Super User

Super User

Rəsm qalereyası: “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

Bazar ertəsi, 08 May 2023 14:20

Bəşər tarixinin 7 ən məşhur rəsmi

“Ədəbiyyat və incəsənət” portalı arts.com-a istinadən dünya mədəni irsinin qızıl fondunu təşkil edən 7 ən məşhur rəsm əsərini təqdim edir, o əsərləri ki, Qərbdə onları hansısa bir savadlı adamın tanımaması nöqsan hesab edilir.

 

1.”Ulduzlu gecə”. Van Qoq.

     Yerləşdiyi yer: Nyu-York, Müasir İncəsənət Muzeyi.

2.”Veneranın doğulması”. Sandro Bottiçelli.

     Yerləşdiyi yer: Florensiya, Uffitsi qalereyası.

3.”Mona Liza”. Leonardo da Vinçi.

    Yerləşdiyi yer: Paris, Luvr muzeyi.

4.”Adəmin yapılması”. Mikelancelo Buonarotti.

    Yerləşdiyi yer: Vatikan, Sikst kapellası.

5.”Sikst madonnası”. Rafael.

    Yerləşdiyi yer: Drezden, Əski Ustalar Qalereyası.

6. “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

    Yerləşdiyi yer: Paris, Orse muzeyi.

7.”Yerüstü həzzlər bağçası”, İeronim Bosx.

    Yerləşdiyi yer: Madrid, Prado muzeyi.

 

Fotolarda: .”Sikst madonnası”, ”Ulduzlu gecə”, “Günəşdə Ruan kilsəsi”.

 

Mayın 5-6-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Muzeyə

İstinadən xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutacaq.

Çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm işlər görüb, sözügedən məsələləri siyasi fəaliyyəti müddətində daim ön planda saxlayıb.

Bunu nəzərə alaraq, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək konfransda “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Beynəlxalq tədbirə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcək.

İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda mərhum şairə Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsi keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çıxış edən hər kəs "Söz dünyamızın mənəvi anası Fərqanə Mehdiyevaya” rəhmət diləyərək böyük ehtiramla, dərin hüznlə andı. 

Müsabiqə qaliblərinə, müsabiqə iştirakçılarına Fəxri Fərman və müxtəlif hədiyyələr verildi. Mükafatçıları təqdim edirik:

 

Arzu Hüseyn  1-ci yer,

Gülnar Hüseynova  2-ci yer,

Səddam Laçın 3-cü yer.

 

Belə gözəl tədbirin araya-ərsəyə gəlməsində başda Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı  İntiqam Yaşar və Fərqanə Ədəbi Məclisinin təsisçisi Qabil Ədalət olmaqla, bütün əməyi olan hər kəs  dərin təşəkkürlər qazandı.

Əkbər Qoşalı, Ibrahim İlyaslı, Kənan Hacı, Vahid Aslan, Rəsmiyə Sabirdən ibarət Münsiflər heyəti bu ağır və olduqca məsuliyyətli işi öz üzərlərinə götürdükləri üçün, çəkdikləri əməyə görə bütün müsabiqə iştirakçıları adından alqışlar qazandılar. 

İştirakçılar bir ağızdan dedilər ki, bir daha Fərqanə Mehdini böyük ehtiramla anır, mərhum şairimizin övladlarına dərin hüznlə başsağlığı veririk!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

 

Yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 1-ci yerdə qərarlaşan lətifə təqdim olunur.

 

1-ci yer

Bir dəfə Moskvaya azyaşlı oğluyla qonaq gələn bir erməni Puşkinin heykəlinin önündə “Qazon Zaseyan” (ruscadan tərcüməsi öt örtüyü əkilmişdir) yazısını görəndə heykəlin önündə diz çökür, oğlunu da diz çökməyə vadar edərək deyir:

-Akop, bu heykəl erməni xalqının böyük oğlu Qazon Zaseyana qoyulub. Ona təzim eləmək borcumuzdur.

 

Xatırladaq ki, 3-5-ci yerlərdə bu lətifələr qərarlaşıb.

 

5-ci yer:

 

Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.

Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:

-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?

Pərt olan tenor söyləyir:

-Mən Karuzoyam. Tanımadız ki məni?

Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.

-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:

-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş. 

 

4-cü yer:

 

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram...?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

3-cü yer

 

Temza çayının sahili ilə axşam gəzintisinə çıxan Şerlok Holmsla Doktor Vatson suların qoynunda çabalayaraq onlara əl eləyən bir qadın görürlər. 

Onlar da öz növbələrində centlimencəsinə qadına əl eləyirlər. 

 

2-ci yer

Hüseyn  Arif  yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:

- Nə var nə yox, atan necədir?

- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.

Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:

- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əhməd haradadır?” filminin 60 illik yubileyi ilə əlaqədar filmdə baş rollardan birini ifa edən Əməkdar artist, rejissor Elxan Qasımovla görüş təşkil edilib. Görüş kitabxana ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan bildirilib ki, tədbirdə elm və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, aktyorlar, rəqqaslar, mətbuat işçiləri, Elxan Qasımovun sənətinin pərəstişkarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, millətimizin sevilən aktyoru olan Elxan Qasımovun müasir Azərbaycan kinematoqrafiyasının tanınan simalarından biri olduğunu, kino sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkar kimi sevildiyini, xalqın rəğbətini qazandığını bildirib. Bu gün Elxan müəllim kimi canlı korifeylərin iştirakı ilə təşkil edilən görüşlərin əhəmiyyətindən danışaraq, bu səpkili tədbirlərin məhz mədəniyyət ocağı olan kitabxanalarda keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə Elxan Qasımov ilə olan şəxsi tanışlığından daim qurur duyduğunu, onun böyük sənətkar olması ilə yanaşı, gözəl dost, həmkar olduğunu da qeyd edib. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən, ömrünün demək olar ki, yarıdan çoxunu bu sənətə həsr edən Elxan müəllimin filmoqrafiyasında 40-dan çox filminin olmasını, “Biz qayıdacağıq”, “Qocalar, qocalar” kimi filmlərə isə rejissorluq etməsi haqqında məlumat verib.

T.Əlizadə Elxan Qasımova “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin Fəxri fərmanını təqdim edib.

Əməkdar artist Elxan Qasımov 60 illik yubileyi qeyd edilən “Əhməd haradadır?” filminin onun ilk aktyor işi olduğunu qeyd edərək, 18 yaşında filmə çəkilmək üçün təklif aldığını bildirib. Ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Adil İsgəndərov olan filmdə bir sıra görkəmli sənət ustadları ilə yanaşı, gənc aktyorların da yer aldığını söyləyərək, çəkiliş zamanı baş verən maraqlı hadisələri, yaddaqalan xatirələri tədbir iştirakçıları ilə bölüşüb. 

Xalq artisti Şamil Süleymanlı Elxan müəllimlə dostluq münasibətlərindən danışaraq, onun istedadlı həmkar, gözəl və etibarlı dost olduğunu qeyd edib. 

Xalq artistləri, Dövlət rəqs ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə və Əməkdar artist Xanlar Bəşirov Elxan Qasımovun Azərbaycan milli rəqsinin bütün incəliklərinə bələd olan gözəl rəqqas, qayğıkeş müəllim, canlı əfsanə olduğunu qeyd ediblər. 

Tədbir boyunca “Əhməd haradadır?” filmindən fraqmentlər nümayiş olunub. 

Sonda Elxan Qasımov tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

İjevskdə nəşr olunan nüfuzlu udmurt ədəbi jurnalı “Keneş”in bu ilki IV (aprel) sayında Azərbaycan şairi Əkbər Qoşalının şeirləri dərc olunub. Dərginin redaksiya heyəti, onun baş redaktoru Anastasiya Şumilova həmkarını apreldə 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Literaturnaya qazeta”nın Günbatar Sibir üzrə müxbiri Knyaz QOÇAQ məlumat verib. Məlumatda daha sonra deyilir ki, Əkbər Qoşalının şeirlərinin udmurt dilinə tərcüməsini Udmurtiyanın Xalq şairi Vyaçeslav Ar-Sergi edib. Azərbaycan şairinin şeirlərinə giriş sözü də ona məxsusdur. “Azərbaycanlı qardaş” – yalnız Udmirtiyanın deyil, ümumən çağdaş rusdilli ədəbiyyatın aparıcı ustadlarından olan Vyaçeslav Ar-Sergi öz yığcam önsözünü belə adlandırıb.

Burada o, Saxa-Yakutiyada, ünlü Saxa şairi Semyon Danilovun xatirəsinə həsr olunmuş “Böyük qarın kəraməti” Poeziya festivalında Əkbər Qoşalı ilə yaxından tanışlığından, yolyoldaşı danışıb.

Vyaçeslav Ar-Sergi qeyd edir ki, “Əkbər Qoşalının yaradıcılığında poetik yeniliklər faktı Azərbaycanın tərcümeyi-halı ilə, sağlam ədəbi ənənələrlə ustalıqla – üzvi surətdə bağlanıb. “Şair Əkbər Qoşalının ədəbiyyatda yaxşı bu günü və əmin gələcəyi var”.

Tərcüməçi Azərbaycanlı yazarın poeziyasındakı özəl alqoritmi, ruhi-mənəvi enerjini oxucuya çatdırmaqçün udmurt dilinin ən uyğun ifadə vasitələrini tapmağı bacarıb.

Onu da vurğulayaq ki, Vyaçeslav Ar-Sergi Azərbaycan ədəbiyyatının udmurtcaya, ruscaya çevrilməsinə böyük diqqət yetirir.

Udmurt oxucuları onun sayəsində Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını, Xalq şairi Sabir Rüstəmxanlının və b.-nın şeirlərini öz ana dilində oxuyur. Öz növbəsində Azərbaycan ədəbi nəşrləri onun şeirlərini, nəsr əsərlərini yayınlayıb. Vyaçeslav Ar-Seginin yaradıcılıq örnəklərini azərbaycancaya Siyavuş Məmmədzadə və Məmməd Oruc çevirib.

Doğrudan da, şairlərin dostluğu həm də ədəbiyyat dostluğudur.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Mayın biri “YayLand Fest” xeyriyyə yarmarkası qapılarını Bakı sakinləri və qonaqları üçün açıb.

 

AzərTAC xəbər verir ki, 2023-cü ildə “Nargis” Fondu tarixində bir ilkə imza atdı və Fəvvarələr meydanında nağıllar aləminə bənzər “YayLand Fest” yarmarkasını təşkil edərək Bakının mərkəzinə yay əhval-ruhiyyəsi gətirdi. Ən önəmlisi isə, “YayLand Fest” sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarka başa çatdıqda maliyyə hesabatı və ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq. 

Mayın 1–dən iyunun 15-dək Fəvvarələr meydanında keçiriləcək “YayLand Fest” 62 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik guşələrdən ibarətdir. Yarmarka qonaqları münasib qiymətə Qərbin və Şərqin ləzzətli təamlarını, eksklüziv suvenirlər, sərinləşdirici içki və desertlər əldə edə, həmçinin ənənəvi yarmarka əyləncələri ilə yanaşı bədii instalyasiya, fotozona, 4D kinoteatr, qorxu otağı, yeni oyunlar və labirint otağını kəşf edə bilərlər. 

“YayLand Fest”də balacadan böyüyə hər bir qonaq nağıllar aləminə qərq olur. Belə ki, yarmarkanın müxtəlif yerlərində və yarmarkanın ümumi konseptində məşhur ingilis yazıçısı Luis Kerolun “Alisa möcüzələr aləmində” əsərinin elementlərinə rast gəlmək mümkündür. 

Yarmarkanın unudulmaz açılış günündə qonaqları nağıl qəhrəmanları, animatorlar, rəqqaslar qarşılayıb. Günün xüsusi qonağı Azərbaycanın Xalq artisti Natiq Şirinov olub. Rəhbəri olduğu "Natiq" ritm qrupu və Ümid Şirinovla birlikdə ifa etdiyi əsərlər yerli və xarici qonaqları heyran edib.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” təhlükəsizlik xidməti, “Strafor Kəsim” şirkətidir. “YayLand Fest” xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Coca-Cola”, M-10, “Azercell”, “Xırta-Xırt”, “Atabey Çiğ Köfte”, “Xırdalan”, “Milla”, “Chocolatier”, “Azergold”, “ASCO”, “Şəhərdən Kəndə” aqroturizm layihəsi, “BirBank”, “Yango”, “Coffee’n Joy”, “Bizim Tarla”, “Azərçay” və Anadolu Universiteti Azərbaycan Proqramlarının əvəzolunmaz dəstəyi ilə keçirilir. 

Xeyriyyə yarmarkası iyunun 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.

Qeyd edək ki, “Nargis” Fondu 2013-cü ildən etibarən Bakıda təşkil olunan ən böyük qış yarmarkası olan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təşkilatçısıdır. 10 il ərzində yarmarka sayəsində toplanan vəsaitlərin hesabına Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Səhər Xiyavi

 Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 

NİYƏ ÇIXDIQ YOLA BİZ?!

 

Gedirdik qasırğalı havada,

dağ-dərəli, uçurumlu yollarda.

Töküllürdü başımıza xəzəllər,

Beynimizdə püskürən volkan

Ürəyimizdə dəlisov dəniz.

Gedirdik tuzanaqda,

başı havalı, sərsəm.

Çör-çöp gözlərimizdə,

Ayaqlarımız qabar-qabar.

Açarkən gözlərimizi

Çıxılmaz küçələr idi.

Açarsız qapılar

Hər yer divar-divar...

Biz idik peşman ayaqlar

Hüzünlü baxırdıq arxamıza.

Gəldiyimiz qanlı-qadalı yollara!

Axıtdığımız qan tərə!

Qaranlığa axışan sonuclara!

Gecənin dərisi daha qatılaşmışdı

Zavallı əllərimiz qısır,

Kal arzularımızın boyu əl çatmaz.

İndi qurtarmaz gecələrdə

Sivrilmiş hulqumlarla

GÜNƏŞ bağırırıq,

SƏHƏR çığırırıq.

Görəsən günəş bir də

Qonaq gələcəkmi,

Nəmiş dustağımıza?!

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.