25 fevral 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş və Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixinin təbliği və qorunub saxlanılmasına xidmət edən kitablar Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, kitabların təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Fərid Hüseyn və kitabxananın direktoru Nigar İsmayılovanın iştirakı ilə görüş keçirilib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar.
Görüşün sonunda kitabxananın fondunda Türk Mədəniyyəti və İrsi Fonduna həsr olunmuş xüsusi bölmənin yaradılması qərara alınıb. Bu təşəbbüsün əsas qayəsi gənc nəslin Türk dünyasının ortaq mənəvi dəyərləri və zəngin mədəni mirası ətrafında daha sıx birləşməsini təmin etmək, həmçinin tələbələrin bu köklü tarixə inteqrasiya prosesini sürətləndirməkdir.
Bu təşəbbüsün gələcəkdə Türk dünyasının zəngin mədəni irsinin daha geniş miqyasda təbliği üçün mühüm platformaya çevriləcəyi gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(27.02.2026)


