
Super User
Qazaxda və Ağstafada tarixin izləri qorunmalıdır
Könül, “Ədəbiyyat və incəsənət”
Təbii ki, yurdumuzun hər qarışı gözəldir. Eləcə də Qərb bölgələrimiz.
Ədəbiyyat, təhsil ocağı olan Qazax-Ağstafa bölgəsi ədəbiyyatımıza onlarca məşhur yazar, alim bəxş edib. Bu qədim türk yurdu həm də tarixi mahiyyəti böyük olan mədəniyyət abidələri ilə də diqqət çəkir. Nə gizlədim, bu abidələrdən uzun illər ərzində baxımsız qalanı, uçub dağılanı da az olmayıb. Nə yaxşı ki, yeni mədəniyyət nazirimiz tarixi abidələrin qorunması sahəsində dərhal əməli tədbirlərə əl atıb. Nazirin mart ayında bölgəyə səfəri, ən əhəmiyyətli abidələrə baş çəkməsi, əlaqədar təşkilatlara müvafiq göstərişlər verməsi dediyimə sübutdur.
İndi isə atılan növbəti addım barədə bilgi vermək istəyirəm. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən regionlarda “Mədəni irsimizi tanıyaq, tanıdaq və qoruyaq” adlı silsilə görüşlər keçirilir. Məqsəd ölkəmizin zəngin tarixi irsinin qorunmasına ictimaiyyətin diqqətinin artırılması, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin bərpa və konservasiyasına özəl sahənin marağının artırılması və tarixi abidələrin qanunvericilik çərçivəsində istifadəsinin təşviq edilməsidir.
Növbəti belə görüş məhz Qazax-Ağstafa bölgəsində keçirilib. Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın başçılığı altında nümayəndə heyəti Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, İsrafil Ağanın evi, Əyyub ağa məscidi, Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Baba Dərviş yaşayış yeri, Didvan qülləsi, Qazax Müəllimlər Seminariyasının binası və İsrafil ağa hamamına baxış keçirib.
Səbinə Hacıyeva görüşlər zamanı ölkə ərazisində yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.
Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və bölgədə yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.
Abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədilə istifadəsi istiqamətində fikir mübadiləsi də aparılıb.
Hər bir xalqın öz tarixini sübut etməsi üçün maddi və qeyri-maddi mədəni irsi ən vacib faktordur. Nə xoş bizə ki, xalq olaraq zəngin mədəni xəzinəyə maliyik. Daha, bədxah qonşularımız kimi özümüzdən tarix və mədəniyyət uydurmuruq.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
“Nolar, de ki, çox yaxşıdı…” - OXUCULARIN YARADICILIĞI
“Ədəbiyyat və incəsənət” portalı Oxucuların yaradıcılığı layihəsində bu dəfə Günel İbrahimovanın yaradıcılığını diqqətə çəkir. Günel mərhum atasına həsr etdiyi “Yağışla söhbət” şeirini təqdim edir.
Mən şair deyiləm, dəyərli şairlərimiz üzürlü saysınlar
Salam, yağış, yenə mənəm,
Səndən dilək diləyən qız,
Gəldim, səndən xəbər biləm,
Yenəmi qaldım atasız?
Gəlmədimi qoxusuna,
Məni həsrətdə qoyanım?
Dedinmi, möhtacam ona,
Bildi, ömrümə qıyanım?
Dedinmi ki, kimsəsizəm,
O gedəndən tək qalmışam?!
Çatdırdınmı çarəsizəm,
Həsrətindən saralmışam?!
Susma, danış, söylə bir-bir,
Söylə nələr dediyini.
Dil-dodağım əsir tir-tir,
Gözləməyim gəlməyini?
Nə danışdı, nələr dedi,
De, nə vaxta oldu vədi?
İşləyirmi, qolu, əli,
Ayaqlanıb gəzirdimi?
Tapmışdımı əzizlərin,
De, anası yanındamı?
Paylaşırmı dərdin, sərin,
Varlığımız yadındamı?
Bildimi ki, necə zülmə,
Qoyub gedib yetimlərin?
Yuxumuza gəlmir niyə,
Günahımız nə bizlərin?
Qayıdıbmı bəs yaddaşı,
Xatırlayır indi rahat?
Mələklərdi yol yoldaşı,
Necə gedir orda həyat?
Of ay yağış, ehh ay yağış,
Bayaqdandır, hey susursan,
Bəsdir susdun, sən də danış,
Sakitcə qulaq asırsan...
Dillən, sən də danış görüm,
Suallar yorur beynimi.
Yollardan yığılsın gözüm,
Danış, rahatlat qəlbimi..
İndi mən susuram, buyur,
Sən başla şirin söhbətə.
Gözümün yaşı quruyur,
Günəş doğdur bu zülmətə.
De ki, atan yaxşı idi,
Sizə salam da yolladı.
Məni görüb çox sevindi,
İşləyirdi əl-ayağı.
De ki, özü dolaşırdı,
Cənnətin güllü yolların,
De ki, məni xatırladı,
Gətirmişəm salamların.
Nolar, de ki, çox yaxşıdı,
Möhtac deyil bir kimsəyə,
De ki, qayıdıb yaddaşı,
Gərək yoxdu dərd çəkməyə.
Niyə belə çox susursan,
İstəyirsən, havalanım?
Sakit sellənib yağırsan,
Danış, başına dolanım...
Susma, dillən, bir dilə gəl,
Səp suyundan, köz yarama.
Dar günümdə sən uzat əl,
Məlhəm elə söz yarama.
Qırma qalan ümidimi,
İnanmışam dostluğuna.
Səndən də üzüm əlimi?
Salma həsrət boşluğuna.
Bəlkə, səni bezdirirəm,
Çox sual, çox qəmim ilə,
Sinəmdə dərd gəzdirirəm,
Dedim, mənə çarə elə.
Yordum, sıxdımsa, bağışla,
Vallah onsuz havalıyam,
Ovunmaram sən yağışla,
Mən atasız yaralıyam.
Yaxşı, sən də sus beləcə,
Ovut bircə qoxusuyla,
Ürəyim qanlı gölməçə,
Taqət tapım yuxusuyla.
Bildim, acı bir gerçəkdir,
Gedibsə, yoxdur dönüşü.
Bizə bol səbr gərəkdir,
Çatınca o görüş günü.
Günel ağlar, sinəsində,
Ata boyda dağı vardır.
Qarı vardır zirvəsində,
Atam yenə xan çinardır.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
UNESCO İcra Şurasının 217-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
“Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir.
Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir.”
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb. Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.
“Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər ən vəhşicəsinə talan olunaraq yerlə-yeksan edilib.
İşğal zamanı Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan vurub. Azərbaycanın işğal altında olmuş ərazilərində 2000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb.
Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib”, - deyə bəyanatda vurğulanıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də sarsıdıcı təsir göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir azərbaycanlının mədəni hüquqlarına, xüsusən də hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib.
Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir.
“2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə saxlamışdı.
Bu ölkə, həmçinin Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına və təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və mülki infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb”,-deyə bəyanatda qeyd edilib.
Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə də Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura, eləcə də mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Heydər Əliyev Mərkəzində Mixail Qusmanın “Liderin ürəyi” filmi təqdim olunub
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, ekran əsəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Baş direktorunun birinci müavini Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüz illiyi ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayaraq deyib: “Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib”.
Mixail Qusman filmin niyə belə adlandırıldığı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı qələbə qazandığı başqa bir tarixin qeyd olunması çox simvolikdir”.
Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. “2020–ci il noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib.
Sonra “Liderin ürəyi” sənədli film nümayiş olunub.
Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Heydər Əliyev Azərbaycan tarixində əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub. “Liderin ürəyi” sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.
Filmin nümayişinin sonunda Mixail Qusman ekran əsərinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının əldə edilməsindəki dəstəyə görə AzTV-yə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AzərTAC) təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Xalq artisti Elçin Əzizov, Xalq artisti Polad Bülbüloğlunun müşayiəti ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rekviyem” mahnısını ifa edib. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ekran əsəri üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Polad Bülbüloğlu çıxış edərək bildirib: “Bu gün biz azad Qarabağı, azad Azərbaycanı görürük. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə qeyd edilir. Bu onu göstərir ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır”.
Qeyd edək ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, onun dəyərli fikirləri, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları yer alıb. Çəkilişlər Moskvada, Bakıda və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.
Ekran əsəri Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Qazaxıstanda Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin kitablarının təqdimatı olub
Yazıçılarımızın əsərlərinin sərhədlər aşması nə xoşdur. Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin “Jazuşı” nəşriyyatında dərc edilmiş kitablarının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı Natiq Rəsulzadəyə istinadən xəbər verir ki, görüşü nəşriyyatın baş direktoru Erlan Satıbaldiyev açıb. O bildirib ki, Natiq Rəsulzadə Qazaxıstanda çox sevilir və dəyərləndirilir. Və Erlan Satıbaldayev yeni kitablar barədə ətraflı məlumat verib.
Natiq Rəsulzadə çıxışında Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqının ədalətli mübarizəsi, bütün dünyanı heyran edən 44 günlük müharibə və Qarabağda son antiterror tədbirləri barədə ətraflı məlumat verib, oxucuların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Natiq Rəsulzadənin "Jazuşı" nəşriyyatı tərəfindən nəşr olunan kitabları rus dilindədir. Tezliklə bu kitabların qazax dilində nəşrə hazırlanması da nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Bakıda “Türk dünyası simvolu – xalça” adlı beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində "II Türk Dünyası Muzeylər Görüşü" tədbiri çərçivəsində "Türk dünyası simvolu - xalça" adlı beynəlxalq konfrans işə başlayıb.
AzərTAC xəbər verir ki, konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin Türk dünyasının mədəni irsinin qorunması baxımından çox önəm daşıdığını bildirib. Qeyd edib ki, konfrans çərçivəsində keçiriləcək "Ümumdünya mədəni irsi -xalça", "Xalçanın dili - damğalar" adlı sessiyalar çox böyük maraq doğurur.
TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Bildirib ki, Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək.
İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜTKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Gənclər Kitabxanasında Turan Cavidin 100 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
Bu il görkəmli muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olmuş Turan Cavidin anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Turan Cavidin həyat və yaradıcılığına həsr edilən “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterial və “Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan aldığımız məlumata görə, hazırlanmış “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterialda Turan Cavidin mürəkkəb, ziddiyyətli dövrlərə təsadüf edən ömür yolu, bədii fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Həmçinin materialda Turan xanımın atası, görkəmli dramaturq Hüseyn Cavidlə bağlı uşaqlıq xatirələri, görkəmli şairin irsinin toplanmasında, qorunmasında, təbliğində, nəşrində və gələcək nəsillərə çatdırılmasında, şairin Bakıdakı ev-muzeyinin yaradılmasında və fəaliyyətində olan müstəsna əməyi haqqında faktlar yer alır.
Materiallarda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət - ehtiramından bəhs olunur, Turan xanımın Ulu Öndərlə olan foto və videogörüntüləri təqdim edilir.
“Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmalda Turan xanımın redaktə etdiyi, onun həyat və bədii fəaliyyəti haqqında qələmə alınan “Cavid, Mişkinaz. Hüseyn Cavid haqqında xatirələr”, “Cavid, Hüseyn. Əsərləri”, “Turan Cavid: ömür salnaməsi”, “İnsan ömrü bir dalğa kimi...”, “Vaxtdan uca” kimi kitabların biblioqrafik təsviri və annotasiyası təqdim edilir.
Materiallarda Cavid əfəndinin ömür-gün yoluna işıq saçan, böyük şairin faciəli taleyindən, zəngin bədii irsindən bəhs edən “Cavidnamə” əsərinin müəllifi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın Turan Cavidlə bağlı xatirələri də yer alıb.
Hazırlanmış material kitabxananın rəsmi saytında https://ryl.az/ və sosial şəbəkələrində yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Astanada təqdim olunub
Qazaxıstan Respublikasının Prezident Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Abay Azərbaycanda və dünyada” kitabının təqdimatı keçirilib.
Fonddan verilən məlumata görə, Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova Qazaxıstanın və bütün Türk dünyasının mütəfəkkiri Abay Kunanbayevin zəngin irsindən danışıb. B.Kaipova Abay yaradıcılığının Azərbaycanda və ümumiyyətlə, bütün dünyada tanıdılması sahəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva böyük şair, nasir, tərcüməçi, bəstəkar Abay Kunanbayevin təşkilat tərəfindən Azərbaycan dilində çap olunmuş yeni kitabının onun Vətənində - Qazaxıstanda təqdim olunmasının əhəmiyyətindən bəhs edib.
Günay Əfəndiyeva Abayın xatirəsinin Azərbaycanda hər zaman yad edildiyindən söz açaraq, Ulu Öndər Heydər Əliyevin sözlərini xatırladıb: “Abay və onun yaradıcılığı qazax xalqının qüruru və xoşbəxtliyidir. O, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”.
G.Əfəndiyeva 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakının küçələrindən birinə Abay Kunanbayev adının verilməsi, Bakı Dövlət Universitetində Abay Kunanbayev adına mərkəzin fəaliyyətə başlaması barədə məlumat verib. O, Abayın 175 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada poçt markalarının çap edilərək dövriyyəyə buraxılması və təşkilatın mərkəzi qərargahında “Abay Günü”nün qeyd edilməsindən danışıb. O, Abay yaradıcılığına daim diqqəti xüsusi vurğulayaraq, “Abay Azərbaycanda və dünyada” kitabında şairin Azərbaycan dilində və orijinalda şeirlərinin, görkəmli şəxsiyyət haqqında Azərbaycan yazıçılarının və ədəbiyyatşünasların məqalələrinin, Muxtar Auezovun “Abay” əsərindən Azərbaycan dilinə tərcümə olunmuş parçaların, məşhur “Əqliyyə” əsərinin, eləcə də musiqi nəğmələrinin yer aldığını qeyd edib.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikası Parlamentinin Senatının deputatı Ruslan Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, “Egemen Qazaxıstan” qəzetinin baş direktoru Dixan Kamzabekulı, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasını başçısı Qaziza Nurgaliyeva və Abay Tədqiqat Institutunun Humanitar Elmlər üzrə Araşdırma Departamentinin başçısı Altınay Askarova çıxış edərək, Abayın zəngin yaradıcılığı haqqında danışıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Abay mirasının geniş tanıdılması istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
EMİN dekabrda Bakıda konsert verəcək
Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır. Özü də dekabr ayında. Ayın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.
EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.
Qarşıdakı konsert də istisna olmayacaq. Musiqi qrupu ilə məşqlər sürətlə davam edir, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək - EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, "Sinyaya veçnost" kompozisiyasını ifa etmədən tamamlanmır.
Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.
Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Nizami Kino Mərkəzində “Məryəm” filminin premyerası olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində oktyabrın 10-da Nizami Kino Mərkəzində “Məryəm” tammetrajlı bədii filminin premyerası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalıdır.
Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxış edərək bildirib ki, “Məryəm” filmi gənc nəsil üçün çox vacib və nümunəvi bir ekran əsəridir. Bu film sevgi, vəfa tarixçəsidir.
“Korkut Ata” film festivalından söz açan O.Fikrətoğlu vurğulayıb ki, festival TÜRKSOY tərəfindən təşkil olunub. Həmçinin bununla bağlı Şuşada və Bakıda tədbirlər keçirilir.
Ekran əsərinin süjet xətti Məryəm adlı qızın dünyasını dəyişmiş atasını görmək üçün uzun illər sonra Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.
Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, ideya müəllifi Fərhad Rastqar, prodüserləri Fariz Əhmədov, Suat Köçər, Elçin Musaoğlu, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərlidir.
Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ayşad Məmmədov, Qəmər Məmmədova, aktyorlar Təhminə Rafaella, Zaur Şəfiyev, Ərtoğrul Kamalov və başqaları çəkiliblər.
Qeyd edək ki, Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı film nümayişləri, müxtəlif tədbir və təqdimatlarla davam edir.
(AzərTAC-ın materiallarından istifadə olunmuşdur)
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)