"Sanqi Sur - Zəngəzurdan keçən yol..." sənədli filmi təqdim olunub

 

Könül, “Ədəbiyyat və incəsənət”

                                                                   

Sosial Tədqiqatlar Mərkəzində "İpək Yolu Mədəni və Tarixi Araşdırmalar" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  donorluğu və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı  ilə ərsəyə gətirdiyi "Sanqi Sur - Zəngəzurdan keçən yol..." sənədli filminin təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin təqdimat mərasimində  ASAN Könüllüləri, Hədəf Şirkətlər Qrupunun əməkdaşları, Azərbaycan ictimaiyyətiniin tanınmış ziyalıları, diplomatik mərkəzlərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə ərsəyə gələn, "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları"  layihəsinin  rəhbəri Aida Eyvazlı Göytürkün  ssenari əsasında   təqdim olunan  “Sanqi Sur –Zəngəzurdan keçən yol...” sənədli filmi türk tarixinin  üstünü toz basmış, çox az araşdırılmış Zəngi tayfalarının tarixi haqqında yeni araşdırmadır. Qısa filmdə Zəngi tayfalarının ilk dəfə yaşadığı və yayıldıqları ərazilər, eybi zamanda göstərdikləri qəhrəmanlıqlar və Azərbaycana bağlılıqları lentə alınıbdır. Araşdırma filmində Misirdən, Özbəkistandan və Azərbaycandan olan alimlər və araşdırmaçılar öz fikirlərini bölüşüblər.  Türkoloq professor Firudin Cəlilov, AMEA-nın  baş elmi işçisi Ramin Əlızadə, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori, misirli araşdırmaçı Əhməd Tarbik Zəngi tayfaları haqqında əsaslı məlumatlar veriblər.

Sənədli filmin bir hissəsi  həm də Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində çəkilib.

Sosial Tədqiqatlar Mərkəzində  “Sanqi Sur- Zəngilandan keçən yol...” sənədli filminin nümayişindən sonra çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri cənab Maqsad Mamutkulov, Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Sancar Mahmudov bildiribər ki, Türk Dövlətləri Təşkilatının təşəkkül tapdığı bir dövrdə belə tarixi filmin nümayiş olunması gizli türk tarixinə bir işıq salır. Mərkəzi Asiya, Misir və Azərbaycandan bəhs edən tarixi örnəklər oxşar taleli, oxşar xalqların qədim əlaqələrini sübut edir. Diplomatlar eyni zamanda filmin qırğız və özbək dilinə tərcümə edilməsinin vacibliyini vurğulayıblar.

Filmin layihə rəhbəri  Aida Eyvazlı Göytürk  bildirir ki, Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları"  layihəsi əsasında ərsəyə gələn filmin ictimai yükü çox ağırdır. “Sanqi Sur- Zəngəzurdan keçən yol ...” sənədli filmi həm də türk dünyasının yol xəritəsidir. Bu yolların Zəngəzurdan başlanması və ya Zəngəzura getməsinin sirrini qoruyub saxalayan kitabələrimiz, qədim arxivlərimiz vardır. Bu sənədli film açılmaq ərəfəsində olan Zəngəzur dəhlizinə gedən ilk müjdədir. Biz başladıq ki, davamı gəlsin.  Biz  bir türk ailəsi kimi əl-ələ verib, eyni arzu, eyni istəklə bu yola çıxarıqsa, üstünü toz basmış tariximizin tozunu silərək, çox möhtəşəm qəhrəmanlıqları və traixi həqiqətləri üzə çıxarmış olarıq”.

Türküstan.az saytının redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin türk dünyasının ənənələrinin araşdırılmasında gördüyü işləri diqqətə çatdıraraq,  Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Naxçıvanda elan olunmasından,  türk tarixini araşdıran ictimai birliklərə göstərdikləri etimad və dəstəkdən danışıb. Sosial tədqiqatlar mərkəzinin sektor müdiri Əfqan Vəliyev filmin bu günümüzlə, türk dünyasının çağırışları ilə səsləndiyini, gənc nəslin  yeni araşdırmalar aparması, öyrənməsi üçün gözəl dərs vəsaiti olduğunu bildirib.

Vəli Əkbər filmin redaktoru, Aida Eyvazlı Göytürk –filmin ssenari müəllifi və layihə rəhbəridir, filmin quruluşçu rejissoru Vusal Orucov, rejissoru Rəna Yunuslu,  operatorları Fariz Şıxaəlizadə və Rüstəm Abdullayev, montajçı Rauf Əzimovdur.

Sonda filmin ekranlaşdırılmasına dəstək verən qurumlara "Təşəkkürnamə" təqdim olunub. Təltif olunanlar arasında “Ədəbiyyat və incəsənət” portalı da yer alıb.

-------------------

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi haqqında  qısa arayış:

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi 2023-cü ilin oktyabr ayında qeydiyyatdan keçib.  İctimai Birlik Türk dünyasının    tarixi  İpək Yolu marşrutunun üzərindən olan ölkələrlə sıx əlaqələr yaradaraq, türk dünyasının qədim tarixini, mədəniyyətini, bu tarixi və mədəniyyəti yaradan şəxsiyyətlərin  həmin yollarda, məkanlarda olan izlərini araşdırır.

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB Türk Dövlətləri Təşkilatının tərkibində olan ölkələrlə sıx əlaqələr qurur. Ötən ilin dekabr ayında  Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  rəhbərliyi ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən Qeyri Hökumət Təşkilatlarının forumunda iştirak edərək, Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xalq diplomatiyası Mərkəzi ilə, eyni zaman Türk Mədəniyyəti və İrsi Fondu ilə  əməkdaşlıq  haqqında Memorandumlar imzalayıbdır.

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB  Türk Dövlətləri Təşkilatının 2024-cü ilin iyul ayının 6-da Şuşada imzalanan Bəyənnaməsində imzalanan şərtləri əsas götürərək, Bəyənnamədə yazılanlara sadiqlik göstərir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.