Super User

Super User

Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli gənc kino işçilərini salamlayıb, bu il 125 yaşı qeyd olunan Azərbaycan kinosunun zəngin ənənələrindən, bu sahənin inkişafına öz töhfəsini vermiş görkəmli sənətkarlardan bəhs edib.

 

Dövlət tərəfindən mədəniyyətin digər sahələri kimi, kinematoqrafiya sahəsində də diqqət və qayğı göstərildiyini deyən nazir ölkə başçısının bununla bağlı müvafiq fərman və sərəncamlar imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.

 

Adil Kərimli bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ilk Kino Forumundan keçən dövr ərzində görülən işlər barədə də məlumat verib, yaradıcı sənayenin inkişafının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə gənc kinematoqrafçıların fikir və təklifləri, məsələlərə münasibəti dinlənilib, maraqlı diskussiya keçirilib, kino sahəsinin inkişaf məsələlərinə dair geniş müzakirə aparılıb. Qeyd olunub ki, gələcəkdə belə platformaların, görüşlərin sistemli, mütəmadi keçirilməsi, kinematoqrafiyanın müxtəlif sahələrində yaradıcı əməklə məşğul olan bütün gənclərin əhatə olunması önəmlidir. Sonda görüş iştirakçıları xatirə fotosu çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

 

Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Havada müşahidə olunan toz axını cənubdan hərəkət edən hava kütlələri vasitəsilə ölkə ərazisinə daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub istiqamətli küləyin yaxın iki gün ərzində, avqustun 15-16-da da davam edəcəyi, bununla əlaqədar toz hissəciklərinin konsentrasiyasının yol verilən qatılıq həddindən bir qədər çox olacağı gözlənilir.
Avqustun 16-sı axşam saatlarından etibarən cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunacağı proqnozlaşdırılır.

“Ədəbiyyat və incəsənət”
(14.08.2023)

Bazar ertəsi, 14 Avqust 2023 19:00

Sabah Bakıda 40 dərəcə isti olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40° isti olacaq. 

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti olacağı bildirilir. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimal edilir. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimalı var. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-40° isti olacağı gözlənilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 35-39° isti, dağlarda gecə 20-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı avqustun 14-dən 20-dək Rusiyanın Vladimir şəhərində keçiriləcək III “Teatr. Birlik Məkanı” beynəlxalq teatr festıvalında “Kontrabas” adlı monotamaşa ilə çıxış edəcək. 

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin yaydığı məlumata görə, alman yazıçısı Patrik Zuskindin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Əməkdar artist Şövqü Hüseynov ifa edəcək.

Ensiklopedik biliklərə malik qəhrəman həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Bazar ertəsi, 14 Avqust 2023 14:48

Ramil Əhməd yaradıcı yazarlıq təlimi keçdi

 

Avqustun 13-də “Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimdə yaradıcı yazarlıq (creative writing) təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları, yazarlığın öyrənilməsinin mümkün olub olmaması kimi məsələlərdən söhbət açıldı. Bildirildi ki, bu təhsil modeli XX əsrin əvvəllərində Amerikada yaranıb və dünyada geniş yayılmağa başlayıb. Harvard, Yale, Ayova, Stanford, Kornel, Oxford və digər nüfuzlu universitetlərdə Yaradıcı Yazarlıq fakültələri fəaliyyət göstərir. 

Qeyd edək ki, Ramil Əhməd Yaradıcı Yazarlıq təhsili ilə bağlı Türkiyə və Azərbaycan doktorluq dissertasiyası yazan yeganə müəllifdir. Həmçinin o, ədəbiyyat sahəsindəki uğurlarına görə 2021-ci ildə Prezident Mükafatına layiq görülüb, 2023-cü ildə TÜRKSOY və Macarıstanın təşkilatçılığı keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin Azərbaycan üzrə birincisi olub. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavinidir.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayımına başlayıb.

 

Dövlət Tərcümə Mərkəzinin məlumatına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı avqustun 12-də 80 yaşını qeyd etmiş tanınmış ədib, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə barədə  İradə Musayevanın yubiley yazısını təqdim edir. Amma bu yazı 80 yox, 75 illiyə yazılıb, yəni 5 ilin yazısıdır. Di gəl, elə bu 80-i və növbəti 85-i də özündə ehtiva edir. 


 

“Mən bütöv yaşamaq istəyirəm ömrümü -
bir anı belə boş qoymadan...” 

Yubiley yazılarını sevmirəm. Nə yazmağı, nə də oxumağı... Yubilyar kreslosunda oturub tərif dinləyənlər də həmişə məni təəccübləndirib. Doğrudanmı, insanların, yaradıcı, fədakar, ciddi adamların bu cür səhnələşdirilmiş “yubiley oyunları”na hansısa mənəvi ehtiyacı var? Məncə, 60, 70, 80, 90 yaş hesabatı o salondakı adamlardan bir az hündürdəki səhnəyə  qoyulmuş kresloda mahiyyətini dəyişə bilməz. Yəni insanların həmin adam haqqında bildikləri və səmimi qiymətləndirməsi yetər...

İntiqam Qasımzadənin 75 yaşı tamam oldu.  Bu yaşın nə qədəri bizim ədəbiyyata, sənətə, sözə, elmə xidmət etdi? - deyə düşündüm. Hamı kimi mənim də ilk növbədə ağlıma “Azərbaycan” jurnalı gəldi. 90 ildən çox bir müddət ərzində təkcə zamanın ədəbi mənzərəsini deyil,  həm də müxtəlif ictimai-siyasi proseslərin ziddiyyətli məqamlarını öz səhifələrində əks etdirən, ciddi ədəbi meyarlarla nəşr edilən mətbu orqan kimi yaddaşımızda kök salan bu jurnalın ərsəyə gəlməsində 20 ildən çox müddət ərzində xidməti olan İntiqam Qasımzadənin mənim, eləcə də ədəbi camiə üzvlərinin təsəvvüründə maraqlı bir portreti, obrazı formalaşıb. İndi müxtəlif sosial təbəqələr, müxtəlif ədəbi nəsillər, gənclər və qocalar - deyə bölgülər aparılır. Xəyalımda bu çoxsaylı qruplar içərisində “sonuncular” adlandırdığım bir xüsusi və seçilmiş insanlardan ibarət özəl qrupum da var ki, İ.Qasımzadə də orada mötəbər bir mövqe sahibi kimi dayanmaqdadır.

Amma həm “Azərbaycan” jurnalı, həm də İntiqam Qasımzadənin bizə, xalqa, ədəbiyyata və elmi mühitə xidmətinin müqabili haqqında hesab-kitab ortaya gətirsək, nisgilli bir durum yaranacaq. Dəyərlərin, ciddi elmi-ədəbi, mədəni-intellektual meyarların dağıdılıb, deqradasiyaya məruz qaldığı bir zamanda balaca bir otağa sığınıb böyük ləyəqat nümunəsi göstərərək, əzmlə,  zəhmətkeşliklə  ədəbiyyata xidmət etmək hər adamın işi deyil. Bu gün ədəbiyyat aləmində ən təmənnasız, kanyukturadan və miyanəlikdən, buqələmunluqdan uzaq redaktor kimi adını çəkəcəyimiz ilk insanlardan biri, bəlkə də birincisi elə İntiqam Qasımzadədir.

Onun ədəbiyyatı və ədəbiyyatşünaslıq elmini mükəmməl bilməsi “Azərbaycan” jurnalını dövrümüzün sanballı ədəbi orqanı kimi gündəmdə saxlaya bildi. Mən bu fikri mövcud situasiyanı, heç vaxt razılaşa bilməyəcəyim ədəbi mühiti nəzərə alaraq yazıram. Və “nisbət” nəzəriyyəsini əsas götürərək bu qənaətə gəlmişəm. Sözsüz ki, nə mən, nə İ.Qasımzadə, nə AYB sədri, nə də digər elmli oxucular bu gün Azərbaycanda nəşr olunan ədəbi orqanların ümumi vəziyyəti ilə tam qane ola bilməz. Amma müqayisələr və nisbət ölçüsü  haqq verir ki, “Azərbaycan” jurnalını və real vəziyyətdə onun baş redaktorunun cəsarətini, elmini və ədəbi meyarlarını bu cür qiymətləndirək.

Dəfələrlə həmin jurnala təqdim etdiyim böyük həcmli məqalələrin mövzusunu redaksiyada müzakirə edərkən mən bunun şahidi olmuşam. O həm klassik, həm də müasir dövrün ədəbiyyatını, eləcə də ədəbiyyatşünaslığını incəliklə çözə bilir. Dünya ədəbiyyatı nümunələrinin ən mühüm seçmələrini həmin jurnaldan oxumuşuq uzun illər.

“İntiqam  professor da olmadı, halbuki ola bilərdi və çox-çox professorlardan daha     artıq buna istedadı da, savadı da, ağlı da çatardı.

Uzun illər kinostudiyada redaktor işlədi və əminəm ki, redaktə etdiyi ssenarilərin çoxundan daha mükəmməl bədii film ssenariləri yarada bilərdi...

Ola bilərdi, edə bilərdi... bütün bu gümanları ifadə edən cümlələrin mənası nədir? Mənası odur ki, İntiqam həyatda bütün bu peşələrdən heç  də aşağı  olmayan başqa  mühüm  bir missiyanın daşıyıcısı oldu - ədəbiyyatımızın, kinomuzun şərəfli fədaisi   kimi.   Onun haçansa kino sahəsində, son onilliklərdə isə ədəbiyyat sahəsində fədakar xidməti neçə-neçə müəllifin yazdığı yaxşı-pis əsərdən daha mühüm, daha qiymətli, daha dəyərlidir. Jurnallarımız, qəzetimiz dövlət büdcəsinə daxil olunmadığı və bu barədə təkliflərimizə qəribə bir etinasızlıqla yanaşıldığı illərdə mən bir çıxışımda demişdim ki, müstəqilliyin əsas göstəricilərindən biri, bəlkə də birincisi - Ana dilidir. Dilin yaşaması üçün isə ədəbiyyat yaşamalıdır, necə ki, sovet dövründə Azərbaycan dilini əsasən ədəbiyyat yaşatdı (indi bəzi nankorlar bunu inkar etsə də)... Ədəbiyyatın yaşaması üçünsə ilk növbədə   bizim ədəbi orqanlar və onların sırasında birinci olaraq “Azərbaycan” jurnalı yaşamalıdır” (Anar).

İntiqam müəllim həm şair, həm də ssenarist, film redaktoru kimi də fəaliyyət göstərib və göstərir. Lakin onun bütün diqqət və zəhməti, məncə də, daha çox bu jurnala yönəlib. Bir dəfə uzun-uzadı ədəbi müzakirə zamanı həmin jurnalda çap olunan siyasi motivli dünya ədəbiyyatı nümunələrindən, xüsusən də C.Oruelin romanlarından danışdıq. “1984” əsərinin üzərində çox dayandıq və mən əsərin ən xırda detallarını izah edə-edə fikrimi çatdırmağa çalışırdım. İntiqam müəllim diqqətlə qulaq asırdı və sonda maraqlı bir münasibət bildirdi. Dedi ki, İradə xanım, siz o əsərdən bu qədər yanğı ilə danışdıqca mən ürəyimdə bir şeyə sevinirdim, deməli, o cür əsərlərin tərcümə olunması və bizim onları çap etməyimiz boşuna getmir. 

Onu da qeyd edim ki, bu illər ərzində ədəbiyyata, sözə onun qədər sadiq bir redaktor da görmədim. Yaxşı məqalələri, elmi-ədəbi düşüncəmizə işıq sala biləcək yazıları “müəllifə münasibət” cılızlığı ilə deyil, ədəbiyyata sədaqət meyarları ilə təqdim etdi. Fəqət, redaktorun və jurnalda böyük zəhməti olan insanların layiqincə qiymətləndirilməməsi də bir ağrıdır. Müsahibələrinin birində jurnalın 90 illik yubileyi ilə bağlı oxuyuruq: “Vallah, mən qapıları döyən adam deyiləm. Bu işi bacarsaydım, daha doğrusu, nə isə tələb etsəydim, yəqin nəzərə alardılar. Əlbəttə, istəyərdim dövlət təltifi olsun, jurnalın kollektivinə hansısa şəkildə adlar, yaxud pul mükafatları verilsin. “Azərbaycan” jurnalının ədəbiyyat tariximizdə çox böyük xidmətləri var. Kimsə elə başa düşər ki, təltifi, qiymətləndirməni özüm üçün istəyirəm. Qətiyyən belə deyil.  Bu, jurnalın əməkdaşlarının halal haqqıdır. Açığı, Anar müəllim Mədəniyyət və Turizm Nazirliyinə təqdimat yazıb. Mənə dedilər ki, Əbülfəs Qarayev məktubla tanış olub və Prezident Administrasiyasına göndərib. Hələ ki bir xəbər yoxdur, amma tələsməyək, il qabaqdadır, düşünürəm jurnal üçün nə isə edəcəklər”...

Növbəti sitatı oxusanız, görəcəksiniz ki, bu cür fədakarlıqları ancaq və ancaq  “sonuncular” dediyim həmin o adamlar edə bilər, qarışıq, xaos burulğanında hamının ad, pul, rahatlıq, şöhrət axtardığı vaxtda yalnız və yalnız Sözü, həqiqi ədəbiyyatı xilas etməyə çalışan adamlar, İntiqam Qasımzadələr: “Jurnalın əsas yükü beş-altı nəfərin üstünə düşüb. Hamı bilir ki, maaşımız nə qədərdir. Məsələn, baş redaktor kimi mən 482 manat maaş alıram. Şöbə müdirlərinin maaşı  250 manatdan çox deyil. Digər texniki işlərə baxanlar isə 120-150 manat əmək haqqı alırlar. Onlardan ciddi şəkildə nə isə tələb edə bilmirəm. Hətta təzə gələndə özüm təklif etmişdim ki, başqa işlərlə məşğul olun, dolanışığınız çıxsın. Mənim özümün də dolanışığım burdan çıxmır. Ssenarilər yazıram, yazı redaktə edirəm və s. Təsəvvür edin ki, mən 40 ildir “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmışam, indi baş redaktoram, kiçik qızımın aldığı maaş mənim maaşımdan üç dəfə çoxdur. Bax, belə...”

İntiqam Qasımzadənin simasında ədəbiyyatımıza dəyərli xidmətlər göstərmiş daha bir ədibi - atası (tərcüməçi, şair, redaktor) Böyükağa Qasımzadəni yaxından tanımış kimi oluruq.  “Ədəbiyyat qəzeti”ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri (1953-1957), Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuş, A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini tərcümə etmiş Böyükağa Qasımzadənin imzasını orta məktəbdə oxuyarkən M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı farscadan tərcüməsi ilə tanımışdım.  Füzulinin “Yeddi cam” əsərinin də tərcüməçisi olmuş B.Qasımzadə, “Sasunlu David” eposunu ermənicədən tərcümə etmişdir. Cəmi  41 il ömür sürmüş (1957-ci ildə vəfat edib)  zəhmətkeş ədibin işlərini oğlu İntiqam Qasımzadə ləyaqətlə davam etdirməkdədir. O, sanki həm də öz ədəbi taleyini oğluna vəsiyyət edib, ona bu cür bir varislik missiyası tapşırıb-ədəbiyyata layiqincə xidmət...

“Sonuncular”ın nisgili,  mənəvi yaddaşla bağlı acı, şirin xatirəsi də bir cür kədərləndirir bizi. Məsələn, hamıdan, hətta sevdiyi binanın (AYB binası) dəhlizlərindən, divarlarından, bəzən adamlarından da gizlənməyə, qaçmağa çalışır onlar. “Cırtdan” fiqurlardan, xəbərçi, yalançı, ədəbi mühitə tarakan kimi darışmış “işbaz”, içiboş adamlardan qaçmaq əzabı da varmış: “Mən bu jurnalda həm də atamın xatirəsini yaşadıram. Mənim atam “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri olub və mən onun görə bilmədiyi işləri burda görməyə çalışıram. Yazıçılar Birliyi mənim üçün müqəddəs yerdir və işə gələndə həmişə sevinmişəm. Amma son vaxtlar bu hissləri yaşaya bilmirəm. Kim nə düşünür, düşünsün. Çalışıram, foyedə, koridorlarda heç kimlə rastlaşmayım, kənar söhbətlər eşitməyim. Ürəyim ağrıyır, belə söhbətlərə qulaq yoldaşı olmaq istəmirəm. Mən burda bilirsən necə gözəl kişilərlə bir yerdə işləmişəm?”

İntiqam Qasımzadənin 70 yaşı tamam olanda Anar demişdi: “İntiqam mənim gənclik və qocalıq dostumdur. “Gənclik dostu” söz birləşməsi nə qədər təbii səslənirsə, “qocalıq dostu”  ifadəsi bir o qədər qəribə görünür. Axı heç kəs qocalığını etiraf etmək istəmir. Amma nə deyirsiz-deyin, 70 yaş da, 75 yaş da hər halda cavanlıq deyil. Doğrudur, hər yaşda gənclik şövqünü, gənclik həvəsini, gənclik enerjisini saxlamaq mümkündür. Təki “insanın ruhu cavan olsun”. Şablon ifadədir, amma bilirsinizmi nəyə görə bəzi deyimlər şablon sayılır? Həqiqət olduqlarına görə. Həqiqət olduğu üçün belə sözlər  sıx-sıx işlənir və şablona çevrilir, fəqət şablon olmaları heç də onların gerçəkliyini azaltmır. İntiqam hərdən xəstəliklərindən şikayətlənib, necə deyərlər, “nazik əyirsə” də, ruhən cavan adamdır və bu, çox vacibdir.

Uzaq gəncliyimizdə İntiqam şeir yazırdı. Bilmirəm sonrakı illərdə də yazdımı. Yazıbsa, hər halda mənim bundan xəbərim yoxdur. Cavanlığında yazdığı şeirlərindən aldığım təəssürat beləydi ki, İntiqamın poeziyası o nəsildən olan ən istedadlı yaşıdı şairlərin yazılarından heç də geri deyil, orijinal ifadələriylə, maraqlı deyim tərziylə”.

Məqaləmə İ.Qasımzadənin bu misralarını epiqraf kimi yazmışdım: 

Mən bütöv yaşamaq istəyirəm ömrümü -
bir anı belə boş qoymadan... 

Biz özümüzə dünya kontekstində baxanda anlayırıq ki, balaca bir cəmiyyətik, balaca şəhərin balaca ədəbi mühitində dünyanı silkələyə biləcək mütəfəkkirlərin ola biləcəyi ehtimalı bəlkə də bir faizdir. Lakin bu balaca mühitin böyük ədəbi sözü anlayan, onu qoruyub saxlayan, nəsildən-nəsilə ötürə bilən aqil insanları olur. Əlindəki şamla hamıya işıq salan, fəqət, əlindəki işığın şöləsindən üzünə düşməyən bu adamların adı FƏDAKARLAR-dır.  Belə bir ömrü yaşamaq və həmişə o cür xatırlanmaq isə daha gözəldir. Pis olan isə odur ki, bu adamları vaxtında layiqincə qiymətləndirə bilmirik. Bəlkə də onların görünmək istəməmək aristokratiyası da bir az mane olur...

Bəli, “sonuncular”ın bir də bir “görünməmək” nisgili də qalacaq... Həm mənim, həm də İntiqam Qasımzadənin çox sevdiyi şair V.Səmədoğlu isə yazırdı:

Mən bir gün üfüq olmuşdum,
duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum,
gedib-gələn olmadı, ot basdı üstümü...
Görünmədim.
Mən bir gün təbəssüm olmuşdum,
nə oldu bilmədim...
Görünmədim.

Və sonda İntiqam müəllimə üzümü tutub deyirəm: İntiqam müəllim, Siz o balaca otaqda, o balaca maaşın, o balaca masanın arxasında lap aydınca görünürsünüz! Alnıaçıq, üzüağ! Ad gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Günün fotosu: Havaydakı yanğınların dəhşətli statistikası

 

Havayda dağıdıcı yanğınların qurbanlarının sayı artır, səlahiyyətlilər xəbərdarlıq edir ki, itlərlə işləyən qruplar ən çox yanğına məruz qalan  ərazilərin yalnız 3% -ni araşdırıblar. 

ABŞ-da son yüz ildə ən ölümcül meşə yanğını nəticəsində Havayda ölənlərin rəsmi sayı 93 nəfərə çatıb. Yüzlərlə insan hələ də itkin düşmüş sayılır, səlahiyyətlilər daha çox qurbanın ola biləcəyini və fəlakətin miqyası barədə nəticə çıxarmağın hələ tez olduğunu bəyan edirlər.

Foto: Reuters

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Rəngli cücələr” deyəcək. 

 

 

RƏNGLİ CÜCƏLƏR

 

Yumurtanın ağ divarın,

Ana eşqiylə dəldiniz.

Sizlər də ananız kimi,

Yetim dünyaya gəldiniz.

 

Ananızı qınamayın,

Sanmayın sizi atdılar.

Onları da atanız tək,

Buğda ilə aldatdılar.

 

Atanızın ayaqların,

Qarmaqlara bağladılar.

Yerə baxan başlarını,

Biçaq ilə dağladılar.

 

Onun səhər avazıyla,

Narın-narın süzmədiniz.

Mahnımızın kölgəsində,

Məğrur-məğrur gəzmədiniz.

 

Saxta ana qucağında,

Uyumadan, oyandınız.

Boyaqçının qarşısında,

Öksüz-öksüz dayandınız.

 

Əlvan-əlvan boyalarla,

Kimliyizi dəyişdilər.

Boyaqçılıq sənətilə,

Səadətə yetişdilər.

 

«Ədəbiyyat və incəsənət”

(14.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

42–ci dərc

 

Layiqə diqqətlə məni dinləməyində idi.

-Hələ qapıdan girərkən görüşmək üçün əlini sıxanda Qılıncın necə bir fiziki gücə malik olduğunu başa düşdüm. Elə görüşəndə bir şey də diqqətimi çəkdi. Onun barmaqlarının üstündə spesifik qabar izləri vardı. Fəhləliklə məşğul olan birinin ovuclarının qabar bağlaması normaldır. Ancaq barmaqların üstündəki qabarlar ya əlbəyaxa döyüş növləri ilə məşğul olanlarda, ya da hər an döyüşməyə hazır olmaq üçün özünü fiziki formada saxlayanlarda əmələ gəlir. Hər an döyüşə hazır olmaq heç kimin işi olmayan bir dəlinin nəyinə lazım idi? Dəli demişkən, Matvey Semyonoviç sağlam kimi xəstəxanaya yerləşdirdiyi adamda sonradan doğrudan da psixi pozğunluğun olduğunu aşkar etdiyini demişdi mənə. Diaqnozu isə, çox nadir rast gəlinən bir diaqnoz imiş. Həmin xəstəliyin əlamətləri də müşahidələrimdə mənə çox kömək oldu o iki gündə. Məsələ belə idi ki, əslində mən özünü dəliliyə vurmuş birinin heç də dəli olmamasını, bu adla yaşayıb rahatca cinayətlərini edib şübhələrdən kənarda qaldığını sübut etməliydim. Ancaq Matvey Proxorovun onun diaqnozu barədə dediklərini nəzərə alıb, məhz həmin diaqnozun nadir əlamətlərini tutuşdurmağı qərara aldım. Bu əlamətlərin müşahidə olunması Qılıncın bizə lazım olan adam olmasının daha bir sübutu olacaqdı. Ayrıca, elə həmin psixoloqlara istinadən, Qılıncın mənə lazım olan şəkil albomuna baxmayacağı ehtimalı da var idi. Qoy lap bir faiz olsun. Buna görə də, həmişəki kimi, işimi möhkəm tutub sübutları bir neçə istiqamətdən toplayırdım. Beləcə, Qılınc bağı belləməyə, mən isə altdan-altdan onu müşahidə etməyə başladım. Elə ilk dəqiqələrdən, beli tutmağından onun solaxay olduğu məlum oldu. Axşam yeməyində demək olar ki, kəlmə kəsməyən Qılınc yeməyini qurtaran kimi otağına çəkildi. Onda mən də otağıma qalxıb gizli kameranın monitoru qarşısında oturdum. Bu izləmə gecə saat 3-ə qədər çəkdi. Gecənin yarısına qədər yatmayan Qılınc əvvəlcə rəfdə qoyduğum kitablara baxmağa başladı. Demək olar ki, hər mövzuda olan o kitabları xüsusilə seçib oraya yığmışdım. Mənə onun kitablara diqqət yetirib-yetirməyəcəyi maraqlı idi. Əgər maraqlanarsa, məhz hansı kitabı seçəcəyi isə xüsusilə maraq doğururdu. Bir neçə kitabı vərəqləyən Qılınc, nəhayət, seçimini etdi və yerini rahatlayıb əlindəki kitabı oxumağa başladı. Layiqə, heç vaxt təsəvvür edə bilməzsən ki, o hansı kitabı seçdi. Qılınc, ümumtürk mədəniyyəti xəzinəsində «Tüzüki-Teymuri» - «Teymurun qanun kitabı» kimi məşhurlaşan «Əmir Teymurun vəsiyyətləri»ni seçdi. Ancaq bu məni təəccübləndirmədi. Sonrasını gözlədim. İki dəfə siqaret çəkmək üçün fasilə verməklə üç saat kitabı əlindən yerə qoymadı. Sonra televizoru işə saldı. Kanalları dəyişdikcə onun bu dəfəki seçiminin nə olacağını maraqla izləyirdim. Rusiyanın Birinci kanalında əl saxladı. Orada uzun illərdir gedən bir elmi veriliş var. «Həqiqətlər, müəmmalar» adlanır. O verilişə sona qədər baxdı. Razılaş ki, bu da çox maraqlı seçim idi. İllər əvvəl verilmiş saxta diaqnozu mənə maraqlı olmasa da, onun həqiqətən əziyyət çəkdiyi diaqnozunun əlamətlərini Matvey Semyonoviçdən soruşub yadımda saxlamışdım. Bu əlamətlər təxminən belə idi: «Şizofreniyanın «Hebefrenik» adlanan bu növü on beş-iyirmi beş yaş arasında ortaya çıxır. Belə xəstələr fəlsəfi mövzulara, təcrid olunmağa və heç bir məqsədi olmayan davranışlara  yönəlməyə meyilli olurlar. Davranışları boş və qeyri-sabitdir. Adi həyatda onlar heç nə ilə fərqlənmirlər. Belə adamlar bir ömür yaşayarlar və ətrafdakılar şizofrenik pozğunluqlarının olmasını duymaya bilərlər. Ancaq ayrı-ayrı vəziyyətlərdə onların hərəkətlərini proqnozlaşdırmaq çətin olur». Solaxay olması ilə yanaşı, xəstəliyinə xas xüsusiyyətlər də artıq müşahidə olunmuşdu. Matvey Proxorovun dediyi çox az rast gəlinən xəstəliyin bütün əlamətləri Qılıncda var idi. Belə təsadüflər də az olur. Qılınc ilk cinayətini iyirmi yaşında törətmişdi. Bu, xəstəliyin başlanma dövrünə uyğun gələn yaş idi. Çox güman ki, artıq o zaman o xəstəliyə tutulubmuş. Orta təhsilli olduğu halda, bu qədər kitabın içindən məhz tarixə düşmüş dahi bir insanın fəlsəfi fikirlərə söykənən kitabını seçib saatlarla oxudu. Elmi məzmunda olan verilişə baxdı. Mənimlə ünsiyyətdən yayındı. Ancaq bunlar hər biri ayrı-ayrılıqda ondan şübhələnmək, məhz bizə lazım olan adam olmasını düşünmək üçün birbaşa yox, dolayısı ilə olan arqumentlər idi. Onun qatil olduğuna tam əmin olacağımız əsas məsələ hələ irəlidə idi. Səbrlə Qılıncın nə vaxt göz qabağında olan albomu götürüb vərəqləyəcəyini gözləyirdim. Albom məsələsində özünü doxsan doqquz faiz doğrultmuş psixoloji rəylərə əsaslansam da, belə adamların davranışlarını proqnozlaşdırmağın xeyli çətin olduğu barədə qocaman həkimin dedikləri yadımda idi. Hər-halda nədənsə, uğura çox inanırdım.

Layiqə böyük maraqla məni dinləyirdi, elə təəssürat yaranırdı ki, nəfəsini belə dərmir.

-Qılınc növbəti siqaretini yandırıb ayaqlarını divana uzatdı. Tavana baxa-baxa tüstülətdiyi siqareti çəkib qurtaranda qalxıb yenə oturdu. İşləyən televizorun kanallarını bir neçə dəfə dəyişib maraqlı bir şey tapmayıb söndürdü. Sonra köynəyini çıxardı. Saat 1-i keçmişdi. Onun yatmağa hazırlaşdığını düşündüyüm anda birdən əlini uzadıb albomu götürdü. Bütün diqqətimi cəmlədim. İndi, monitorun heç də iri olmayan görüntülərində onun sifətinin hər əzasının tərpənişini, hər sinirinin belə titrəyişini sezməli idim. Qılınc albomu açdı. Bir qədər baxıb vərəqi çevirdi. Xeyli ikinci vərəqdəki şəkillərə baxdı. İnanmazsan Layiqə, ancaq mən, həmin anda onun bezib albomu bir kənara qoymaması üçün dua edirdim. Albomu axıra qədər vərəqləməsi çox vacib idi. Dediyim şəkillər növbəti, üçüncü vərəqdə idi. Qılınc isə gözlərini alboma dikib vərəqi çevirmirdi. Saniyələr keçirdi. Gözlərimi bir an da monitordan ayırmırdım. Onun bu anda verəcəyi reaksiya ilə yanaşı, sonradan olduqca vacib olan bir şeyi də yoxlayacaqdıq. Alboma qoyduğum şəkilləri görən Qılınc, bağı tərk etdikdən sonra mütləq hərəkətə keçməli idi. Onun ilk görüşəcəyi adam isə, cinayətlərin ən azı birində onunla əlbir olan biri, böyük ehtimalla isə qətlin sifarişçisi olmalı idi. «Bağ əməliyyatı» əsas bu iki şeyin üzərində qurulmuşdu. Nəhayət Qılınc sol əlini uzadıb vərəqi çevirdi. Hər şey indi məlum olacaqdı. Doğru yoldaydımsa, indi hər şey bir anda dəyişəcəkdi. Vərəqi çevirən Qılıncın sol əli göydə donub qaldı. Bir müddət belə qaldıqdan sonra albomu bir qədər də özünə yaxınlaşdırdı və sanki gözlərinə inanmırmış kimi daha diqqətlə baxmağa başladı. Sonra qeyri-ixtiyari əli siqaret qutusuna getdi. Son üç saatda cəmi üç siqaret çəkən Qılınc, sonuncu siqaretin arasından beş-altı dəqiqə keçməmiş birini də yandırdı. Albomu bağlamadan kənara qoyub siqaretinə dalbadal qullablar vurmağa başladı. Onun hərəkətlərini diqqətlə müşahidə edirdim. Qılınc nə baş verdiyini anlamağa çalışırdı. Fikirləşməyi cəmi bir dəqiqə çəkdi. Siqaretini söndürüb yenə albomu açdı və tez-tez vərəqləməyə başladı. O vərəqlədikcə, mən vərəqləri sayırdım. Yeddinci vərəqdə yenə dayandı. Əmirxanın şəkillərindən birini məhz bu vərəqdə qoymuşdum. Bundan sonra albomu axıra qədər vərəqləyib, başqa tanış şəkil tapmayanda yenə kənara qoydu və növbəti siqareti yandırdı. Gizli kamera ilə izləndiyini bilməyən soyuqqanlı qatil hisslərini cilovlamağı lazım bilməyib özünü ələ vermişdi. Planımı baş tutmuş hesab edə bilərdim. Albomdakı digər şəkillərdəkilər kimi, mərhum Əmirxanı və gənc Salamı tanımayan biri, bu albomu sadəcə maraqlı olduğu üçün vərəqləyib bir kənara qoyacaqdı. Qılınc isə, belə etmədi. Məhz lazımi şəkilləri «yem» kimi yerləşdirdiyim üçüncü və yeddinci vərəqlərdə dayandı, gəldiyi andan üzündə və davranışlarında müşahidə etdiyim soyuqqanlılığını itirdi, otaqda tək olduğunu düşünərək hisslərini büruzə verdi. Bir muzdlu qatil üçün belə sadə bir tələyə düşmək bağışlanmaz səhv idi. Heç mənim onu bağışlamaq fikrim də yox idi. Beləcə, qatil müəyyən olundu.

-Bəs sonra?, -Layiqə soruşdu.

-Saat 3-ə qədər siqaret çəkib var-gəl edən Qılınc yatmağa uzanandan sonra otağımın qapısını arxadan bərk-bərk bağlayıb mən də yuxuya getdim. Ancaq həmin gecə çox oyaq yatdım. Hərəkətləri qeyri-adekvat olan bu adamdan hər şey gözləmək olardı. Hər şey təsdiqləndiyindən səhəri gün planın ikinci hissəsini işə saldıq. Qılıncı həbs etdirmək hələ tez idi. Onun ilk görüşəcəyi adamın kimliyini öyrənmək bizim üçün çox vacib idi. Əgər həmin adam, araşdırma dövründə bizim diqqət mərkəzimizə düşənlərdən biri olardısa, bu onun birbaşa qətlin sifarişçisi olması anlamına gələcəkdi. Niyə ilk görüşəcəyi adam deyirəm, bilirsənmi? Mən Qılıncı tarazlıqdan çıxarmağa nail olmuşdum. Bu psixoloji gediş idi və ona qarşı effekt vermişdi. Qılınc sadəcə muzdlu qatildir və kiminsə sifarişi ilə işləyir. Deməli o, sərbəst qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda, ilk növbədə rastlaşdığı anlaşılmaz vəziyyəti bölüşməyə və məsləhət almağa çalışacaqdı. Kiminlə, yəqin ki, özün başa düşürsən. Planın ikinci hissəsi də eynilə müsbət effekt verdi. Bağdan qayıdan Qılınc, elə həmin gecə taksi çağıraraq birbaşa Rəmzinin evinə sürdürdü. Daha qatığın həqiqətən də ağ olduğunu sübut etməyə ehtiyac yox idi. Tarazlıqdan çıxardığım Qılınc, buraxdığı növbəti səhvlə əlbir olduğu adamı ələ vermiş oldu. Onun kimliyini, yaşadığı ünvanı müstəntiq Cavadova ötürməklə işimizi bitirmiş olduq bu məsələdə. «Karat»ın işində nöqtə qoyuldu. Əslində isə, artıq Qılıncın hər iki qətli şəxsən törətdiyi sübuta yetmişdi. Elə Rəmzinin də bu qətllərin sifarişçisi olması daha bəlli idi. «Karat»ın məsələsində, əsas məqsədim əsil qatili tapıb Salamı azadlığa çıxarmaq idi. Buna da nail oldum. Qalan şeylərin axırına istintaqçılar çıxacaqlar. Məsələ bundadır ki, Arif müəllimi məhz dostu İsfəndiyarın oğlunun qətlinin sifarişçisi maraqlandırır. Mənim üçün də təbii ki, də onun mövqeyi prioritetdir. Polkovnik isə, araşdırmanın bu məqamında məni şəhərdən uzaqlaşdırdı. Düşünürəm ki, bu məsələdə, onun mənimlə bölüşmədiyi, ancaq əmin olduğu bəzi şeylər var.

-Mən də elə düşünürəm, şef. Həm də o bildiyi şeyə əsasən atacağı addım, məncə çox təhlükəli bir addım imiş. Ona görə də sizi oraya qatmaq istəməyib.

-Bilirəm, Layiqə, bilirəm. Ancaq sözündən çıxardımsa, Arif müəllim bunu mənə bağışlamazdı. Xasiyyətini bilirəm. Sonra da ki, o mənə atacağı addımlar barədə nə isə deməyəcəkdisə, mənim şəhərdə olmağım nəyi dəyişəcəkdi ki? Hər şeydən xəbərsiz oturub gözləyəcəkdim. O, məni uzağa göndərməklə sadəcə sığortaladı. Mən də çıxılmaz vəziyyətdə qalıb şəhəri tərk etdim. Yaxşı ki, hər şey yaxşılıqla qurtarıb. Arif müəllimin mesajından belə çıxır ki, təhlükə geridə qalıb.

-Şef, mesaj demişkən, bəs Səttarın mesajındakı şifri necə açdınız?

Elə bərk sürməsəm də, xeyli yol gəlmişdik. Şabran rayonunun ərazisi qurtarmaq üzrə idi. Bir azdan Siyəzən rayonunun ərazisinə girəcəkdik. Yolda içmək üçün götürdüyüm plastik qabdakı sudan bir qədər içib davam etdim.

-Səttar ağıllı adam idi. Mesajını da, vəsiyyətini də çox incəliklə seçib hazırlamışdı. Onun, bunları oğlu Teymuru qorumaq üçün etdiyini bilirsən. Teymura etdiyi vəsiyyəti isə təxminən belə idi: «Nə vaxtsa gələcək adama deyərsən ki, mən məni hər gün öldürən sirrimi özümlə qəbirə apardım. Qoy onu yağış, qar yusun, günəş şüaları yandırsın».Bilirsənmi burada hansı gizli məna var?

-Maraqlıdır şef, hansı?

-Heç bir qəbrin içinə nə yağış, qar düşür, nə də günəş şüaları keçir. Səttar vəsiyyətinin mətni ilə sirrin yağışın da, qarın da, günəşin də düşdüyü başdaşında olduğuna işarə verib. Bunu dərhal başa düşdüm. Xudatda olarkən qəbirlərin şəklini çəkmişdim. Başdaşındakı şeirin mətninə Sərdarlı ailəsinin yan-yana düzülmüş dörd qəbrindən birindəki tarixləri düzməklə nə isə əldə edəcəyimi düşünürdüm. Çünki mərhumun həmin şeiri götürdüyü Ömər Xəyyamın kitabında, ayrı-ayrı şeirlərin sətirləri arasında, bəzi hərflərin altında qələmlə nöqtələr, xətlər qoyulmuşdu. Səttar həqiqətən də, məzar daşlarındakı doğum və ölüm tarixlərindən istifadə etməklə xəbər yollamağa cəhd edibmiş. Bu dəqiqdir. Sadəcə alındıra bilməyib. Təəssüf ki, mən də rəqəmlərin üstündə üç gün baş sındırandan sonra bunu anladım. Doğru yolda deyildim və üç günüm boşa getmişdi. Ən sadə bir həqiqəti başa düşməyim üçün üç gün vaxt itirmişdim, Səttar nə qədər ağıllı adam olsa da, xüsusi biliklər tələb edən şifrəçilikdən anlayışı olmayıb və bunu edə bilməzdi. Onda bir gün ara verib növbəti gün yenə şifrin üzərində işlədim. Bu dəfə bütün diqqətimi şeirin mətninə yönəltdim. Ümumilikdə şeirin mətnindən Səttarın həm narahatçılığına, həm də nəyəsə ümid etdiyinə eyham vurduğunu müəyyən etdim. Bunu şifrdən əvvəl də, başqa təhlillərimlə başa düşmüşdüm qismən. Ancaq bu öyrəndiklərim cinayətkarların izinə düşmək üçün heç bir ipucu vermirdi. Onda yenə baş sındırmağa başladım və nəhayət ki, sirri tapdım. Şifrdə Rəmziyə birbaşa işarə var idi.

Söhbətin bu yerində marağı ona güc gələn Layiqə mənə tərəf çevrilib iki əlini də aramızdakı qoltuğa söykədiyim qolumun üstünə qoydu. Ancaq heç nə deməyib söhbətin davamını gözlədi. Gözlərini mənə necə zillədiyini görüb onu çox intizarda qoymamaqçün davam etdim.

-Şeirdə üç yerdə «könül» sözü işlənir, birinci, ikinci və dördüncü sətirlərin sonunda. Əvvəlki günlər bütün diqqətimi rəqəmlərə yönəltdiyim üçün buna əhəmiyyət verməmişdim. Mətni təhlil etməyə başlayanda isə, nəhayət ki, bu məqam diqqətimi çəkdi. Hər şey də bundan sonra yerini aldı. Səttarın çoxdan dünyasını dəyişdiyi həyat yoldaşının adı Könül olub. Bu şeiri seçməklə, narahatçılıq və ümid barədə deyilənlər ilə yanaşı, o diqqəti həm də həyat yoldaşının məzarına yönəldib. Bunu başa düşəndan sonra, onun başdaşını kənara qoyub, həyat yoldaşının başdaşını təhlil etməyə başladım. İlk baxışdan qeyri-adi bir şey yox idi. Adi, hamı kimi, ad, soyad, ata adı, doğum və ölüm tarixləri həkk olunmuş köhnə bir başdaşı idi. Artıq sirrin burada olduğunu müəyyən etmişdim. Ancaq hələ də Səttarın nə demək istədiyini tapa bilmirdim. Yazıları dəfələrlə oxudum və birdən barmağımı dişlədim. Nəhayət, hər şey aydın idi.

Layiqə, hələ də buraxmadığı qolumu iki əli ilə möhkəm sıxdı.

-Yadındadırsa, sənə bütün dahiyanə şeylərin açıqlamasının ən sadə şeylərə söykəndiyini demişdim, Layiqə. Burada da hər şey çox sadə idi. Səttarın həyat yoldaşı Könülün atasının adı Rəmzi imiş. Bu ad, Arif müəllimin ilk gündən yoxlamaq üçün mənə verdiyi siyahıdakı səkkiz nəfərdən birinin adı idi. Neçə yuxusuz gecə baş sındırdığım şifrin açması gözümün qarşısında imiş. Ancaq mən bunu başa düşmək üçün beş gün vaxt sərf etdim.

-Elə deyil, şef. Başqası bunu heç əlli beş günə də tapa bilməzdi.

Layiqənin bu sözünə dodağım qaçdı.

 

 

 “Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.