
Super User
Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir
Yazıçı və cəmiyyət. Təbii ki, cəmiyyətdə baş verənlərə yazıçı reaksiyası həmişə obyektiv olur və maraqla qarşılanır. Tarixi romanlar müəllifi Yunus Oğuzla bugünkü müsahibə də ədəbiyyat barədə yox, siyasi gündəm barədədir.
-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?
-Məlum olduğu kimi Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel Sülh mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı ona görə yandırıblar. Nəzərə almaq lazımdər ki, Nobel Sülh mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya, Quranın yandırılmasından Ərdoğan hirslənəcək, İslamafob aurası yaradacaqlar və bütün Avropanı Ərdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan dedi ki, biz hakimiyyətə gəlsək, Bayraqdara da əl gəzdirəcəyik. Əslində bu açıqlama ilə Ərdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Ərdoğana Nobel mükafatı verilməsin. Ərdoğan bundan əsəbləşsin və Türkiyədə antiAvropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.
Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir. Niyə Ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki? Belə məlum olur ki, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya, Ərdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.
-Vardanyanın özünüifşa müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?
-Əslində jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə, razılığını alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. Paşinyana isə bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində Vardanyanın niyyəti Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.
-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərar nəyə hesablanıb?
-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan Ermənistana qarşı niyə tərbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Cənubi Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var? Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər. Vardanyan da çaş-baş qalıb. Əslində ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin bütün planlarını pozdu. Avropa Parlamenti də planlar pozlduğuna görə, belə məsələləri gündəmə gətirir.
-Anna Akopyanın İrana səfəri İrəvan -Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?
-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər, bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olublar. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə “İslam incəsənəti” Biennalesinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “İslam incəsənəti” Biennalesində Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu təqdim olunur.
Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlar - keramika, xalçaçılıq və bədii metal sənəti nümunələri, o cümlədən XVII-XVIII əsrlərə aid nadir miniatür kolleksiyası nümayiş edilir. Həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyukinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan "Vərqa və Gülşa: geri dönüş" adlı multimedia instalyasiyası nümayiş etdirilir.
“İslam incəsənəti” Biennalesi aprelin 23-dək ziyarətçilər üçün açıqdır.
Qeyd edək ki, İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş Biennale Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib. “Birinci ev” mövzusunda keçirilən Biennale çərçivəsində Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Mali), Əl-Harameyn Fondu (Səudiyyə Ərəbistanı) və digər muzey, təşkilatlar tərəfindən İslam incəsənətinin zənginliyini, dünya müsəlmanları arasında mənəvi və bədii estetik əlaqəni özündə əks etdirən sərgi pavilyonları təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
“Azərbaycan-İsrail münasibətlərinin gücü düşmənlərinin gözləri götürməyəcək qədər böyükdür”
Sitat: “Bu gün Holokost qurbanlarının anım gününü hüznlə qeyd edirik. Bu gün sadəcə insanların anım günü kimi qeyd edilmir, həmçinin insanların birlik-bərabərlik günü, yüksəliş günüdür. Yəhudi xalqına dərin hüznlə başsağlığı veririk.
Holokost qurbanları həyatlarını boşuna qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətlərinin bugünkü gücü düşmənlərinin gözləri götürməyəcək dərəcədə böyükdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik".
Sitatı Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla yanvarın 25-də keçirilən Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində deyib.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Gecə paytaxtda 3 dərəcə şaxta olacaq
Azərbaycanda yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14°, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistandakı 14 mərkəzi kitabxanaya hədiyyə edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev İli” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr təqdim olunub.
Sözügedən kolleksiyada ölkəmizin tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş klassiklərimizin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb.
Bu kolleksiyalara əsasən Ulu Öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb.
Yanvarın 24-də Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Ayın səthində suyun aşkarlanması
Tarixdə ilk dəfə olaraq "Çanye-5" ("Chang'e-5") Ay stansiyası orbital zondu Yerin təbii peykinin səthində su aşkar etdi.
Əslində "Çanye-5" aparatı Aya 2020-ci ilin dekabrında eniş edib. Kosmik cihaz Aydan torpaq nümunəsi götürüb və ətrafdakı Ay qayasında müşahidələr aparıb. Məhz Ay səthinin bu spektroskopik görüntülərində alimlər suyun varlığına dair dəlillər tapıblar.
Mineralogik Spektrometrlə aparılan ölçmələrə görə, Ay qruntunda su milyonda 120 hissəyə qədərdir (Bu, konsentrasiyanın ölçüldüyü nisbi dəyərdir, yəni Ay qruntunun milyon hissəsinə 120 hissə su var). Yerin standartlarına görə, bu son dərəcə kiçik göstərici olsa da, super quru Ay üçün inanılmaz dərəcədə böyükdür.
Bundan əvvəl alimlər təbii peykimizdə suyun mövcudluğuna dair sübutlar tapıblar. Bununla belə, o, Yerə çatdırılan torpaqdan çıxarılıb və ya qurğular səth üzərində uçuş zamanı müşahidə məlumatları toplayıb. Yeni dəlillər isə eniş yerində ölçmələrdən gələn ilk sübutdur.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Qorxulu obrazına 30 min qaş istifadə edilib
Ən çox oxunan xəbər: Dünyaca məşhur reper Doca Kətin "Schiparelli" dəfiləsindəki görüntüsünün detalları məlum olub.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, müzakirə yaradan obraz üçün 30 min "Swarovski" kristallardan istifadə edildiyi öyrənilib. D. Kətin hazırlanması isə ümumi 4 saat vaxt çəkib.
Qeyd edək ki, sosial şəbəkədə izləyicilərin əksəriyyəti reperin bu görüntüsünü qorxunc hesab etdiklərini bildirib.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Laçın-Xankəndi yolu: Ekoaksiya 45 gündür davam edir
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 45 gündür davam edir.
AzərTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarında yüksək əhval-ruhiyyə və fəallıq müşahidə olunur.
Ekofəallar hər gün olduğu kimi, səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
“Mədəni irsə yeni baxış” adlı sərgi açılıb
Azərbaycan Milli Xalça Muzeyində ilin ilk sərgisi - “Mədəni irsə yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və Kapital Bankın tərəfdaşlığı ilə baş tutan sərgidə nümayiş olunan beş müasir xalça nümunəsi muzeyə hədiyyə edilib. “Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı bu müasir xalça kolleksiyası Qarabağ zəfərinə həsr olunub.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın məlumatına görə, məqsəd xalçanın xalqımız üçün əsrlərdir dəyişilməyən çox qiymətli mənəvi irs olduğunu vurğulamaq, tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.
“Tanınmış azərbaycanlı dizayner, “AFFFAIR”-in yaradıcı direktoru və təsisçisi Rüfət İsmayıl müasir modanı dünyada layiqlə təmsil edir. O həm də, yaratdığı geyim nümunələrində etnik mədəniyyəti, xalçalarımıza aid zəngin naxış elementlərini əks etdirir. Rüfət İsmayıl “Sumakh” kolleksiyası üzərində uzun zaman işləyərək, bu müddət ərzində Azərbaycan Milli Xalça Muzeyi ilə çalışmış, burada saxlanılan həm qədim, ənənəvi xalçalardan, həm də müasir peşəkar xalçaçı-rəssamların yaratdığı əsərlərdən ilhamlanıb. Sərgidə nümayiş edilən “Naxçıvan”, “Qarabağ”, “Açma-yumma” xalçaları muzeyimizdə qorunan eyniadlı xalçaların elementlərindən istifadə edilməklə yaradılıb. Əvvəlcə onlar “Sumakh” kolleksiyasına aid geyimlərin parçalarında əksini tapdı, daha sonra isə tekstildə istifadə olunan bu motivlər xalçaya qaytarıldı. 2020-ci ildə biz muzey olaraq çox maraqlı bir layihəni reallaşdırdıq. İki il sürən araşdırma nəticəsində qədim ənənəyə əsaslanan, boyanmamış yundan təbii, oxra çalarlarında 5 xalça ərsəyə gətirdik. Bunlar muzeyimizə hədiyyə edilən nadir xalça kompozisiyalarının replikaları idi. XVII əsrin sonu-XVIII əsrin əvvəlinə aid, Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə muzeyimizə hədiyyə olunan “Naxçıvan” xalçası onlardan biri olmaqla Rüfət İsmayılı ilhamlandırmış və o da, eyni rəng çalarlarından istifadə etməklə xalçanın mərkəzi elementindən istifadə etmişdir. Sərgidə təqdim olunan “Naxçıvan” xalçası üzərində də bu element əksini tapmışdır. “Ovçuluq” adlı xalça isə “Bəndi-Rumi” bədii kompozisiyası və Xalq rəssamı Eldar Mikayılzadənin yeni “Şəki xalçaları” silsiləsinə aid “Şəbəkəli” xalçası əsasında ərsəyə gəlmişdir.
Qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdimatı olan bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində sərgilənməkdədir. Nəhayət ziyarətçilər burada dünyanın ilk xalı nümunəsi olan “Pazırık” xalçasının mərkəzi elementləri üzərində işlənmiş müasir xalça nümunəsini də görə bilərlər. Muzeyə hədiyyə olunan bu dəyərli xalçalar tezliklə kolleksiyamızda öz yerlərini tutacaq. Sərgi fevralın 10-a kimi davam edəcək”, - deyə Şirin Məlikova qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
“Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam etdiriləcək
Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
AzərTAC xəbər verir ki, iclası açan komitənin sədri Qənirə Paşayeva qarşıdakı sessiyada deputatlara uğurlar diləyərək gündəlik barədə məlumat verib.
Gündəliyin birinci məsələsi olan Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatını təqdim edən Qənirə Paşayeva diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 6 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə sədri, həmçinin məlumat verib ki, payız sessiyası ərzində komitənin ünvanına daxil olmuş 681 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, payız sessiyası dövründə komitənin sədri tərəfindən 228 vətəndaş qəbul edilib.
İkinci məsələ olan Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktlarına, digər sənədlərə baxılması və rəy verilməsi, aidiyyəti qurumlarla dinləmələrin keçirilməsi, habelə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması işi davam etdiriləcək.
Gündəliyin növbəti məsələləri olan 4 qanun layihəsi - “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, layihələr bir-biri ilə bağlıdır. Belə ki, qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb və qeyd olunan qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsini (“kütləvi informasiya vasitələri”, “teleradio” sözlərinin “media”, “televiziya və radio” sözləri ilə əvəz edilməsi kimi) nəzərdə tutur.
Müzakirələrdə deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Əziz Ələkbərov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin, Razi Nurullayev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar ötən payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib, qarşıdakı sessiyada komitənin iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
İclasda Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)