Ankarada Üzeyir Hacıbəyli küçəsi

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Ankarada fəaliyyət göstərən Musiqi və Gözəl Sənətlər Universitetinin ərazisindəki küçəyə dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin adının verilməsi ilə bağlı təntənəli tədbir keçirilib. Və hazırda hər kəs o küçə ilə addımlayanda dahi bəstəkarı anır, onun barəsində daha çox məlumatlanmağa səy göstərir.

 

Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə baş tutan təntənəli tədbirdə diplomatlar, ali təhsil ocağının rəhbərliyi, elm xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan klassik musiqi məktəbinin banisinin doğumunun 140 illik yubileyi həsr olunmuş tədbir milli bəstəkarlıq məktəbinin yaradıcısının adını daşıyan küçənin rəmzi açılışını birlidirən lent kəsilib.

Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin foyesində davam edən  tədbirdə çıxış edən Universitetin rektoru, professor Erhan Özden  Türkiyə-Azərbaycan tarixi dostluğu və qardaşlığı, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb. Rektor Azərbaycan tanınmış bəstəkarı Üzeyir Hacıbəylinin öz yaradıcılığı ilə bütün  Türk dünyası musiqisini zənginləşdirdiyini qeyd edib.

Mədəniyyət xadimlərinin Türkiyə-Azərbaycan birliyinə böyük məsuliyyətlə töfhə verdiyini vurğulayan rektör, “Bu gün gənclərimizə Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərinin yaradıcılığını nə qədər yaxşı izah etsək, öz vəzifəmizi o qədər geniş icra edərik” dedi.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasında oynadığı müstəsna rolu, onun zəngin yaradıcılıq irsindən və dünya musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərdən ətraflı bəhs edib.

S.Abbasov Üzeyir Hacıbəylini müasir Azərbaycan peşəkar musiqisinin banisi kimi öz musiqisini türk dünyasının ortaq səsinə çevirməyi bacaran bir dahi olduğunu və onun yaradıcılığının ən qiymətli xəzinə olduğunu vurğulayıb.

Daha sonra çıxış edən ölkəmizin Ankaradaki səfirliyinin müşaviri Füzuli Məcidli Azərbaycan xalqının milli kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin müstəsna rol oynadığını vurğuladı.

“Üzeyir Hacıbəylinin adını daşıyan bir küçənin Türkiyənin “Cumhuriyyət yaddaşının” mənbəyi hesab olunan Ankarada Universitetdə açılması ölkələrimizin tarixini bir araya gətirən çox vacib hadisədir”, deyən diplomat layihəni dəstəkləyən Musiqi və Gözəl Sənətlər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı ilə davam edib.

Konsert proqramında Azərbaycan və özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol Talibli, Fəxri Nicat Kazım, opera sənətçisi Fidan Hüseynova Üzeyir Hacıbəyli əsərlərindən parçalar ifa ediblər.

Ankarada qışdır. Amma Üzeyir Hacıbəyli küçəsi ilə addımlayanda, sanki özünü baharda hiss edirsən. Dahi bəstəkarın qəlbləri riqqətə gətirən əsərləri buzları əritməzmi? Əlbəttə əridər.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.