Aşqabadda Mahmud Kaşğari mövzusunda beynəlxalq elmi konfrans keçirilib Featured

 

15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfrans 2025-ciilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub. 

Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova bütün iclas iştirakçılarını salamlayaraq Fondun prezidenti xanım Aktotı Raimkulovanın rəsmi təbrik məktubunu oxuyub: “Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi olaraq qəbul edilməsi olduqca sevindirici haldır. Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”. 

Məktubun davamında qeyd olunub: “Mahmud Kaşğarinin dünya filologiyasına və türk mədəni isinə töhfəsi olduqca dəyərlidir. ‘Divani Lüğət ət-Türk’ sadəcə bir lüğət deyil, ümumtürk dilinin, düşüncəsinin və həyat fəlsəfəsinin ensiklopediyasıdır. Bu, danılmaz bir faktdır,” – deyə xanım Aktotı Raimkulovanın fikirləri məktubda əks olunub.

Leyla Həsənova  eyni zamanda Fondun fundamental əsərin 950 illik yubileyinə həsr olunmuş fəaliyyəti istiqamətlərindən söz açıb.

Plenar iclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova çıxış edərək Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının mənəvi və elmi irsində tutduğu əvəzsiz roldan danışıblar.

Konfrans 2 sessiyadan – “Mahmud Kaşğarinin“ Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” və “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr” ibarət olub. 

Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən qatılmış yüksək səviyyəli alimlərin iştirakı ilə Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, onun humanitar elmlərin inkişafında rolu, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.