
Super User
“Xarıbülbül” festivalının qonaqları Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Ulu Öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.
Sərginin ekspozisiyasından aydın görünür ki, Ulu Öndər dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgədəki həyatın bütün sahələrində geniş islahatlar həyata keçirməyə nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmiryolunun açılışı oldu və istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.
Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Bir şəklin tarixçəsi
“Ədəbiyyat və incəsənət”in bu aevilən rubrikasının aparıcısı Kənan Məmmədlinin bu dəfə əlinə yüz yaşlı bir foto düşüb. Buyurun, fotodakı xanımla tanış olun.
Firuzə Vəkilova Rəşid Behbudovun anasıdır.
Firuzə xanım əslən Qazax qəzasının Salahlı kəndindən — məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844 — 1927) qızı idi. O, Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmiş, rus və fransız dillərinə mükəmməl yiyələnmişdi. Firuzə xanım teatrı, musiqini də çox sevmiş, rus və Avropa ədəbiyyatına dərindən bələd olmuşdu...
O dövrdə bu cür ziyalı xanımlar tək-tük idi.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Əlizadə Nuri, “Özünü yüksəkdən atan qızcığaz”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri yenidən sevilən şairimiz Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə ünlü şair “Özünü yüksəkdən atan qızcığaz” deyəcək.
Ölüm sərgisinə bir can çıxartdın…
Öldün, ölümü də haldan çıxartdın.
Bəlkə tanrı səni yoldan çıxartdı-
Özünü yüksəkdən atan qızcığaz?!
Gəl, indi ovudaq bu boyda yası,
Su da soyutmazmış… ay su sonası.
Nə azmış yer ilə göyün arası-
Özünü yüksəkdən atan qızcığaz…
Nəyi gözləyirdik, gör nəyi seçdin?
Tanrının tikdiyi köynəyi seçdin…
Seçdin, ölməyə də göyləri seçdin,
Özünü yüksəkdən atan qızcığaz.
Bu gün gəlincikdin, sabah gəlindin,
Ölüm, canın yansın, gəlhagəlindi.
Bəlkə yaxamdakı sənin əlindi-
Özünü yüksəkdən atan qızcığaz?!
Həyat da quyuymuş-çoxmuş qatları…
Hərdən düz yolda da dizin qatlanır.
Sən kimdən almışdın o qanadları-
Özünü yüksəkdən atan qızcığaz?
Çapdı öz atını, şeytan düşmədi,
Meydana girmişdin, meydan düşmədi…
Hər şey bu dünyada göydəndüşmədi-
Özünü yüksəkdən atan qızcığaz…
Duz yükü var imiş düz ilqarın da,
Rəngi qara oldu yerdə qarın da.
Bir kaman ağlayır yuxularımda
Özünü yüksəkdən atan qızcığaz.
Kim səni yıxdı ki? niyə yıxıldın?
Bulud üstündəki şehə yıxıldın…
Göydən yıxılmadın, göyə yıxıldın,
Özünü yüksəkdən atan qızcığaz.
Səbəb soran olsa, “lalam “deyərsən.
O körpə oğluma “balam” deyərsən…
Məndən də tanrıya salam deyərsən-
Özünü yüksəkdən atan qızcığaz.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Türk seriallarından saundtreklər Heydər Əliyev Sarayının səhnəsində səslənəcək
“BN Team Orchestra” simfonik orkestri türk seriallarını xoşlayanlar üçün “Türk serialları dünyası” adlı unikal layihə hazırlayıb. Konsert mayın 23-də Heydər Əliyev Sarayında olacaq.
“BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır.
Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görəcəklər.
Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının bütün iztirablarını tamaşaçıya çatdırır, onu kino aləminə aparır və həmişəlik yadda qalır.
Konsertə getmək arzusunda olanlar biletləri şəhər kassalarında və iticket.az saytından ala bilərlər.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
“Yaşa prezidentim, yaşa!” mahnısı 24 ildən sonra yeni versiyada təqdim edilib
İctimai Televiziyanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşa prezidentim, yaşa!” mahnısının yeni versiyası və klipi 24 ildən sonra yenidən və daha təkmil formada çəkilərək, tamaşaçılara təqdim olunub.
İTV-dən verilən xəbərə görə, çəkilişlər Heydər Əliyev Mərkəzində aparılıb.
Bu gündən efir vasitəsilə geniş ictimaiyyətə təqdim edilən və sosial şəbəkələrdə yayılan mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqisi “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımova məxsusdur. Mahnının ərsəyə gəlməsində Xalq artistləri Samir Cəfərov, Teyyub Aslanov, Əməkdar artistlər Rəşad Haşımov, Lamiyə Haşımova, Xəyyam Nisanov, Fərid Əliyev, müğənnilər Zamiq Hüseynov, Mehin Hümbətova, Cəmilə Həşımova, Dilarə Kazımova iştirak ediblər. Təqdim olunan klipi qeyd olunan link https://www.youtube.com/watch?v=vjdsPzBJwYc vasitəsilə izləmək mümkündür.
Xatırladaq ki, vaxtilə Fikrət Qoca ölümlə üz-üzə qalarkən Ulu Öndər Heydər Əliyev ona köməklik etmiş, şairin təbirincə desək, ikinci həyat bəxş etmişdi. Heydər Əliyevin səhhətində problem yaranan zaman mərhum şair “Yaşa prezidentim, yaşa” şeirini yazmaqla, Ümummilli Liderə dayaq olmağa, dua etməyə çalışmışdı. Sonradan 1999-cu ildə mərhum Milli Məclisin deputatı, ictimai xadim Anar Məmmədxanovun ideyası ilə “Yaşa prezidentim, yaşa” mahnısı ərsəyə gətirildi. Ulu Öndər sağlığında bu mahnıdan çox məmnun olduğunu bildirmişdi.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
“Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri bu gün açılacaq
“Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqünün inkişaf etdirilməsinə xidmət məqsədlə keçirilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.
Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival müsabiqəsinin sərgiləri bu gündən - mayın 11-dən başlayaraq 12, 13 və 15-də Xətai Sənət Mərkəzində növbəli şəkildə təşkil olunacaq.
Əsərlər çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlar qeyd olunmaqla Xətai Sənət Mərkəzinə təqdim edilməlidir.
Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 3000-dən çox əsər göndərilib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində təyin olunmuş bir vaxtda Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəlliminin nəzarəti altında rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər, həmçinin fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, sərgilənən əsərlərin arasından “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Mədəniyyət Nazirliyinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə tər çiçək dəstələri qoyub, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Azərbaycanın yeni tarixinin bütöv bir qərinəsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, onun inkişafına, zəngin mədəni irsimizin, incəsənətimizin dünyada tanınması və təbliğinə hər zaman diqqət və qayğı göstərib. Bütün Azərbaycan xalqı kimi, mədəniyyət sahəsində çalışan insanlar da tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini daim ehtiramla yad edirlər.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Heydər Əliyev: “Nəsibə həm sizin, həm bizim qızımızdır…”
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ ÖZBƏKİSTANIN VƏ AZƏRBAYCANIN XALQ ARTİSTİ NƏSİBƏ ABDULLAYEVANIN PORTALIMIZA AÇIQLAMASI
Bu gün 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevi dünyanın hər yerində yaşayan türklər də böyük iftixarla yad edirlər. Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva əməkdaşımız Aida Eyvazlı ilə söhbətində Heydər Əliyevlə bağlı çox maraqlı xatirələrini paylaşıb.
O deyib: “Özbəkistanda keçirilən türkdilli dövlətlərin prezidentlərinin görüşlərinin birində qonaqların şərəfinə verilən konsertdə mən də çıxış edirdim. Həmin konsertdə özbək və Azərbaycan mahnılarını ifa etdim. Qonaqların şərəfinə verilən konsertdən sonra Türkdilli ölkələrin prezidentləri bizimlə ayrıca görüşdülər. Və hətta məni prezidentlərin oturduğu otağa dəvət etdilər. Prezidentlərdən biri rəhmətlik İslam Kərimova dedi ki, Nəsibə xanımı göndərin, bizim də ölkəmizdə konsert proqramı versin. Özbəkistan prezidenti İslam Kərimov isə ata mehri ilə mənim çiynimdən tutatraq belə cavab verdi: “Nəsibə xanım banderol deyil ki, onu göndərim, dəvət edərsiniz, baxarıq...”.
Daha sonra rəhmətlik Heydər Əliyev mənimlə Azərbaycan dilində danışmğa başladı. Prezident İslam Kərimov yenə də zarafatla dedi: “Həəə... öz dilinizdə danışın, ancaq Nəsibə bizim qızımızdır”. Heydər Əliyev cənabları isə cavabında dedi ki, o həm sizin, həm də bizim qızımızıdır. Həm özbək, həm də Azərbaycan millətinin sevimli qızıdır. Bu görüşdə o mənim Bakıdakı qohumlarımla, ailə vəziyyətimlə maraqlandı, mahnılarımı sevdiyini söylədi.
Onun üzündə xoş bir səmimilik, böyüklük hiss etdim. Elə bil ki, hər zaman yanımda görmüşdüm. O qədər mehriban və xoşrəftarla söhbət etdi ki, həmin gündən Heydər Əliyev mənim yaddaşıma dünyanın ən gözəl insanı kimi yazıldı.
Daşkənddə keçirilən görüşlərin ikinci günü isə Azərbaycan səfirliyində olduq. Heydər Əliyev adəti üzrə burada yaşayan diaspora üzvləri ilə də görüşürdü. Bu görüşdə Azərbaycanın xalq artısti rəhmətlik Firəngiz Əhmədova və onun həyat yoldaşı, hazırda Özbəkistanın Opera və Balet Teatrının baş rejissoru işləyən Özbəkistanın xalq artisti Firudin Səfərov da iştirak edirdi. Onlar Heydər Əliyevə dedilər ki, biz istəyərdik ki, bundan sonra gəlib Azərbaycanda yaşayaq. Bu xahişin cavabında Heydər Əliyev gülə-gülə : “Sizin hər biriniz bizim sevimlimizsiniz, biz də sizləri çox sevirik. Azərbaycanda azərbaycanlı çoxdur, mən istəyirəm ki, dünyada azərbaycanlı çox olsun! Ona görə də qardaş ölkədə işləyin ki, bizi daha yaxşı tanısınlar!”.
O gün bu gün mən onun bu müdrik sözlərini unutmadım. Bu böyük insan mənim xatirəmdə fırtına kimi, böyük bir ürək sahibi kimi, çox dərin daxili mədəniyyət sahibi kimi, böyük bir ziyalı kimi qalıb. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
80 ilin məktubları
Ötən gün Qələbə gününü qeyd etdik. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı əməkdaşı Aida Eyvazlının cəbhə məktublarından biri barədə yazısını diqqətinizə çatdırır.
Bu məktub cəbhədən gəlib. İndi 80 yaşı var. Onu yazan, atamın dayısı Ağaşahın bəlkə də bu səlist və səliqəli məktubu yazanda 20 yaşı olub. Şamaxının Zarat-Xeybəri kəndində müəllim işləyən gənc Ağaşah, o cümlədən kəndimizin nə qədər cavanları Sovet İttifaqının Vətən müharibəsinə getdilər... qayıtmadılar. Ağaşah müəllimin əlimizdə heç şəkli də yoxdur ki, baxanda deyək ki, bu kişi bizim babamız idi. Özündən sonra övladları da qalmamışdı. Vətən müharibəsinə Ağaşahın qardaşı Babaşah da getmişdi. Heç birisi o döyüşdən dönmədilər.
Göz yaşları içərisində oxuduğum bu "Son məktubu" mənə nəsil şəcərimizin bir yarpağı olan Gülşən Əhməd gətirib. Gülşənin babası Dədəşah dayı atamın sağ qalan yeganə dayısı idi. Bu igid oğlanların atası, babamız Musavatçı Mustafa Ağayev isə Nuru Paşanın ən yaxın silahdaşı idi. Həəə... Gəlin görək, döyüşçü Ağaşah səngərdən nə yazırdı:
"Əziz və hörmətli qardaşım Dədəşah! Əvvəla biləsiniz ki, bu balaca məktubu siz əzizlərimə yazana kimi çox şükür Xudaya, sağ salamat olub, şad yaşamaqlarınızı Xudadan arzulayıb, Pürhani Lələmə-anama, Xanbikə, Ağasəf, Əlsafaya, Mehdiquluya, Şah bacıma, Hənnətə və uşaqlarına, bacım-Zərif Ceyrana, bacım Şüşəxanım və tifil Tamaraya, Soltanmahmud kişiyə və bütün külfət uşaqlarına çoxlu salamlarım var. Sevimli qardaş Dədəşah və əziz Lələm(Lələ- Mustafa babanı belə çağırırdılar uşaqları), biləsiniz ki, mən sizdən yenə məktub almadım. Bilməyirəm, Allah eləməmiş sizlərə nə olmuşdur ki, mənə siz kağız yazmaq istəməyirsiniz. Amma biləsiniz ki, mənim işim yaxşı olanda hər gün sizlərə 3-4 məktub yazıb, göndərirəm. Daha bilməyirəm, sizlərə çatır, yoxsa çatmayır. Sizdən xahiş edirəm ki, bu məktubum sizə çatan kimi qısaca cavabını yazıb mənə göndərəsiniz.
Daha mən sizlərə nə yazım, sizdən məktub almayıram ki, cavabınıza da çoxlu sözlər yazım. Bununla məndən bütün qohum-qardaş və dostlara, bütün kəndin kolxozçu kişi, qadın və uşaqlarına və bu məktubumu oxuyarkən maraqlanıb, yanınızda durub qulaq asanlara da üstəlik məndən çoxlu salamlar. Qardaşın Ağaşah. 14.08.43".
Bax, beləcə babamızın 1943-cü ildə yazdığı bu səlist və savadlı məktubu kəndimizə 8 ay sonra çatır. Dədəşah dayı danışardı ki, heç onlar özləri də qardaşına mütəmadi məktub yazardılar, lakin Şamaxının bu ucqar dağ kəndindən yazılan məktublar ünvana çatmırmış. O vaxtlar bu kəndə maşın işləmirdi, gediş-gəliş də atla idi. Mənfur Sovet İmperiyası aydınlarımızı Vətən müharibəsinə borclu kimi aparırdı. Onun ailəsi, övladı, kəndi isə onu düşündürmürdü. Kəndlərdə isə kolxozçu qadınlar cəbhədəkilər üçün yorğanlarının yunundan corab toxuyurdular.
Şah nənəm Qızdarağa bu məktubu alıb kənddə əl-əl gəzidirib şah qardaşı Ağaşahı belə ağlamışdı:
Qardaş kişmiş kimidir,
Cibə düşmüş kimidir.
qardaşı ölən bacı,
Gözdən düşmüş kimidir...
Bax, belə bu da bizim nəsil şəcərəmizdən olan bir qəmli həyat hekayəti.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
“Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş təşkil edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Turizm Mərkəzinin məlumatına görə, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, Dövlət bayrağını dalğalandırıblar.
Yürüşün qısa videoçarxı ilə bu linkdən - https://we.tl/t-BVtD57choF tanış ola bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)