SƏMİMİ ORTAM - Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olublar Featured

 

29 aprel 2025-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun Bakı şəhərində yerləşən baş qərargahını ziyarət ediblər.

 

Türk Mədəniyyəti və İrsi Fondunundan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, qonaqları səmimi şəkildə salamlayan Fondun prezidenti Aktotı Raimkulova, onları Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə tanış edib, Fondun missiyasını və strateji hədəflərini ətraflı şəkildə diqqətə çatdırıb.

Ziyarət çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Fondun nəzdində fəaliyyət göstərən muzeylə tanış olublar. Onlara muzeyin tərkib hissəsi olan türk dünyasının minilliklərə söykənən zəngin maddi-mədəni irsinin qalıqları – qədim sənətkarlıq ənənələri, unikal dekorativ-tətbiqi sənət və geyim nümunələri, nadir eksponatları əhatə edən sərgilər təqdim edilib.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk xalqlarının zəngin mədəni irsinin tədqiqi, qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi çoxşaxəli layihələr, eləcə də bu sahədə aparıcı rolunu qeyd edərək, Fondun missiyasını və strateji hədəflərini dolğun şəkildə təqdim edib.

Fondun yaranmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdığını vurğulayan xanım A.Raimkulova, Dövlət Başçısının “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinin Təşkilatın fəaliyyətinin əsas leytmotivinə və  devizinə çevrildiyini xüsusi qeyd edib.

Leyla Əliyeva, Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində atdığı addımları yüksək dəyərləndirib, həyata keçirilən layihə və tədbirlərdə gənclərin fəal iştirakının genişləndirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Ziyarət çərçivəsində müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqram da nümayiş etdirilib və maraqla izlənilib.

Görüş zamanı tərəflər arasında gələcəkdə mümkün əməkdaşlıq imkanlarına dair ilkin fikir mübadiləsi aparılıb və birgə layihələrin reallaşdırılmasının arzuolunan perspektiv kimi qiymətləndirildiyi bildirilib.

Əməkdaşlığın daha da dərinləşdirilməsi və Türk dünyası mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində yeni perspektivlər müəyyənləşdirilərək, bu sahədə strateji addımların atılması hədəf kimi müəyyən olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.