
Super User
İlk iki ayda Azərbaycandan Özbəkistana 1,7 min nəfər səfər edib
“Ədəbiyyat və incəsənət”in Açıq portfelində növbəti statistikanı sizlərə təqdim edirik: bu ilin yanvar-fevral aylarında Azərbaycandan Özbəkistana 1,7 min nəfər səfər edib.
Məlumatı AzərTAC Özbəkistan KİV-lərinə istinadla verib və bildirib ki, ümumiyyətlə ilin əvvəlindən bu ölkəni turizm məqsədilə 871 min xarici vətəndaş ziyarət edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 544,4 min nəfər və ya 2,7 dəfə artıb.
Qeyd edək ki, bu dövrdə ən çox Tacikistan vətəndaşları (289,2 min nəfər) Özbəkistana səfər ediblər.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Gündoğandan yalnız gözəlliklər
“Ədəbiyyat və incəsənət” portalının bu yazısı sadəcə bir ölkənin digər ölkədə sevgi qazanması üzrə ən qabaqcıl təcrübədən bəhs edəcək. O təcrübə bizim gözlərimiz qarşısındadır, bizim əməkdaşlar, sizlər, hamımız artıq onu görməyə adət etmişik. Söhbət Yaponiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi mədəniyyət tədbirləri barədədir.
Bu ilin fevral ayından başlayaraq Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirdi. Bununla ölkəmizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq üçün yeni imkanı yarandı. Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulması təqdirəlayiqdir. Bu səbəbdən də Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
Bir baxın, fevral ayında yapon ənənəvi folklor ifaçısı Nobutaka Yoşizavanın Bakı konsertinin triumfu minlərlə həmvətənimizdə gündoğan ölkəyə bir sevgi yaratmadımı, yaratdı.
Və bütün bu təbliğatın arxasında yorulmaz insan - Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada dayanır. Cuniçi Vadanın bu açıqlaması isə məsələyə köklü yanaşmanın klassik izahıdır:
“Bildiyiniz kimi, keçən il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin 30-cu ildönümü zamanı biz bir çox tədbirlər təşkil etdik və bu il də bəzi mədəni tədbirlər keçirməyi düşünürük və keçirməkdəyik. Düşünürük ki, belə tədbirlərin davamlı keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün gözəl vasitə olacaq. Məsələn, məhz Novruz bayramı ərəfəsində Nobutaka Yoşizavanın Bakı konsertinin keçirilməsinin bizim üçün çox böyük əhəmiyyəti var. Azərbaycanın gözəl təbiəti, insanların qonaqpərvərliyi və dadlı mətbəxi də məni valeh edir”.
Dünyada mədəniyyətlər qədər xalqları heç nə yaxınlaşdıra bilməz, nə bazis olan iqtisadiyyat, nə də üstqurum olan siyasət.
Var ol, gözəl Yaponiya, şərqin əsas incisi. Azərbaycanda sənə olan sevgini bu qədər formalaşdırmağa nail olan hörmətli səfir Cuniçi Vada da var olsun!
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Qubalı məktəbli bədii qiraətdə uğur qazanıb
“TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi tərəfindən Ramiz Rövşən şeirlərinin bədii qiraəti üzrə təsis edilmiş ˝Ramiz Rövşən mükafatı˝nin qalibləri müəyyən edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qaliblər sırasında əyalət təmsilçisi də var. Bu, qubalı məktəbli Sadiq Mahmuddur. O,
9-11-ci sinif şagirdləri üzrə nominasiyada fərqlənib.
Bildirək ki, Sadiq Qubanın tanınmış ictimai fəalı, “Yurd” təşkilatının təsisçisi Ramin Mahmudovun övladıdır.
“Ədəbiytat və incəsənət”
(30.03.2023)
Berlin divarı, rus musiqisi, velosipedlə işə tələsənlər...
Berlindən “Ədəbiyyat və incəsənət” portalı üçün xüsusi reportaj
Vüsal Mətləb yazır
Dünyanın sənaye və texnoloji inkişaf sahəsində nəhənglərindən biri, Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi - Almaniya. Bu ölkə 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təsisatların da üzvüdür.
Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə 4-cü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə 5-ci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür.
***
Müharibədən sonra Berlin 4 yerə parçalandı - onlardan üçü sonralar Qərbi Berlin olaraq formalaşdırılan hissələr ABŞ, İngiltərə və Fransa arasında bölünmüşdü, bir hissə isə Sovetlər birliyinə aid idi. İlk illərdə Qərbi və Şərqi Berlin arasında hərəkət sərbəst olsa da Şərqdən Qərbə axın baş verdiyindən 1961-ci ildə iki tərəfi ayıran Berlin divarı tikildi. Divar Sovet ittifaqının çöküşü və AFR və ADR-in birləşməsi ilə 1989-cu ildə söküldü.
***
Almaniya-Azərbaycan əlaqələrinə gəldikdə isə tərəflər ötən il diplomatik münasibətlərin 30 ilini tamamlayıb. Bu gün Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır. Almaniyanın bu bölgə ilə ticarət dövriyyəsinin təribən 80 fazi Azərbaycanın payına düşür.
Almaniya-Azərbaycan əlaqələrində hazırda iki xüsus önə çıxır: iqtisadi əməkdaşlıq və Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında vasitəçilik missiyası. Ayın əvvəllərində Ermənisan baş nazirinin Berlinə dəvət olunmasının ardınca Azərbaycan liderinin Almaniyaya səfəri məhz bu missiya ilə bağlıdır.
Martın əvvəlinə qayıdaraq Ermənistanın baş nazirinin Berlinə səfərindən sonra Almaniya hökumətinin sözçüsünün müavini Volfqanq Büşner açıqlamasını xatırlayaq: "Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni dinc yolla həll etməyə çağırır".
Bu açıqlama da Azərbaycanın yaratdığı postmünqaişə reallıqlarının və 5 baza prinsipinin Berlində də qəbul edildiyini və dəstəkləndiyini nümayiş etdirirdi.
Almaniya kansleri də Almaniyanın Dağlıq Qarabağı müsəqil respublika kimi tanımadığını açıq mətnləifadə etdi.
***
İkinci istiqamət isə enerji məsələsidir. Yeni geosiyasi təhdidlər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Avropa İttifaqının mühüm ölkəsi kimi Almaniyanın maraqlarına cavab verir.
Ötən ilin iyulunda Avropa İttifaqı və Azərbacan arasında bağlanmış memorandum Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP-ın genişləndirilməsi və təkcə Azərbaycandan qoca qitəyə nəql olunan qazın həcminin artırılmsını yox, həm də coğrafiyasının genişləndirilməsini özündə ehtiva edir. İndi daha çox sayda ölkələr bunda maraqlı görünür. Bu mərhələdə ölkələr arasında çəkilən interkonnektorlar əhəmiyyətli rol oynayacaq və biz artiq prosesin başlandiğini müşahidə edirik. Məsələn, ötən ilin oktyabrında açılışı olan Yunanıstan -Bolqarıstan interkonnektoru bunun yaxşı nümunəsidir. Ötən ilin dekabrında isə enerji sahəsində yeni istiqamət yarandı - Bərpa olunan enerji üzrə əməkdaşlıq. Dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş Azərbaycanın bərpa olunan enerji ehtiyatlarını Avropa çatdıracaq.
***
Almaniyada nizam-intizam Almaniyanın İctimai Nizam-İntizam İdarəsi tərəfindən qorunur. Bu, xüsusi bir polis qüvvəsidir. Onlar Almaniyada sakitlik saatlarında ucadan musiqi oxutmaq, küçədə səs-küy salmaq, sahibi gəzdirməyə çıxaran itlərin bərk hürməsi kimi halların qarşısını almağa çalışırlar... Ancaq küçə musiqiçiləri ilə işləri yoxdur. Bütün böyük şəhərlər kimi Berlinə də bu musiqi sədaları əlavə gözəllik verir.
***
Bəli, almanlar intizamlıdır, dəqiqdir. Ancaq bu yaxınlarda Münhendə etdiyimiz müşahidəni Berlində də davam etdirdik - çox mübaliğəyə gərək yoxdur - almanlar da yolu piyada keçidi olmayan yerdən keçir bəzən, onlar da yerə zibil atır və s. Amma o da doğrudur ki, belə böyük şəhərlərdə miqrantlar da çox olur və qaydaları kimin pozduğunu dəqiq müəyyən etmək çətindir.
***
Almaniya bu gün iqtisadi inkişafı ilə və demokratik təsistların möhkəmlənməsi ilə öyünə bilər, ancaq tarixi nöqteyi-nəzərdən baxdıqda utancverici hadisələr də yox deyil. Xüsusilə Hitler Almaniyasının faşist və işğalçı siyasəti və törətdiyi soyqırımlar. XX əsrin 30-40-cı illərində nasistlər tərəfindən həyata keçirilmiş bu soyqırımlar nəticəsində 6 milyon yəhudi, 220,000 ilə 1,5 milyon arasında qaraçı, 275,000 əlil, yüz minlərlə Almaniya əleyhinə fikirləri olan siyasi və dini şəxsiyyət də daxil olmaqla, ümumilikdə 17 milyon insan sistematik şəkildə qətlə yetirilib.
***
Rusiya səfirliyinin binası xüsusi olaraq mühafizə olunur. Ancaq bunun səfirliyin qarşısındakı küçədə Rusiyaya etiraz, Ukraynaya dəstək əlaməti olaraq xüsusi guşəyə dəxli yoxdur.
***
Ancaq heç bir müharibə mədəniyyətin qiymətləndirilməsinə mane olmur: Berlin küçələrində rastlaşdığım nənə rus musiqisini səsləndirməkdə tərəddüd etməməklə bunu nümayiş etdirirdi.
***
Çağırdığımız taksinin sürücüsü ilə ortaq dilə keçməyimiz üçün isə çox vaxt lazım gəlmədi. Türkiyədən olan sürücü 30 ilə yaxındır Almaniyada yaşadığını, burda ən çox səhiyyə sisteminin onu qane etdiyini və bircə kartla bütün müayinə və müalicələrini təmin etdiyini deyir.
İkinci taksi sürücüsünün də türk olması bizdə belə fikir yaratdı ki, burda taksi işi türklərin "manapolyasindadır". Ancaq o, bizimlə razılaşmadı: "Yox, türklər hər sahədə var. Ancaq mən Berlindən yorulmuşam, tezliklə vətənimə - Mersinə qayıdacağam. Qurban olaram vətənimə, ilin 365 günü günəş var".
***
Almanlar enerjiyə qənaəti öz avtomobillərində də tətbiq edirlər. Yollarda tez-tez elektro avtomobillərə rast gəlmək mümkündür.
***
Bakı nefti Almaniyanın taleyinə həmişə həlledici təsir göstərib. İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində Bakı nefti mühüm rol oynamışdısa, bu gün Almaniyanın xam neftə olan ehtiyacının böyük bir hissəsini Azərbaycan ödəyir. Eyni zamanda Almaniyanın aparıcı ölkəsi olduğu Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacı o vaxt SSRİ-nin Bakı neftinə olan ehtiyacından heç də az deyil.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Səidə Sübhinin köşəsi
Bu dəfə Amerika yazıçısı Rey Duqlas Bredberinin təzə kitablar barədə dediyi gözəl bir fikri səsləndirmək istəyirəm:
“Siz bilirsinizmi, yeni kitabların qoxusu necədir? Cildin, kağızın qoxusu, şriftin rəng qoxusu? Bu, ac adam üçün təzə çörək kimi bir şeydir.”
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək
Aprelin 7-dən 16-dək Sankt-Peterburqda “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı keçiriləcək.
Mədəni forum görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub.
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşacaqlar. Ölkəmizi bu festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təmsil edəcək. Aprelin 8-də teatrımız “Maskarad” tamaşasını nümayiş etdirəcək (rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir).
Festival iştirakçıları tamaşaları müzakirə edəcək, diskussiyalar aparacaq, səhnə nitqi və aktyorluq sənəti üzrə ustad dərslərində, teatrın quruluş hissəsinin mütəxəssisləri üçün məşğələlərdə iştirak edəcəklər. Festivalın yubileyi ilə əlaqədar MDB-yə üzv ölkələrin rus teatrlarının son 25 il ərzində yaratdıqları ən maraqlı tamaşalardan bəhs edən “25 il birlikdə” adlı fotosərgi açılacaq.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Bəstəkar Georgi Liçeli Bakıda çıxış edəcək
Aprelin 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında bəstəkar Georgi Liçeli simfonik orkestrin müşayiəti ilə çıxış edəcək.
Müasir bəstəkar Georgi Liçelinin simfonik şousu - səs, işıq, emosiya və canlı səsin vibrasiyası dinləyicinin bütün hissiyyat orqanlarına təsir göstərir. Onun hər bir kompozisiyası bütöv bir hekayətdir. Simfonik orkestr, virtuoz dirijor və royal arxasında bəstəkarın özünün əyləşməsi tamaşaçıları saat yarım ərzində necə deyərlər, hər şeyi unutmağa məcbur edəcək, onları hisslər və emosiyalar aləminə aparacaq.
1982-ci ildə Tbilisidə musiqiçilər ailəsində anadan olmuş Georgi Liçeli hələ uşaq yaşlarında konsertlərdə səs rejissorunun köməkçisi kimi çalışırdı. Musiqi məktəbini fərqlənmə ilə bitirəndən sonra orkestrdə skripka çalıb. 2004-cü ildə Liçeli öz melodiyalarını yaratmağı sınaqdan keçirib. On ildən sonra isə simfonik orkestrin müşayiəti ilə öz kompozisiyalarını lentə yazdırıb. Elə həmin il bacısı ilə ayrı düşməsinə görə dərin kədərin təsirindən yaranmış “Bacı” adlı kompozisiyasını tamaşaçılara təqdim edib.
2020-ci ildə Georgi Liçelinin “Ritorika” adlı ilk neoklassik albomu rəqəmsal məkanlarda bütün dünyaya təqdim edilib. Musiqiçilər mühitində və kino sənayesi işçiləri arasında Georgi Liçelini yeni ulduz adlandırırlar. Onun “Epika” adlı ikinci albomu kinofilmlərə saundtreklər janrında yaranıb.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Rəsm qalereyası: “Narla qız rəsmi”
Rəsm qalereyası: “Narla qız rəsmi”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbinin Rəssamlıq şöbəsinin şagirdi Ziyad Qasımlıya Yaponiyada keçirilən Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisində uğur gətirən rəsm əsəri.
Bu gün Xalq artisti Əhməd Bakıxanovun xatirə gecəsi keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, musiqi xadimi, Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir təşkil ediləcək.
Xatirə gecəsində unudulmaz sənətkarın həyat və yaradıcılığından danışılacaq, xidmətləri vurğulanacaq.
Qeyd edək ki, təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi sənəti üzrə kadrların hazırlanmasına həsr edib. Onun yaratdığı ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar xalq ifaçılığında geniş yayılıb. Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
İlahi, bir qadın sevirdi məni - Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı Əlizadə Nuri bu dəfə “İlahi, bir qadın sevirdi məni” söyləyir.
Dünyanın üstünün daş-qaşıydı o,
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,
İlahi, bir qadın sevirdi məni.
Bəlkə bir yağışın içində getdi?
Bəlkə də bir durna köçündə getd.
Bir gün barmaqlarım saçında getdi…
İlahi, bir qadın sevirdi məni.
Mən də bu dərdinəm, yadın deyiləm,
Dayanın, mən onun adın deyirəm…
Mən sizə ağzımda qadın deyirəm!
İlahi, bir qadın sevirdi məni.
Bəlkə yandırdığım çıraqdan baxır?
Bəlkə bu yazdığım varaqdan baxır?
Bəlkə yanımdadı, qıraqdan baxır?-
İlahi, bir qadın sevirdi məni.
Axı neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdaşıyla o.
Qoydu imzasını göz yaşıyla o…
İlahi, bir qadın sevirdi məni.
Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini.
İlahi, haçansa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi…
İlahi, bir qadın sevirdi məni.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)