Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Şair, qiraətçi Lalə Həsəncan bu günlərdə qardaş Türkiyədə keçirilən ədəbi tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edib və bizləri qürurlandırıb..
Şeir bəzən bir millətin yaddaşıdır; bəzən də iki qardaş coğrafiyanın eyni ürəkdə döyünən səsi… Türk Ədəbiyyatı Vəqfinin qapıları bu dəfə sözlərin deyil, ürəklərin görüşünə açıldı. Bu mənalı görüşə öncülük edən Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklıya hörmət və ehtiramımızı bildirərək başlamaq istərdik.
Azərbaycan, Güney Azərbaycan, Türkməneli və Anadolunun içlərindən gələn səslər; eyni ağrının, eyni sevdanın və eyni dirçəlişin misralarında birləşir. Çanaqqaladan Qarabağa uzanan bu böyük xatirə yalnız bir zəfərlər zənciri deyil; eyni zamanda şeirlə daşınan bir ruhun ifadəsidir.
Şəhriyarın duyğulu misraları ilə müasir şairlərin səsləri bir araya gələrkən, dinləyiciləri həm keçmişin dərinliklərinə, həm də bu günün canlı duyğularına səsləyir. Bu ziyafət yalnız bir şeir dinləməklə deyil; ortaq bir mədəniyyətin, ortaq bir taleyin və ortaq bir dilin yenidən xatırlanmasıdır.
Tədbirdə Türk Ədəbiyyat Vəqfinin başqanı Serhat Kabaklı, habelə Hamit Ahmetzade, Ali Yağmuroğlu, İclal Akkaplan, Bayburtlu Şinasi, Şeref Yılmaz və s kimi dəyərli isimlər iştirak etmişlər.
Azərbaycanı şair və qiraətçi Lalə xanım Həsəncan təmsil etmişdir. O, öz yaradıcılığı və qazandığı uğurlarla bizi daim sevindirir və qürurlandırır. Düşünürəm ki, Lalə xanımı bir az daha yaxından tanımaq hər birimiz üçün maraqlı və faydalı olar.
O, 22 ilə yaxındır ki, müəllim vəzifəsində çalışmaqdadır. "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi"nin fərdi kateqoriyalar üzrə qalibi də seçilmişdir.
Lalə xanım müxtəlif mükafat və nominasiyalara layiq görülmüş, bir sıra diplomlarla təltif olunmuş laureatdır.
O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi keçirilən "Nizami günləri" layihəsinin bədii qiraətçi üzrə iştirakçısı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən "Mədəniyyətə könül ver” layihəsinin iştirakçısı da olmuşdur.
Lalə xanım Müasir Azərvaycan qadın yazarlarının antologiyası "Zərif kölgələr"in IV sayılan buraxılışında şeirlər müəllifi, "Aktiv şagird və diqqətli valideyn" portalının təsisçisi, "Zəfər günü" video çarxının ssenarist və ideyaçısı, orta məktəbdə isə metodibirləşmə rəhbəridir.O, həm də -"Eşqlərin sultanı" şeirlər kitabın müəllifidir.
Lalə xanım bütün bunlarla kifayətlənmir. Onun ürəyi yazıb-yaratmaq eşqi ilə döyünür. O inanır ki, daha böyük uğurlar hələ qarşıdadır.
İstedadı ilə yanaşı, insani keyfiyyətləri ilə də hər kəsin diqqətini cəlb edir və hörmətini qazanır. Necə deyərlər, “Ağac bar verdikcə başını aşağı əyər.” Lalə xanım da məhz belə insanlardandır – uğur qazandıqca sadəliyini və təvazökarlığını qoruyan insanlardan.
Azərbaycanımızı qardaş Türkiyədə ləyaqətlə təmsil edən Lalə xanıma hər kəs kimi biz də inanır, ona sonsuz uğurlar və yeni yaradıcılıq zirvələri arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


