Məktəblilər üçün maarifləndirici ekskursiyalar təşkil olunub

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilər üçün maarifləndirici və maraqlı ekskursiya təşkil edilib. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində keçirilən tədbirdə 1 nömrəli Uşaq İnkişaf Mərkəzi, həmçinin 53 və 57 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.

 

Ekskursiya çərçivəsində azyaşlı oxucular kitabxananın zəngin kitab fondu, oxu zalları və kitabxana ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbir zamanı uşaqlara müəllif əməyinə hörmətin vacibliyi, intellektual mülkiyyətin qorunması və kitabın yaranma tarixi ilə bağlı maraqlı məlumatlar təqdim olunub.

Bildirilib ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsis edilib və bu günün qeyd olunmasında əsas məqsəd oxu mədəniyyətinin təşviqi, müəllif hüquqlarının qorunması və kitabın cəmiyyətdə rolunun artırılmasıdır.

Kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitabın insan həyatındakı əvəzsiz rolu, mütaliənin fərdi inkişaf və şəxsiyyətin formalaşmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, kitabxanaya üzv olma qaydaları izah edilib.

Bununla yanaşı, uşaqlar elektron kataloq sistemi ilə tanış olub, sevdikləri nağıl qəhrəmanları və elmi-kütləvi ədəbiyyatlar haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu cür maarifləndirici ekskursiyaların keçirilməsində əsas məqsəd məktəblilərin dünyagörüşünü genişləndirmək, onların kitaba marağını artırmaq və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.