Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkmənistanda keçirilən Beynəlxalq Konfransda çıxış edib Featured

9-10 dekabr 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qurbanqulu Berdiməhəmmədov adına Qəyyuma Ehtiyacı Olan Uşaqlara Kömək üzrə Xeyriyyə Fondunun müalicə fəaliyyəti üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın rəsmi dəvəti ilə Türkmənbaşı şəhəri, Avaza Milli Turizm Zonasında “Müasir Cəmiyyətdə Qadınların rolu: Davamlı Tərəqqi üçün Beynəlxalq Əməkdaşlığın İnkişafı” mövzusunda keçirilən Beynəlxalq Konfransda çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, konfrans dünyanın 33 müxtəlif ölkəsindən ekspertləri bir araya toplayıb.

Konfransın məqsədi qadınların siyasi, iqtisadi və sosial-humanitar sahələrdə rolunun gücləndirilməsi istiqamətində çoxtərəfli dialoqu və beynəlxalq əməkdaşlığı dərinləşdirmək, eləcə də davamlı inkişaf hədəflərinə uyğun olaraq ölkələr arasında təcrübə və təşəbbüslərin artmasını təşviq etməkdir.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva, Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri xanım Saida Mirziyoyeva və BMT-nin Cenevrə bölməsinin Baş direktoru xanım Tatyana Valovaya və digər yüksək vəzifəli iştirakçılar qadınların beynəlxalq liderliyi mövzusunda çıxış ediblər.

Tədbir çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın qadınların cəmiyyətdə rolunun gücləndirilməsi sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib, Fondun regionda humanitar tərəfdaşlıq platforması kimi oynadığı rolu geniş şəkildə təqdim edib. Təşkilatın rəhbəri Türkmənistanın Fondun müşahidəçi dövləti statusu almasının əhəmiyyətinə diqqət çəkib və mövcud əməkdaşlığın davamlı inkişafına inamını ifadə edib.

Konfrans çərçivəsində aparılan müzakirələr dayanıqlı inkişaf məqsədləri fonunda qadınların rolunun gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın artmasına töhfə verməyi hədəfləyib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.