Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Musiqimizin qızıl fondunda həkk olunan adlar içərisində onun adı ön sıralardadır. Xalq artisti Tükəzban İsmayılova! Onun ifa etdiyi muğamlar və xalq mahnıları milyonların qəlbinə həkk olunub. 

Tükəzban İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.

Ötən gün milli musiqimizin inkişafında özünəməxsus yer tutan Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasının 100 illiyi qeyd olundu. 

Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.

1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib.

Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. T.İsmayılovanın özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.

Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. ikinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.

Tükəzban İsmayılova, həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.

T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.

Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.

İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.

Xalq artistinin birinci evlilikdən olan oğlu Akif İslamzadə, ikinci evlilikdən olan qızı İlhamə Qasımova da öz adlarını məşhur müğənnilər olublar. 

Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Həvəskar şair Çoşğun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. İlk şeir əfsanəvi qəhrəman Polad Həşimova ithaf olunub. 

 

POLAD İSRAYIL OĞLU HƏŞİMOV

(02.01.1975.-14.07.2020.)

 

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan  Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi,  general-mayor,  Azərbaycanın ərazi bütövlüyü uğrunda  Tovuz döyüşlərinin şəhidi

 

ULDUZLARA UÇDUN SƏN

 

Qələmin gücü yetməz  vəsf etsin hünərini,

Dünya boyda işıqdın, boğdun dünya şərini,

Belə tez gözləmirdik cənnətə səfərini,

Getdin, gedişin ilə ürəklərə köçdün sən,

Azadlıq mələyitək ulduzlara uçdun sən.

 

Tanrı  bəxş eyləmişdi  sənə tərtəmiz ürək,

Yaşayıb çalışırdın  ana yurdu sevərək,

Ən şərəfli peşəni məhəbbətlə seçərək,

Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

Sən  xalqın ürəyində nur kimisən- sönməyən,

Azadlığın yolçusu, öz yolundan dönməyən,

Elə  zirvədəsən ki, heç bir zaman enməyən,

Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

Polad kimi komandir, general unudulmaz,

Elə yaralar  var ki, heç zaman, ovudulmaz

Zaman keçər, dəyərin  itirməz yaqut, almaz,

Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

Təbəssümün nur saçır  günəş kimi  üzündə,

Sabaha bir inam var  baxışında, gözündə,

Hələ yola çıxacaq çox oğullar izinlə,

Zəfər yoluna çıxan təzə bir yol açdın sən,

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

Hünərindən söz açır, bax, Ali Baş Komandan,

Peşəkar zabit idin, həm də xeyirxah insan,

Bu torpağı, Vətəni əziz bilirdin candan,

Şəhidlik şərbətini birnəfəsə içdin sən,

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

 

Günün fotosu: İlham Əliyevin zərbəsi

 

Dünən tarixi anlar yaşandı Azərbaycan üçün. Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsində “Qarabağ” - MOİK matçı keçirildi və oyun ərəfəsi topa ilk zərbəni Azərbaycan Prezidenti İlham Əliyev vurdu. 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

BU GÜN AYB-DƏ TƏDBİR KEÇİRİLƏCƏK

 

Bu gün saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev-100.  Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur:

Alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadiq Qarayev məlumat verib. 

 

Tədbirin moderatoru AYB-in Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu olacaq. 

Xatırıadaq ki, Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktorudur, “Sahibsiz kölgələr”, Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrların sintezində romanlar ərsəyə gətirib. 

Bu günlərdə onun 44 günlük Vətən müharibəsindən bəhs edən  “N saylı qəhrəmanlıq” romanı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Rəsm qalereyası: Sirus Mirzəzadə, “Qadın portreti”

2024-cü il 22 yanvar tarixində Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Sirus Mirzəzadənin 80 yaşı tamam olur. Rəssam yubiley ili münasibətilə doğum günü ərəfəsində - 22 dekabr tarixində yaradıcılıq emalatxanasının açılışını edərək görüş təşkil edir. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı məlumat verib.

Emalatxanada sənətsevərlərlə gələn il keçiriləcək yubiley sərgisinin müzakirələri olacaq, rəssam sərgisi haqqında fikirləri bölüşəcək. Bununla bərabər rəssamın keçiriləcək sərgisində nümayiş erdirəcəyi sənət əsərlərinin eskizləri də təqdim olunacaq. Açılışda rəssamın dostları, jurnalistlər, media nümayəndələri dəvətlidir  və bütün sənətsevərlər də iştirak edə bilərlər. Ünvan Mirmahmud Kazımovski küçəsi. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Cümə, 22 Dekabr 2023 11:30

Planetin ən xeyirxah adamı

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 Mənə «İkinci bir idealın varmı» sualını versələr, təbii ki, düşünmədən bir ad çəkərəm: Uorren Edvard Baffet. Birinci idealım – Heydər Əliyev dünya şöhrətli siyasətçidir, ikinci idealım - Uorren Edvard Baffet isə dünya şöhrətli investordur.

Uorren Baffet hazırda dünyanın ən nüfuzlu və məşhur investorlarından, eləcə də ən varlı şəxslərindən biridir. O «Forbes» jurnalının siyahısına görə 46 milyard dollarlıq sərvəti ilə planetin 3-cü ən varlı adamıdır. 1930-cu ildə amerikalı sahibkar Hovard Beffetin ailəsində dünyaya göz açan, anası yəhudi əsilli Leyla Ştal olan Uorrenin olduqca maraqlı həyat hekayəsi var. O,  artıq 11 yaşında özünü birjada sınayıb, atasından Cities Service Preferred kompaniyasının aksiyalarını almağı xahiş edib. Atası da hər biri 38 dollardan ona 3 aksiya alıb. Baffet aksiyalar azacıq ucuzlaşanda bərk məyus olub, yenidən bahalaşıb 40 dolara yaxınlaşanda isə dərhal onları sataraq 5 dollar qazanıb. Amma bir müddət sonra kompaniyanın aksiyaları 200 dollardan da baha olanda böyük peşmançılıq hissi keçirib. Və məhz həmin anda Baffet qərar qəbul edib ki, daha heç vaxt «atları qovmayacaq», yəni tələsməyəcək.

İlk böyük kapitalı – 10 min dolları o uğurlu bir ideyası sayəsində qazanıb: bərbərxanalarda əyləncəli pinbol oyun avtomatları yerləşdirib. 35 yaşında isə onun hazırkı investisiya kompaniyasının əsasını təşkil edən «Berkshire Hathaway» toxuculuq kompaniyasının səhmlərinin nəzarət paketinə sahib olub.

Bu kitab boyunca mən insanın uğur karyerasında kumirlərlə yanaşı müəllimlərin, valideynlərin də böyük rolundan danışmaqdayam. Elə Baffetin də uğur karyerasında əsas rolu atası ilə yanaşı, tədris aldığı Kolumbiya Universitetindəki müəllimi Bencamin Qrem oynayıb. Baffet özü deyir:

- Mənim həyatımda atamdan sonra ən böyük təsiri olan şəxs Benjamin Qrem olub. Məhz o, məndə fundamental analizin köməyi ilə ağıllı investisiya qoyuluşunun əsaslarını formalaşdırıb.

Baffetin həyatı və karyerasında məni cəlb edən bəzi epizodları oxucularımla böluşmək istəyirəm:

- O, dəbdəbə və təmtəraqdan tam uzaq olan birisidir. Planetin ən varlı adamlarından biri olsa da hələ də ABŞ-ın Nebraska ştatının kiçik Omaxa şəhərində, doğulduğu ikimərtəbəli köhnə bir binada yaşayır. Naharını sadə insanların arasında, fəst-fud yeməkxanalarında edir.

- O, planetin ən xeyirxah adamıdır həm də. 2010-cu ilin iyununda Baffet öz  varidatının təqribən yarısını – 37 milyard dollarını xeyriyyə fondlarına verərək tarixə düşüb.

- Omaxalı «sehirkar» adlanan bu şəxsin digər insanlardan hər bir cəhəti kimi uzunömürlülük sirri (hazırda 88 yaşı var) də tam fərqlidir, burada daim eşitdiyimiz «sağlam həyat tərzi» atributlarından heç birini görə bilməzsiniz. Təsəvvürünüzə gətirin ki, o, gün ərzində 5 banka Coca-cola içir və əminliklə deyir ki, Coca-cola ona gümrah olmağa, özünü yaxşı hiss etməyə kömək edir.

- O, misilsiz gücə və iradəyə malikdir. 2012-ci ildə Baffetdə ikinci dərəcəli prostat vəzi xərçəngi aşkarlanmışdı. Bu, aprel ayında baş vermişdi. Xərçəngi çarəsiz xəstəlik sayırıq. Xüsusən orqanizminin bərpası qeyri-mümkün hesab edilən yaşlı insanlar üçün (həmin vaxt Baffetin 82 (!!!) yaşı var idi) xərçəng xəstəliyindən qurtulmaq ağlasığmazdır. Amma həmin ilin 15 sentyabrında Baffet elan etdi ki, 100 günlük radioterapiya kursunu tam olaraq keçib və artıq tamamilə sağlamdır.

Mən uğur düsturunu açıqladığım kitabımda öz kumirimin məsləhətlərinə də yer ayırmağa borcluyam. Odur ki, növbəti hissədə planetin ən varlı insanının məsləhətlərini mütləq təqdim edəcəyəm.

Sonda onu deyim  ki, mənimçün uğur qazanmağın ən qızıl qaydaları sırasında «fərqlənmək üçün fərqlilərdən nümunə götür» postulatı əvəzsiz yer tutur.

Əziz oxucularım, həyatda uğur qazanmış bütün məşhurların, tanınmışların həyatlarını öyrənin, onlardan bəhrələnin. Mütləq bunun xeyrini görəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

 

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib müğənni Könül Xasıyevadır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.

 

- Könül xanım, siz Şəkidә doğulmusunuz. Şəki Azərbaycan mədəniyyətinə Mirzə Fətәli Axundov, Sabit Rәһman, Bәxtiyar Vaһabzadә, Yaşar Qarayev kimi görkәmli elm və ədəbiyyat xadimlәri versә də, hər һalda bunların içәrisindә müğənni yoxdur. Sizi bu sәnətə gәtirәn yol necә olub?

 

-Şəkidən Şəfiqə Axundova kimi böyük bəstəkar çıxıb. Məncə, səs Allaһ vergisidir. Mən 1981-ci ildən professional səһnədəyəm və səһnəyə müsabiqədən keçib gəlmişəm. Əgər o vaxt belə bir müsabiqə keçirilməsəydi, yəqin ki, mənim müğənni olub-olmayacağım Allaһın ümidinə qalacaqdı.

 

-Müsabiqә necə keçirilmişdi?

 

-O vaxt çox məşһur olan gənc Xeyransa Məmmədova "Vətən" ansamblının müşayiəti ilə dövlət konsertində iştirak etmişdi. Tamaşaçılar arasında Heydər Әliyev cənabları da vardı. Xeyransanın ifasından çox məmnun qalan Heydər Әliyev məsləһәt görmüşdü ki, rayonlardakı gənc istedadları üzə çıxarmaq üçün maһnı müsabiqələri keçirilsin. O vaxt mən orta məktəbin 6-cı sinfində oxusam da, rayon miqyasında keçirilən tədbirlərdə iştirak etdiyimdən bütün rayon məni tanıyırdı. Odur ki, Şəki rayon partiya komitəsinin birinci katibi Nurəddin Mustafayevin göstərişi ilə musabiqəyə qatıldım. Atam əvvəlcə razı olmadı. Sonra Nurəddin müəllim ona izaһ etdi ki, bu, şəxsən Heydər Әliyevin təşəbbüsüdür, razı oldu.

 

-Ailәdә neçә uşaq olmusunuz?

 

-Altı uşaq - dord bacı, iki qardaş. Məndən başqa incəsənətlə məşğul olanı yoxdur.

 

-Qayıdaq müsabiqә məsəlәsinә.

 

-Müsabiqədə mənim oxuduğum "Elə bəndəm” maһnısı münsiflər һeyətinin diqqətini cəlb etdi. Məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsinə Şövkət Әləkbərovanın sinfinə daxil etdilər. Orta məktəbin 11-ci sinfini bitirəndən sonra o vaxt Respublika Həmkarlar İttifaqının sədri olan Lidiya xanım Rəsulovanın köməyi ilə Üzeyir Hacıbəyov adına konservatoriyanın vokal şöbəsinin muğam bölməsinə daxil oldum. Burada da beş il görkəmli sənətkarımız Arif Babayevdən dərs aldım.

 

-Arif Babayev müsaһibәlәrindәn birinda sizi sintezatora keçmәkdә vә ayaq üstdə oxumaqda qınayırdı.

 

-Arif müəllimin bir ustad kimi mənə irad tutmağa tamamilə һaqqı var. Ancaq, qoy, qeyri-təvazökorlıq kimi çıxmasın, mənim yaradıcılığım çoxşaxəlidir. Şövkət xanım özü dəfələrlə deyirdi ki, səndə һəm xalq maһnıları, һəm muğamlar, һəm də lirik maһnılar çox gözəl alınır. Mənim yaradıcılığımın ela tərəfləri var ki, bu barədə һeç kəs һeç nə bilmir. Məsələn, mən özüm şeir yazıram. Yaxın vaxtlarda şeirlərdən ibarət kitabımı çap etdirmək fikrindəyəm. "Təki sən xoşboxt ol" və “Qayıt, nə olar” maһnılarımın da sözləri özümündür. Musiqisi isə yaxın rəfiqəm Aybəniz Haşımovaya məxsusdur. Həm musiqisi, һəm də sözləri özümə məxsus olan "Demə vəfasız” adlı bir maһnım da var. Maһnını oranjiman üçün Ramiz Mirişlinin oğlu Yusif Mirişliyə vermişəm.

 

-Çoxlu müğənnilәr içәrisindәn məhz Aybәniz xanımla dostluğunuz nәdәn irәli gәlir?

 

-Biz onunla eyni nəslin nümayəndələriyik, eyni vaxtda səhnəyə gəlmişik.

 

-Pərəstiş etdiyiniz sənәtkar varmı?

 

- Şövkət Әləkbərova. O, təkcə gözəl müğənni deyil, һəm də əvəzsiz insan idi. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə oxumağa gələndə altıncı sinfi qurtarmış, bir dəfə də olsun Şəkidən qırağa çıxmamış bir qızcığaz idim. Birdən-birə evimizdən ayrılmaq mənim üçün çox çətin idi. Bu çətin günlərimdə Şövkət xanım mənə, sözün һəqiqi mənasında, mənəvi ana oldu. Mən qəribsəyəndə tez-tez onlara gedərdim. Şövkət xanım saatlarla mənə musiqinin sirlərindən danışmaqdan yorulmazdı.

 

-Siz toylara çox dәvət olunan müğənnilәrdәnsiniz. Bu zaman xoşagәlmәz һadisəlәrlә üzlәşirsinizmi?

 

-Olduğum toylarda elə bir xoşagəlməz һadisə ilə üzləşməyim yadıma gəlmir. Mən öz camaatımızdan çox razıyam. İnanın ki, bunlar mənim səmimi sözlərimdir.

 

-Könül xanım, siz özünüz dә milyonçu ailәsindәn çıxmadığınızdan kasıb təbəqənin problemlәrini çox gözəl başa düşərsiniz. İmkanı olmayanların toyunda pulsuz oxumusunuzmu?

 

 

-Olub belə һallar. Danışıb getmişik, toydan sonra görmşəm ki, ev saһibinin imkanı yoxdur. Amma əhd edib ki, oğlunun, ya qızının toyunda mən oxuyum. Mən o pulu götürməmişəm. Mənimlə birlikdə gedən uşaqlar da mənim kimi ediblər.

 

-Toylarda bir dә görürsən ki,  müğənniyə bayağı bir maһnı oxumağı tәklif edirlәr. Onda nә edirsiniz?

 

- Mənimlə birlikdə bir nəfər oğlan müğənnisi də dəvət edirlər. Belə maһnıları, adətən, oğlanlar oxuyurlar.

 

-Hansı kişi müğənniləri ilə toylara gedirsiniz?

 

-Çox vaxt kişi müğənniləri rayonların özündən olur.

 

-Bir gün, Allaһ elәmәmiş kimi, səһәr tezdәn durub görsəniz ki, sәsiniz batıb, nә edәrsiniz?

 

-        (gülür) Oy... Nə çətin sual oldu. Mənə çox suallar vermişdilər, amma belə sualla rastlaşmamışdım. Heç özüm də təsəvvür etmirəm ki, nə edərəm, ürəyim partlayar.

 

- Son vaxtlar televizorda niyə az-az görünürsünüz?

 

-Bir az problemlərim çoxdur. Ailə qayğıları var: kiçik qardaşım Meһmanın ayın axırında toyudur; onunla təxminən eyni vaxtda bacımın toyu olacaq; gələn ayın ortalarında isə özümün toyum olmalıdır. Məni istəyənləri Allah qoysa intizarda qoymayacağam.

 

-Nişanlınız kimdir?

 

-Nişanlım Asiman BDU-nun jurnalistika fakültəsinin tələbəsidir. Mən özüm uşaqlıqda jurnalist olmağı arzu edirdim. Sonra taleyin işindən müğənni olmasam da, bu arzumu nişanlımda tapdım.

 

-Asiman bәylә necә tanış olmusunuz?

 

-Asiman 249 nömrəli orta məktəbdə işləyir. Mən Səməd Vurğunun yubileyi münasibətilə onların məktəbində təşkil olunmuş konsertdə çıxış edəndə onunla tanış olduq. Bir ildən sonra nişanlandıq.

 

-İncәsәnәt adamları һaqqında, adәtәn, çoxlu şaiyələr gәzir. Sizin һaqqınızda da һeç belə dedi-qodular olubmu?

 

-Bu suala ən yaxşı cavabı məşһur türk müğənnisi Sibel Can belə verdi: “Әgər bir müğənninin һaqqında şaiyələr gəzirsə, demək, o һələ unudulmayıb”. Məni bir neçə dəfə öldürüb dirildiblər, ərə veriblər. Guya һətta iki övladım da var. Görünür, adımız eyni olduğundan məni çox vaxt Könül Kərimova ilə səһv salırlar. Onun iki övladı var, axı.

 

-Jurnalist deyil, müğәnni olmağınıza peşiman deyilsiniz ki?

 

-Yox, peşiman deyiləm. Bir də özüm jurnalist olmasam da, nişanlım jurnalistdir.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa bir alәmә gedirsiniz. Bir daһa geri dönmәyәcәksiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Mən bir ovuc Şəki torpağı götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(22.12.2023)

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsinin zamanıdır.

 

 

ƏDƏBİYYATŞÜNASLIQ VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ

 

XIX əsrdə ədəbiyyatşünaslıq elminin diqqət yönəltdiyi istiqamətlərdən biri də təbiətşünaslıq elmi ilə ədəbiyyat arasında müqayisələr aparmaq, oxşar qanunauyğunluqlar görməyə cəhd etmək, ən başlıcası isə təbiətşünaslıq elminin əldə elədiyi nəticələri ədəbiyyata da tətbiq etmək idi. Məsələn, mədəni-tarixi məktəbin yaradıcısı İppolit Ten belə hesab edirdi ki, yazıçıya təkcə cəmiyyət və reallığın təcrübi tərəfləri deyil, həm də bəzi ilkin bioloji amillər təsir göstərir. O, irq, mühit və məqam anlayışlarını sənətin orijinallığını şərtləndirən üç başlıca amil kimi müəyyənləşdirmişdi.

Naturalizm cərəyanı axtarışlarının yolu da təbiətşünaslıq elmi ilə ədəbiyyat arasında paralellər qurmaq cəhdi ilə kəsişirdi.

Ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmayan mühüm hadisələrdən biri isə  Çarlz Darvinin təkamül nəzəriyyəsi idi. İ.Tendən sonra təbiət elmlərinin metodlarını ədəbiyyat tarixinə tətbiq etməyə çalışan alimlər arasında fransız nəzəriyyəçisi Ferdinand Bryunetyerin (1849-1906) adı öndə gəlir. Onun 1890-cı ildə nəşr etdirdiyi “Ədəbiyyat tarixində janrların təkamülü” adlı dördcildlik əsəri öz zamanında böyük maraq doğurmuşdu və ədəbiyyatşünaslıq elminin sonrakı dövrlərinin üstündən də təsirsiz ötüşmədi.

Əsərin birinci cildi Fransada ədəbi tənqidin təkamülünə həsr olunmuşdur. Müəllif belə hesab edirdi ki, ədəbiyyat tarixinin təkamülünə keçməzdən əvvəl tənqidin tədrici inkişaf tarixini nəzərdən keçirməyə ehtiyac  var. F.Bryunetyerin qənaətincə, yaranışının başlanğıcında sadəcə ədəbi faktlara rəy bildirmək məqsədi daşıyan tənqidin müasir mükəmməl səviyyəyə çatmasını izləmək təkamül prosesini aydınlaşdıra bilər. O yazırdı ki, fiziologiyada olduğu kimi, bu və ya digər az məlum olan, lakin mürəkkəbliyi ilə seçilən funksiyanın sadələşdirilməsi də sxematik təsəvvürün əldə edilməsinə şərait yaradır və həmin funksiyanın öyrənilməsini asanlaşdırır.

Sonrakı axtarışlarında ədəbi prosesi bir əsərin digər əsərə təsiri kimi izah edən F.Bryunetyer ədəbi cərəyanların bir-birini əvəz etməsini, zaman dəyişdikcə estetik zövqün də dəyişməsinin əsas səbəbini yaradıcı insanın bədii tələbatlarından irəli gəldiyini düşünürdü. XVII əsr fransız klassisizminə yüksək qiymət verən idealist alim naturalizmi bədii düşüncənin tənəzzülü adlandırırdı.

Ədəbiyyatda təkamül məsələsi sonrakı dövrlərdə də ədəbiyyatşünaslığın gündəliyində qaldı. Rus formalist ədəbiyyatşünaslığının nümayəndəsi Yuri Tınyanovun ədəbi təkamül konsepsiyası isə F.Bryunetyerin görüşlərindən tamamlilə fərqlənir. Y.Tınyanov ədəbi prosesə "mərkəzə" və "əyalətlərə" malik bir məkan kimi baxmağı təklif edirdi: həmin məkan çərçivəsində bədii əsərlər bir-biri ilə ədəbi prosesin mərkəzində yer tutmaq üçün rəqabət aparırlar. “Mərkəzdəki” yer isə hamı üçün yetərli olmadığına görə orada qalmağa qadir olmayanlar oranı tərk etməli, “mərkəzdən” kənara, əyalətə çəkilməli olurlar.  Təkamül və ya ədəbi prosesin inkişafını isə “mərkəz” müəyyənləşdirir.

Y.Tınyanovun diqqətindən bir gerçəklik də yayınmırdı ki, ən yaxşı ədəbiyyat nümunələri heç də həmişə ədəbi prosesin mərkəzinə düşmür.  Yaranan kimi diqqət mərkəzinə düşən, klassikləşən əsərlər olduğu kimi, diqqətdən kənarda qalan, qiymətini vaxtında almayan layiqli əsərlər də olur. Bəzi əsərlər isə bir müddət şöhrətin zirvəsində olandan sonra “əyalətə” çəkilib unudulur...

Antidarvinist nəzəriyyənin nümayəndəsi sayılan Y.Tınyanov ədəbiyyatın təkamülünü bədii sistemlərin dəyişməsi ilə izah edirdi.

F.Bryunetyerin “Ədəbiyyat tarixində janrların təkamülü” əsərindən seçdiyimiz fraqmentlərin Ç.Darvinin təkamül nəzəriyyəsinin ədəbiyyatşünaslığa təsiri barədə müəyyən təsəvvür yaratmağa kömək edə biləcəyini düşünürük. 

 

Simvolizm ədəbi cərəyanı

 

Azərbaycan ədəbiyyatı tarixində fərqli istiqamət yaratmış Əbdürrəhim bəy Haqverdiyev simvolizm cərəyanı ilə 1890-cı illərin ortalarında, Peterburqda ali təhsil alarkən tanış olduğunu yazmışdı: “Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci sənədə “Pəri cadu” əsərimi yazdım”.

Əbdürrəhim bəyin Şərq ruhuna yaxın hesab elədiyi simvolizm (fransızca “symbolisme”) cərəyanının adı işarə, rəmz mənasına bağlıdır. Avropa sənətində modernist cərəyanlardan biri sayılan simvolizmdə müəyyən hadisəni canlandıran bədii obrazı durmadan dəyişən “ruh həyatı”nın, “əbədi həqiqət” axtarışının əlaməti olan bədii simvol əvəz edir.

Simvolizm ədəbi cərəyan kimi XIX əsrin 60-70-ci illərində Fransada yaranıb. Simvolizm termini isə  fransız şairi Jan Moreas 1886-cı ildə “Simvolizmin manifesti” adlı əsərini nəşr etdirəndən sonra qəbul olunub və yayılıb. Jan Moreasın "Simvolizmin manifesti" həm məzmun, həm də forma məsələlərini əhatə edən müxtəsər estetik proqramdır.

Jan Moreas fransız şairi Şarl Bodleri (1821-1867) simvolizm hərəkatının əsl sələfi kimi qəbul edirdi. Onun qənaətinə görə, simvolizm Ş.Bodler tərəfindən müəyyənləşdirilmiş “uyğunluqlar” qanununa əsaslanır: bu uyğunluqlar ucu-bucağı olmayan, daim yenilənən bir aləmə səpələnib ki, həmin aləmdə batində olanlar “öz-özünə fəal şəkildə zahirə çevrilir”. 

Simvolistlər belə hesab edirdilər ki, dünyanın mahiyyəti ağıl gücünə dərk edilə bilməz, buna ancaq məntiqə sığmayan bir rəmz, işarə sayəsində canlanan intuisiya ilə nail olmaq mümkündür. 

J.Moerasın manifestinə əsasən, simvolist mövqe “obyektiv təsvir”in düşmənidir, konkret hadisələr isə görünüşdən başqa bir şey deyildir. Simvolizmin estetik sisteminin əsasını adi olandan qaçmaq təşkil edir: dünyanın ideal mahiyyətinə – gözəlliyə nail olmağın yolu isə rəmzdir.

Simvolistlər belə hesab edirdilər ki, şair həqiqətə gedən yolu intuitiv hiss etdiyi üçün Tanrı məqamındadır, intuisiya, hissi idrak isə insanın mistik dünyaya açılan gözüdür. Bu göz maddi həqiqətdən daha dərin və daha sirli həqiqəti görür.

Simvolizm cərəyanı üçün iki fərqli dünya mövcuddur: əşyalar dünyası və ideyalar dünyası. Simvol isə bu dünyaları bir-birinə bağlayan şərti işarədir. Hər bir simvolun həm işarə edən, həm də işarələyən tərəfi var. İşarələyən tərəf qeyri-real dünyaya, sirlər aləminə yönəlir. Sənət isə sirrin açarına çevrilir.

Simvolistlər öz əsərlərində yaşantılarla, qaranlıq, qeyri-müəyyən əhval-ruhiyyələrlə, incə hisslərlə, keçici təəssüratlarla dolu hər bir qəlbin tarixini əks etdirməyə çalışırdılar. Onlar bədii sözü yeni, canlı və ifadəli obrazlarla doldurmağa cəhd edir, bəzən orijinal forma yaratmaq həvəsi ilə söz və səs oyununa üstünlük verirdilər.

“Əbədi həqiqət” axtarışında olan simvolistlər mürəkkəb metaforlar, alleqoriyalar, eyhamlar, rəmzlər işlədir, sözün ahənginə, fikrin çoxqatlılığına, mücərrəd obrazlara xüsusi diqqət yetirirdilər.

Rus ədəbiyyatında simvolizmin banisi hesab olunan, ömrünün böyük hissəsini mühacirətdə – Parisdə yaşamış Konstantin Balmontun “Poeziya sehr kimi” traktatı bu cərəyanın mahiyyətini daha aydın başa düşmək üçün faydalıdır. Heç şübhəsiz ki, Ə.Haqverdiyev Peterburqda təhsil alarkən onda simvolizmlə ciddi maraq yaradan mənbələrdən biri də K.Balmontun yaradıcılığı olmuşdu. 

 

Konstantin Balmontun “Poeziya sehr kimi” traktatını Bazar ertəsi təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Famil Hacısoyun şeirlərini təqdim edir. 

Hacıyev Famil Şamil oğlu 1962-ci ildə Cəbrayıl rayonununda anadan olub. Orta məktəbi Bakı şəhərində bitirib, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi məktəb”də təhsil alıb, sonra M. Rəsulzadə adına Bakı Dövlət universitetinin filologiya fakültəsində oxuyub. 

O, yaradıcılığa orta məktəbdə oxuyarkən Famil Hacıyev imzası il başlayıb. Öncə  publisistik yazılar yazıb. İlk məqaləsi Cəbrayıl rayon “Kolxozçu” qəzetində dərc olunub. Respublika mətbuatındasa ilk olaraq “Bakı” qəzetində çap edilmişdir. ilk şeirisə 1982-ci ildə “Ulduz” jurnalında çap edilib. Hazırda Famil Hacısoy imzasıyla müxtəlif mətbuat orqanlarında çap olunur. Bəzi ədəbi mükafatlara layiq görülüb. İki kitab müəllifidir. Hal-hazırda müəllim işləyir.

 

 

 

SƏNSİZLİK

 

Öyrətdin yamanca səsinə məni

Mışıl-mışıl axan buz bulaq kimi.

Kəsib nəfəsimi mələrti səsi

Anasın gözləyən ac oğlaq kimi.

 

Sənsiz baş saxlamaq zülümdən zülüm,

Həsrətdən xilasa çarəmi ölüm?!

Sözünsüz, adınsız quruyan dilim

Toxtayar qolunda titrərkən əlim.

 

Sığmayır əlim də cibimə yaman,

Nayrandı saçında tumar sarıdan.

Gecəni ikiyə bölüb yarıdan,

Gündüzü də sənə kəsərdi qurban.

 

Meşənin güngörməz yeriydi könlüm,

Gözündən qor düşdü əridi könlüm.

Şıltaq uşaqlardan biriydi könlüm,

Əriyə-əriy kiridi könlüm.

 

Vüsala gedən yol çınqıl, daş-kəsək,

Həsrətin yolları torpaqtək kövrək.

Sənsizliyin səsdən, işıqdan yüyrək,

Çalışır tablaya bir təhər ürək.

 

 

ÜÇÜN

 

Sən zərif bir nanə, mən də meh ollam

Ətrinin mehində qalmağım üçün.

Sən səhra gülüykən dönüb şeh ollam

Sənə bir damcı su olmağım üçün.

 

Sən sevgi günəşi, mən sənin kölgən,

Canyaxan hikkə sən, mən müti qulkən.

Həsrətdən biçimmi özümə kəfən?

Ruh olub yuxuna dolmağım üçün.

 

Bir cavab vermirsən, sənə söz deyim.

Arzu nə çox? Bilməm hansın tez deyim?!

Zülmün qurub dar ağacın, yüz deyim,

Yubatma kəndiri boğazım üçün.

 

Səsindən səsini dərə biləydim,

Dərib də sinəmə sərə biləydim.

Səsinçün bir qala hörə biləydim

Səsinlə birgə qocalmağım üçün.

 

 

OLLAM

 

Sən körpə bir ağac olası olsan,

Yayın istisində yağışın ollam.

Azıb səhralarda ac-susuz qalsan,

Tapdığın tikəyə alqışın ollam.

 

Vüsalın gözümün üfüqü, bəlkə,

Həsrətin yanımca sürünən kölgə.

Ruhunun ruhuma yazığı gəlsə,

Cismimlə qəbrində başdaşın ollam.

 

Həsrətin uzunu səcdədə durram,

Hər gecə sevgidən bir koma qurram.

Məndən bezdiyini çoxdan duyuram,

Dalımca söylənən qarğışın ollam.

 

 

*

 

Gündüzlərin yuxusudu gecələr,

Yuxu adlı beşiyində dincələr.

Qapandıqca kirpikləri gündüzün

Bir yuxuda neçə ömrü heç elər.

 

 

QAYITMA BİR DƏ

 

Qayıtma, sən Allah, birdə geriyə!

İçimdə qasırğa başlayasıdı.

Dönüb məhləmizin uşaqlarına,

Dünənim bu günü daşlayasıdı.

 

Qaytarma səsinin həzinliyini,

Daha qulaqlarım kar olub mənim.

Qayıdıb qaytarma mətinliyimi,

Həsrətə dözümüm yorulub mənim.

 

Vüsal ayaq tutub çətin yeriyə,

Qayıtma, gözəlim, qayıtma bir də!

İstəməm qayıdıb kimsə geriyə,

Gözümün könlünü ala, kiri də! 

          

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.