Super User
Onunçün verdinmi mənə göyləri, məndən göylər qədər uzaq olasan?!
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Səni yaz qatarı apardı tezdən,
Elə bil dünyanı qarlı qış aldı.
Heç yana getmədin sən yer üzündən,
Bəs niyə yer üzü birdən boşaldı?
Hicran elə gəldi, ayırdı bizi,
Sanki üfüqlərə uçan xəyaldın.
Hicran elə bildi ayırdı bizi,
Bir idin, min olub qəlbimdə qaldın.
Gecələr sakitcə axan ulduzlar,
Göylər çəmənində naxışlarındır.
Hardansa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır!
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin anım günüdür.
Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilmişdir. Ordudan tərxis olunduqdan sonra o, bir müddət "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.
1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırır və onu Yazıçılar İttifaqına üzv qəbul edir.
Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edir. Dava böyüyür və dekanın şairi universitetdən qovması ilə nəticələnir. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olurlar.
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışmışdır
Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurmuş və beş övladı dünyaya gəlmişdir. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişmişdir.
1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunmuşdur. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri Təxəllüsünü götürür.
2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirmiş və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Və bu günkü şeir payımız da Nəbi Xəzri yardıcılığının ərməğanıdır, xoş mütaliələr!
Dəniz, göy, məhəbbət
- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, -dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
*
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar umman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
Sevgi miniatürləri
Keçir xəyallarım sənin izində
Sən Ayla, Günəşlə tən görünürsən.
Dünyaya baxıram sənin gözünlə
Yenə gözlərimə sən görünürsən.
*
Onlar görüşdülər... Aylı gecəydi...
Oğlan pıçıldayıb. "Sevirəm" - dedi,
- Əhdindən dönənin gözü oyulsun!
Ay da sevgimizə qoy şahid olsun.
Onlar ayrıldılar... Aylı gecəydi...
Oğlan başqasına "Sevirəm" - dedi.
Ay girdi buluda üzündə kədər,
Qorxdu, bir də onu şahid çəkərlər.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
Bu dünyanın o tərəfini də düşünərək davam etməliyik yola.… - ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Əgər mənə sual olunsaydı ki, vəfat etmiş birinə zəng edəsi olsaydın, kimi seçərdin, açığı, cavab verməkdə çətinlik çəkərdim. Hər kəs yaxınlarını itirir, yaşadığımız dünyanın qanunudur bu. Demək ki, ən çox da itirdiyimiz yaxınlarla yenidən ünsiyyət istəyərdik. Bəs o yaxınlar arasında kimdən nəyi soruşardım? Ən yaxınımamı zəng edərdim, ən maraqlı suallarıma cavab verəcək olanamı?
Mən deyəsən həqiqətən o dünyanı mənə danışacaq, məni əzablardan qorumağı həqiqətən istəyəcək birini seçərdim. Babama zəng edərdim. Heç görmədiyim, amma hamının "Yaşasaydı çox sevər, çox nazınla oynayardı. Mükəmməl biriydi” dediyi babama zəng edərdim. Həm onunla tanış olar, həm o dünyadan, Rəbbdən xəbər tutardım. Hələ də şansım varkən mənə bir az daha mənəviyyat, bir az daha ibadət aşılamasını istəyərdim. Bu dünyada hər şey keçicidir, bu cümləni tez-tez işlədirik. Amma həqiqətən də, bu dünyanın o tərəfini də düşünərək davam etməliyik yola.
Görəsən nə qədər əməl edirik lazımi qaydalara?
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Bahar gələndə”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb.
Bahar gələndə...
... qorxurdum cəsarəti yetməyə sözün;
lalələr alovtək yamacı oyub,
dağlar elə bil ki, dartılan gözün
qapağı üstünə qırmızı qoyub.
güllər sıralanıb tutur yerini,
ürəklər isidir gələn soraqlar,
ara qarışanda itirdiyini
hər kəsin özünə qaytarır bahar,
oyadıb yaşadar arzuları da,
hardansa güc alar itən ümidlər,
bahara sevinən baş daşları da
Günəşə boylanıb dua etdilər.
qarının sonuncu nəvəsi mənəm –
ağlı kəsməyəni məndən soruşar,
payız yuxusuna “puç” deyən nənəm
baharda axarlı suynan danışar,
həyata boylanıb eşq həvəsində
arzular selində aşıb-daşaram,
yaşım çoxalsa da, bahar gələndə
ömrün payızınnan uzaqlaşaram...
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
31-ci hissə
Ayrılıq
Ertəsi gün Tural evə dönmədi, Ülkərlə Banu narahatlıq içində səhəri dirigözlü açdılar, dost-tanışdan Turalı soruşdular. Heç kəs bir xəbər bilmirdi. İki qadın bir-birinə qoşulub polis idarələrinə, morqlara belə baş çəkir, gözləri yaşlı halda hətta küçədən keçənlərdən əlamətlərini deyərək Turalı sorurdular.
Beşinci günün tamamında Ülkərin mobil telefonuna uzun bir zəng gəldi, xışıltıdan sonra Turalın səsini eşidəndə sanki gözləri işıqlandı. Tural tələsik bir neçə kəlməni izhar edib dərhal da sağollaşdı.
-- Ülkərcik, salam. Necəsiz? Məndən nigaran qalmayın, Suriyadayam. Şəriət naminə vuruşuruq. İnşallah, qayıdıb gələrəm, yenə birlikdə olarıq. Banuya və Aylinə salamlarımı çatdır. Səni çox sevirəm. Hələlik.
Vəssalam. Bu, Turaldan eşitdiyi son kəlmələr oldu. Ardı gəlmədi. Ülkər hönkürərək ağladı, dükanda idi, müştərilər təəccüblə ona baxırdılar. Banu çıxmışdı ki, nahara perajki alıb gətirsin, içəri girəndə Ülkərin vəziyyətini görəndə donub qaldı, perajkilər əlindən yerə töküldü.
***
“Mən deyirdim də, deyirdim, Tural radikal müsəlmanların qurbanı olacaq, gedib Suriyada vuruşacaq. Deyirdim də, bunların ayrılığına səbəb yalnız bu ola bilər”. Süleyman öz-özünə ucadan dedi, sonra saata (03.45) və gecənin lal sükutuna diqqət etdi. Sonra da yenidən acışan gözlərini romana dikdi.
***
Suriya barədə Ülkər az eşitməmişdi, bilirdi ki, ora getmək ölümə getmək kimi bir şeydir. Axı niyə, niyə?
Ülkər göz yaşları içində özünü də, Banunu da qınayırdı.
-- Tural düz yolda deyildi, radikallara qoşulmuşdu, o, Suriyadan, cihaddan danışanda biz onun qarşısını kəsə bilərdik hələ, amma biz bunu eləmədik, ağlımıza belə sığışdıra bilmədik ki, Tural Suriyaya gedəcək. Ağzıma daşlar, amma o yol gedər-gəlməz yoldur.
Əslində Turalın qayıdacağına Ülkər də, Banu da ümid edirdilər. Hər dualarında Allahdan Turalı geri qaytarmağı diləyirdilər. Cümə namazında məsciddə bəzən hamı çəkilib getsə də, o ikisi əlləri göydə gözlərindən bıldır-bıldır yaş axıdaraq əzizlərinin geri dönüşünü təvəqqe edirdilər.
Həyatları tam solmuşdu. Birgə söhbətlər, çayiçmə mərasimləri, gəzintilər, Aylinlə görüşlər – indi bunların heç biri yox idi və Ülkər başa düşürdü ki, gör necə xoşbəxt anları, günləri olubmuş bir zamanlar. Adam büllur vazın dəyərini ancaq onu yerə salıb çilikləyəndə bilirmiş.
Qara gəlmiş Novruz bayramından heç bir ay belə keçmədi ki, Turalın ölüm xəbərini birgə namaz qıldığı Söhbət gətirdi, dedi, buradan on iki nəfər qardaş getmişdi, hamısı bir döyüşdə şəhid oldu. Ardınca da nələrsə dedi, Həyyat Təxrir aş-Şam dedi, Bəşir Əsəd dedi, Ərəb baharı dedi, Xalid Xoca dedi, mücahidlər heç vaxt ölmür, onlar əbədiyyətə qovuşur dedi. Nə dediyini Ülkər daha anlaya bilmirdi.
Beləcə, Ülkərin ürəyinin daha bir damarı qırıldı.
O, yenidən, artıq neçənci dəfə tək qaldı.
Banunun təkidlərinə və göz yaşlarına baxmayaraq, əşyalarını, zoğalı rəngli çamadanını yığışdırıb anasının evinə qayıtdı. Zöhrə onun yenə də üzüqara dönüşünə biganə qala bilmədi, saatlarca hönkürüb ağladı.
Yenə üçlükdə yaşamağa başladılar.
Arada bir dəfə Xəyal gəldi, onsuz da qəlbi qırıq olan Ülkərin qəlbini bir daha qırdı, onu “fahişə” deyə çağırdı. Bu sözlər Ülkərin içini silkələdi, cərəyan kimi bütün bədənindən keçdi. Bəli, o, Madarla, Rasimlə, Rəşid müəllimlə, Namiqlə, Turalla – artıq beş nəfərlə yatmışdı, üçünün halal arvadı olmuşdu, Rasimə sevgisi ucbatından, ailə quracaqları vədinə aldanaraq təslim olmuşdu, Namiq oğraş isə onu zorlamışdı. Fahişə deyildi axı o. Fahişə -- pulun müqabilində bədənini satana demirlərmi?
Həmin gün Ülkər “qulaqlara qurğuşun” deyib bu fahişə aşağılığına heç vaxt düşməyəcəyinə bir əminlik izhar eləmişdi.
Yeni həyat başlayırdı. Tural yox idi deyə “Ulduz”metrostansiyasının yanındakı ətriyyat dükanına mal gətirilməyəcəkdi, bu səbəbdən dükanı da bağlamalı olmuşdular. Ülkər özünə iş tapmalıydı, ayaqda durmağa çalışmalıydı. Onu elədən-eləyə, belədən-beləyə atan həyatla vuruşmaqda israrlı idi. Çünki balasını böyütmək kimi bir məsuliyyəti və borcu var idi.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
POETİK QİRAƏTdə İqbal Həhmətin “Unudaram səni” şeiri
Poetik Qiraətdə bu gün sizlərə Yardımlıda yaşayıb yaradan şairimiz İqbal Nəhmətin şeirini təqdim edirik. “Unudaram səni” deyir şair. Kaş ki, heç vaxt heç kim zorən unutmağa məcbur edilməsin.
Unudaram səni
Sənə qədər yol uzaqsa,
Azıb unudaram səni.
Unutmaq şeir yazmaqsa,
Yazıb unudaram səni.
Kamanlı, tarlı deyiləm
Zirvəsi qarlı deyiləm,
O qədər varlı deyiləm,
Kasıb unudaram səni.
Yıxdın sən adlı qalamı,
Əzdin, qopartdın yaramı,
Hərdən verdiyin salamı,
Kəsib unudaram səni.
Nə qaldı yazıq ürəyə?
Yarı-yarı böl hərəyə,
Bir gün qoşulub küləyə,
Əsib unudaram səni.
Yüz il yaşa bir il kimi,
Sual vermə vəkil kimi,
Otağıma şəkil kimi,
Asıb unudaram səni.
Яшар Сулейманлы
Перевод: Афаг Шихлы
СТАЛА
Ты мой вечный цветок той заветной мечты,
Ты в сердечном саду – птица гала,
Наших общих детей не понянчила ты,
Но стихам моим матерью стала.
Все тяжелые дни сединой проросли,
Ты с другим – помнит сердце меня!
У чужого костра, и от счастья вдали,
Замерзала ты день ото дня.
Мы ждали, но встреч наших тёплых пора
Теперь не наступит уж, нет.
Горько плакала ты вместо сна до утра,
Решив от разлуки сгореть.
Не прошли испытаний судьбы ледяной,
Наше счастье оставило нас.
Да людских осуждений бичь стала бедой,
Отреклись от любви в трудный час.
...ты мой вечный цветок той заветной мечты,
ты в сердечном саду – птица гала,
наших общих детей не понянчила ты,
но стихам моим матерью стала...
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
“Atilla İlhana deyərdim ki…” - EKSPRESS-SORĞU
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?
EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam.
Həyatda belə bir şansım olsa idi, sizinlə dost olardım, sizin kimi şair çətin bir daha dünyaya gələr, Attila ilhan. Tam olaraq əsil dost, əsil şair, qəlbi yumşaq insansız, bu dediklərim sadəcə sizin xoşunuza gəlməyə bilər, çünki siz özünüz haqqında yaxşı sözlər duymağı çox sevmirsiniz.
Siz vəfat etikdən sonra şeirləriniz sevilməyə, tanınmağa başlandı, əsil qəribə tərəfi bilirsiz nədir? Bir insan oğlu bir insanın dəyərini onu itirəndən sonra anlayır. Və doğrusu, sizi necə sevməmək olar ki, siz bir insanın adi gülüşundən belə mükəmməl şeir yazan şairsiniz.
Kaş sağ olsaydınız, bir yerdə ən sevdiyim şerinizin bir parçasını birlikdə oxuyub deyərdik:
Akşamlar bir roman gibi biterdi jezabel Kan içinde yatardi, limandan bir gemi giderdi sen kalkıp ona giderdin.
Her gün eyni ile bu şeiri deyirəm, heç vaxt unudulmaz cənab Attila, sız vəfat etsənizdə bir yolda, bir gözəl məkanda, məktəbdə, maşında hər kəsin dilindəsiniz. Necə deyiblər, nə xoş o insanın halına ki cismi ölüb, ruhu yaşıyır.
Səkinə Həsənova
Mənsə fərqli bir seçim edərdim: bu dünyadan hələ uşaq ikən ayrılan balacalardan birinə zəng edərdim və deyərdim:
Üzülmə balaca,
heç nə itirmədin,
bizim heç nə
qazanmadığımız kimi...
Aytəkin Əziz
Ədəbiyyat və incəsənət”
(15.01.2024)
Unudulmaz sevgi şeirləri - Baba Vəziroğlu, “Bağışlaram səni”
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün rubrikamda sevilən şairimiz, günlər öncə 70 illiyini qeyd etdiyimiz Baba Vəziroğlunun yaradıcılığına müraciət edəcəyəm. Və onun “Bağışlaram səni” şeirini sizlərə təqdim eləyəcəyəm. Amma çox istərdim ki, bu şeiri oxuyandan sonra həm də bu şeirə bəstələnmiş eyniadlı mahnını da dinləyəsiniz. Özü də məhz Nəsibə Abdullayevanın ifasında.
Həqiqətən də “bu dünya sevdirir və ayrılıq salırmış…”
Baba Vəziroğlu –
BAĞIŞLARAM SƏNİ
Sən hara getsən,
qəlbim dözən qədər dözərəm mən..
Sən “gözlə” desən,
Səni ömrüm boyu gözlərəm mən..
Sən hara getsən,
bir gün görüşməyə güman qalır,
Bu zalım fələk
nədən yolumuzu ayrı salır?
Sən olmasan,
Sənli xatirələr hər zaman qalır,
Sən olmasan,
sevgimiz alışan gecələr qalır
Bu dünya sevdirir, ayrılıq salır.
Nə söyləsəm saxlamaz
göz yaşlarım Səni.
Bu həsrətdən ayırmaz,
baxışlarım Səni.
Haçan dönsən, onu bil
bağışlaram Seni…
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
Sağlamlığını düşünənlər üçün gözəl töhfə
Könül, “Ədəbiyyat və incəsənət”
Xəsətələnındə ilk öncə aptekə qaçır, zəhər tamı verən kimyəvi həbləri mədəmizə boşaldırıq. Halbuki, faydalı otlarla, meyvə və giləmeyvələrlə müalicə təklif edən xalq təbabəti vardır ki, birinci növbədə ona istinad edilməlidir.
Məhsuldar alim, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmaz reseptləri (Qərbi Azərbaycan, Şəqri Zəngəzur və Qarabağ icmaları yaddaşından)” adlanan yeni kitabı işıq üzü görüb.
Kitabda xalq təbabətində istifadə olunan bir sıra bitkilərin fotoşəkilləri verilmiş, onların 150-dən çox müalicəvi əhəmiyyətləri, istifadə üsulları göstərilmişdir.
Bu kitab tibb elmi üçün faydalı olmaqla yanaşı, vətəndaşlarımız üçün də lazımlıdır, elmi əsaslara söykənən tövsiyələrlə zəngindir.
Müəllif kirabla maraqlı bir tanışlıq piarı düşünür. Kitabın 30 il doğma torpaqlarından məcburən ayrı düşmüş, indi öz yurdlarına qayıdan soydaşlarımıza da paylanması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
Fikrət Qocanın əziyyətinə qatlaşan xanımı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə mərhum Xalq şairi Fikrət Qocanın ömür-gün yoldaşı Raya Qocayevadan söhbət açmaq istəyirəm. Ərinin sağlığında başına pərvanə kimi dolanan Raya xanımdan. Axı bu ailəyə vəfa borcum var, necə deyərlər, çörək kəsmişik. Həm də ki, bu gün - yanvarın 15-i Raya xanımın doğum günüdür...
Deyir ki,- “Ailə quranda mənim iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. Orta məktəbi Ağdaş rayonunda bitirmişəm. Əvvəllər istəyirdim ki Tibb Universitetində təhsil alım, amma sonra müəyyən səbəblərdən sənədlərimi Pedaqoji Universitetə verdim, ixtisasca kimyaçı bioloqam. Ailələrimiz arasında dostluq əlaqələri olsa da universitetə qəbul olunanadək mən Fikrəti görməmişdim. Tanışlığımız, ailə qurmağımız da təsadüfən olub. Əvvəl dost olmuşuq, sonra dostluq münasibətlərimiz öz məcrasından çıxaraq ailəyə çevrildi. Fikrətə qarşı dərin hörmətləri olsa da, aramızdakı böyük yaş fərqinə görə valideyinlərim bu evliliyə qarşı çıxırdı. Sonradan razılığa gəldilər. Zaman keçdikcə aydın oldu ki, mən yanlış seçim etməmişəm və ikinci kursda olanda nişanlandıq, universiteti bitirəndən sonra isə ailə qurduq...”
İlk dəfə onunla ABŞ-ın İndianopolis şəhərində, qızı Günay xanımın evində görüşmüşdüm. Fikrət Qoca ilə birlikdə gəlmişdilər. Bir həftə bir süfrədə çörək kəsir, deyib-gülüb söhbət edirdik. Arabir yığışıb şəhərə gəzməyə çıxırdıq. Çox mehriban, mədəni, səmimi xanımdır.
“Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda anlaşılmazlıqlar olub, çünki əvvəllər mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım, cavan idim. Aramızda olan yaş fərqinin müsbət cəhəti onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla qarşılayırdı. Mənim həyatda tək çətinliyim Fikrətin keçirdiyi xəstəliklər olub. Hər xəstəliyi digərindən bir az daha ağır gəlirdi. Birinci dəfə mədə xorasından çox əziyyət çəkdi. Sonra Afrikaya getmişdi, sərhədi keçəndə hamı kimi ona da dərman veriblər. Fikrət öz dərmanını bir qadına verib ki, mənə heç nə olası deyil, səfərdən qayıdandan sonra qızdırması oldu, elə bir xəstəliyə tutuldu ki, heç kim nə olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə tutulub. Üçüncü dəfə xərçəng xəstəliyinə tutuldu. Həkimə getdik, həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən üzüldü. Amma ölüm fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi ilə, Moskvaya əməliyyata getdi. Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma əməliyyatın mənfi cəhəti onda idi ki, səs tellərinə toxundular. Fikrətin elə gözəl səsi var idi ki, heç kim ondan sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki, o vaxt həmin xəstəlikdən də qurtula bildik. Sonra uzun müddət yaşadı. Bəli, Allahdan başqa heç kim, insana ömür biçə bilməz. Allah var, mərhəməti də var.”- söyləyir.
Böyük əziyyətlər çəkib, ağrı-acılı günlərin zəhməti gözlərindən boylanır. Mərd qadındır. Ömür-gün yoldaşının yolunda hansı əzablara qatlaşmayıb ki? İki qızı var- Günay və Gülay. Günay xanım uzaq Amerikada yaşasa da, hər gün anası ilə skaypla danışır. Gülay xanım isə yaxındadır, həmişə anasının nəvazişini çəkir...
Deyir ki,- “Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim dövrlərdə, məqalələr, hekayələr də yazırdım. Amma insanın peşəsi həmişə onu özünə çəkir. Sonra işə müəllim kimi başlamaq imkanım olsa da, laborant olmağı seçdim. Müəllimlik asan peşə deyil, ilk dərsin həyəcanını azaltmaq, uşaqlarla davranışı qavramaq üçün təcrübə keçmək qərarına gəlmişdim. Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata yönləndirirdim, bədii əsər oxumağa maraq oyadırdım. Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik. Kiçik qızımız Gülayın ədəbiyyata marağı çox böyük idi. Uşaq vaxtı yazdıqlarını böyük maraq və həvəslə oxuyardı. Bir gün atası ona dedi ki, qızım sən şeir yazma. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük maraq göstərir. Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə alım, çap etdirməsəm də bir tərəfdə qalsın...”
Bəli, yanvarın 15-də Raya xanımın növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
YENİ LAYİHƏ: İrəvan mətbəxindən nümunələr
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu dəfə Azərbaycanın bütün əyalətlərində atüstü yemək kimi yaranmış “dürmək” barədə danışacağıq.
Azərbaycan mətbəxində bu tip yeməklər yaxmac və dürməklərdir.
Dürməklər iki növ olur.
1. Dürülən, bürülən, bükülən dürməklər ( bürməklər, bükmələr) - bunlar nazik çorəklərdən; yuxa, lavaş, şatır(səngah )kimi çörəklərdən hazırlanır. Məhsul nazik çörəyin arasına qöyulub boru şəklində bürülür, dürülür, bükülür və yeyilir. Bu yemək müasir tez yemək kimi tərəfimizdən Burqerxan tez yemək sisteminə də gətirilib və Makdonalds sistemində də tətbiq edilib. Dürməklər həm də küçə yeməyi kimi də yayılıb.
2. Cibli dürməklər təndir çörəyi, xamralı , bozlamac kimi çörəklərdən hazırlanır. Çörək ortadan ikiyə ayrlır. Çörəyin üst və alt qatı bir-birindən ayrılır, əmələ gələn cibə bənzər boşluğa hazır içlik doldurulur.
İçlik üçün lazım olan ərzaqlar:
Yağ-pendir (qoz)
Qovurma
Qiymə
Şor-yağ
Yağ-bal
Pendir (keşniş, göy soğan,
tərxun və ya reyhan)
ayrılıqda və birlikdə
Mürəbbə, rical , yağ
Bişmiş yumurta göyərti ilə
Qovrulmuş tərəvəz (kartof,
badımcan, kabak və s.) göyərti ilə.
Səhər yeməyi zamanı bal, qaymaq, xama, doşab, yağ, pendir, şor, süd, qiymə, qayğanaq, bişmiş yumurta, mürəbbə, və s., mövsümündə üzüm, təzə qoz ləpəsi və pendir, qatıq və ya bunların ikisinin ya daha çoxunun qarışığı nazik çörəklərə dürmələnib, ya çörək cibinə doldurulub süfrəyə verilir. Dürmək ayaq üstə də yeyilir.
Bir zamanlar oynamaqdan doymayan uşaqlar gəlib evdən bir dürmək alıb yenə küçəyə qaçardılar. Yol gedəndə, iş vaxtı, yemək öynələrində də dürməklərdən istifadə edilir. Əslində, dürməklər həm də dünyanın ən gigiyenik çörək arası (buterbrod) hesab edilə bilər. Gigiyenik cəhətdən yaxmaclardan daha üstündür. Müasir restoran biznesində dürməkləri kiçik tikələrə doğrayıb, çöplərə keçirdir və furşet süfrələrinə verirlər.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)


