Aktotı Raimkulova: “Şuşa bütün Türk dünyası üçün müqəddəs bir məkandır” Featured

 

XI BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU TƏRƏFİNDƏN BURAXILMIŞ ELÇİN ƏHMƏDOVUN “ŞUŞA – TARİXİ-MƏDƏNİ İRS” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Növbəti kitablı günlər mərhələsi də arxada qaldı. Bakı Expo Mərkəzi XI Beynəlxalq Bakı Kitab Sərgisinə evsahibliyi etdi. Bir neçə gün ərzində kitabsevərlər çox maraqlı tədbirləri öz hafizələrinə yazdılar, xatirələrinə düzdülər. Mənsə sizə səegi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi barədə danışmaq istəyirəm.

 

Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd etdi ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirdi ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Təqdimatın açılışında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, telejurnalist, rejissor, əməkdar artist Rafiq Həşimov çıxış edərək kitabın nəşrini yüksək qiymətləndirdilər. Onlar qeyd etdilər ki, əsərin işıq üzü görməsi təkcə Şuşanın tarixi və mədəni irsinin öyrənilməsi baxımından deyil, həm də bu irsin gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda çıxış edən kitabın müəllifi, siyasi elmlər doktoru, professor Elçin Əhmədov “Şuşa – Tarixi-Mədəni İrs” əsərinin yazılma prosesindən, araşdırmalarda istifadə olunan elmi mənbələrdən və Şuşa şəhərinin tarixindəki əhəmiyyətli məqamların işıqlandırılmasından bəhs etdi. Professor Əhmədov, əsərin nəşrinə göstərilən dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü ifadə elədi.

Sonda qonaqlara “Şuşa – Tarixi-Mədəni İrs” nüsxələri hədiyyə olundu, xatirə fotosu çəkildi.

Şuşanın Azərbaycan mədəniyəytinə qayıdışı yeni tarix deyil, qırılmış tarixin bərpasıdır. Tarix isə bütöv olanda daha gözəl görünür.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.