Super User

Super User

 

Təbii ki, günün əsas mədəniyyət xəbəri məhz budur: Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qeyri-maddi mədəni irsi ilə bağlı Azərbaycana məxsus daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Hökumətlərarası Komitənin 17-ci sessiyasında reprezentativ siyahıya təqdim edilmiş element arasında Azərbaycanın “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya yer alıb: “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə).
Sessiyada bu nominasiyaların hər biri ilə bağlı müsbət qərar qəbul edilib.
Bu sıradan ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, eləcə də Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilmişdi.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev baramaçılıq, ipəkçilik və toxuculuq sənətinin Azərbaycan mədəniyyətində qədim tarixi kökə malik olduğunu bildirib, nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana minnətdarlığını ifadə edib. 
UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 1-də elan edilib.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı şəraitində təqdim olunub. 
Sonra ölkəmizin nümayəndə heyəti adından çıxış edən Elman Abdullayev pəhləvanlıq sənətinin Azərbaycan mədəniyyətinin önəmli bir hissəsi olduğunu diqqətə çatdırıb, bu sənətin qədim tarixi kökə malik olduğunu bildirib. 
Daimi nümayəndə eyni zamanda Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyəri olan bu nümunəni dəstəklədiklərinə görə təşəkkür edib. 
Azərbaycanda pəhləvanlıq və ənənəvi zorxana oyunları ilə bağlı sessiya iştirakçıları qısa videoçarxa baxıblar. 
UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” nominasiyası da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Çoxmillətli nominasiya faylı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim olunub.
Dekabrın 1-də sessiyada, həmçinin Azərbaycanla Türkiyənin birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyası da UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlarına dair müsbət rəy alaraq təşkilatın Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
Nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Türkiyənin müvafiq qurumlarının birgə əməkdaşlığı şəraitində təqdim edilib. 
Ölkəmizin nümayəndə heyəti adından çıxış edən səfir Elman Abdullayev çay mədəniyyətinin Azərbaycan xalqının qonaqpərvərlik simvolunun göstəricisi, mədəniyyətimizin önəmli elementi olduğunu qeyd edərək, ölkəmiz adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə təşəkkürünü bildirib. 
Qeyd edək ki, sessiyada ölkəmiz Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.
Hökumətlərarası Komitənin cari sessiyasında qəbul olunan əlamətdar qərarlarla UNESCO-da qeydə alınan qeyri-mədəni irs nümunələrimizin sayı 19-a çatıb. Onlardan 17-si Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib. Bu elementlərdən 11-i ölkəmiz tərəfindən milli nominasiya olaraq, 8-i Azərbaycanın da iştirakı ilə çoxmillətli nominasiya olaraq hazırlanaraq təqdim olunub.
UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeşdə keçirilən 17-ci sessiyasında əldə olunan bu nailiyyət Azərbaycanın qədim və zənin mədəni irsinin dünya miqyasında növbəti təntənəsidir.

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Tarix və Coğrafiya fakultəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa ili" çərçivəsində Elmi Seminar baş tutub. Seminarda  yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, tədbirdə ADPU-nin rəhbərliyi, TCF-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri açan ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. N.Əhmədova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında seminar iştirakçılarına məlumat verildikdən sonra professor Xəqani Məmmədov, dosent Şubay Nuruzadə və dosent Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. 

Tədbirdə  yazıçı-publisist Yunus Oğuz tələbələrin suallarını cavablandırıb, iştirakçılara yazıçının "Cığır" romanı hədiyyə edilib.

Sonda "Sözün bitdiyi, həyatın başlandığı yer!" adlı sənədli film nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Cümə, 02 Dekabr 2022 15:30

Uyqar Özçelik dizidən gedir

 

TRT1 kanalında yayımlanan "Alparslan Büyük Selçuklu" serialında ayrılıq yaşanacaq. Bu barədə Türkiyə mediası məlumat yayıb. 

 

Bu ekran işinə "İbrahim Yınal" obrazına həyat verən aktyor Uyqar Özçelik vida edəcək. O, 41-ci bölümdə layihədən ayrılacaq.

Qeyd edək ki, serialın baş rolunu Barış Arduç canlandırır.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Cümə, 02 Dekabr 2022 19:00

Riqa kilsəsində muğam

 

Xalq artisti Mənsum İbrahimov Riqanın məşhur kilsəsində muğam ifa etdiyini açıqlayıb.

Bu haqda sənətçi "Xəzər axşamı" verilişinə qonaq olarkən danışıb.

Bildirib ki, 2500 nəfərlə dolu olan kilsədə muğam oxunması ilk dəfədir yaşanır.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Günün fotosu: 82 gün mühasirədə və həbsdə qalan qadın

Söhbət Katerina Polişukdan gedir. O, opera müğənnisi idi, ancaq ağlına belə gətirməzdi ki, rus qəsbkarları onun ölkəsinə basqın edəcək, o da Mariupolda, bombardman edilmiş metaltökmə zavodunda yaralı ukraynalı əsgəri narkozsuz əməliyyat edəcək. Bəli, müharibə ən ağlabatmayan şeyləri belə reallaşdırır.

Foto:Euronews

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Rəsm qalereyası: Sakit Məmmədov, Qadın portreti

Cümə axşamı, 01 Dekabr 2022 19:00

Günün fotosu: Rusiya cavab verməlidir

Brüsseldə Avropa İttifaqı növbəti dəfə təcavüzkar Rusiyanı ittiham edərək “Rusiya aqressiyaya görə cavab verməlidir” çağırışını səsləndirmişdir. 

Həm də Avroittifaq Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə çağırış etmişdir.

Foto: Euronews.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Bildiyiniz kimi, dünyada keçirilən ən böyük kitab sərgilərindən biri İstanbulun payına düşür və Azərbaycan da bu sərgidə müntəzəm təmsil olunur. Özü də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə ənənə pozulacaq. Dekabrın 3-dən 11-dək İstanbulda keçiriləcək növbəti - 39-cu Beynəlxalq Kitab Sərgisində ölkəmizin təmsil olunması nəzərdə tutulmur. 

Əlimizdə cəmi bir məlumat var: Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin açıqlaması. Açıqlama belədir: sözügedən sərgidə Azərbaycanın bu il “Fəxri qonaq ölkə” statusunda iştirakı təxirə salınıb və qarşı tərəf bu barədə məlumatlandırılıb.

Vəssalam. Səbəblər hələ ki bilinmir. Araşdırmağa çalışacağıq.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında 20 ildən artıq izlənilən “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinin məlumatına istinadən bildirilir ki, tamaşa ölkə başçısının Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təqdim olunub.

Tamaşadan əvvəl baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb. Səma şairinin yaradıcılığında tolerantlıq, multikultural dəyərləri ön plana çəkən M.Ələkbərzadə Cavid üçün insanın əsas missiyasının sevgi olduğunu bildirib.

“Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addım idi. Beləliklə, uzaq İrkutskda 59 nömrəli qəbirdə torpağa tapşırılan 59 yaşlı Cavid Rəsizadə Azərbaycana qovuşur”, - deyə baş rejissor vurğulayır. 

Daha sonra “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Korifey aktyorlar əsla unudulmaz. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino xadimi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illiyi təntənəli şəkildə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ağasadıq Gəraybəylinin sənət yolundan danışaraq, onun bütün ömrünü Azərbaycan teatrı və kinosunun inkişafına həsr etdiyini, bir-birindən maraqlı, ölməz obrazlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Xalq artisti geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir. 

Sonra tanınmış müğənnilərin, rəqs qruplarının və tələbə aktyorların rəngarəng çıxışları maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.