Türk Mədəniyyəti və İrsi Fondunun “Bizim Mağcan” kitabının təqdimat mərasimi Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Expo Mərkəzində düzənlənən XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə artıq sizləri bilgiləndirmişik. Bir neçə kitabın təqdimatı, fondun guşəsinə gələn qonaqlarla işguzar görüşlər sərgi boyu davam etdi. Bu günsə təqdimatlardan ən maraqlı saydığım daha biri barədə spz açmaq istəyirəm.

 

 

Sərgi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşri olan “Bizim Mağcan” kitabının təqdimat mərasiminə ziyalılar, diplomatik korpusların nümayəndələri qatılmışdılar.

Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Bizim Mağcan” nəşrini Türk dünyasının ədəbi və mənəvi birliyini əks etdirən dəyərli mədəni layihə kimi səciyyələndirdi. Xanım A. Raimkulova vurğuladı ki, Fond tərəfindən hazırlanmış bu kitab Mağcanın azadlıq, Vətən sevgisi və milli oyanış ideyalarını müasir oxucuya çatdırmaqla yanaşı, ortaq ədəbi yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Tədbirdə həmçinin Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Qazax ədəbiyyatı üzrə mütəxəssis, professor Nizami Tağısoy, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti, şair Əkbər Qoşalı çıxışlar edərək əsərin elmi və ədəbi əhəmiyyətindən bəhs etdilər. Çıxışçılar bildirdilər ki, “Bizim Mağcan” kitabı təkcə Mağcan Cumabayevin poetik irsinin öyrənilməsi baxımından deyil, həm də onun ideyalarının Türk dünyasının müasir düşüncəsinə təsiri yönündən dəyərli mənbədir.

Onlar Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə həyata keçirdiyi nəşr fəaliyyətini Türk xalqları arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirdilər.

Xüsusilə qeyd etmək lazımdır ki, nəşr 7 dilin toplusu şəklində hazırlanmışdır və Mağcan Cumabayevin həyatı, yaradıcılığı və Türk dünyasının mənəvi birliyindəki rolu barədə məqalə, şeir və tədqiqat materiallarını özündə ehtiva edir.

Layihənin məqsədi Türk xalqlarını ədəbiyyatın və incəsənətin yolu ilə bir-birinə daha da yaxınlaşdırmaqdır.

Sonda tədbir iştirakçılarına “Bizim Mağcan” kitabının nüsxələri hədiyyə olundu, bir nüsxə də mənə çatdı və deyim ki, böyük maraqla bu kitabı oxudum.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.