
Super User
Türkiyənin məşhur komediya ustası Bakıda çıxış edəcək
Onun yumoru Azərbaycanda çox sevilir.
“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
18-Cİ DƏRC
Hazır olan ekspertlər dərhal belə bir arayiş ortaya çıxartdılar. Baş ekspertin tövsiyyəsi ilə bu arayışı vaxtı ilə həmin bu mövzuda doktorluq dissertasiyası yazmış alman ekspert oxudu:
-Tarixi mənbələrə istinadən söyləyək ki, Osmanlıda erməni məsələsinin, dolayısı ilə “Böyük Ermənistan” qurulması planının ilk izi 1699-cu ilə gedib çıxır, həmin il erməni məlikləri katolikos Minası erməni tarixində ermənilərin milli-azadlıq hərəkatının ən görkəmli nümayəndəsi hesab edilən İsrayil Oriyə qoşub Almaniyaya yola salırlar. İsrail Ori özgə torpaqlarını ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi, alman knyazı İohann Vilhelm ermənilərin hiyləsini və niyyətini başa düşüb onları saraydan qovdurur.
Bütün bu axtarışlara rəhbərlik edən İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olduqdan sonra son ümid yerini Rusiyaya bağlayır. Belədə, “Böyük Ermənistanı” yaratmaq Osmanlıdan xeyli zəif olan İran torpaqlarına – Cənubi Qafqaza transfer olunur.
1701-ci ilin yayında İsrail Ori arximandrit Minası da yanına alıb I Pyotrun görüşünə yollanır. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edirlər. I Pyotr Qafqazla, xüsusilə Azərbaycanla çoxdan maraqlanırdı. Məhz buna görə də ermənilərlə marağı üst-üstə düşürdü. Pyotr axır ki, işğalçılıq iştahını boğa bilmir, ermənilərə havadarlığı öz boynuna götürür və İsrail Orini polkovnik rütbəsi ilə təltif edərək Səfəvilər dövlətinə göndəriləcək nümayəndənin başçısı təyin edir. İsrail Ori 1703-cü ildə uydurduğu “Ermənistan”ın xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də Anadolunun bir hissəsindən bəhs olunur.
Mənbələrdən aydın olur ki, ermənilər birinci Pyotrdan sonrakı bütün rus çarları ilə əlaqə saxlayıblar. Ermənilərin əsl böyük qardaşı I Nikolay olmuşdur. O, 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən “qul” adını götürmüşdür. Belə ki, tarixi mənbələrə görə həmin vaxta kimi ermənilər yer üzərində rəsmən qul adlanan iki xalqdan biri olmuşdur.
-Mən etiraz edirəm. Bu şər və böhtandır!!!
Müttəhimlər sırasından bir nəfər durub səhnəyə atılmaq istəyəndə onu mühafizəçilər saxladılar. Digəri isə özünü soyuqqanlı apardığını büruzə verdiyini nümayiş etdirməklə sözünü keçirmək istədi:
-Zori, özünüzü ələ alın, əsəblərinizi cilovlayın, etirazın sivil yolu var. Mən cənab Baş Hakimə vəsadət qaldırıram ki, Çar Nikolayın erməni xalqı barədə söylədiyi xoş sözlər burada səsləndirilsin. Onun çar malikanəsindəki bir rəsmi ziyafətdə erməni xalqı barədə badə qaldırılması burda xatırlansın, onun dediyi tost burda təkrarlansın.
Baş Hakim dərhal vəsadəti rədd etdi, bunu onunla izah etdi ki, Divan Çar Nikolayın erməni xalqına simpatiyası olduğunu danmır, bunu etiraf da edib. Odur ki, sözügedən tərif nitqinin səsləndirilməsi prosesə heç bir fayda verən deyil, buna sadəcə vaxt itkisi demək olar.
Bundan sonra alman ekspert şıxışını davam etdirdi:
-1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan Rusiya ilə İran arasında rəsmən bölündü. Beləliklə, İrandan Cənubi Qafqaza, xüsusilə İrəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi axını başlandı. Erməni mənbələrində də bu, açıq-aydın göstərilir. Məsələn, erməni tarixçisi V.A.Parsamyan yazır: “1828-ci il mart ayının 20-də I Nikolay Türkmənçay müqaviləsini təsdiq etdi. Martın 21-də isə Naxçıvan və İrəvan xanlıqlarının yerində erməni vilayətinin yaradılması haqqında fərman imzaladı”.
1829-cu ildə bağlanmış Ədirnə müqaviləsindən sonra isə Türkiyədən də Cənubi Qafqaza xeyli miqdarda erməni gətirildi. Mənbələr qeyd edir ki, təkcə Ərzurumun arxiyepiskopu Karapet Cənubi Qafqaza minə yaxın erməni gətirmişdi.
1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürülmüşdü.
Ekspert çıxışının bu yerində yaşlı hakim Baş Hakimin icazəsi ilə mövzuya bir aydınlıq gətirmək istədiyini bildirdi, icazə alıb bunları söylədi:
- Divandakı proseslərdən mənimçün ən böyük maraq doğuranı məhz Osmanlıda erməni məsələsidir, çünki 19-cu əsrin sonlarında hazırkı Türkiyə ərazisini bürüyən qətliamlardan başlayan həmin məsələ bu gün də Azərbaycanıın Qarabağ bölgəsinin işğalı ilə gündəmdədir. Yəni, çox uzun, məşəqqətli bir prosesdir. Mən təklif edirəm ki, erməni məsələsinin kortəbii başlanğıclarından ümumi danışmayaq, buna bizə sutka əsla kifayət etməyəcək, gəlin dərhal təşkilatlanmalarından başlayaq, planlı, genişmiqyaslı işlərindən bəhs edək.
Baş Hakim kolleqasının fikrini dəstəkləyib ekspertlərdən bunun təmin olunmasını xahiş etdi, ekspertlər dərhal əvvəlki mətni saxlayıb yeni mətn axtarmağa başladılar. Bu vaxt Şaxrikyan da söhbətə qarışıb “Bilirəm, “Qnçak”dan danışacaqsınız, amma vicdanıma and olsun ki, mənim o partiya ilə heç bir əlaqəm olmayıb” sözlərini hakimlərin üzərinə tuşladı. Amma ekspert mətni artıq oxunmaqda idi. Ekspertlər arasında erməni millətçi təşkilatları üzrə ixtisaslaşmış fransalı ekspert aramla əlindəki kağızı oxumaqda idi:
-Əsası 1887-ci ildə Cenevrədə erməni tələbə Avetis Nazarbekyan tərəfindən qoyulan “Qnçak” (ermənicədən tərcümədə “Zəng”) partiyası türkçülük əleyhinə yönəlmiş “Böyük Ermənistan” uğrunda savaşın ilk irimiqyaslı təşkilatlanması oldu. Bu partiyanın proqramında Rusiya, İran və Türkiyədəki bütün erməniləri öz bayrağı altında birləşdirərək Osmanlı İmperiyasının “Qərbi Ermənistan” və “Şərqi Ermənistan” adlandırdıqları Samsun, Van, Ərzurum, Kilikiya və digər bölgələrində “Böyük Ermənistan” yaratmaq, eləcə də Rusiya İmperiyasına aid İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da buraya birləşdirmək nəzərdə tutulmuşdu.
Həmin partiyanın fəaliyyətinin üç ili ərzində az qanlar axıdılmadı. Belə ki, 1890-1892-ci illərdə Zeytun və Samsunda ermənilərin üsyanı təşkil edildi. Erməni silahlı dəstələrinin əli ilə 65 mindən artıq silahsız türk qocaları, qadınları, uşaqları məhv edildi. Bu erməni silahlı dəstələrinə çar ordusunun zabitləri başçılıq edirdi. Qərbin hakim dairələri tərəfindən qızışdırılan ermənilər Türkiyənin 1862, 1878 və 1884-cü illərdə Zeytun, 1880-ci ildə Samsun, 1884-cü ildə Van vilayətlərində milli qırğınlar törətdilər.
Baş Hakim çıxışçı ekspertə minnətdarlıq bildirib sonrakı illərə keçid almaq zərurətini dilə gətirdi və sözün növbəti ekspertə verilməsini xahiş etdi.
Şaxrikyan bu dəfə yerindən atıldı, “Xahiş edirəm yalnız faktlarla danışılsın. Özü də faktlar türk mənbələrinə yox, üçüncü tərəflərə aid olsun” söylədi, Baş Hakim üzünü Baş ekspertə tutdu:
-Xahiş edirəm məhz həmin cür də olsun.
Ekspertlər qısa məşvərətdən sonra milliyyətcə yunan olanına növbəti mətni oxumaq səlahiyyəti verdilər. Yunan ekspert kürsüyə çıxıb dərhal oxumağa başladı:
- Məşhur Amerika tarixçisi Jorj De Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki, "Erməni terror və quldur birləşmələri tərəfindən planlı surətdə məhv edilən Şərqi Anadolunun dinc müsəlman əhalisindən 1915-ci ilin fevral ayında olsa-olsa 1 milyon 600 min nəfər qalmışdı. İş o yerə çatmışdı ki, hətta bir çox rus zabitləri insan qanına susayan ermənilərin törətdikləri qırğınlardan, əldən düşmüş qocalara, qadınlara, südəmər körpələrə belə, rəhm etmədən, hamısını ucdantutma qırıb doğramalarından hiddətlənmiş, erməni cəlladlara qarşı güc tətbiq etməyə başlamışdılar. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər və qətl-qarətlərlə yanaşı, erməni təbliğat-təşviqatının açıq-aşkar ikiüzlülüyü Osmanlı dövlətinin səbr kasasını daşırdığından Türkiyənin Ali Baş Komandanının əmri ilə 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi bütün erməni komitələrinin - İstanbuldakı və Türkiyənin digər iri şəhərlərindəki terror təşkilatlarının dərhal bağlanması barədə sərəncam verdi. Elə həmin gün müxtəlif vəzifə kürsülərində əyləşib, özlərini türk xalqına dost libasında təqdim etsələr də, dövlətçilik əleyhinə gizli təxribati işlərlə məşğul olan 2345 nəfər cinayətkar erməni lideri həbs edildi. Paralel olaraq da, erməni təhlükəsini dəf etmək üçün Osmanlı höküməti Şərqi Anadolu ermənilərini Suriyaya köçürməyə başladı. Ermənilər məhz həmin həbs-qətimkan tədbirinin və köçürmənin başlandığı günü - 1915-ci il aprelin 24-nü "türklərin ermənilərə qarşı genosid günü" kimi qeyd etməyi planlaşdırdılar".
Şaxrikyan ekspertin susmasından dərhal istifadə edib yenidən yerindən qışqırdı:
-Mənim zavallı qohum-əqrabam da sürgün olundu. Bu əsl genosiddir. Amma bu mənbədə faktlar təhrif edilib. Başqa xarici mənbə də varmı?
Baş Hakim ekspertlərə nəzər yetirdi:
-Yəqin ki var, deyilmi?
Ekspertlərin rəhbəri başını tərpətdi, yunan ekspert yerini amerikalı ekspertə verdi. Amerikalı ekspert Brodvey soyuqqanlığı ilə aram-aram oxumağa başladı:
- Məşhur Amerika alimi C.S.Şou yazırdı ki, "1915-ci ildə rusların türklərə qarşı apardıqları cinayətkar müharibədə erməni generallarından Hamazaspın, Pastirmaçiyanın, Andronikin, Karakinin, Liantsın və Kerinin komandanlığı altında 24 minə yaxın erməni əsgəri, 11 kazak taboru, bir kazak alayı, minlərlə erməni könüllüsü iştirak edirdi. Onların ümumi sayı 50 min nəfərdən artıq idi. Onlar Türkiyənin müxtəlif bölgələrində etnik təmiz zonalar yaratmaq üçün yüz minlərlə dinc sakini qılıncdan keçirib qanına qəltan etmiş, ev-eşiklərini yandırıb külünü havaya sovurmuş, insan cəsədlərindən nəhəng tonqallar çatmışdılar. Bu cinayətkar aksiyalardan hiddətlənmiş türk hökuməti Van gölü ətrafında yaşayan və Osmanlı imperiyasına qarşı mübarizədə ruslara canfəşanlıq göstərən satqın erməniləri müharibə zonasından ölkənin uzaq guşələrinə köçürmüş və köçürmə zamanı ermənilərdən bir qrupu xəstəlikdən öz dünyasını dəyişmişdi. Sonralar erməni tarixçiləri bu köçürməyə "erməni soyqırımı" damğası vurmuş və türkləri tənqid hədəfinə çevirmək üçün bu faktdan böyük məharətlə istifadə etmişlər. Halbuki Amerika alimlərinin məlumatlarına görə həmin vaxt erməni quldur və terror dəstələri tərəfindən qətlə yetirilən müsəlmanların sayı ölən ermənilərin sayından qat-qat çox idi”.
Müttəhimlər sırasından erməni müttəhimlərin sözçülərindən biri bu fakta etiraz etdi, dərhal ona alternativ daha 7 mənbə göstərildi, o susanda isə amerikalı ekspert mətnin davamını oxudu:
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Şuşa Teatrında “Əlibaba və qırx quldur” nümayiş olunacaq
Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
“Bərk-bərk yapış, Allahın yaxasından...”
“REDAKSİYANIN POÇTUNDAN” RUBRİKASINDA XATİRƏ SƏFƏROVANIN ŞEİRLƏRİ
Xatirə Səfərova 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıdakı 316 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(“Günəşin nuru”, “Zəfər qoxusu”, “Zərif kölgələr”), saytlarda (oxumeni.az, ziyalılar.az) qəzetlərdə (“525-ci qəzet” və s.) və jurnallarda (“Azad qələm” və s.) çap olunmuşdur.
Yenidən doğulmaq
Qəlbimdəki dumanı dağıtdın ki Allahım
Yenidən düz yolumu aydın görümmü deyə
Yıxdın, yerlə bir yeksan etdin bütün dünyamı
Divar divar özümü yenə hörümmü deyə
Gəldi döndü başıma qaçıb getmiş idrakım
Üsyanlar qırdı mənim belimin qabırğasın
Dedilər ki, ay insan olma belə naşükür
Qayıt, yoluna qayıt, düşmə tanrıya ası
Allahın tək dərgahı dönəcəyin ocaqdır
Nə dilərsən dilə sən "cahanın ağası"ndan
Sən ki, əzəldən bəri saxtalığı sevmədin
Odur ki bərk-bərk yapış Allahın yaxasından
Qayıt....
Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm, haçan yenə dolaram
Unutdum əlifbada adından basqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını
Mən niyə Tanrı bildim, niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heç vaxt
Qüdrətinin, gücünün həddi yoxdu gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt
Baş qoyaram önündə ömrün son gününədək
Dodağından, dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, yalvarım
Sən insafa gələsən, qayıt ömrümə yenə
Ümidsiz sevgi
Bəzən sevdiyin dəniz
boğar səni suyunda
O sevişir zənn edər
qoynunda çırpınınca...
Kəsər bütün dalğalar
nəfəsini bir anda
Hiss etmərsən ölürsən
kipriyin qırpınınca
Tərk edər ruhun səni ,
ayaq açar yeriyər
Ən dərinə batırar
sevdiyini bu dəniz
Demə unudar səni,
demə heç xatırlamaz
Coşar fırtınalarda
qalar səndən boş bir iz
Dil açmayan dənizin
dibində ölümlər var
Bitmiş romanları var ,
yarımçıq hekayəsi
Hər gecə batmış ruhlar
dalğalarla güləşər
Batırar qulaqları
ümidsiz sevgi səsi.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
“O olmasın, bu olsun” tamaşası yenidən səhnədə
İllər ötür, nəsillər dəyişir, amma elə mədəniyyət artefaktları var ki, onlar yenə də başda dayanır. O cümlədən də, Azərbaycanın “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşaları kimi.
Akademik Musiqili Teatrının repertuarına bu mövsüm də dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası salınıb.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, sentyabrın 17-də təqdim olunacaq tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Martin Lüter əfsanəsi, yaxud, beynimizi qaydasınca işlədə bilirikmi?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Sizə olduqca maraqlı və ibrətamiz bir əhvalat danışmaq istəyirəm.
15-16-cı əsrlərdə Almaniyada katolik kilsəsinin papası 3cü İnnokendi indulgensiyalar sataraq insanlara "cənnət qəbzləri" təqdim edirdi. Belə ki, hər bir alman vətəndaşı bu qəbzi alaraq öz günahlarını bağışlada və cənnətə giriş icazəsi ala bilərdi. Bu zaman Lüteranlar hərəkatının idealist lideri Martin Lüter indulgensiyaların saxtakarlıq olduğunu və insanların aldadıldığını bəyan etdiyi üçün kilsə tərəfindən məhkəməyə verilir. Məhkəmə zamanı Lüter cənnət qəbzlərinin satıldığının mümkün olduğu halda cəhənnəm qəbzlərinin də satıla biləcəyəni təklif edir və onun fikri ilə razılaşan papalardan cənnət qəbzlərindən daha ucuz qiymətə cəhənnəm qəbzlərini alıb məhkəmədən çıxır. Çıxışda onu gözləyən insanlara müraciət edərək: “artıq indulgensiya almağınıza ehtiyyac yoxdur, bütün cəhənnəmi mən aldım və heç kimi ora buraxmayacağam" deyir.
Beləliklə o həm öz məntiqi ilə xalqın rəğbətini qazanır, həm də katoliklərə gözlənilməz taktika ilə zərbə yetirmiş olur.
İnsanın ən güclü silahı düzgün işlədə biləcəyi beynidir.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
“Ər və arvad” operettası yenidən səhnədə
Sentyabrın 16-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı, Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva və tamaşanın xormeysteri isə Vaqif Məstanovdur.
Tamaşanın yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Səhnə əsərinin quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Buket əvəzinə yumruq
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, burda gülməli bir şey də yoxdur. Tragikomedik bir yazıdır bu.
Niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız? Müasir dövrdə yaşayırıq və yaşayışımızın böyük hissəsini maddiyyat təşkil edir. Sevgi ilə qarın doymaz. Sevgi qəlbdə nifrəti əngəlləyə bilər, sənə insani keyfiyyətlər qazandıra bilər, mərhəmət hissi aşılaya bilər, amma əsla qarın doyuzdura bilməz.
İlk başda sevgi hisslərlə idarə edilsə də, lakin illər keçdikdən sonra isə artıq ağıl və məntiq ilə iş həyata keçirmək lazımdır, bu olmadığı halda mütləq ki, ailədə söz-söhbət dava-dalaş başlayır. Ta ki qadın zorakılığına qədər.
Sevgili dönəmində əgər oğlan qızla daha çox maraqlanıb, daha çox nazını çəkirdisə, artıq evlilik dönəmindən sonra nazını deyil, şilləni, yumruğu çəkməyə başlayır ...
Stolun üstündə, gül buketi əvəzinə, yumruq olur. Ətrafda olanlara, müdirə, küçədəki hər hansı bir yoldaşa əsəbləşib bir söz deyə bilməyən "ər" gəlib evdə əvəzini qadından çıxarır.
O ki qaldı ailədə qızların sevmədiyi birisi ilə ailə qurmasına...
Valideyn düşünür ki, qarşı tərəf imkanlı, müəyyən vəzifədə çalışan bir şəxsdir və bu şəxslə bağlanan, yaranan qohumluq bizə fayda verə bilər. Nikah diplomatiyası elə bil bu dövrə qədər sürünüb gəlib çıxıb.
Kasetlerdən, şəkillərdən, "padruqalardan", nömrələrdən, aradüzəltmələrdən, düzqoşlardan və bərbad mentalitetdən qaynaqlanma nəticəsində nə qədər bədbəxt ailə formalaşır və saya gəlmir az qala.
Və bu da gələcəkdə intihara, şiddətə, zorakılığa qədər gedib çıxması amilini tətikləyir...
Eyni zamanda həmin ailələrdə formalaşan uşaq təfəkkürü də elə həmin istiqamətdə də yetişərək inkişaf etməyə başlayır...
Həqiqətən də, niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız?
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
Ferhat Göçerin Bakı konsertinə sayılı günlər qaldı
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
POETİK QİRAƏTdə gənc şair Həsən Kürdür
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında gənc şair, Nigar Həsənzadənin “Söz” layihəsinin üzvü Həsən Kürün “Qırx gün yas saxladılar” şeirini təqdim edir.
Əlindən yapışdığım insanlar böyüdülər
qollarımdan vurdular.
Ayağımı çəkdilər,
ürəyimi qırdılar.
Adamlar ilan kimi zəhər sancdılar mənə.
Dedim : -Allaha gedim,
o çarə qılar mənə -
Allah öldürsün məni
nə olar, olar mənə...
Allah öldürdü məni
Ayağımı qazanlar, qəbrimə kimi qazdı.
Başıma daş salanlar baş daşımı ucaltdı,
üstünə söz də yazdı...
Bu "adamlar" gör necə
abırsız, həyasızdı...
Dizlərinə vurdular,
uşaq tək ağladılar,
Beş gün gün verməyənlər
Qırx gün yas saxladılar...
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)