Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Xarici İşlər naziri ilə görüşüb Featured

 

28 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Yermek Koşerbayev arasında görüş baş tutub. Görüş zamanı tərəflər türk dünyasında mədəni irsin qorunması, sistemləşdirilməsi və müasir beynəlxalq platformalarda təbliği istiqamətində aparılan işlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova  cari ildə Fond tərəfindən həyata keçirilmiş iri miqyaslı layihələr barədə məlumat verib. Görülən işlər nazir tərəfindən yüksək qiymətləndirilib.

Öz növbəsində, cənab Yermek Koşerbayev Qazaxıstanın Türk dünyası ilə humanitar və mədəni əlaqələrin inkişafına daim töhfə verməyə, eləcə də mövcud və yeni əməkdaşlıq imkanları üzrə birgə fəaliyyətə həmişə hazır olduğunu bildirib.

Görüş səmərəli fikir mübadiləsi və qarşılıqlı anlaşma şəraitində keçib, 2026-cı il üçün planlaşdırılan bir sıra layihələr müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.