
Super User
“Dalğalar atacaq, tutacaq səni, Bir köpək balığı udacaq səni…”
GÜNEYLİ ŞAİR TOHİD NAMVƏRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasının növbəti buraxılışını təqdim edir. Bu dəfə sizlərə Tohid Namvərin şeirləri təqdim ediləcək.
Tohid Namvər (Adlım)
Adlım təxəllüsü ilə tanınan Tohid Namvər, 1974-cü ildə Muğanda anadan olmuşdur.
O, uşaq yaşlarından ədəbiyyata marağı olsa da, 1990-cı ildən şeir yazmağa başlamışdır.
Tohidin "Mənə gözlərində bir dəniz gətir" adlı şeir kitabı Güneydə çap olunmuşdur.
SƏNİ BU DƏNİZƏ KİM ATDI AXI?!
Bu ilki əzabdı, o sonu dərddi,
Mamırı kədərdi, yosunu dərddi.
Sən ki, oturmuşdun, de, kim tərpətdi?!
Səni bu dənizə kim atdı axı?
Sevgi təlatümlü həyatdı baxsan,
Hər dalğa yüyənsiz bir atdı baxsan,
Atlar bir-birindən inaddı, baxsan.
Səni bu dənizə kim atdı axı?
Hələ min oyuna qatacaq səni,
Dalğalar atacaq, tutacaq səni,
Bir köpək balığı udacaq səni,
Səni bu dənizə kim atdı axı?
Qarşına dəmir baş tilov çıxacaq,
Ayaq buz, başından alov çıxacaq,
Yoluna su altı kalav çıxacaq,
Səni bu dənizə kim atdı axı?
Suyun su atəşi, su odu olur,
Dənizdə cinayət su altı olur,
Quldur naqqaların su koltu olur,
Səni bu dənizə kim atdı axı?
Mayaklar sahildə sönən ocaqdır,
Görünən bu liman yox olacaqdır,
Ümidin yelkəni yıxılacaqdır,
Səni bu dənizə kim atdı axı?
Kor olar, bir işıq saçmaz ümidlər,
Batarsan, qanadın açmaz ümidlər,
Dənizdən sahilə uçmaz ümidlər,
Səni bu dənizə kim atdı axı?
GECƏLƏR YUXUDA GÖRÜŞƏK BARI
Ürəyim dözməyib yola çıxdı, gəl!
Niyə gəlməyirsən?.. Yol açıqdı, gəl!
Yuxum dağ başında alaçıqdı, gəl!
Gecələr yuxuda görüşək barı!
Göynətdi bağrını izim, yolların,
Saraldı ağında gözüm, yolların,
Olmadı qovşağı bizim yolların,
Gecələr yuxuda görüşək barı!
Yuxular deyil ki, dərə, qorxasan,
Bir it yox üstünə hürə, qorxasan,
Adam yox qəfildən görə qorxasan,
Gecələr yuxuda görüşək barı!
Bu gecə yuxuda bir ah çəkmişəm,
Gəl, ahdan mən sənə yolaq çəkmişəm!
Köhnə xatirədən araq çəkmişəm,
Gecələr yuxuda görüşək barı!
Sevgilim, hər şeyi xeyirə yozaq:
Dünyada nə dərd var, nə hicran, nə dağ,
Həyatı aldadaq, həyatdan uzaq
Gecələr yuxuda görüşək barı!
Gecələr yuxuda, yuxu yatmayaq,
Gecələr bir dastan oxu! Yatmayaq,
Gecələr şəhəri yuxuda qoyaq
Gecələr yuxuda görüşək barı!
TANIYIRAM BU DƏRDİ
Demə hər şey dağılandı, itəndi,
Dərd var ötüşməyən, dərd var ötəndi,
Ömür sürüb öləcəyim vətəndi,
Torpağından tanıyıram bu dərdi.
"Sevincin azlığı bir növ əzabdı"
Bol sevinc axtardım, dərd məni tapdı,
Bu, içdiyim qırx beş illik şərabdı,
Bardağından tanıyıram bu dərdi.
O sürgündən, bu sürgünə dönmüşəm,
Hansı dindən, hansı dinə dönmüşəm!
Tüfəng olub hədəfinə dönmüşəm -
Qundağından tanıyıram bu dərdi.
Gündən-günə çiçəklənən, güllənən,
Hər puçuru budağımda minlənən,
Yeri tutan, göyü tutan, enlənən,
Yarpağından tanıyıram bu dərdi.
Sıxar məni otağımda dər-divar,
Dərdlərin də namərdi var, mərdi var,
Hər əzabın tətiyində rəddi var,
Barmağından tanıyıram bu dərdi.
Üst-başımı yalatmışam bu dərdə,
Öz əlimlə qol atmışam bu dərdə,
Ürəyimi yal atmışam bu dərdə,
İt çağından tanıyıram bu dərdi...
ŞAPALAQ ŞƏKİLİ
Rəssam! Otur bir danışaq,
Sən allah, burax şəkili!
Məndən min şəkil çəkilər,
Tutmaz bu varaq şəkili!
Ayağını yollar yeyən,
Yorğun adam, əldə yüyən,
Atına çata bilməyən,
Baxtımın çolaq şəkili.
Quşammı qanad çəkəsən?
Ya bir tala ot çəkəsən;
Yanında bir at çəkəsən;
Atlı bir otlaq şəkili?
Mən nataraz, sən inadlı,
Bir ürək çək, min bir çatlı,
Sifətimdə neçə qatlı -
Neçə şapalaq şəkili...
SAHİLDƏ
Sevgidən Biz iki sınmış qanadıq, sahildə,
Közmələnmiş yara idik, qanadıq sahildə.
Sanki dağdan düzə enmiş iki qurduq və ac-ac,
Yağlı bir cəmdəyə möhtac uladıq, sahildə.
Susduq ancaq ki, baxışdıq təpədən dırnağadək,
Duz kimi gözlərimizlə yaladıq sahildə.
"Mövcu-həsrət" üzünə şillə çəkən sal qayayıq,
Tufana qarşı dayanmış inadıq sahildə.
Sevgi qoynunda ki, dünyaya göz açmaqdır ölüm,
Ölməyə qolları biz çırmaladıq sahildə.
Yaşlı gözlərdə ümid tapmaq üçün zilləndik,
Biz yasaq bir adanı tapdaladıq sahildə.
İki yanmış kösöv olduq dayanıb gizlincə,
Bir ocaq varlığımızdan qaladıq sahildə.
Sevgimiz güllə toxunmuş quşa bənzər, Adlım,
Sevgidən biz iki sınmış qanadıq, sahildə.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Al Bello - Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı
İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Ondan başlayaq ki, müsabiqəyə ümumilikdə 417000 foto daxil olub. Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Növbəti mükafatçını təqdim edirik: ABŞ-dan olan Al Bello “Qadın peşəkar beysbol oyunçusu kişi peşəkar Liqasında uğur qazanır" Foto seriyasına görə mükafatlandırılıb.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.
Bunlar barədə də məlumat almışdınız.
Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar.
Şəkildə siz Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı - Al Bellonun
lentə aldığı fotonu görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Baletlə tet-a-tet
XOREOQRAFİYA AKADEMİYASININ MƏZUNLARININ HESABAT KONSERTİNDƏN REPORTAJ
Balet incəsənətin ən elitar sahəsidir. Biz baletə getmirik. Əfsus. Getmək lazımdır. Bu sahə bizdə ən tələbedilən sahə olmalıdır.
“Ədəbiyyat və incəsənət” sizləri Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsilli məzunları ilə tanışlığa dəvət edir. Onlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçiriblər. Özü də necə.
Konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında P.Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri, A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası, Xalq musiqisi “Bayram süitası”, C.Cahangirovun “Lirik rəqs” əsəri, F.Şopenin “Prelüd variasiyası”, Acar rəqsi "Qandaqan”, xalq musiqisi “Qafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən “A dajio”, xalq musiqisi “Qaval ilə rəqsi" və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Gəlin baleti sevək. Balet əsl zövq formalaşdırır, inanın!
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
“Dərman arardım dərdimə” sərgisi ziyarətçilər üçün açıqdır
Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında açılan “Dərman arardım dərdimə” adlı sərgi davam edir.
Rəssamlar Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəlizadənin əsərlərinin yer aldığı sərgi mayın 4-dək ziyarətçilər üçün açıqdır.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
Sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Hacıqabul avtomobili sürəcəyik!
“Mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan istehsal müəssisəsində avtomobillərin boyaq, qaynaq və yığım mərhələsi həyata keçiriləcək.
Bu layihəyə 88 milyon manat vəsait qoyulub. Layihəyə 2025-ci ilin mayında start veriləcək. 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq. Layihə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, istehsalın lokallaşdırılmasına və məşğulluğun təminatına təkan verəcək”.
Bu sitatı jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
DOQQƏT: ANAMA baş verən ardıcıl mina partlayışları ilə əlaqədar vətəndaşlara müraciət edib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina partlayışlarının sayının artması ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Beynəlxalq Əmək Təşkilatı: Müasir köləlikdə olan insanların sayı artır
Müasir köləlik halları etnik mənsubiyyətindən, mədəniyyətindən və dinindən asılı olmayaraq, dünyanın demək olar ki, hər bir ölkəsində baş verir.
AzərTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, faktiki olaraq bütün məcburi əməyin yarıdan çoxu (52 faiz) və məcburi nikahların dörddə biri yuxarı orta gəlirli və ya yüksək gəlirli ölkələrdə mövcuddur. Xüsusən, son bir neçə ildə müasir köləlikdə olan insanların sayı xeyli artıb.
Təşkilatın hesabatında deyilir ki, 2016-cı ilin qlobal hesablamaları ilə müqayisədə 2021-ci ildə 10 milyon daha çox insan müasir köləlik şəraitində yaşayıb. Həmin ildə 50 milyon insan müasir köləlikdə, o cümlədən 28 milyon məcburi əmək və 22 milyon məcburi nikah şəraitində yaşayırdı. ILO bildirir ki, məcburi əməyə ən çox (86 faiz) özəl sektorda rast gəlinir. Kommersiya xarakterli obyektlərdə məcburi əməyin 63 faizini cinsi istismar təşkil edir. Məcburi kommersiya cinsi istismarına məruz qalan hər beş nəfərdən təxminən dördü qadın və qızlardır.
ILO-nun məlumatına görə, dövlət tərəfindən tətbiq edilən məcburi əmək ümumi məcburi əməyə cəlb olunanların 14 faizini təşkil edir. Məcburi əməyə cəlb olunanların təxminən səkkizdə biri isə uşaqlardır (3,3 milyon).
Müasir köləlik əleyhinə mübarizə aparan ictimai xadimlərdən biri – “Etik liderlik: təzyiq altında əxlaqi qərar vermə” kitabının müəllifi Aidan MakQuayd bildirib ki, bu artım iqtisadi siyasət, köhnəlmiş qanunlar və adətlər ilə bağlıdır. Onun sözlərinə görə, insanların istismar və əsarət altına alına biləcəyi mühitin yaradılmasında bir neçə amil mühüm rol oynayıb. Bunların arasında viza qaydalarının çətinliyini göstərmək olar ki, bu, miqrant işçilərin işəgötürənlər tərəfindən istismarına əlverişli şərait yaradır.
Məcburi əməyə cəlb edildiyi təxmin edilən 28 milyon insanın böyük küçələrdə və dəbdə olan alış-veriş bölgələrində fəaliyyət göstərən bir çox özəl müəssisələrin tədarük zəncirləri və əməliyyatları çərçivəsində əsarət altında olduğu bildirilir. Məsələn, Cənubi və Cənub-Şərqi Asiyada geyim biznesinin demək olar ki, hər mərhələsində köləlik də daxil olmaqla, dəhşətli insan hüquqları pozuntuları var.
Cənub-Şərqi və Mərkəzi Asiyadakı bəzi elektronika emalatxanalarında insanlar, o cümlədən uşaqlar əhəmiyyətli dərəcədə istismar edilir, bir çox kompüter və mobil telefonların əslində müasir kölələr tərəfindən istehsal edildiyi məlumdur. Bundan başqa, balıqçı qayıqlarında ən qəddar şəraitdə əsarət altına alınmış insanlar işləyir. Eyni zamanda, dəniz nəqliyyatı sənayesində də əhəmiyyətli istismar və məcburi əmək halları çoxdur.
MakQuayd sonda bildirib ki, bütün məcburi əmək sistemi yoxsulluqdan qurtulmağa çalışan insanların çarəsizliyi üzərində qurulub.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
“Abşeron” rəqs ansamblının üzvləri ilə görüş olub
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasının əməkdaşları Beynəlxalq Rəqs Günü ilə əlaqədar olaraq xoreoqraf Elşən Həsənli və onun illərlə rəhbərlik etdiyi "Abşeron" rəqs ansamblının üzvləri ilə görüşüblər.
Görüş iştirakçıları rəqs sənətinin incəliklərini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Görüş zamanı illər sonra yenidən E.Həsənlinin rəhbərliyi altında "Abşeron" rəqs ansamblının rəqsləri izlənilib. Qrupun davamçıları "İgidlər" rəqsi və bir neçə rəqs nümunələri ilə çıxış ediblər. Sonda kitabxana əməkdaşı Səbinə Məmmədovanın təqdimatında "Azərbaycan cəngi rəqsləri" adlı kitab sərgisi nümayiş olunub.
“Abşeron” rəqs ansamblı 2012-2018-ci illər ərzində yerli tədbirlərlə yanaşı, Türkiyə, İran və Gürcüstanda bir çox beynəlxalq tədbirlərdə iştirak ediblər. Respublika üzrə keçirilən müsabiqədə üçüncü yerə layiq görülən ansambl Türkiyənin Bursa şəhərində Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimində çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Anar, İsa Həbibbəyli, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Vahid Əziz, Elmira Axundova və digərləri…
ƏDƏBİYYAT FORUMU BÖYÜK MARAQLA GÖZLƏNİLİR
5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets sanatoriyasının ev sahibliyi edəcəyi Forumda ölkənin ədəbi elitası bir araya gələcək.
Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.
Forumda olacaq çıxışların bir qismini nəzərinizə çatdırırıq:
Anar, Xalq yazıçısı, AYB-nin sədri - “Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk iri həcmli əsər: “Unudulmaz görüşlər”im barədə”
İsa Həbibbəyli, AMEA-nın prezidenti - “Heydər Əliyev dühası və Azərbaycan ədəbiyyatı”
Çingiz Abdullayev, Xalq yazıçısı, AYB-nin Baş katibi - “Bir azərbaycanlı yazıçının dünya arenasına çıxmasına Ümummilli liderin dəstəyi”
Sabir Rüstəmxanlı, Xalq yazıçısı - “Heydər Əliyev barədə xatirələrim”
Jalə Əliyeva, Milli Məclisin deputatı - “Heydər Əliyev və Ana dilimiz”
Elmira Axundova, Xalq yazıçısı -
“Əbədiyaşar məhəbbət” Zərifə və Heydər Əliyevlər barədə” kitabım necə yarandı”
Fuad Məmmədov, Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq Assosiasiyasının prezidenti - “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”
Vahid Əziz, Xalq şairi - “Heydər Əliyevin kadrı olaraq ondan öyrəndiklərim”
Hüseynbala Mirələmov, yazıçı - “Rusiyanın məşhur “JZL” seriyasından Heydər Əliyev barədə yazdığım kitabın rezonansı”
Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik - “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”
Azər Turan “Ədəbiyyat qəzeti”nin baş redaktoru - “Heydər Əliyev obrazı ilk dəfə ədəbi müstəvidə; Cavid Turandan Heydər Əliyev barədə eşitdiklərim”
Əkbər Qoşalı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti - “Heydər Əliyev və türk dünyası”
Elnarə Akimova, Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, YAP İdarə Heyətinin üzvü - “Heydər Əliyevlə yaddaşlaşan ədəbiyyat: sovet epoxasından müstəqillik təntənəsinə”
Elçin Hüseynbəyli, AYB katibi - “AYB-nin 100 illiyə töhfəsi: Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi”
Qəşəm Nəcəfzadə, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin rəhbəri - “Heydər Əliyevin uşaq ədəbiyyatına qayğısı”
Sayman Aruz, AYB sədrinin müşaviri - “Heydər Əliyev və Cənubi Azərbaycan ədəbiyyatı”
İbrahim İlyaslı, AYB Poeziya bölməsinin müdiri - “Heydər Əliyev obrazının Azərbaycan poeziyasında təcəssümü”
İntiqam Yaşar, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı - “Heydər Əliyevin ədəbi gəncliyə qayğısı”
İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)
Sumqayıtda yazıçı Varislə gənclərin görüşü keçirilib
Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Tibb, Musiqi və Texniki kolleclərinin, Sumqayıt Gənclər Klubunun və Bookland Cafe & shop-un təşkilatçılığı ilə Sumqayıtda, Bookland məkanında yazıçı Varislə tələbələrin görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dörd saata yaxın davam edən görüşdə Varis ədəbiyyata gəlişi, necə məşhurlaşması, beynəlxalq reputasiya qazanması barədə danışmış, sualları cavablandırmışdır.
Daha sonra yazıçı gənclərə Uğura gedən yol, hədəfi necə seçmək, bir neçə planla necə hərəkət etmək barədə söhbət açmış, “Arzuların gerçəkləşməsi” metafizika qanununu izah etmişdir.
Sonra kitab imzalama mərasimi baş tutmuş, xatirə şəkilləri çəkdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)