Türküstan şəhərində “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilir - GÜNDƏLİK Featured

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təşkil edilən “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilir. 10-11 iyun tarixlərinə təsadüf edən sərginin dünən əsas hadisələrindən biri barədə danışacağıq.

 

Söhbət 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində (Türküstan şəh., Qazaxıstan) simpozium çərçivəsində “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərginin təntənəli açılış mərasimindən gedir.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin müəllifi olduğu məşhur ümumtürk ensiklopediyası “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyinə həsr olunub. Tədbirin bədii hissəsində türk xalqlarının mənəvi birliyini və mədəni irsini əks etdirən “МыңзаманбірТүркістан” adlı musiqili kompozisiya təqdim edilib.

“Divani Lüğət it-Türk” ensiklopedik əsəri dilçilik, tarix, ədəbiyyat, incəsənət, etnoqrafiya, minerologiya, kimya, botanika, coğrafiya, biologiya, zoologiya və digər sahələri əhatə edən unikal məlumatları özündə birləşdirir. Bu əsər türk mədəni irsinin  zənginliyi və dərinliyinin mühüm sübutlarından biri kimi qəbul edilir.

Qeyd edilməlidir ki, “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyi münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə sərgilər artıq təşkil olunub. Gələcəkdə isə zəngin türk mədəni irsinin beynəlxalq arenada təbliği və tanıdılması məqsədilə bu sərginin həm türk ölkələrində, həm də xarici ölkələrdə açılması planlaşdırılır.

Simpozium barədə növbəti materialları da portalımızdan izləyə biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.