10–11 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayətinin Akiminin dəstəyi ilə “Türk sivilizasiyasının abidələri: Tədqiqat yolları, mühafizə və bərpa metodları” mövzusunda “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilir.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbir türk mədəni irsinə məxsus memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpasına həsr olunub. Simpoziumun məqsədi türk ölkələrindən olan memar, bərpaçı, alim və ekspertlərin təcrübə mübadiləsi aparmaları üçün peşəkar platforma yaratmaqdır.
Simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin Akim müaviniYertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.
Plenar iclas çərçivəsində Türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.
Simpoziumun gedişatı “Türk mədəni irsinin abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi” və “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında panel sessiyaları ilə davam edib. Sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər öz təcrübələrini bölüşüblər.
Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən «Мың заман – бір Түркістан» adlı musiqili tamaşa olub.
Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonu üzrə səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.
Tədbir türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.
“Ədəbiyyat və incəsənət”
(10.06.2025)