22 aprel 2026-cı il tarixində, Astana şəhərində "Regional Ekoloji Sammit 2026" (RES 2026) öz işinə başlayıb. Sammitin təntənəli açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayev çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, regionun ən mühüm ekoloji platformasının açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova rəsmi qonaq qismində yer alıb. Fondun bu platformada təmsil olunması türk xalqlarının çoxəsrlik mədəni irsinin harmoniya, sabitlik və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərinə əsaslanan ekoloji fəlsəfə ilə üzvi vəhdətini nümayiş etdirir.
Üç gün davam edəcək sammit çərçivəsində iqlim investisiyaları, biomüxtəlifliyin qorunması və regionun ekoloji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularını təşkil edəcək.
Sammitin açılış mərasimində Qırğız Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistanın, Tacikistan Respublikasının, Monqolustanın, Gürcüstanın Dövlət Başçıları, Azərbaycan Respublikasının, Rusiya Federasiyasının, Belarus Respublikasının, Serbiya Respublikasının, Pakistan İslam Respublikasının və digər region ölkələrinin rəsmi nümayəndələri çıxış ediblər. Eləcə də BMT-nin müxtəlif agentlikləri (YUNEP, YUNESKO, FAO, BTİP), Avropa İttifaqı, ŞƏT, İƏT kimi beynəlxalq təşkilatların və nüfuzlu maliyyə qurumlarının (Dünya Bankı, AİB) rəhbər şəxsləri və ekspertləri tədbirdə iştirak edib.
Genişmiqyaslı nümayəndə heyətlərinin qatıldığı tədbir aprelin 24-də rəqəmsal ekoloji həllər və süni intellekt texnologiyalarının tətbiqi üzrə müzakirələrlə öz işini yekunlaşdıracaq.
Qeyd etmək lazımdır ki, Sammit çərçivəsində baş tutacaq “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın çıxışı gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


