“Yaradıcılıq prosesində ilham mələklərimə yalvarmaqdan başqa işim yoxdur” Featured

 

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin sədr müavini,Özbəkistan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, "Dostluq" ordenli şair, yazıçı dramaturq və tərcüməçi Fəridə Əfruzdur.

 

— Əvvəla, sizi Özbəkistan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm!

Bu mükafatı qəbul etdiyiniz an hansı hissləri yaşadınız?

 

 — Hər bir mükafat Allahın nemətidir. Tanınmaqdan doğan sevinc ömrünün zinətinə, həyatının mənasına çevrilir. Xüsusən də mükafatı Vətən başçısının öz əlindən almaq çox böyük hadisədir. Bu cür diqqət və iltifat yalnız seçilmiş insanlara nəsib olur. O an bir həqiqəti də dərk etdim: Prezident əlini tutub səni təbrik edəndə mükafatın növü əhəmiyyətini itirir — istər fəxri fərman olsun, istər qəhrəmanlıq adı, fərqi yoxdur. Əsas olan Vətən atasının qarşısında dayanmaqdır; gözünün içinə baxmaq, üzündəki nurun içində yoğrulmaqdır.

Bu an insanı Vətən bağının uca bir ağacına çevirir, millət sarayının parlaq çırağı kimi nur saçmağa çağırır.

Layiq olanlar arasında layiqli olmaq şərəf tacını başına qoyur.

 

— Sizin bir şair və şəxsiyyət kimi formalaşmağınızda — Kokand ədəbi mühitinin, tarixi şəhər ruhunun rolu nə olub?

 

— Kokandın, daha doğrusu “Lətifi Kokand”ın mənim taleyimdəki yeri ölçüyəgəlməzdir.

Min dəfə şükür ki, mən belə bir torpaqda doğuldum, böyüdüm, yetkinləşdim, səadət tapdım, məhəbbət tapdım və ən əsası — poeziya tapdım.

Böyük şairəmiz Nadirabəyimin dövrü haqqında yazırlar ki: “Şəhərdə 376 məhəllə var idi və onların hər birində ən azı dörd şairə yaşayırdı.”

Bu fakt onu göstərir ki, mənim də hansısa nənələrim şairə olub. Bəlkə Nadirayi-Dəvranin poetik damarlarında axan qanda mənim əcdadlarımın da payı var.

Biz kokandlılar Kokand xanlığının şöhrətli dövrləri, sənəti və sənətkarlığı ilə içimizdə sarsılmaz bir qürurla yaşayırıq. Çünki onun misilsiz şöhrəti “İpək yolu” vasitəsilə bütün dünyaya yayılmışdı. Bu qürur və təsəlli mənim hər bir hüceyrəmdə oyaqdır.

 

— “Həyatın maskalar tamaşası olduğunu anlayanda, ora maskasız girdiyim üçün utandım”, — deyir Cek London.

Maskalar və müxtəlif simalar içində yaşadığımız bu dünyada əsl simaları tanımaq çətindir. Fəridə Əfruz qəlbin simasını bu tamaşa səhnələrindən necə qoruyur?

 

— Mən heç vaxt bu səhnələrə çıxmamışam. Həmişə mənəvi ustadım Mövlana Ruminin “Olduğun kimi görün, göründüyün kimi ol” kəlamına sadiq qalmışam — hərçənd bəzən bu maskasızlıq mənə ağır başa gəlsə də.

Mənim şüarım budur: məni necə varamsa, elə də qəbul edin!

Maska bəzən yolları aça bilər, amma o yolun sonu çıxılmazdır. Maska — yol­suzluqdur, çarəsizlikdir, zəiflikdir.

Maskasızlıq isə mərd yaşamağın həqiqətidir!

 

— İllər sonra yazdığınız şeirləri yenidən oxuyanda, oradakı özünüzü tanımadığınız hallar olurmu?

 

 — Xeyr, belə hallar olmur. Çünki qırx il ərzində yazdığım bütün şeirlərdə Fəridə var — səhvləri və uğurları ilə yaşamağı bacaran Fəridə!

 

— Tərcümədə “şair səsi”ni itirmədən əsərin ruhunu və nəfəsini qorumaq nə dərəcədə çətin və zövqlüdür?

 

— Tərcümədə şair son dərəcə ayıq-sayıq və zəkalı olmalıdır.

İlk növbədə, tərcümə etdiyin müəllifin sənə nə qədər yaxın olması önəmlidir.

Onun ruhu sənin ruhunla qovuşmasa, tərcümə uğurlu alınmaz.

Əsərin müəllifi sənin həyatının və qəlbinin küçələrində heç olmasa bir dəfə dolaşmış olmalıdır.

Mən iranlı şair Sohrab Sipehini tərcümə edərkən onunla birlikdə Kaşanın geniş küçələrində, tarlalarında, akasiya çiçəklərinin altında gəzdim…

 

— Anna Axmatova və ya Marina Svetayevadan tərcümə edərkən qadın qəlbinin hansı cəhəti sizə daha çox təsir edir?

 

 — Təkcə Anna və ya Marina deyil, Mehri Hiroti və Zahra Kabirinin əsərlərinə müraciət edəndə də qadın qəlbim onların qadın təbiəti ilə qovuşur.

“Qadını tanıyıram” deyən kişi necə min dəfə yanılırsa, “kişini tanıyıram” deyən qadın da elə min dəfə yanılır.

Qadını qadınca duymaq üçün heç olmasa bir dəfə doğuş ağrısını yaşamaq gərəkdir.

Mən bu rus şairə bacılarımı tərcümə edərkən, onlar kimi həbsxana pəncərəsindən aya baxdım.

Birlikdə ağladım, birlikdə şeir yazdım...

 

— 2020–2024-cü illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiniz.

Siyasi məktəb sizə şair kimi nə öyrətdi?

 

— Əslində şair insan — dövrün ayıq adamıdır, yəni Vətənin sözü, millətin gözü, xalqın üzüdür.

Şair — ən sadiq siyasətçidir, o ədalətsizliyə, haqsızlığa, alçaldıcı hallara qələmini qılınc kimi açaraq baş qaldıran üsyançıdır.

Mən hər halda belə olmalıyam, deyə düşünürəm.

Parlament mənə dövlətçilik siyasətini, qanunvericilik sənətini, ədalətin köklərini göstərdi. Parlament əsl mənada bir ustad oldu.

Dövlət və xalq arasında körpü olmaq sənətini öyrətdi. Düşüncəmi genişləndirdi, fikirləşmə yollarımı uzatdı.

Əsl şair öz oxu ətrafında fırlanmamalıdır; onun dedikləri xalqın dalğasında daşıya biləcək gücdə olmalıdır.

 

— Milli poeziyamızın dünya ədəbiyyatındakı yeri haqqında nə düşünürsünüz?

 

— Milli poeziyamızın yeri dünya ədəbiyyatında kifayət qədər görünmür və bu məni kədərləndirir.

Dünya ədəbiyyatının ən yaxşı, tanınmış şairləri bizim orta səviyyəli şairlərimizlə bərabər qiymətləndirilir.

Bu günlərdə onlar “Nobel” mükafatı alırlar.

Halbuki bizim 3000 illik tariximiz, 3000 illik poeziyamız var.

Bir ədəbin şeirindən Avropa bir film yarada bilər, bir hikmətli sözümüzdən onlarla ruhşünas və life-coach fayda götürür.

Ümidim gənclərdədir, çünki onlar dilləri öyrənirlər.

Amma qorxum da var: öyrəndikləri dillərə çox bağlanıb, ana dilinin həqiqi təbii gücünü, qüdrətini dünyaya göstərmək vəzifəsini unuda bilərlər.

 

— Qadın ürəyi ayıq və çox həssasdır.

Bu həssaslıq yaradıcılığa nə qədər qanad, nə qədər ağırlıq verir?

 

— Şeir — duyğular, heyrət və həyəcanlar aləmidir.

Qadının gözlərindəki yaş, qəlbindəki dərd, sevinc və bayramlar məhz bu duyğulardan doğur.

Qadın ətrafındakılardan mərhəmət və məhəbbət gözlədiyi kimi, şairə də poeziyaya diqqət və tanınma gözləyir.

Çünki o bir əlində qələm, bir əlində beşik tutaraq yaradır.

Necə ki, övladını böyüdərək cəmiyyətə hədiyyə verirsə, şairə də şeirlərini kitaba çevirib xalqın qarşısına təqdim edir.

 

 

— Yaradıcılıq prosesində özünüzə ən çox verdiyiniz sual nədir?

 

— Yaradıcılıq prosesində ilham mələklərimə yalvarmaqdan başqa işim yoxdur:

“Gedib qalmayın, dediklərimi deyib alım, yazacaqlarımı yazıb qoyum,” — deyirəm, sadəcə.

 

— Özbək ədəbiyyatının ən böyük uğuru nədədir ?

 

— Özbək ədəbiyyatının ən böyük uğuru — köklərinin dərinliyi, təməlinin möhkəmliyidir.

Bizdən əvvəl qələm çalan dahiyanə yaradıcılar o qədər çox və möhtəşəmdir ki, onlara heç bir tərəddüd etmədən güvənə, onlardan rəng ala, fəxr edə biləcəyimiz böyük bir məktəbimiz var.

 

— “İnsan övladı ən əvvəl özünə sadiq olmalıdır” fikri həyatınıza nə qədər uyğundur?

 

  İnsan övladı istəsə də, istəməsə də bədəninin quludur, ruhunun isə padşahıdır. Mən həyatımda bu iki şeyin yerini dəyişməsini istəyərək yaşayıram. Yəni nəfsimiz padşah olsa, ruhumuza qul olsa…

 İnsanlıqda sadiqlik də elə budur, deyə düşünürəm.

 

— İnsan özünü nə vaxt itirir, nə vaxt tapır?

 

— İnsan özünü elmsizlikdə itirir, elm vasitəsilə tapır.

 

Bu gün gənclər arasında mənəvi boşluqlar haradan qaynaqlanır, deyə düşünürsünüz?

 

— Kitabsızlıq — cahillik ocağıdır. Burada yalnız nadanlıq və səfehlik alovu yanır.

 

— İnsanın xarakterində ən təhlükəli duyğu hansıdır, deyə bilirsiniz?

 

— Laqeydlik. Bu qədər gücü var ki, insanı öldürə bilər.

 Ədəbiyyatda isə daha təhlükəli tərəfi odur ki, bəzi insanlar onu silah kimi istifadə edirlər: sanki yanında istedadı görmürlər; görsələr axtarmırlar; tapsalar oxumurlar; oxusalar anlamırlar; anlasalar, bu barədə heç kimə danışmaq istəmirlər.

 

—Azərbaycan və Özbək ədəbiyyat əlaqələri haqqında...

 

  Özbək və Azərbaycan xalqları əsrlər boyu şeir, hikmət və nağıl vasitəsilə bir-birinin ruhunu hiss etmişdir.

Bu bağlılıqlar təkcə ədəbiyyatı deyil, həm də milli mədəniyyətimizi və tarixi dəyərlərimizi zənginləşdirir.

Azərbaycan xalqı bizim üçün sadəcə qonşu deyil, ürəyimizin bir parçası, yaradıcılıq ruhumuzun ilham mənbəyidir.

Buna görə də bu ədəbi əlaqələrin daim davamlı olması, yeni nəsillər üçün də ilham qaynağı olaraq qalması çox önəmlidir.

Bizim şeir və hikmət vasitəsilə bu məhəbbət davam edir, xalqlarımızın qəlbləri hər zaman bir-birinə yaxın olur.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.