Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Şəkidə Bəxtiyar Vahabzadənin Ev Muzeyini ziyarət edib Featured

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunundan verilən məlumata görə, 17 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev muzeyini ziyarət edib. 

 

Qeyd edək ki, ziyarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub, bir sıra silsilə tədbirlər həyata keçirilib.

Muzeyə baxışdan öncə iştirakçılar Bəxtiyar Vahabzadənin şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Ziyarət zamanı qonaqlar şairin şəxsi əşyalarının, yaradıcılığına dair əlyazmaların və onun zəngin irsini əks etdirən eksponatların nümayiş olunduğu muzey ekspozisiyası ilə tanış olublar. 

Tədbir çərçivəsində Bəxtiyar Vahabzadənin milli şüurun, dilin və mədəniyyətin qorunması uğrunda mübarizəkar yaradıcılığından danışılıb, onun Türk dünyası mədəniyyətinə töhfələri xüsusi ilə vurğulanıb.

Ziyarət Türk dünyasında ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi simvolik əhəmiyyət daşıyıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.