Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın elmi və mədəni qurumları ilə əməkdaşlığını genişləndirir Featured

 

 Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycanın aparıcı elmi və mədəni qurumlarında bir sıra görüşlər keçirib. Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən görüş zamanı Fondun prezidenti  Aktotı Raimkulova ilə Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.


 “Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, söhbət zamanı 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə və təntənəli şəkildə qeyd edilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Yubiley tədbirləri çərçivəsində Fondun fəal iştirakının təmin olunması, eləcə də birgə elmi və mədəni təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Fondun prezidenti Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilə görüşüb. Görüşdə türk xalçaçılıq sənətinin qorunması, elmi əsaslarla tədqiqi və beynəlxalq miqyasda daha geniş şəkildə təbliği istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin Avropa muzeylərində saxlanılan türk xalça nümunələrinin bərpasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edərək, bu sahədə koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar.

Görüşlər qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi əsas prioritet kimi qəbul edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.