Xuraman Muradova “Türk dünyası Lefkoşa şeir axşamları”nda ölkəmiz də təmsil edib

 

Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərimdə keçirilən “Türk dünyası Lefkoşa şeir axşamları” adlı beynəlxalq ədəbi festivalda ölkəmiz də təmsil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, artıq türk dünyasında kifayət qədər tanınan, Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar birliklərinin fəxri üzvü, vətənpərvər şairə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova bu möhtəşəm platformada böyük qürurla ölkəmizi təmsil edib. 

Çıxışında “Bir millət, üç dövlət” məfkurəsinə toxunan Xuraman Muradovanın festival çərçivəsində söylədiyi şeirlərdə də Türk dünyasının mənəvi birlik ruhu öz bədii əksini tapıb.

 

Cumhurbaşqanlığı sarayında təşkil olunan mötəbər tədbir ədəbiyyata və mədəniyyətə verilən yüksək dəyərinin bariz nümunəsini göstərib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın da iştirak etdiyi tədbirdə türk dünyasının müxtəlif ölkələrindən festivala qatılan tanınmış şair və yazarlar ortaq dilin, tarixin, mədəniyyətin poeziya vasitəsilə bir daha tanınmasına, sevilməsinə töhfə veriblər. 

Səsləndirilən şeirlər, müzakirə olunan mövzular, ədəbiyyatla bağlı düşüncələr dörd gün davam edən festivalda türk xalqları arasında mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.