Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 6-cı iclasında iştirak edib Featured

 

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyində Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 6-cı iclası keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova iclasda iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, iclasın məqsədi Türk əməkdaşlıq təşkilatları arasında əlaqələndirməni gücləndirmək, görülən işlər barədə qarşılıqlı məlumat mübadiləsini təmin etmək və gələcək dövr üçün ortaq fəaliyyət istiqamətlərini müzakirə etmək olub.

Görüşün gündəliyinə əsasən 2025-ci il üzrə Fəaliyyət Planının nəticələri təhlil edilib, 2026-cı il üçün nəzərdə tutulan prioritet təşəbbüslər dəyərləndirilib. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən qəbul edilmiş qərarların və verilmiş tapşırıqların icra mexanizmləri, eləcə də sonrakı addımlar haqqında ətraflı müzakirə aparılıb

İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Fondun 2025-ci ildə həyata keçirdiyi əsas layihələr haqqında məlumat verib. Eyni zamanda, Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın davamlı şəkildə genişləndirildiyini qeyd edib.

Xanım Aktotı Raimkulova Fondun prioritetlərinin Türk dünyasının strateji sənədlərinə uyğun şəkildə formalaşdırıldığını, inteqrasiya, əməkdaşlıq və birlik prinsiplərinin bütün təşəbbüslərin əsasını təşkil etdiyini qeyd edib və bu platforma çərçivəsində əlaqələndirilmiş fəaliyyətin ümumi məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb.

İclasa TDT-nin Baş katibi və Koordinasiya Komitəsinin sədri, səfir Kubanıçbek Ömüraliyev sədrlik edib. Toplantıda Türk dünyasının aparıcı beynəlxalq qurumlarının rəhbərləri: TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Türk İnvestisiya Fondunun iqtisadi məsələlər üzrə baş müşaviri Erhan Türbedar və Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş katibi Adem Kula iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.