Məhəmməd Nərimanoğlu,
Ç.Aytmatov və Ə.Yasəvi adına beynəlxalq mükafatlar laureatı.
“Ədəbiyyat və incəsənət”
“Turan elləri var olsun…
Tanrı Türkə yar olsun!”
“Bu gün dilimizin, mədəniyyətimizin və əlbəttə, xaqlarımızın yaxınlaşmasında TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası kimi mədəni təsisatlar, heç şübhəsiz, Türk Dövlətləri Təşkilatının çətiri altındakı çoxşaxəli fəaliyyət, gerçəkləşdirilən layihələr böyük ümidlər verir, fərqli, amma ortaq gələcək vəd edir. Bura hər bir türk dövlətində uzun onillərdi fəaliyyət göstərən yaradıcı təşkilatlar, ilk növbədə yazarlar birlikləri öz ardıcıl, səmərəli töhfəsini verir. Üstəgəl, yaradıcı şəxslərin fərdi təşəbbüsləri.
Bu gün həmin təşəbbüsün daha bir örnəyi bütün böyük Türk coğrafiyasında oxucuların ixtiyarına buraxılır...”
Aprel ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda düzənlənən bir tədbirdən yadda qalan bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğluna məxsusdur. “TURAN ədibləri-3” almanaxına ön söz yerində yazdığı “Uğurlama”da müəllif onu da qeyd edir ki, böyük Türk coğrafiyasından, Turan ellərindən olan söz us¬taları, həm ustadlar, həm yeni yazar və şairlər “Turan ədibləri” adı¬nın verildiyi bu antologiyada, bu kitabda təmsil olunur. İstedadlı şair, eyni zamanda zəhmətkeş naşir Muqimcan Nurboyevin nəşrə hazırladığı, fərqli nəsilləri təmsil edən istedadlı şair və tərcüməçilərin - Şahməmməd Dağlaroğlu, Rəhman Ergenç, Almaz Ülvi, Ramiz Əskər, Elxan Zal Qaraxanlı, Namiq Dəlidağlı, Təranə Turan Rəhimli, Rəhmət Babacan və Husniddin Hayitin əməyinin nəticəsi ilə ərsəyə gələn bu antologiyada həm məzmun, həm ölçü-biçim, həm də ustalıq baxımından çox fərqli şeirlər təqdim edilir. Toplu Muqimcan Nurboyevin daha öncə Qırğızıstan və Türkiyədə nəşr etdirdiyi “Turan ədibləri-1”, “Turan ədibləri-2” seriyadan olan kitabların üçüncüsüdür. Türkcənin Türkiyə, qırğız, Azərbaycan “qolları”nda oxuculara təq¬dim olunan bu ki¬tabların davamı da olacaq. Bəlkə də belə layihələr nə vaxtsa ortaq, daha yaxın, amma vahid türkcənin formalaşmasına da öz töhfəsini verəcək.
TURAN sevdalı qələm adamlarını bir araya toplayan yeni kitab
Tədbiri açan S.Babullaoğlu məclisi aparmaq üçün sözü tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirə verdi. TURAN sevdalı qələm adamlarını bir araya toplayan yeni kitabın məziyyətləri, orada cəm olan qələm adamlarından burada iştirak edənləri səmimi salamlayan AYB-nin şöbə müdiri onu da vurğuladı ki, bu gün həmçinin Türkiyədə Anadolu türkcəsində çap edilmiş “Turan ədibləri-2”, eləcə də “TURAN ədibləri-3” almanaxının ərsəyə gəlməsində əməyi olan, onun redaktorlarından biri, Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər rayon təşkilatının sədri, AYB-nin üzvü, şair-publisist Namiq Dəlidağlının və Aysel Əliyevanın Qırğızıstanda qırğız dilində işıq üzü görmüş “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) və “Jan düynösü” (“Könül dünyası”) adlı şeir kitabları da oxuculara təqdim olunacaq.
Xatırladaq ki, adıçəkilən almanaxı (antologiya) tərtib edən, nəşrə hazırlayan və məsul redaktoru Muqimcon Nurboyev, redaktorları Təranə Turan Rəhimli, Namiq Dəlidağlı, Nargisxon Ortiqova, Sarvara Esxanovadır. Almanaxı Azərbaycan türkcəsinə Şahməmməd Dağlaroğlu, Rəhman Ergenç, Almaz Ülvi, Ramiz Əskər, Elzan Zal Qaraxanlı, Təranə Turan Rəhimli, Rəhmət Babacan və Hüsniddin Haytt çeviriblər.
“Zərdabinəşr”in nəfis şəkildə çapdan buraxdığı, TURAN elləri söz adamlarının növbəti toplusu olan “Turan ədib¬ləri-3” antologiyasında söz sovqatlı Türkdilli şairlərin və yazıçıların bədii yaradıcılıq nümunələri verilmişdir. Bununla Türkdilli şair və na¬sirlərin 3-cü antologiyası işıq üzü görür. Buradakı - Türk ellərindən TURAN sevdalı könül aşiqlərinin ədəbi nümunələri də göstərir ki, heç bir ictimai-siyasi quruluş türkdilli xalqların ədəbi-mədəni əlaqələrini zəiflədə bilməmişdir.
Tədbirdə o da xüsusi qeyd edildi ki, antologiyanın növbəti seriyası nəşrə hazırlanır. Qələmi və sözü ilə xalqına, millətinə xidmət edən TURAN sevdalıların bu antologiyaların buraxılmasında yaxından iştirakı çox vacibdir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabda 75 TURAN ədibinin yaradıcılıq nümunələri yer alıb. Burada yalnız şairlər deyil, ümumiyyətlə, ədəbiyyat və söz adamlarının qələm məhsullarından verilən nümunələr də göstəırir ki, ədəbi TURAN-nın coğrafiyası getdikcə, ildən-ilə genişlənməkdədir. “Ədəbi dostluq - Əbədi dostluq” beynəlxalq ədəbiyyat festivalı çərçivəsində keçirilən tədbir heç də yalnız kitab təqdimatı deyil, eyni zamanda ortaq ədəbi dəyərləri bölüşən xalqlar arasında mənəvi körpü rolunu oynayan mühüm mədəni hadisə kimi diqqət çəkdi. Təqdimatda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə və Azərbaycandan olan, antologiyada şeirləri yer alan müəlliflər, eləcə də tanınmış ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Namiq Dəlidağlının xüsusi qeyd etdiyi kimi, bu görüş türk dünyasının ədəbi inteqrasiyasını gücləndirən, müxtəlif dillərdə yazan müəllifləri bir araya gətirən və ortaq mədəni irsin zənginliyini nümayiş etdirən önəmli platformadır.
“Dünyaya sülh, cahana sülh!” çağırışı
Orta Asiya və Türkiyədən gələn nümayındə heyətinin rəhbəri, antologiyanı nəşrə hazırlayan Muqimcon Nurboyevlə Namiq Dəlidağlının kitabda poeziya nümunələri ilə yer alan şairləri tədbirin sonunda mükafatlarla təltif etmələrinin də rəmzi mənası var idi. Bu, ilk növbədə qarşılıqlı əməkdaşlıq, dostluq simvolu kimi də yaddaşlara yazıldı.
Tədbirə Özbəkistandan Nurbuvoyev Muqimcon, Toramirza Oripov, Dilnoza Aziz, Havasxon Şokirova – professor, şairə, İslom Arslonov, Qırğızıstandan Bazarbay Borbuyev, Qasım İbrahimov, Orozmamat Osmankulov, Tacikistandan Abdullajon İsroilov, Rahimberdi Berdiyev, qardaş Türkiyədən Tarana Turan Rahimli, Azərbaycandan Namiq Dəlidağlı, Sayad Əhmədli (Göyçəli), Xalidə Nuray, Nazilə Gültac, Aysel Nəsirzadə, Aysel Nazimqızı, Nəzakət Məmmədli, Zemfira Məhərrəmli, Cəmilə Çiçək, Ülviyyə Əbülfəzqızı, Zaur Ustac və digərləri qatılmışdılar.
Yeri gəlmişkən, bir çox ədiblər kimi, tanınmış şair, ədəbiyyatşünas və Azərbaycan ədəbiyyatını dünya ədəbi mühitində ləyaqətlə təmsil edən filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli tədbirdə 4 ölkənin 5 təltifinə layiq görülmüşdür. Ona təqdim olunan “Çingiz Aytmatov – Qızıl Qələm” döş nişanı, “Əhməd Yəsəvi” medalı, Tacikistan və Azərbaycan əlaqələrinin inkişafına görə verilmiş təşəkkürnamələr, Qırğız Şair və Yazıçıları Fondunun təşəkkürnaməsi və “Ədəbi dostluq – əbədi dostluq” layihəsi çərçivəsində verilmiş Təşəkkür Bəlgəsi onun zəngin fəaliyyətini və ədəbi əlaqələrə verdiyi töhfələri əks etdirir. Təranə Turan Rəhimli və bütün digər təltif olunanlar bütün bu hörmətli şəxslərə və təşkilatlara -- Dr. Mugimjon Nurboyev, D. Dauletova, İlxom Yusupova, Burulkan Karaqulova və Namiq Dəlidağlıya dərin təşəkkürünü bildidilər...
Çıxış edən şair və yazıçıların kitabda dərc edilən yaradıcılıq nümunələrindən səsləndirməklə tədbiri ədəbi məclisə çevirmələri alqışlarla qarşılanırdı.
Xatırladaq ki, tədbirin Azərbaycanda əlaqələndirici Namiq Dəlidağlı idi.
Tədbir yekunda ədiblərin birgə çəkdirdikləri xatirə şəkillərlə də yadda qaldı. Arzu edildi ki, belə məclislər Türkdilli xalqların bir bayraq altında birləşməsi həm də bu qarışıq zamanda “Dünyaya sülh, cahana sülh!” çağırışı deməkdir...
“Ədəbiyyat və incəsənət”
(06.04.2026)


