“İrəvanda xal qalmadı”nın növbəti təqdimat mərasimi baş tutub Featured

Fevralın 19-da Bakı Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Suraxanı Gənclər Evində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İrəvanda xal qalmadı" - kitab və 3 dildə elektron kitabla daxili və xarici platformalarda təbliğat” layihəsi çərçivəsində yazıçı Varisin müəllifi olduğu "İrəvanda xal qalmadı" kitabının növbəti – sayca üçüncü təqdimat mərasimi keçirilib. Xatırladaq ki, daha əvvəllər kitab Gəncə və Sumqayıt şəhərlərində ictimaiyyətə təqdim edilmişdi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Suraxanı rayonundakı ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdlərinin, Fövqəladə Hallar Nazirliyi Akademiyası müəllimlərinin və kursantlarının qatıldığı tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimini Bakı Şəhər Gənclər və İdman idarəsinin Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırov açaraq mütaliənin faydaları, tədbirin məramı və məqsədi, Azərbaycanın Qayıdış Konvensiyasının zəruriliyi və sözügedən layihənin vacibliyi barədə məlumat verib.

Tədbirin moderatoru olan Suraxanı Gənclər Evinin əməkdaşı Mədinə Hüseynzadə Gənclər Evinin ədəbiyyatla, ümumən mədəniyyətlə bağlı olan tədbirlərə hər zaman həssaslıqla yanaşdığına, buranın gənclərin əsl toplanış yeri, isti yuvası olmasına diqqət çəkib.

Növbəti çıxışçı - əslən Qərbi Azərbaycandan olan yazıçı İlkin Əbəlfəz uzun illər erməni millətçiliyinin həyata keçirdiyi antiinsani fəaliyyətə toxunub, ata-babalarının doğma yurdlarından necə qovulması, 1918-ci il qırğınını, 50-ci illər deportasiyası, 1988-89-cu illərdə Qarabağ müharibəsi fonunda sonuncu azərbaycanlının Qərbi Azərbaycandan necə çıxarılması barədə danışıb, azərbaycanlıların öz doğma yurdlarına tezliklə qayıda biləcəklərinin bir xəyal deyil, reallıq olmasını dilə gətirib.

Çıxışlarda qeyd edilib ki, bu sayaq tarixi kitablar yalnız ədəbi əsər kimi deyil, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edən ictimai-siyasi məzmunlu nəşr kimi böyük əhəmiyyət daşıyır. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinin ədəbiyyat vasitəsilə gündəmdə saxlanılması gələcək nəsillərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır. Dövlətin bu mövzuda kitabların yazılmasına maraq göstərməsi isə bu mövzunun necə prioritet olmasını bildirir.

Kitabın müəllifi, yazıçı Varis çıxış edərək "İrəvanda xal qalmadı" əsərinin ərsəyə gəlmə səbəbləri, ideya qaynaqları və əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, 1 milyon işarəlik arxiv materiallarından istifadə etməklə ərsəyə gələn kitab 1827-ci ildə İrəvan xanlığının Rus imperiyası tərəfindən işğalı mövzusunu əsas götürərək Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyinə, itirilmiş yurd yerlərinə və tarixi yaddaşın bərpası zərurətinə həsr olunub. Yazıçı vurğulayıb ki, əsərin yazılmasında əsas niyyət tarixi faktları bədii-publisistik üslubda təqdim etməklə milli yaddaşı diri saxlamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir.

Daha sonra iştirakçılar müxtəlif suallarla çıxışçılara müraciət ediblər.

Tədbirin yekununda kitabın müəllifi tərəfindən iştirakçılara "İrəvanda xal qalmadı" kitabının imzalanmış nüsxələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.