
Super User
Az qala hər bir evdə “Kəcil qapısı” var idi…
SEYFƏDDİN DAĞLININ ANADAN OLMASINDAN 102 İL ÖTDÜ
Azərbaycan ədəbiyyatı tarixində həqiqətən də kütləvi roman statusu daşıyan, yüz minlərlə, milyonlarla evlərdə stolüstü kitaba çevrilən kitablar olub. Təbii ki çox az sayda. Bunlardan Cəmşid Əmirovun “Qara Volqa” və “Brilyant məsələsi”, İmran Qasımovla Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə”, Vidadi Babanlının “Vicdan susanda”, Əlibala Hacızadənin “İtgin gəlin”, Salam Qədirzadənin “Qırx altı bənövşə” romanlarını göstərmək olar. Və o sırada bir roman da qərarlaşıb, Seyfəddin Dağlının “Kəcil qapısı” romanı.
Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biridir nasir və dramaturq Seyfəddin Dağlı. Və ötən gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 102 il ötdü.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz kimi söz ustalarını bəxş etmiş Xızıda anadan olub.
O, yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Dağlı jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur "Molla Nəsrəddin" ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
İlham İsmayılov: “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hər birinin Şuşada konsulluq açması çox müsbət addım olardı”
Bu həftə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə ölkəmizə iki günlük dövlət səfərinə gəldi. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini gücləndirən, əməkdaşlığın əsas istiqamətlər üzrə dərinləşməsini hədəf götürən bu səfərdə bir sıra ikitərəfli sazişlər imzalandı. Səfərin əhəmiyyətinə toxunan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bu səfəri mediaya şərh edərkən bildirib ki, öncə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il iyun ayında Özbəkistana səfərini və bu səfər çərçivəsində imzalanan sənədlərə baxmaq lazımdır:
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin qəbul olunması ölkələrimiz üçün olduqca vacib bir məsələ idi. Bu sənədlərin bir çoxunu əhatə edən məsələlər yalnız Azərbaycan-Özbəkistan deyil, eləcə də demək olar ki, loqistika baxımından Cənubi Qafqazla Orta Asiya regionunu əlaqələndirmək baxımından da əhəmiyyətli idi. Çünki bu gün regionda Rusiya-Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda qarşılıqlı komunnikativ əlaqələri, birgə əməkdaşlığı təşviq edən bu cür əməkdaşlıq sənədlərinin imzalanması həm də bütün dünya üçün bir mesaj idi. Ayrıca Özbəkstanla bağlanmış sənədlərin içində hərbi və hərbi-texniki sahədə birgə əməkdaşlıqla bağlı məsələnin olması hər iki Türk ölkəsi üçün, eyni zamanda bütün Türk Dünyası üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu cür sənədlər bizi həm gücləndirir, həm də regionda Türk dövlətlərinin nüfuzunu artırır, onları bölgənin əsas söz sahiblərinə çevirir”.
İlham İsmayılov bildirib ki, Özbəkistan Qarabağ məsələsində bütün dövrlərdə Azərbaycanı bir mənalı dəstəkləyən ölkə olub: “Hətta, Ermənistanla heç bir zaman diplomatik əlaqə qurmayıb. Ona görə də, bizim 44 günlük Vətən müharibəsindəki qələbəmiz qardaş özbək xalqı üçün də əsl bayram oldu. İki gün əvvəl Özbəkstan prezidentinin özbək xalqı adından hədiyyəsi olan və Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı özlüyündə çox anlamlı, açıq mesajlarla dolu bir hadisədir. Üstəlik, qardaş Türk dövlətlərinin bu cür layihələri dəstəkləməsi və ermənilər tərəfindən dağıdılmış bölgələrdə bərpa-quruculuq işlərində iştirakı olduqca vacibdir. Bu həm də xülyalar içində bu torpaqlara bir daha göz dikməyə qalxan ermənilər üçün çox açıq və aydın bir ismarıcdır”.
İlham İsmayılov Özbəkistan prezidentinin Şuşa səfərinə də toxunaraq, bildirib ki, iki il əvvəl Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi ittifaqı və birliyi digər qardaş Türk dövlətləri üçün də bir stimul olmalıdır: “Təbii ki, biz ictimayyət nümayəndələri olaraq arzu edərdik ki, Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi-texniki və strateji tərəfdaşlıq müqaviləsi bütün qardaş Türk dövlətləri, Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda bağlansın. Bu qardaş ölkələrin hər birinin Şuşada konsulluq açması da çox müsbət addım olardı.Ümid edirəm ki, bu addımların atılması üçün vaxt və zaman yetişməkdədir. Bu bizim birliyimizi daha da möhkəmləndirər, regionda əsas söz sahibinə çevirər. Proseslərin isə ona doğru getdiyinə tam əminəm”.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah - avqustun 26-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Birinci ledi
Avqustun 26-sı Mehriban Əliyevanın növbəti ad günüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Allah-Təala müqəddəs kitabımızda çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və yerin–göyün, bütün kainatın da Sahibi özüdür. Yəni Onun iradəsindən kənarda kainatda heç nə baş verə bilməz.
Əl–Bəqərə surəsinin, 116-cı ayəsində yazılıb: – “Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”. Və Hədid surəsinin, 57-ci ayəsi isə daha konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: – “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir hadisə yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o “lövhi-məhfuzda” yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
Hesablamalara görə dünyada mövcud olan yeddi milyard altı yüz milyondan çox insanın yaşadığı 245 ölkə var. Onlardan cəmi 193-ü rəsmi tanınan dövlətdir. Sizə zarafat gəlməsin, səkkiz milyarda yaxın adamın arasından 193 insandan biri olmaq təsadüfi ola bilməz. Bu təyinatda hökmən Allahın iradəsi var. O, istəməsə heç bir təyinat baş tutmaz…
Müdrik, uzaqgörən, zəkalı xanımdır. İpək kimi qəlbi var, xeyirxah və mərhəmətlidir, insanları sevindirməkdən, ehtiyacı olanlara yardım etməkdən zövq alır. Daxili dünyasının zənginliyi onu daha da nurlu, işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır və taleyinə yazılan təyinatı icra edir…
Deyir ki,- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar oldular. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq, sonda həmin institututa rəhbərlik etdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”
İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir. Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Nizam-intizama önəm verir, qarışıqlığı sevmir…
“Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram…”- söyləyir.
Mehriban, nəzakətli xanımdır. Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Əmin olmadan heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Ətrafdakılara soyuq münasibət göstərmir, biganə deyil, həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır…
Deyir ki,- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır…”
Dövlətini, xalqını sevən, vətənpərvər insandır. Dünyada rəsmən tanınan dövlətlərin sırasında Azərbaycanın da bayrağının olmasından qürur duyur…
“Biz 31 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır…”- söyləyir…
Qürurlu və ləyaqətlidir. Əsilzadələrə xas olan davranış qaydaları var. Xaraktercə ciddi olduğundan yalanı, qeyri-səmimiliyi sevmir. Bəli, haqqında söhbət açdığım Mehriban xanım Əliyevanı düşmən üzərində zəfər çalmış ölkənin birinci xanımı kimi hamı çox sevir və ona inanırlar…
Avqustun 26-sı Mehriban xanımın növbəti ad günüdür. Bu ölkənin sadə bir vətəndaşı kimi, mən də Onu ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, işlərində müvəffəqiyyətlər arzulayıram…
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Sənin də öz filmin olacaq!!!
Diqqət! Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu avqustun 29-da Natəvan klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir.
Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq.
Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar, xüsusən gənc yazıçılar dəvət olunur.
Başlama vaxtı: 15.00
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Allah qapısını açsın!
“Ədəbiyyat və incəsənət” Cavid Zeynallının bu günün təqvimiylə bağlı olan bir yazısını diqqətinizə çatdırır.
Əjdər Ol 65 illik yubileyini qeyd edir. İnanıram ki, inşallah, növbəti doğum gününü azadlıqda, doğmalarının yanında qeyd edəcək.
Allah qapısını açsın! Şairi bu gözəl şeiri ilə təbrik edirəm.
Ömür
Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!
Yağlı vədlər, yaman "ayır-buyur"lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!
Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!
Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!
Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!
Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: "Var!",
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Çingiz Aytmatov ilk dəfə “Cəmilə”ni məhz ona oxumuşdu
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Neçə vaxtdır ki, Çingiz Aytmatov haqqında kitab üzərində işləyirəm. Yazdığı əsərlərin bəzisini yenidən oxuyuram. Haqqında Azərbaycan, Türk, rus dillərində olan kitablara, məqalələrə göz yetirirəm. Xeyli maraqlı faktlarla qarşılaşıram. Ən çox ilgimi çəkən məqamlardan biri Çingiz Aytmatovun Cənubi Azərbaycanlı şair İsmayıl Cəfərpur haqqında dedikləridir.
1982-ci ildə mərhum şair Şahmar Əkbərzadə Qırğızıstana gəlir. Səfərinin məqsədi Bakıda işlədiyi redaksiyanın tapşırığı ilə Çingiz Aytmatovdan müsahibə almaq olub. Sonralar Şahmar müəllim Çingiz Aytmatovla çox yaxın dost olsalar da, həmin 1982-çi ildə baş tutan görüş onların ilk görüşü olub. Mənim o görüş haqqında müfəssəl yazmaq fikrim yoxdur. Sadəcə həmin ğörüşdəki bir məqam haqqında yazmaq istəyirəm. Şahmar müəllimin yazdığına görə, söhbətə başlamazdan əvvəl ortaya çay gəlir və Çingiz Aytmatovun ilk sözü:
-İsmayıl Cəfərpuru tanımırdız ki?...- olur.
Şahmar müəllim:
-Gözəl tanıyırdım. Tanışlığımız da vardı-deyir.
Çingiz Aytmatov:
-Bax, tanıdığım ilk azərbaycanlı o rəhmətlik idi. Moskvada ali ədəbiyyat kurslarında bir yerdə idik. Qiyamət oğlan idi. Azərbaycanı hər üzünə mənə o tanıdıb. O vaxt zootexniklikdən ədəbiyyat aləminə yenicə qədəm qoymuşdum. “Cəmilə"ni də ilk dəfə ona oxumuşam- deyir.
İndi çox adamın tanımadığı, haqqında çox təsadüfü hallarda (o da sadəcə ad çəkməklə) danışılan İsmayıl Cəfərpur ilgimi niyə bu qədər çəkib... İsmayıl Cəfərpur əslən İran Azərbaycanındandır. Salmas mahalının Sədəqiyan kəndində anadan olub. Vətənpərvər gənc olan ismayıl 1940-cı illərdə Təbrizdə Milli Azadlıq Hərəkatına qoşulub. Azərbaycan Milli Hökuməti dövründə partizan hərəkatının rəisi,
daha sonra Salmas şəhərinin hərbi komendantı olub. 1945-ci ilin sonunda isə Təbriz Şəhər milis idarəsinin rəisi olub. Milli hökumət dağılandan sonra Şimalı Azərbaycana pənah gətirib.
İsmayıl Cəfərpurla bağlı şəxsən mənə maraqlı olan daha mühüm bir məsələ var. İsmayıl Cəfərpur Moskvada Ali ssenarı kurslarında təhsil almamışdan əvvəl Bakı Dövlət Universitetində təhsil alıb. Atam İmamverdi Əbilov da Bakı Dövlət Univrersitetində həmin illərdə oxuyub. İsmayıl Cəfərpurla tələbə kimi yataqxanada da eyni illərdə qalıblar.
Atam həmişə onun haqqında son dərəcə böyük ehtiramla söz açırdı. Ona olan hörməti, ehtiramı o qədər böyük idi ki, mən özüm də görməzə-bilməzə (hətta bir şeirini belə oxumamışdım) qiyabi də olsa ona böyük hörmət edirdim. Atamın kitabxanasında göy üzlü, nazik üz qabıqlı bir kitab var idi (o kitab indi də atamın kitabxanasındadır). Səhv etmirəmsə Cənublu şairlərin kollektiv şeirləridir. 40-ci illərdə Təbrizdə çap olunub. Həmin kitabçada İsmayıl Cəfərpurun da şeri var idi. Və ismayıl Cəfərpur şeiri olan səhifəyə köhnə əlifba ilə atam üçün uzun bir avtoqraf yazmışdı.
Yuxarıda yazdığım kimi, atam İsmayıl Cəfərpur haqqında həmişə ürək genişliyi ilə söhbət açırdı. Bir dəfə İsmayıl Cəfərpurla birlikdə, 50-ci illərin axırlarında Əliağa Vahidi də qonaq etmişdilər.
Atam bu əhvalatı da həmişə xoş bir ovqatla yad edirdi.
İsmayıl Cəfərpur 1977-ci ildə vəfat edib.
Sonda bir hadisəni də xatırlamaq istəyirəm. 1994-cü ilin sentyabrında atam Azərbaycan nümayəndə heyətinin tərkibində İraqa-Füzulinin 500 illik yubileyinə getmişdi. Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin ən görkəmli xadimlərinin təmsil olunduğu o məşhur Füzuli təntənələrində Azərbaycan nümayəndə heyəti Kərbəlada, Bağdadda, Kərkükdə olmuşdu. Qayıdanda İrandan qayıtmışdılar, doğma Təbrizi, Ərdəbili... gəzmişdilər. Salmasda da olmuşdular. Atam deyirdi ki, ilk dəfə olduğum Salması sanki əvvəllər də bir neçə dəfə görmüşdüm. İsmayıl mənə Salmaşdan o qədər danışmışdı ki...
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
S/n |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri |
Qəbulun keçirildiyi şəhər, rayon |
Əhatə olunan şəhər və rayonlar |
Qəbulun keçirildiyi gün |
Baş prokuror Kamran Əliyev |
Şabran |
Şabran, Siyəzən, Xızı |
01 |
|
Gənclər və idman naziri Fərid Qayıbov |
Şabran |
Şabran, Xaçmaz |
06 |
|
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev |
Astara |
Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı |
11 |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
12 |
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova |
Tərtər |
Tərtər, Bərdə |
13 |
|
Ədliyyə naziri Fikrət Məmmədov |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
14 |
|
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev |
Cəlilabad |
Cəlilabad, Biləsuvar, Cəbrayıl |
14 |
|
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev |
Ağcabədi |
Ağcabədi, Ağdam, Laçın |
15 |
|
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov |
Quba |
Quba, Qusar |
15 |
|
10. |
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov |
Göygöl |
Göygöl, Daşkəsən |
15 |
11. |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı |
Ucar |
Ucar, Kürdəmir, Göyçay, Zərdab |
19 |
12. |
Energetika naziri Pərviz Şahbazov |
Füzuli (Horadiz şəhəri) |
Füzuli, Beyləqan, Xocavənd |
22 |
13. |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev |
Mingəçevir |
Mingəçevir, Yevlax |
22 |
14. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov |
Astara |
Astara, Lənkəran, Lerik |
22 |
15. |
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov |
Şəki |
Şəki, Qax |
22 |
16. |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov |
Masallı |
Masallı, Yardımlı |
22 |
17. |
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
22 |
18. |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev |
Biləsuvar |
Biləsuvar, Cəlilabad, Cəbrayıl |
22 |
19. |
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev |
Kürdəmir |
Kürdəmir, Ucar, Zərdab |
22 |
20. |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev |
Şirvan |
Şirvan, Hacıqabul |
27 |
21. |
Daxili işlər naziri Vilayət Eyvazov |
Masallı |
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı |
28 |
22. |
Mədəniyyət naziri Adil Kərimli |
Mingəçevir |
Mingəçevir, Yevlax |
28 |
23. |
Elm və təhsil naziri Emin Əmrullayev |
İmişli |
İmişli, Beyləqan, Saatlı, Sabirabad, Xocavənd |
29 |
24. |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov |
Göygöl |
Göygöl, Daşkəsən |
29 |
25. |
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov |
Yevlax |
Yevlax, Mingəçevir |
29 |
26. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev |
Sabirabad |
Sabirabad, Saatlı, İmişli, Hacıqabul |
29 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub.
Virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə link vasitəsilə tanış olmaq olar.
Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaradıb. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirib. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.
Xalqımızın mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Qeyd edək ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Sabah Laçın şəhəri günüdür
Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanaraq təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə rəsmi sənədlər, fotolar, eləcə də Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Laçın şəhəri haqqında, həmçinin Vətən müharibəsi, Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 2023-cü il iyulun 31-də Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamış, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması ilə bağlı göstəriş vermişdir. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)