də nəzərdə tutulub.

Hayfa simfonik orkestrinin təqdim edəcəyi konsertin dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Fikrət Əmirova həsr edilmiş konsertlər keçirilir. Korifey sənətkarın 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına da daxil edilib.

Azərbaycan bəstəkarı, pianoçusu, professor, Əməkdar incəsənət xadimi Elmira Nəzirova isə uzun illər Hayfa şəhərində yaşayıb və 2014-cü il yanvarın 23-də vəfat edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.