Bada verilmiş 4 il Featured

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət” portalı.

 

Qeyd: “Bu yazıda atamın dilindən eşitdiyim xatirələri qələmə almışam.” 

 

Atam – Asif Allahverdiyev 1974-cü ilin payızında, Vedi mahalı, Şidli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atamgil düz səkkiz qardaş, yeddi bacı olublar. Atam deyir ki, SSRİ dönəmində 10-dan artıq uşaq dünyaya gətirən qadınlar “Qəhraman ana” adına layiq görülürdü və ona qızıldan medal təqdim olunurdu. Nənəmin də belə bir statusu var. Həmin illərdə Qərbi Azərbaycandakı xəstəxanalarda erməni “həkimləri” türk körpələrini amansızca iynə vurub öldürürdülər. Nənəmin də vaxtilə təzə doğulmuş körpələri qansız erməni “həkimləri” tərəfindən öldürülmüşdü. Atam elə buna görə deyir ki, Gövhər adlı türk həkim anama məsləhət etmişdi ki, “Uşaqlarınızı xəstəxanada dünyaya gətirməyin. Mən evə gəlib uşaqları müayinə edərəm, amma buraya gətirməyin. Xəstəxanada yaradılan bu şərait türklər üçün çox ağır təhlükədir”.

O vaxtlar müəllimin maaşı böyük bir ailənin dolanışığına yetmirdi. Biz də həyətimizin məhsullarını: armudu, əriyi, şaftalını, gavalını İrəvandakı Ərəbgir bazarında satırdıq. Üzümlərimizi də şərab zavoduna verirdik, zavodun maşınları üzümləri qapımızdan gəlib aparırdılar. 24 baş qoyunumuz, toyuq və cücələrimiz vardı. Onların da yununu, yumurtasını, ətini satırdıq. Bizim camaat çox zəhmətkeş olub. Atam müəyyən xərcləri qarşılasın deyə məktəbdə dərslərini keçib bitirdikdən sonra sovxozda da işləməyə gedirdi. Atam məktəbdə işləyirdi deyə məktəbdə yediklərimin pulunu atam verirdi, ona görə pulum cibimdə qalırdı. Mən də qoyunları otarmağa aparanda pulumla özümə şirniyyat və limonad alırdım. Onların dadını indi heç nə vermir.

1984-cü ilin yayında adi bir gün idi. Həmişəki kimi dərsdən qayıtdım və anam məni qoyunlarımızı otarmaq üçün Vedi obasına göndərdi. Olacaqlardan xəbərsiz qoyunları da qabağıma qatıb apardım. Orda qoyunları otlağa buraxdım və ağaca söykəndim.

 Qarşıdan 3 erməni uşağı yeyin addımlarla mənə yaxınlaşdı və dedilər:

-“Sən burda nə gəzirsən?!”

 Sakit bir tonda dedim ki, “qoyunları otarmağa gəlmişəm”.

Bilirdim ki, onların niyyəti qoyunları oğurlamaq idi. Elə həmin vaxt mənə dedilər ki, qoyunları burda qoy, özün də çıx get burdan!

Mən onlara qarşı durdum ki, bu qoyunları mənə tapşırıblar. Mən getsəm, qoyunlarımı burda siz oğrulara qoyan deyiləm! Mən qoyunları aparmaq üçün ayağa durdum və aramızda mübahisə başladı. Onlar ağacdan qalın budaqlar qırıb, üstümə yeridilər. Getmək istəyərkən məni itələyib, yerə yıxdılar. Üçü bir yandan sərt və amansız zərbələrlə ayaqlarımdan, qollarımdan və bədən nahiyələrimdən ağacla döydülər, həm də təpiklədilər.

 Mən indi başa düşürəm ki, bu qəddarlıq onlara doğulandan aşılanmış bir zəhərdir. Onlar sadəcə uşaqlar deyildilər, gələcəkdə daha da qəddar olacaqlarının nişanəsini daşıyırdılar.

O vaxt bədənim elə qısılmışdı ki, onların mənə qarşı əsəblərinin soyumasını gözləməkdən başqa əlacım yox idi.

Ağrının təzəliyindən birinci çox ağrı hiss etmədim. Qoyunları sağ-salamat evə gətirdim. Evə gələndə heç nə demədim ki, evdəkiləri təşvişə salmayım. Məktəbin ilk gününün axşamı – 31 avqustda ayaqlarım çox ağrıyırdı.

Anama dedim ki, “ana, ayaqlarım çox ağrıyır”, anam isə atama dedi ki, “ilk gündən məktəbə getməsin deyə mahnı eliyir, çıxıb getsin dərsinə”.

 1 sentyabr məni məcbur məktəbə göndərdilər. Məktəbə getdim, amma sinifdə ağrıdan otura bilmirdim. Sinif rəhbərim Musa müəllimə dedim ki, “ayağım ağrıdığı üçün dayana bilmirəm.” O isə “ağrıyırdınsa, məktəbə niyə gəlirdin?” -dedi və evə getməyimə icazə verdi. Mən dedim ki, atam əsəbləşər, o isə “sinif rəhbəri mənəmsə, mən də icazə verirəm. Evə get dincəl” -dedi. Məktəbdən halsız çıxdım və məişət evinin yanında gözlərim qaraldı. Gözümü açanda evdə idim — atamgil məni evə gətirmişdi. Evdəkilər başımın üstündə təlaşlı gözlərlə mənə baxırdılar.

Bədənim bütöv halda büzüşmüşdü, elə bil ana bətnindəki kimi. Bədənim yavaş-yavaş şişməyə başladı. Həkimlər çağırdıq, hərəsi bir rəy söylədi, amma nəticəyə gələ bilmədilər.

4-5 gündən sonra anam Gövhər həkimə zəng etdi. O dedi ki, vəziyyət çox kritikdir — təcili yardım çağırıb, Vedi rayon xəstəxanasına gətirin. Mən burdayam, narahat olmayın.

Orada 15 gün koma vəziyyətində qaldım. Danışmaları eşidirdim, amma başa düşə bilmirdim — çünki onlar ermənicə danışırdılar. Gövhər həkim atamla türk dilində danışanda dedi ki, “Çaresi yokdur, çocuğa çok eziyyet etmeyelim”. Sonra üç erməni həkim içəri girdi, məni yoxladılar və dedilər ki, uşağı İrəvana — Ortopediya İnstitutuna aparaq. Gövhər həkimlə atam danışanda mən elə bildim ki, məndən əllərini üzüblər. Məni də iynə vurub öldürəcəklər. Atama dedilər ki, ona aid olan hər şeyi götürsün və evə aparsın. Atam gedən kimi məni təcili yardımla İrəvan Ortopediya İnstitutuna apardılar.

Orada milis sorğu-sual aparırdı, amma erməni dilində danışdığından heç nə başa düşə bilmirdim. Baş tibb bacısı, müharibə iştirakçısı Roza Babayevna erməni olmasına baxmayaraq Azərbaycan dilini bilirdi və milisin dediklərini  mənə tərcümə etdi.

“Sənə kimsə zərər verib? Bu vəziyyətə düşməyinin səbəbi nədir?”

Dedim ki, yaşca məndən böyük erməni uşaqları ayağımdan qalın budaqlarla zərbələr endiriblər. Erməni milisi pis vəziyyətimdən sanki həzz alırdı. O, gülərək dedi: “Bizim uşaqlar belə şey etməz”. O vaxtlarda erməni zorakılıqları cəzalandırılmırdı. Heç bir ölçü götürülmürdü. Mənim məsələmi də belə ört-basdır etdilər. Axı bunların uşağı nədi ki, milisi də nə ola?

Növbəti üç il Ortopediya İnstitutunda davamlı yatdım. İlk həkimim, erməni həkimi Svetlana Aramovna, atamdan 5.000 rubl aldı ki, uşağınızı sağaldacam. O, bədənimi yardı, dizimin altına dəyən zərbə bədənimə çox ziyan vurmuş, hər iki ayağımın damarları zədələnmiş— çirk (yəni iltihab) yaranmışdı. Bədənimi gipsə qoydular. Mən, anam və Gövhər həkim şəkil çəkdirdik. Mən çəliklə belə ayaq üstə dura bilmirdim. Anam və Gövhər həkim məni belimdən tutmuşdular ki, yıxılmayım. Həm qıdıqlanırdım, həm də iynələrin təsirindən üzümdə qəribə gülüş yaranmışdı. Sonra bizi evə yola saldılar və bir ay sonra yaxşı olacaq dedilər. Evdə heç iki gün dözə bilmədim. Yanıma gələn qohumların gətirdiyi şirniyyatları özümdən balaca bacı-qardaşlarıma verirdim ki, bədənimdəki gipsi kəsib açsınlar.

Gips kəsiləndən sonra göründü ki, qarınımda və bütün bədənimdə çirk (iltihab) əmələ gəlmişdi. Bu dözülməz ağrı məni çökdürmüşdü. Valideynlərim bunu görüb, dəhşətə gəldilər. Dərhal məni yenidən Ortopediya İnstitutuna apardılar. Orada anam Svetlana Aramovnayla dalaşdı: “Sən demişdin ki, hər şey yaxşı olacaq...mənim balam sağalacaq, amma uşağımın bədəni əvvəlkindən iki qat artıq şişib.” Məni yenidən əməliyyat etdilər — qolumu, ayağımı, qarınımı yardılar. Bütün bədənim həmçinin sümüklərim çirkdən zərər görmüşdü.

Məni tək palataya yerləşdirdilər, ağrıdan başqa söz deməyə gücüm yox idi. “Ana” sözündən başqa. Eyni vaxtda yezidi kürdü öz qızına görə orda yatırdı . O Azərbaycan dilini bilirdi. O anama demişdi ki, buranın baş həkimi Georgi Xudayeviç yezİdi kürdüdür. Svetlana sizi aldadıb, o palata həkimidir, baş həkim yox. Ondan pulunuzu geri istəsəniz, uşağınıza iynə vurub öldürəcək, çox qəddar adamdır. Burda türkləri sağ çıxarmırtlar.

Sən demə kürdər “ana”ya “ane” deyirlərmiş. Bu sözü eşidən baş həkim anamdan soruşdu: “Sizin millətiniz nədir?” bu uşağın ane deməyindən bildim ki, kürd uşağıdır. Ağrıdan nəfəsim çatmırdı deyə sözlərim ağzımdan başqa cür çıxırdı. Birdəfəyə 6-7 növ ağrıkəsici vururdular deyə həm ağrıyır, həm dərmanın təsirindən gülür, həm də nə dediyimi bilmirdim. O həkim anama inamverici tərzdə dedi ki, bu uşağı boynuma götürürəm, tam təmənnasız sağaldacam, amma siz Svetlanaya verdiyiniz pulu geri istəməyin. Mən burda olmasam, uşağı öldürəcək. Mən tam təmənnasız uşağı sağaldacam, amma 3 il müddətinə.

Dedi, damarlarındakı iltihab sümüklərində çürümə meydana gətirib, ona görə ildə bir dəfə əməliyyat olmalıdır ki, sümüklərin vəziyyətinə baxaq.

Atam hər gün mənə baş çəkirdi. Mən palatada uzananda atamla şəkil çəkdirmişdik. Dərmanların təsirindən gülürdüm. Orada Göyçə mahalından Rasif adında bir oğlan da var idi. Ermənilər onu da döyürdü deyə, gəlib mənim otağımda otururdu ki, onu döyməsinlər. Baş həkim mənə üç il ərzində xüsusi qulluq göstərdi. Hətta biz şəkillər də çəkdirmişdik. Həmin şəkil çəkilən gün mən tam dəstəksiz həkimin kabinetinə gəlmişdim. Orada mən kimi uşaqlar fizioterapiya alırdılar. Mən heç fizioterapiya almadan düppədüz yerimişdim, hamı heyrət içində idi. Həkim məni görüb, gözləri doldu və məni qucaqladı. Üç illik əziyyət bəhrəsini verməyə başlamışdı. Həkim ailəmə şad xəbər verdi ki, Asif dəstəksiz ayağa durdu! Onlar telefonda elə ağladılar ki, mən də ağladım. Ailəm həkimə çoxlu hədiyyələr, paylar gətirdi, onlar necə minnətdarlığını bildirsinlər, bilmirdilər. Sevinclərinin həddi-hüdudu yox idi. Mən həkimin yanında oturdum, o əlini çiynimə qoydu. Biz elə orda şəkil çəkdirdik. Həkimim üç ildən sonra məni ermənilərdən ayırıb, öz hesabına Yevpatoriyaya - Krıma göndərdi. Altı ay ərzində tam sağaldım və Vediyə — evimizə qayıtdım.

Məktəb yenidən açılırdı. Uşaqlar sinif-sinif düzülmüşdü, mən də öz sıramızda dayanmışdım. Birdən məni durduğum sıradan çıxartdılar. İrəvandan maarif şöbəsindən Məhərrəm Haqverdiyev yeni tədris ili münasibətlə məktəbimizə gəlmişdi. Mən dörd il xəstəxanada yatdığım üçün onlar dedilər ki, aşağı siniflərlə oxumalıyam — qaldığım yerdən. Atam da dayanıb, heç nə demirdi. Mən imtina etdim və dedim ki, “ya öz sinifimlə oxuyacağam, ya da ümumiyyətlə oxumayacağam”.

Maarif şöbəsinin müdiri soruşdu: “Sən kimsən ki, imtina edirsən? Niyə yenidən oxumaq istəmirsən?”

Dedim ki,  “Mən arzusu həkim olan bir uşaq idim. Neynim ki, düşmən zərbəsinə tuş gəldim? Onsuz 4 ilimi xəstəxana palatalarında itirmişəm, mənim arzularım da ürəyimi iynə kimi deşir. Nolar ki, öz sinifimdə otursam?”- dedim. Məktəb müəllimlər də bildirdilər ki, o şagird məktəbin Nəğmə və Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhərrəm müəlliminin oğludur — o dörd il xəstəxanada yatıb, indi müalicəsini bitirib, geri qayıdıb və öz sinfi ilə davam etmək istəyir, uşağın qəlbini qırmayın. Onsuz uşaqlığının ən rəngli illərini xəstəxana yatağında keçirib...

Maarif şöbəsinin müdiri Məhərrəm müəllim dedi ki, bu uşaq dörd illik psixoloji travma alıb. Biz ona dəstək olmalıyıq, qoy öz sinfində oxusun. Mən əvvəlcə Məhərrəm müəllimə, sonra məktəb müəllimlərinə təşəkkür etdim və çəliyimi də götürüb öz sinifimin sırasına qayıtdım. 

 

Bəli, bu, atamın danışdılarıdır. Düşmən Qərbi Azərbaycanımızı ələ keçirib bizim xalqa bax bu cür zülm veribdir. Bunu əsla unutmarıq.

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.